Super User

Super User

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Cığatay ədəbiyyatının formalaşması  

 

Türküstanda XIV əsrdən XIX əsrə kimi davam edən ədəbiyyata Cığatay ədəbiyyatı deyilib. Bu adın vərilməsinin səbəbi Çingizin ölümündən sonra yaratdığı imperiyanın Cığatay, Elxanlı, Qızıl Orda olmaqla üç yerə parçalanması nəticəsində Cığatay Xanın hakim olduğu torpaqlarda istifadə olunan yazı dilinə "Cığatayca" şəklində ad verilməsiylə bağlıdır. Cığatay Türkcəsi və Cığatay ədəbiyyatı terminlərini də ilk dəfə Armin Vambary 1867-ci ildə çap etdirdiyi əsərində işlədib, o vaxtdan bəri də bu ad davam etdirilib. 

 

Özbək ədəbiyyatı Cığatayca olan ilkin məhsullarını XV və XVI əsrlərdə verib. Bu çağdakı ədəbiyyatın ən önəmli nümayəndələri də Uluğ Bayin saray şairi Səkkaki, Heydər Xarəzmi, Lütfi, Əlişir Nəvaidir. Əlişir Nəvai, klassik Özbək ədəbiyyatının ən böyük şairi olmaqla yanaşı Türk ədəbiyyatı və mədəniyyətinin ən görkəmli nümayəndəsidir. 

 

Əlişir Nəvainin həyatı/ Türk dilində ilk “Xəmsə”  

 

Cığatay ədəbiyyatının Nəvai dövründə türk dili xüsusi inkişaf mərhələsi keçib. Türk dili elə bir zirvəyəcən tərəqqi etdi ki, islam dünyasının üç böyük dilindən birinə çevrildi. Böyük mütəfəkkir və şair, dövlət xadimi Əlişir Nəvai (əsl adı Nizaməddin Mir Əlişir) özbək ədəbiyyatı tarixinin ən görkəmli nümayəndəsidir. Nəvai hələ 10-12 yaşlarından gözəl şeirlər yazıb. 1464-1465-ci illərdə xəttatlar Nəvainin ilk divanını şeirlər toplusunu hazırlayıb. Bu fakt özü təsdiq edir ki, Nəvai artıq gənc yaşlarından lirik şair kimi tanınırdı. 

Tədqiqatçıların qeydinə görə, Nəvai 15 yaşında lirik şeirləri ilə qəlbləri ovsunlamış, şeirsənət adamlarının diqqətini qazanıbmış. Nəvai yaradıcılığının o dövrü idi ki, o, artıq “Xəmsə” kimi dahiyanə toplunun müəllifi kimi şöhrətlənmişdi. O, məhz “Xəmsə”si ilə sübut etdi ki, türk ədəbi dilinin gücü dünya səviyyəli əsərlər yaratmağa qadirdir. 

Nəvai dostu, şair-filosof Əbdürrəhman Caminin məsləhəti ilə dahi Nizaminin “Xəmsə”sinə cığatay-türk dilində “cavab” yazdı. Beləliklə, Şərq ədəbiyyatında ilk dəfə türk dilindә “Xәmsә” yaradıldı.  

Onun yaradıcılığının zirvəsi, sözsüz ki, “Xәmsә” dir. Bu əsərlərdə Nəvai dövrünün ictimai məsələlərindən bəhs edib. “Xәmsә”yә daxil olan “Möminlәrin heyrәti”, “Fәrhad vә Şirin”, “Leyli vә Mәcnun”, “Yeddi sәyyarә”, “Sәddi-İsgәndәr” poemalarında şair insanpərvərlik ideyalarını daha dolğun şəkildə əks etdirib. Şairin “Xəmsə”si yalnız özbək ədəbiyyatında deyil, bütün türkdilli xalqların ədəbiyyatında ana dilində ilk “Xəmsə” kimi qiymətlidir.

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2023)

Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporuna müraciət edib, müraciətdə deyilir:

“Əziz həmvətənlər!

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun 2020-ci ildə qısa zamanda üçrəngli bayrağımızı 30 il işğal altında qalan ərazilərimizdə dalğalandırması dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıda qürur və fərəh hissi oyandırdı.

Həmin dövrdə uşaqdan-böyüyə hər bir həmvətənimiz dövlətimizin ərazi bütövlüyünün bərpası uğrunda apardığı ədalətli mübarizəsində Azərbaycan dövlətinə müxtəlif platformalarda dəstək nümayiş etdirdi. Hər bir soydaşımız, həmvətənimiz dövlətimizin, ordumuzun yanında oldu. 44 gün ərzində torpaqlarımızın azad olunması üçün gecə-gündüz əlindən gələni etdi.

