İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Musiqi xəzinəmizə öz təkrarsız səsi ilə ən gözəl incilər bəxş etmiş Flora xanımın Azərbaycan Respublikasının Xalq artisti Flora Kərimovanın bu gün doğum günüdür.
Xüsusən 80-ci illərdə Flora xanım öz məşhurluğunun pikini yaşayıb. İnternetsiz, mobil telefonsuz, cəmi 2 telekanalı olan milyonlarla gəncin sevə-sevə izlədiyi “Səni axtarıram” trilogiyasında ifa etdiyi “Səndən xəbərsiz”, “Bağışla” və “Ağlamasın salxım söyüd” mahnıları dillər əzbəri oldu.
Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olub. Fəaliyyətini 13 yaşından bədii özfəaliyyət kollektivlərində başlayan Flora Kərimova həmin tarixdən Azərbaycan Dövlət Filarmoniyasında və digər mədəniyyət saraylarında, dövlət tədbirlərində çıxış edib. 1950-ci illərdən Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" rəqs ansamblında, 1960-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin və Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
1964-cü ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) bitirib. 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu müalicə işi üztə tam kursu bitirib, həkim ixtisasına yiyələnib. 1977-ci ildə Bakı Musiqi Akademiyası vokal sinfini bitirib.
Yaradıcılığında klassik opera (nümunə üçün "Qaynana" filmində Sevil operasından Dilbərin Ariyası), milli opera (1965-ci ildə Leyli və Məcnun" operasında Leyli), xalq mahnıları, romanslar, bəstəkar mahnıları və estrada janrlarına yüzlərlə nümunələrin yer aldığı sənətkar, Azərbaycan Estrada janrının üç banisindən biridir (Rəşid Behbudov, Mirzə Babayev və Flora Kərimova).
İlk bəstəkarı şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundova olub. Azərbaycan Dövlət Opera və Balet Teatrında ("Leyli və Məcnun", Üzeyir Hacıbəyov) çıxış edib, "Qanun naminə" bədii filmində çəkilib.
Flora Kərimova səsi dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir.
Flora Kərimova nəinki 4-cü oktavada vokaliz etməklə yanaşı , hətta bu yüksək notlarda oxuya da bilir. Onun səsi 4 oktavanı bütövlükdə əhatə edir (Kontraalt, Mezzo-soprano, Soprano, Koloratur soprano) və bundan əlavə o, həmçinin, muğam ifa edib.
"Qızıl Fond"-da ən çox sayda əsərlər Flora Kərimovanın adı ilə bağlıdır.
1960-cı illərin sonunda Süleyman Rəhimovun Saçlı romanı radio-tamaşaya qoyulub və tamaşanın mahnılarını Fikrət Əmirov Flora Kərimovaya həvalə edib. Daha sonra, 1962-ci ildə Böyük dayaq (film) filmində Pərişanın mahnısı, 1963-cu ildə Mehdi Hüseynin "Cavanşir" piesinə "gözləri yolda qalan yar" (Mən səni araram) nəğməsini Flora Kərimovaya həvalə edib.
Şəfiqə Axundovanın Cəfər Cabbarlının "Aydın" əsərinə (1965-ci il premyerası) Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı üçün yazdığı mahnın ifaçısı da Flora Kərimova olunub.
1972-ci ildə Şəfiqə Axundova yazıçı Süleyman Rəhimovun eyni adlı povesti əsasında İsgəndər Coşqunun librettosu üzrə muğam-opera janrında Gəlin qayası operasını yazmaqla şərqin ilk opera yazan qadın bəstəkarı kimi tarixə düşüb. Adı gedən operanın ilk radio-tamaşası qoyulduqda ilk ifaçısı Rübabə Muradova "Sənəm", Flora Kərimova "Gülbahar" rollarında iştirak ediblər.
Opera səhnəyə qoyulduğu (premyerası 1974-cü il) zaman isə Flora Kərimovaya oxumağa icazə verilməyib. Ümumən, başı çox çəkib Flora xanımın. Taleyinə mühacirətə getmək. Müxalifətçi olmaq kimi dönəmlər də yazılıb.
Mahnı ifa etdiyi filmlər
- Böyük dayaq
- Payız konserti
- Qanun naminə
- Azərbaycan elmi
- Mənim universitetim
- İntizar
- Toyda görüş
- Abşeron ritmləri
Çəkildiyi filmlər
- Qanun naminə
- Toyda görüş
- Həyat bizi sınayır
- Yollar görüşəndə...
- Arşın mal alan
- Qayınana
- Payız konserti
- Abşeron ritmləri
- Toyda görüş
- Konsert proqramı
- Mahnı qanadlarında
- Payız melodiyaları
- Nəğməkar torpaq
Bu gün canlı əfsanə olan korifey sənətçinin 84 yaşı tamam olur. Gələn il = yubileydə görüşənədək.
“Ədəbiyyat və incəsənət”
(23.07.2025)