Birinci Qarabağ müharibəsi şəhidi Mirəli Mirəliyevin xatirəsinə Featured

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

 Bəziləri illərlə yaşadıqları küçənin adının nə anlam daşıdığını bilmirlər. Məsələn, Mehdi Hüseyn küçəsində işləyən, Akademik Həsən Əliyev küçəsində yaşayan tanışlarım var ki, hələ də Mehdi Hüseynin və Həsən Əliyevin kim olduqlarını bilmirlər. Amma mən, onlardan fərqli olaraq, Maştağa qəsəbəsində yaşadığım küçəyə adı verilmiş Mirəli Mirəliyevin kim olduğunu gözəl bilirəm.

 

 Unutmamalıyıq ki, 2-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan igidlərimiz kimi, 1-ci Qarabağ müharibəsində də texniki çətinliklərə, ağır dövrün şəraitinə baxmayaraq, öz gücünə, cəsarətinə və iradəsinə güvənərək döyüşən, qəhrəmanlıq göstərən, şəhid olan igidlərimiz olub. Onlardan biri də Mirəli Mirəliyevdir. Bu günlərdə şəhidimizin növbəti doöum günü oldu. Mən də özümə borc bildim ki, onun doğum günü münasibətilə belə bir yazı hazırlayım.

 

2-ci Qarabağ müharibəsində şəhid olanların demək olar ki, hər biri haqqında Wikipediada və ya müxtəlif saytlar, sosial şəbəkələr vasitəsilə məlumat əldə edə bilirik. Təəssüf ki, 1-ci Qarabağ müharibəsində şəhid olanların bir çoxu haqqında belə ətraflı bilgilər tapmaq çətindir. Bunun səbəblərindən biri də həmin dövrün qarışıq ictimai-siyasi şəraiti və sosial şəbəkələrin, internetin olmamasıdır. 

Hətta bəzi hallarda ailələrin belə şəhidin döyüş yolu barədə geniş bilgisi olmayıb. Çünki o qədər çətin, qarışıq dövr idi ki, elə taborlar olub ki, oradan olan əsgərlərin demək olar hamısı şəhid olub.

Bu yazı təkcə Mirəli Mirəliyev üçün deyil, eyni zamanda digər 1-ci Qarabağ müharibəsi şəhidləri üçün də bir ehtiramdır. Bəli, çoxlarının valideynləri, yaxınları  artıq həyatda deyil. Lakin hansı qəhrəman haqqında az da olsa məlumat tapa biliriksə, onu daha çox kəsə çatdırıb, sübut etməliyik ki, bizim üçün bütün şəhidlər eynidir! Hər biri var gücü ilə vətən üçün savaşıb, canını vətən, el yolunda fəda edib.  Bir sözlə, haqqında az-çox məlumat olan şəhidlərimizi unutmayaq, mövcud məlumatları genişləndirək, xatirələrini yaşadaq.

Onların hər biri bizim qəhrəmanımızdır və hər birini xatırlamaq bizim borcumuzdur. İndi isə keçək qəhrəmanımız haqqında məqalənin təqdimatına: "Mirəli Mirəliyev – Qanlı Qarabağdan Zəfərə"

 

20 iyul 1973-cü il tarixində dünyaya gələn Mirəli Mirəliyev Vaqif oğlu qısa, lakin mənalı və iz buraxan bir ömür yaşayıb. O, gənc yaşlarından etibarən həm ailəsində, həm də doğulub boya-başa çatdığı Maştağa qəsəbəsində öz insani xüsusiyyətləri, alicənablığı və zəhmətsevərliyi ilə tanınırdı. Xarratlığa çox həvəsi vardı. Taxta üzərində gözəl naxışlar çəkərdi, işləyərdi. Taxta üzərində çəkdiyi naxışlar kimi, həyatında da dərin izlər buraxmağı bacardı.

 

Mirəli çox vətənpərvər, insanpərvər, köməksevər idi.

17 yanvar 1992-ci il tarixində Milli Ordu sıralarına çağırılıb. Daxili İşlər Nazirliyinin II tabor, III bölüyündə bölmə komandiri olub. Onun rəhbərlik etdiyi taborun əsgərləri də vətənpərvərliyi ilə seçilirdi.

24 mart 1993-cü il tarixində Ağdərə istiqamətində gedən döyüşlərdə düşmən qayalıq mövqedən hücuma keçən bölməni atəşə tutub. Bu çətin şəraitdə Mirəli komandir kimi irəli atılıb – belinə ip bağlayaraq önə keçib, yaralıları xilas etməyə çalışıb. Əsgərlərə tapşırıb ki, heç bir yaralı, şəhid döyüş meydanında qalmasın – ip vasitəsilə onları geriyə çəksinlər. Anasının sözlərinə görə, Əbülfəz adlı əsgər başından güllə yarası alır.  Bu mənzərəyə biganə qala bilməyən Mirəli bir ipi ona, bir ipi isə özünə bağlayır ki, onu çəksin. Amma bu zaman özü də ürəyindən vurularaq əbədiyyətə qovuşur.  Qubadlıdan başlayan döyüş yolu Ağdərədə  Paprəvənd kəndində bitir.

Mirəli Mirəliyev – 20 iyul 1973 – 24 mart 1993.

Bu iki tarix arasına bir ömür deyil, bir fədakarlıq dastanı sığır.  Qəhrəmanımız Maştağada dəfn edilib.

Allah rəhmət etsin".

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.