İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Qısa ömründə uzun-uzadı işlər görməyə müvəffəq olan bir kəs - ədəbiyyatşünas Abdulla Sur barədə danışmaq istəyirəm.
O, 1882-ci ilin bu günündə Gəncədə anadan olub. İlk təhsilini Gəncədəki Xeyriyyə Məktəbində alıb, burada müxtəlif dünyəvi elmlərlə yanaşı ərəb və fars dillərini də öyrənib. Çox gənc yaşda – 1899-da, təhsil aldığı məktəbin müəllimi olaraq işləməyə başlayıb.
1906-cı ildə İstanbula gedib və İstanbul Universitetində təhsil alıb. Dərin savadı, ədəbi zövqü və geniş mühakiməsiylə çox qısa zamanda bütün Gəncə ziyalıları arasında tanınıb.
İlk məqalələri 1903-cü ildə Tiflisdə nəşrə başlayan "Şərqi-rus" qəzetində çap olunub. Həmin ildə Tiflisə köçərək, bu qəzetin təsisçisi işləyib. Onun yazıları qəzetin hər sayında yer alıb. Abdulla Surun 1903-cü ildə başlayan mətbuat həyatı, qəzetçilik fəaliyyəti onun qısa ömrünün sonuna qədər davam edib.
O, Qafqazın müxtəlif mətbuat orqanlarına A. Sur, Məhəmmədzadə, Qafqasiyalı, A. Tofiq, Gəncəli, Abdulla Məhəmmədzadə, Bir Adam və başqa imzalarla məqalələr yazıb. "Şərqi-rus" bağlandıqdan sonra yenidən Gəncəyə qayıdan Abdulla Sur burada müəllimlik fəaliyyətini davam etdirib, eyni zamanda "Həyat" və "İrşad" qəzetlərinə ədəbiyyat və mədəniyyət mövzularında məqalələr yazıb.
1906-cl ildə Abdulla Sur İstanbula gedib. İki il yarım burada yaşayaraq, İstanbul Darülfununda (Universitetində) ədəbiyyat müəllimi kimi çalışıb. Türk qəzetlərində məqalələri çap olunub. Həyatının İstanbul vaxtında ən böyük və ən önəmli əsərini "Türk ədəbiyyatına bir baxış" kitabını yazmağa başlayıb. Həcmi min səhifədən artıq olan bu kitabı bitirsə də, çap etdirib. Əlyazma halındakı kitabın çox hissəsi itib, yalnız ayrı-ayrı parçaları qalıb.
İstanbulda 1908-ci ilin noyabr ayına qədər yaşayan Abdulla Sur burada Osmanlı ədəbiyyatı haqda araşdırmalar aparıb, İbrahim Şinasinin "Şair evlənməsi" əsərini Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə çevirib. Rus dilində yazılmış olan coğrafiyaya dair bir kitabı da türkcəyə çevirib. Bütün bunlardan əlavə üç cildlik bir antalogiya hazırlamağa başlayıb.
1912-ci il may ayının 8-də ağır bir xəstəlikdən sonra Tiflis xəstəxanasında dünyasını dəyişib və Gəncə Səbiskar qəbiristanlığıda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(23.07.2025)