Məlumdur ki, keçən dövr ərzində acı məğlubiyyətləri ilə barışa bilməyən terrorçu və işğalçı Ermənistan dövləti mənfur məqsədlərinə nail olmaq üçün bütün insanlığa zidd addımlarla, mülki şəxsləri qəsdən hədəfə almaqla minalama siyasətini həyata keçirir. Azərbaycanın dövlət sərhədləri çərçivəsində erməni silahlı birləşmələrinin həyata keçirdiyi mina terroru nəticəsində mülki şəxslərin və polis əməkdaşlarının həlak olması bunun bariz nümunəsidir. Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis işləri ilə təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdur.

19 sentyabr 2023-cü il tarixində Azərbaycanın müzəffər Ordusu üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlayıb.

Həyata keçirilən antiterror tədbirlərinin böyük narahatlıq keçirən və çıxılmaz vəziyyətə düşən Ermənistan hökumətinin və onun maliyyələşdirdiyi separatçı rejimin Azərbaycan ərazisində, erməni diasporunun isə xarici ölkələrdə həmvətənlərimizə qarşı terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirəcəyi də istisna edilmir. Belə ki, uzun illər dünyanın müxtəlif nöqtələrində qanlı aksiyalar həyata keçirən ASALA terror təşkilatı düşmənin tapşırığı ilə istənilən vaxt, istənilən yerdə qanlı təxribat törədə bilər. Xüsusilə son dövrlər erməni diasporunun aqressivləşdiyini nəzərə alsaq, onların daha çox məskunlaşdığı və Ermənistanın havadarları qismində çıxış edən dövlətlərdə yaşayan soydaşlarımızı təxribatlara uymamağa və ehtiyatlı olmağa səsləyirik.

Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sizi bir daha son dərəcədə ehtiyatlı olmağa, şübhəli hallar müşahidə etdiyiniz təqdirdə, yaşadığınız ölkənin hüquq-mühafizə orqanlarına, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki müvafiq qurumlarına və Dövlət Komitəsinə müraciət etməyinizi tövsiyə edir”.

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2023)

Çərşənbə, 20 Sentyabr 2023 15:00

Qələmimizdən od püskürəcək - ESSE

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

Suyunu içib çörəyini yediyimiz torpaqlar bizlərə Allahın əmanətidir. Əmanəti qoruya bilmiriksə, deməli, ona xəyanət etmiş sayılmırıqmı?

Bizlər bu torpağın insanlarıyıq, əyrisiylə,  düzüylə bizlər yaşayırıq bu torpaqlarda. Ona görə də müharibə insanları bir-birinə bağlayır. Çətin anlar bizi birləşdirir və bizlərin necə güclü olduğunu bizə göstərmuş olur. İtkilər olub, olacaq. Qanadı qırılanlara, evi dağılanlara bizlər sahib çıxmalıyıq. Yoxsa bizim bizdən başqa kimimiz var ki? 

 

Müharibəyə qarşıyıq, buna görə də hər zaman döyüşə hazır olmalıyıq.   

Bəlkə də bunlar da yetmir, dəstək olmalıyıq. Ən zəiflərimizə belə silah tutmağı öyrətməliyik. Bizlər o vətənin oğullarıyıq ki, Nigarları Koroğlunun yanında at belində döyüşüblər. Təbii ki, bu o demək deyil ki, qadınları qabağa verib onların döyüşməyinə göz yummalıyıq. Dişi qurdun dişlərindən də qorxmaq lazımdır. Bizim qadınlar dişi qurddur. Bəlkə də bir aslan. Hansı ki, aslanın erkəyi dişisi olmaz deyiblər. 

Bizlər son qanına kimi döyüşən millətin övladlarıyıq. Bu yolda əsgərlərimiz cəbhədə döyüşərkən, qələm adamlarımızın da qələmindən od püskürəcək. Qələmimiz beyinləri deşəcək. Bizim silahlardan bəlkə də qəlpələr saçmayacaq. Lakin qərənfillər açacaq. Hər şəhid ailəsinə yazdığımız bir qərənfil, bəlkə onların acılarını dindirmədi, ancaq gələcək nəsillər bu yazdıqlarımızı oxuduqca başa düşəcək ki, cəbhədəki əsgərlərimiz qarda, çovğunda hansı əziyyətlərdən keçib, hansı zülümləri yaşayaraq ayaqda dim-dik durmağı bacarıb. Bizim yazdıqlarımız sadəcə bir qərənfil olub şəhid təsəllisi olmayacaq. Həm də bir toxum olacaq, yeni beyinlər üçün bir fidan olacaq. Hansı ki, o fidan böyüdükcə bizim fikirlərimizi formalaşdıracaq. Ədəbiyyat müəllimim olan Habil Yaşarın bir sözü var idi, "Sağlam bədəndə sağlam ruh olar deyiblər. Mən isə deyirəm ki, sağlam ruhda sağlam bədən olar"! Həqiqətən də belədir, əgər sənin ruhun sağlamdırsa, sonadək ayaqda dim-dik durmaq gücünü özündə tapacaqsan. Və son olaraq yazdıqlarımız bir güc olacaq. Hansı ki, ən çətin anlarda onu oxuyan əsgərlərimiz belə bu misraları xatırlayıb son nəfəsinədək bu torpaqları qoruyacaq!

