Ebru Bayramova Naxçıvan Dövlət Universitetinin Filologiya ixtisası üzrə III kurs tələbəsidir, “Gənc Yazarlar və Ədəbiyyatşünaslar” klubunun üzvüdür. “Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında təzəlikcə uğurlu debüt edibdir, yazısı bəyənilibdir.
Bu dəfə mövzusu edam cəzası barədə olan bədii əsərlərdir.
EBRU BAYRAMOVA
“EDAM”
Bir çox dövrlərdə edam cəzasını tənqid edən əsərlər yazılmışdır.
Bunlardan ən məşhur olanı Viktor Hüqonun “Bir edam məhkumunun son günü” adlı əsəridir. Bu əsərdə həmin məhkumun nə üçün cəzalandırıldığından kitabda bəhs edilməyib. Sadəcə edam cəzası aldığı qeyd edilir. Mənim fikrimcə, yazar burada bu cəzanı düşünməyi bizim üzərimizə buraxmışdır. Çünkü konkret bir suç desə, biz də konkret şəkildə deyə biləcəkdik ki, o cəzanı haqq edir, ya haqq etmir. Buna görə də, yazıçı əsərin əsas hissəsini düşməyi bizə buraxmışdır. 100 illərdən bəri hər oxucu əsəri oxuyanda, cəzanın nə olduğunu düşünür. Əsər bizi düşünməyə vadar edir. Görəsən həqiqətən də o, edam cəzasını haqq edirdimi? Onun günahı nə idi?
Bütün oxucuların ağlında sadəcə bu suallar qalır. Amma heç kəs konkret bir cavab deyə bilməz.
Eləcə də, edam cəzası haqqında olan əsərlərdən biri də Frans Kafkanın “Cəza koloniyası” əsəridir. Amma burada “Bir edam məhkumunun son günü” əsərindən fərqli olaraq, məhkumum nə üçün cəza aldığı deyilir. Və mən o hissəni oxuyan kimi öz-özümə dedim ki, belə bir şey üçün ölüm cəzası vermək ədalətli deyil. Sonra öz-özümə dedim: Ədalət? İndi də keçmişdə də ədalət deyilən bir şey yoxdur. Əvvələr ədalətsiz şəkildə günahsız insanlar edam edilirdi, indi isə yenə ədalətsizlik olur, amma, bu dəfə ədalətsizlik ondadır ki, cəza çəkməli olanlara cəza verilmir.
Amma “Bir edam məhkumunun son günü” nü oxuyarkən “Cəza koloniyası” nda düşündüklərimi düşünə bilmədim. Çünkü nə üçün cəza aldığı, suçunun nə olduğu bilinmir. Və bu məni düşünməyə vadar edir. Görəsən günahı nə idi? Həqiqətən də o cəzanı haqq edir? Ya “Cəza koloniyası” ndakı kimi ədalətsiz şəkildə cəza alıb?
Hər iki əsəri də oxuyanda, əsər insanı öz içinə o qədər çəkir ki, tam kitabın atmosferinə daxil olursan. Əsər boyu düşünmək, gərginlik, həyəcan kimi bir çox hisslər keçiririk.
Eləcə də, indiki dövrümüzə baxanda, düşünürəm ki, kaş indi də edam hökmü olardı. Bu hissələri oxuyanda, bəlkə də, vicdansız, duyğusuz biri olduğumu düşünəcəksiniz. Bəs neçə-neçə qadını öldürmək, uşaqları öldürmək, öz ailəsinin canına qıymaq vicdandandır?
Hələ də, bu günümüzdə belə hər gün onlarca qadın, kiçik uşaq, öldürülür. Və onların qatilləri rahatca cəmiyyətdə dolana bilir. Niyə? Bəs aldıqları canın cavabını kim verəcək? Elə bütün bunlara görə, edam cəzası olmalı idi ki, bütün bu hər kəs bütün bu etdiklərinin cəzasını çəksin.
Və unutmayaq ki “Bütün insanlar, günü bilinməyən bir edama məhkumdur”
“Ədəbiyyat və incəsənət”
(23.07.2025)