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2023)

Oktyabrın 20-də Heydər Əliyev Sarayında Xalq artisti, professor Azər Zeynalovun "Bir son bahar" adlı solo konserti olacaq.

Gecədə sənətçi öz könül oxşayan ifaları ilə musiqisevərlərin qarşısına çıxacaq.

 

Qeyd edək ki, "Liriko-dramatik tenor" səs tembrinə malik olan Azər Zeynalov 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. O, Avropanın və Azərbaycanın klassik operalarında baş rolların ifaçısıdır. A.Zeynalov tək opera ifaçısı kimi yox, həm də Azərbaycan bəstəkarlarının mahnı və romanslarını, oda və oratoriyalarını da ifa edir. Buna Emin Sabitoğlunun "Şükriyyə", "Gəncədən gəlirəm", Tofiq Quliyevin "Bəxtəvər oldum", "Azərbaycan", Rauf Hacıyevin "Leyla", Ramiz Mirişlinin "Vətən harayı”, Ruhəngiz Qasımovanın "Səninləyəm, Azərbaycan", Ramiz Mustafayevin "Məhəmməd və Leyla", Vasif Adıgözəlovun "Qəm karvanı", "Təntənəli kantata", "Çanaqqala", "Qarabağ şikəstəsi", Mobil Babayevin "Ölüm-qara qarışqa", Azər Dadaşovun "Ana yurdu" odası, Siyavuş Kəriminin "Ömrümün istəyi", "Sənsizləmişəm", Sevil Əliyevanın "Əziz anam" və s. bu kimi əsərləri misal çəkmək olar. Onun repertuarında xalq mahnıları da xüsusi yer tutur. Həmçinin öz ifası ilə xeyli sayda xarici dövlətlərin böyük konsert salonlarında dəfələrlə çıxışlar edib. O, opera səhnəsində ifa etdiyi bir çox rollara görə müxtəlif mükafatlara da layiq görülüb. Azər Zeynalov 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Vokal" kafedrasının müdiri, 2015-ci ildən isə "Musiqili teatr aktyoru" kafedrasının müdiri kimi pedaqoji fəaliyyətdə olub. 2016-2017-ci tədris ilindən etibarən pedaqoji fəaliyyətini yalnız Azərbaycan Milli Konservatoriyasında davam etdirərək burada Milli vokal kafedrasına rəhbərlik edir. Onun 2012-ci ildə çap olunan "Vokal ifaçılığı" kitabı ali musiqi məktəblərində klassik opera-vokal ixtisası üzrə təhsil alan tələbələr üçün ana dilimizdə ilk dərslikdir.

 

Konsertə olan biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2023)

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

23-CÜ DƏRC

 

 

Baş Hakim çıxışını bitirən diktora minnətdarlıq bildirib sözə başladı:

-Dünən biz “erməni genosidi” məfhumunun yaranmasının saxtalığını Arutyun Şaxrikyanın – türk təbəəsi olaraq türklərə qan uddurmaqla dövləti əks vasitələrə əl atmağa rəvac verməyə məcbur edən hiyləgər  ideoloqun timsalında sübut etdik. Türklərin ermənilərdən aldıqları zərbələrin miqyasını qismən açmış olduq. Ona görə də təpədən-dırnağa antitürk olan, Osmanlıda erməni qiyamlarının ideoloqu sayılan Mkrtıç Xrimyanın bugünkü prosesində “Böyük Ermənistan” xülyasından zərər çəkmiş Osmanlı İmperiyası ilə yanaşı ikinci böyük imperiya olan Rusiya İmperiyasını əsas proses mövzusu edəcəyik. Beləliklə, sözü ekspertlərimizə təqdim edirəm.

Ekspertlərdən biri dərhal kürsüyə çıxıb birnəfəsə əlindəki kağızı oxumağa başladı:

-Divan ən ciddi və ən mötəbər tarixi mənbələrdən  tam olaraq 18-ci əsrdən etibarən Çar Rusiyası tərəfindən ermənilərin Cənubi Qafqaza köçürülməsi faktlarını dərindən araşdırıb bir daha təsdiqləmişdir. Çar Rusiyası, əlbəttə ki, bunu erməni xalqına simpatiyası olması səbəbindən etməmişdir, buna səbəb Çarizmin müstəmləkəçilik siyasətinin mahiyyəti idi ki, bu mahiyyətdə də yerli aborogen xalq olan müsəlman türkləri sıxışdırmaq üçün ora xristianların yerləşdirilməsi özül təşkil edirdi. Rusların erməni faktorundan istifadəsi ermənilərin milli maraqlarını realizə etməsi üçün əsl plasdarm yaratmışdı, təsadüfi deyil ki, ermənilər rusların Rusiya-İran və Rusiya-Türkiyə müharibələrindən sonra əldə etdikləri torpaqlarda Ermənistan dövləti yaratmağa müvəffəq olmuşdular. Ermənilərdən alət kimi istifadə edən Çar hakimiyyəti, təbii ki, öz imperiya maraqlarını, “velikorus” maraqlarını ermənilərin “Böyük Ermənistan” maraqlarından daim üstün tutmuşlar, bununla belə, erməni təpkisi, xəyanəti ilə də daim üz-üzə qalmışlar.

Yüz illər Türkiyənin himayəsi altında yaşasalar da ermənilər onları ruslara satmış, arxalarından zərbə vurmuşlar. Lazımi məqamda erməniləri alət kimi ortaya atan ruslar bax bu həqiqəti heç vaxt unutmurdular, necə ki, bir məsəldə deyilir, başqasını sənə satan səni də digər başqasına satar. Bu səbəbdən də, ruslar ermənilərə inanmırdılar.

Bu məqamda erməni müttəhimlərinin sözçülərindən biri oxunan mətni təxribat adlandıraraq erməni-rus dostluğuna kölgə salmaq aktı hesab etdiyini bildirdi. Bu zaman ona tanış olması üçün ermənilərin antirust fəaliyyəti barədə 454 səhifəlik material ötürüldü, o da materialla tanışlığa başlayıb prosesə mane olmaqdan əl götürdü.

Hazırkı məqamda mətni oxuyan ekspert həbəş idi, çox simvolik alınmışdı, hər bir irqdən, hər bir dindən olan insanlar erməni cinayətlərindən söz açırdılar, bu cinayətlərin ümumbəşəri anlam daşımasını sübut edirdilər.

-Ermənilərin ruslara qarşı ilk terror aktı 1866-cı ilin 4 aprelinə təsadüf edir. Həmin gün inqilabçı-terrorşu Dmitriy Qaragözov (İrandan Qarabağa köçürülən erməniydi) Rusiya İmperatoru 2-ci Aleksandra sui-qəsd etmişdir. Buna görə Qaragözöv tutularaq dar ağaçından asılmışdır.

19-cu əsrin son rübündə erməni separatizmi və terroru daha geniş vüsət almış, erməni kilsələri silah-sursat anbarlarına çevrilmişlər. Bu dövrdə erməni siyasətinin ruslara yönəli daha bir üzü açılmışdır, belə ki, özləri rusların hesabına Cənubi Qafqazda məskunlaşmış bu xalq rusların Qarsdakı ruslaşma siyasətinin əleyhinə çıxmışdır. 70-ci illərdən başlayaraq Rusiya Qarsda və Cənubi Qafqazda kütləvi şəkildə rusları, xüsusən duxabor və molokan təriqəti nümayəndələrini yerləşdirməyə başlamışdı, ermənilər isə buna mane olmağa çalışırdılar. Fransa və İngiltərə ilə separat danışıqlara gedib onların hesabına “Böyük Ermənistan” yaratmaq xülyasına düşən ermənilər “Rusların Qafqazda yerləşdirilməsi üçün böş torpaqlar yoxdur” şüarı ilə çıxış etməkdəydilər.

Baş Hakim söz aldı:

-Möhtərəm Divan heyəti, möhtərəm tamaşaçılar. Prosesin bu yerində siz erməni millətçiliyinin öz məkrli siyasətini yerinə yetirmək üçün həyata keçirdiyi növbəti bir alçaq metod barədə xəbər tutub dəhşətə gələcəksiniz. Torpaq iddiası – bir xalqı zorla öz məskunlaşdığı torpaqdan çıxarıb onun torpaqlarını zəbt etmək üçün erməni xalqı nələrə əl atmayıb, Tanrım. Qanınızı donduracaq bu hadisəni ermənilər rusların başına gətirib. Mən sizə onu deyim ki, bir vaxtlar ermənilər, ruslar, biz estonlar – hamımız bir dövlətin – SSRİ-nin vətəndaşları olmuşuq. Mən təsəvvür etmirəm, bir bayraq altında on beş qardaş xalq dönəmində bax indi burada səsləndirilən fakt ortaya çıxsaydı nələr baş verərdi. Ruslar bunu ermənilərə məncə əsla bağışlamazdılar. Mən sözü şahidlərdən birinə - Xrimyanın müasiri olmuş Rusiyanın tanınmış tədqiqatçısı və jurnalisti Vasiliy Veliçkoya vermək istəyirəm, buyursun.

Səhnəyə buruq bığları ilə yarımsaqqalı ziyalı görkəminə xüsusi rəng qatan bir şəxs çıxdı, o, Divan heyəti və tamaşaçılarla salamlaşıb sözə başladı:

-Katolikos Xrimyan əleyhinə 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində səs ucaldan rus ziyalılarından biri də mən olmuşam. Bu adamın rus xalqını əzib keçib əzintilər üzərində müstəqil Ermənistan yaratmaq ideyalarının zərəri barədə ən müxtəlif tribunalarda çıxışlar etmiş, yazılar yazmışam.

Azacıq susub özünü təqdim etdi:

-Tanış olaq, Vasiliy Lvoviç Veliçko – rus şairi, publisisti, ictimai xadimi. İşıqlı dünyada 1860-cı ildən ta ki 1904-cü ilədək – cəmi 44 il ömür sürə bilmişəm. Ən böyük mükafatım 1894-cü ildə Çardan aldığım Qriboyedov mükafatı olub, ən dəyərli işim isə yazdığım “Qafqaz. Rus işi və tayfalararası məsələ” kitabı olub. Mənim həyatımın Qafqaz dönəmi 1897-ci ildə başlayıb, onda Tiflisdə yaşayır, “Qafqaz” qəzetinə redaktorluq edirdim. Bu dönəmdə hörmətli Qafqaz canişini Qolitsin erməni siyasətinin iç üzünü açmış, bax bu Xrimyanın başçılıq etdiyi erməni kilsəsinin terror yuvası olmasını, hətta silah-sursat anbarına çevrilməsinin üstünü açmışdı, mən də qəzetimdə erməni millətini rus milləti üçün ziyanlı millət kimi təsvir edirdim, gürcü və azərbaycanlıları sədaqətli millət kimi göstərməklə ermənilərin xislətini tam açırdım. Bu Xirimyan dinin rəhbər xadimi olsa belə dinin ümumi prinsiplərinə zidd çıxır, xristianları müsəlmanlar əleyhinə qaldırırdı. Tiflisdə mən İslam dini ilə yaxından tanış olmuş, bu dinin bütün gözəlliklərindən agah olmuş, bu dinə xidmət edən yerli aborogen xalqın saflığını öz gözümlə görmüşdüm. Hətta məsələ də qaldırmışdım ki, Rusiya İmperiyasında ruslardan sonra müsəlmanlar ən böyük topludurlar, niyə onların səmavi “Quran” kitabı indiyədək rus dilinə çevrilməyib?

Veliçko maraqla dinlənildiyini görüb davam etdi:

-Mənim “Qafqaz” qəzetindəki antierməni məqalələrim məşhur İlya Çavçavadzenin redaktoru olduğu “İveriya” qəzetində də təkrarən dərc edilirdi. Mənim erməniləri parazit xalq kimi qələmə verməyim özümə çoxlu düşmən qazandırmışdı. Nə gizlədim, səhvim də vardı, mən erməniləri özlərinə rifah qazanmaq üçün digər xalqların zəli kimi qanını soymaq taktikası ilə yəhudilərə bənzədirdim, amma bu bənzətmədə yanılırdım, gözəl bir xalqı ermənilərə tay etmək qəbahət idi. Yaxud, Tiflis universitetində Çarizm qeyri millətlərdən olanları vəzifəcə irəli çəkmək, onların pedaqoji fəaliyyətinə yaşıl işıq yandırmaq barədə qərar verəndə mən bunun əleyhinə çıxmış, gürcü və azərbaycanlılarla yanaşı ermənilərin də mənsəb sahibi olacaqlarından hiddətlənmişdim. Ona görə də Tiflisdə ermənilərin məni düşmən elan etməkləri ilə yanaşı, yəhudi və gürcülərin də əleyhimə formalaşmasına rəvac vermişdim. Təəssüf ki, məni şovinist elan edib fəaliyyətimin 3-cü ilində geriyə - Rusiyaya çağırdılar. Mən o vaxt dediyim fikri yenə də təkrarlayıram: Ermənilər şər qüvvədir! Bu şər qüvvənin törətdikləri ilə tanış olmaq üçün yazılarıma diqqət etməyiniz məsləhətdir.

Veliçko alqış sədaları altında çıxışını bitirib yerinə oturanda diktor onun əsərindən parça oxumağa başladı:

- Vladimir Veliçko Yelizavetpol quberniyasının (Yelizavetpol –hazırda Azərbaycanın Gəncə şəhəridir) Tərtər kəndində “mədəni” ermənilərin satana qəddarlığı ilə ruslara qarşı törətdikləri faciədən ürək ağrısı ilə belə yazmışdı: “Tərtərdə bir neçə rus ailəsi əsassız olaraq çölə atılmışdır. Payız və qış sərt keçmiş, yazda isə iki bədbəxtçilik birdən gəlmişdir: malyariya, bir də erməni intriqaları. Özləri bura sonradan köçürülən ermənilər təlimat almışlar ki, rusları kənddən çıxarsınlar. Bundan ötrü çox alçaq bir üsul seçilmişdir: Rusların su işdiyi çayı peyinlə, zir-zibillə çirkləndirmiş, ruslar bulaqdan istifadə etmək istəyəndə isə xəncərli ermənilər onları geri qaytarmışlar. Məcburən çirkli sudan istifadə etməli olan rusların bədənləri yara bağlamış, əksəriyyəti də zəhərlənib ölmüşlər. Hətta bunu görən uyezd rəisi belə qorxudan susmuşdu. Elə ki, “insanların naməlum səbəbdən ölmələri” barədəki olay barədə Qubernator xəbər tutmuşdur, dərhal Tərtərə erməni həkim göndərmişdi, o da ruslara dərman vermək, tibbi yardım göstərmək əvəzinə “rus itlər, rədd olun buradan gedin, ya da hamınız gəbərəcəksiniz” ultimatumu vermişdir. Həmin vaxt kəndin əhalisinin üçdə ikisi ölmüş, qalanı isə qaçıb getmişdır”.

Mətn bitəndə hamı təəccüb və dəhşət içində bir-birinə baxdı, bayaq Baş Hakim toxunan hadisəydi bu, hamını şoka salmışdı.

Baş Hakim üzünü Xrimyana tutdu:

-Ey bir xalqın müqəddəs atası, Tərtər barbarlığının ssenarisi də Tiflisdəki erməni katolikosluğunda hazırlanıb, din pərdəsi altında bu cür rəzilliyi həyata keçirməkdən heçmi utanmamısınız?

Xrimyan vecsiz-vecsiz sinəsindəki xaçı oynatmaqla Baç Hakimə heç bir reaksiya vermədi. Belədə Baş Hakim ekspertlərdən ittiham qaynaqlarını oxumağın davamını xahiş etdi.

Səhnəyə növbəti ekspert çıxdı, bu dəfə Asiyadan gəlmiş, qıyıq gözlərindən dərhal ya çinli, ya koreyalı, ya da yapon olduğu sezilən ekspert (o yapon idi)  əlindəki kağızları bir qədər saf-çürük etdikdən sonra oxumağa başladı:

-Göründüyü kimi, 19-cu əsrdə Cənubi Qafqaz regionuna ruslar tərəfindən köçürülən ermənilər təkcə yerli aborogen müsəlmanlara qarşı deyil, eyni zamanda rusların özlərinə də qənim kəsilmişdilər. 1897-ci ildə Qafqaz canişinliyinin baş rəisi vəzifəsinə Q. Qolitsin təyin olunmuşdur, bununla da  Eçmiadzin katolikosluğuna və erməni siyası təşkilatlarına rusların münasibəti kökündən dəyişilmişdir. Qolitsin belə bir məntiqi nəticəyə gəlmişdir ki, erməni siyası partiyaları, erməni kilsəsi və erməni məktəbləri terror yuvasıdır. Və o, bu barədə imperatora yazılı fikir bildirmişdir. Nəticədə 1903-cü il iyunun 12-də imperator erməni kilsəsinin varidatının Rusiya İmperiyasının Torpaqçılıq və dövlət əmlakı nazirliyinə verilməsi barədə qanun imzalamışdır. Bu qanunun imzalanması erməni kilsələri tərəfindən maliyyələşən erməni partiyalarına böyük zərbə vurulması demək idi, odur ki, qanun erməni partiyalarının bütün ermənilərin katolikosu Mkrtıç Xrimyan başda olmaqla müdhiş bir qərar çıxarmasına rəvac vermişdir: onlar çar məmurlarına qarşı terror aktları həyata keçirilməsi qərarını vermişlər. Ermənilər arasında antirus əhval-ruhiyyə də apogey nöqtəyə çatmışdır.

Erməni vəkillərindən biri bu deyilənləri cinayət yox, bir xalqın öz dininin taptanmasına reaksiyası kimi qəbul edilməsini xahiş etdi, təbii ki, bu xahişi Divan heyətindən qabaq öz kəskin etriazları ilə publika rədd etdi.

 

 (Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2023)

Bu gün “Ganjlik Mall” ticarət mərkəzində yerləşən "CinemaPlus” kinoteatrında tanınmış rejissor, Azərbaycanın Xalq artisti Vaqif Mustafayev və "Həyat, deyəsən, gözəldir” filminin aktyorlarının iştirakı ilə qala gecəsi keçirilməlidir. 

 

Sentyabrın 21-dən “CinemaPlus” kinoteatrlar şəbəkəsində tamaşaçılar Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” tragikomediyasına Azərbaycan dilində baxa biləcəklər. 

Ekran əsəri Azərbaycanın Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilib.

Film beynəlxalq miqyasda ilk dəfə 2022-ci il noyabrın 4-də “Korkut Ata” türk dünyası kinofestivalında nümayiş olunub, burada Vaqif Mustafayev “Türk dünyasının ən yaxşı rejissoru” nominasiyasında mükafata layiq görülüb.

“Həyat, deyəsən, gözəldir” filmi Azərbaycan torpaqlarının 30 illik erməni işğalı dövrü və Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsindən bəhs edir. Süjetin mərkəzində Azərbaycan Ordusunun əks-hücumundan sonra vəlvələyə düşən erməni əsgərlərinin arasında olan və əsir düşən iki erməni qardaşdır. Onların sonrakı taleyi tragikomediya janrında təqdim olunub və bu ekran əsərinin leytmotivini təşkil edir.

Filmin ssenari müəllifi Vaqif Mustafayevdir. Baş rollarda Hikmət Rəhimov, Nino Qomarteli, Dmitri Samxaradze, Qiorqi Çeliya, Aftandil Maxaradze, Sevinc Əliyeva, Anaida Rostovskaya və digərləri çəkilib.

Filmin çəkilişləri Xocavənd rayonunun Hadrut qəsəbəsində, Xızı rayonunda, Bakı və Abşeron yarımadasında aparılıb.

Biletləri www.cinemaplus.az saytında, “Ganjlik Mall” kinoteatrının kassalarında və “CinemaPlus” mobil tətbiq vasitəsilə əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2023)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

Növbəti müsahibimiz naşir, tərcüməçi, yazar, “Qanun” nəşriyyatının direktoru, həmçinin Elmar Hüseynov fondunun həmtəsisçisi və “Qanun” jurnalının baş redaktoru Şahbaz Xuduoğludur. Onunla həmsöhbət olduğumuz müddətdə kitablarla bağlı bəzi nüanslara toxunduq. 

 

-Şahbaz bəy, “Qanun” nəşriyyatında oxucular üçün ən son hansı yeni əsərlər çap olunub? 

 

-Əslində, “Qanun” nəşriyyatında hər gün yeni bir kitab çap olunur, amma bu ilin ən uğurlu layihələrindən biri “90 dəqiqə” layihəsidir. Bu, məsələn, "Sokratla 90 dəqiqə", "Platonla 90 dəqiqə", bütün fikir dühaları ilə belə 90 dəqiqə kitablarıdır. Mən fikirləşirəm ki, bunlar bizim üçün çox vacib kitablardır və onları nəşr etmişik, davam edirik onların nəşrinə. Sonra, təhsil üzrə ən böyük alim, pedaqoq hesab olunan Ken Robinsonun məktəb təhsili ilə bağlı bir neçə kitabını nəşr etmişik, məncə, onlar da çox faydalıdır. Yəni, digər kitablar da var, dediyim kimi, hər gün biz yeni kitab nəşr edirik. Qanun.az saytına baxanda da bunu asanlıqla görmək mümkündür. 

 

-Bir naşir olaraq nəşr edəcəyiniz əsərləri hansı xüsusiyyətlərinə əsasən seçirsiniz ? 

 

-Mən ilk növbədə kitabları araşdırıram, onlar haqqında məlumat alıram. O kitablardan bəzilərini oxuyuram, bəzilərini tam, bəzilərindən bir parça oxuyuram və yaxud da rəylər oxuyuram və qət edəndə ki, bunu Azərbaycan dilinə çevirmək lazımdır, o zaman onu çeviriyə ötürürəm və Azərbaycan dilinə çevrilir. Mən bilirəm ki, deyək ki, özünüinkişaf, biznes kitabları  mütləq  bizə lazımdır. Detektivlər çox oxunur, sanballı romanlar lazımdır, onları nəşr edirik, yəni çalışıram ki, Azərbaycan oxucularının  tələbatını da nəzərə alım kitab seçərkən. 

 

-Günümüzdə oxucular daha çox hansı mövzulu əsərlərə maraq göstərirlər? 

 

-Daha çox detektivlər,  özünüinkişaf kitabları, bir də ki, əlbəttə, dramlar oxunur.  Paulo Koelyo, Mark Levi, Sesilya Ahern, Sarah Dio, Xalid Hüseyni, Elif Şafak  - bu yazarların romanları illərdir çox oxunmaqda davam edir.

 

-Oxucuların kitablara olan marağı sizi nə dərəcədə qane edir? 

 

-Əslində, köhnə ilə müqayisədə əlbəttə ki, tamamilə mümkündür demək ki, indi kitaba maraq xeyli artıb. Və bu maraq dayanmadan artmaqda davam edir. Məsələn, əminəm ki, gələn il bu ildən daha yaxşı olacaq. Necə ki, bu il köhnə ildən daha yaxşı idi. Yəni ilbəil oxucuların sayı azalmır, əksinə artır. 

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2023)

İtaliyanın kütləvi informasiya vasitələrində Azərbaycan professional musiqi sənətinin və milli opera məktəbinin banisi Üzeyir Hacıbəyli haqqında məqalələr dərc olunub.

 

AzərTAC xəbər verir ki, “Agenzia Nova” informasiya agentliyində və “Kmetro0” portalında yayımlanan yazılarda sentyabrın 18-nin Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar gün olduğu bildirilir. Qeyd olunur ki, dahi bəstəkar, musiqişünas, pedaqoq Üzeyir Hacıbəyli məhz 1885-ci il sentyabrın 18-də Qarabağda, hazırda Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada anadan olub. Şərq və Qərb musiqisinin özünəməxsus və cəsarətli sintezi sayəsində Üzeyir Hacıbəyli milli musiqi mədəniyyətinə yenilik gətirib, onu daim yeniləyib və müasir zövqə uyğunlaşdırıb. O, təkcə Azərbaycanda deyil, Şərqdə opera janrının banisi olub və İslam dünyasında ilk müsəlman operasını yaradıb, Azərbaycan Dövlət Konservatoriyasını təsis edib. Üzeyir Hacıbəyli 1918-ci ildə Azərbaycanın Dövlət Himnini bəstələyib, sovet dövründə Azərbaycan SSR-in yeni himninin sözlərini və musiqisini yazıb.

Yazılarda, həmçinin diqqətə çatdırılır ki, 1995-ci ildən etibarən hər il Azərbaycanda Üzeyir Hacıbəylinin anadan olduğu gün – 18 sentyabr Milli Musiqi Günü kimi qeyd edilir. 2009-cu ildən isə sentyabr ayında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, eləcə də müxtəlif tədbirlər və mərasimlər keçirilir. On gün ərzində müxtəlif şəhərlərdə keçirilən festivalda müxtəlif ölkələrdən musiqiçilərin iştirakı ilə konsertlər, ustad dərsləri və konfranslar təşkil olunur.

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2023)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

"Sağlığında qiymət verin insanlara"-,  deyirdi şair, fəqət biz nə cəmmiyyət, nə millət, nə də ümumilikdə bəşəriyyət olaraq təəssüfki hələ də, bunu bacarmırıq.

Necə ki, onu da şəhid olandan sonra tanıyıb-tanıtdıq. Necə ki, onun da vətənini, millətini, vətənin əsgər övladını necə sevdiyindən, ona necə qayğıyla yanşdığından, necə xeyirxah bir şəxsiyyət olduğundan şəhadətindən sonra xəbər tutduq. 

 

Polad İsmayıl oğlu Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ (Qutqaşen) rayonunun Vəndam qəsəbəsində anadan olmuşdur. Elə həmin il Həşimovlar ailəsi Qəbələ rayonundan Sumqayıt şəhərinə köçüb, burada yaşamağa başlayırlar.

Orta təhsilini Sumqayıt şəhərində alan Polad Həşimov 1992-ci ildə orta məktəbi bitirib məzun olur və sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verir. 1992-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə Qəbul olan Polad Həşimov 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirmiş, 2014-cü ilin iyul ayında Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olmuş və 2016-cı ildə "Hərbi idarəetmə" üzrə  magistr dərəcəsi almışdır. 

1992-ci ilin noyabr ayında Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərə qatılmışdır. 702-ci motoatıcı briqadanın heyətində təlimlərdə olan Polad Həşimov 1994-cü ilin fevral ayında Murovdağ əməliyyatı zamanı Murov dağı silsiləsində "Güzgü", "Koroğlu" və "Ömər" postları uğrunda gedən döyüşlərdə savaşmışdır. Həmin ildə o, Müdafiə Nazirliyi tərəfindən İstanbulun Tuzla ilçəsində yerləşən Piyada Məktəbində üç aylıq təlimlərə göndərilmişdir.

Birinci Qarabağ müharibəsinin bitməsindən sonra Polad Həşimov daim cəbhə bölgəsində olan hərbi hissələrdə xidmət etmişdir. O, uzun illər Azərbaycan Silahlı Qüvvələrinin Murovdağ silsiləsində olan hərbi hissələrində xidmət etmişdir. Polad Həşimov 1995–2017-ci illər ərzində Motoatıcı Taqım Komandiri vəzifəsindən Hərbi Hissənin Komandiri vəzifəsinə qədər müxtəlif vəzifələrdə çalışmışdır.

Polad Həşimov 28 yaşı olanda "mayor" hərbi rütbəsi almışdır və 2003-cü il iyunun 24-də Azərbaycan Prezidenti Heydər Əliyevin 887 nömrəli Fərmanına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.

6 il sonra isə Polad Həşimov "polkovnik-leytenant" hərbi rütbəsi almışdır və 2009-cu il iyunun 25-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. 2013-cü ildə komandiri olduğu hərbi hissələrin birində baş vermiş əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı rütbəsi alınaraq "mayor"a endirilmişdir. 2014-cü ilin iyununda o, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Prezident İlham Əliyevin 575 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. 

 

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Polad Həşimov 1-ci Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi idi. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunmuşdu. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi

Azərbaycan Ordusu tərəfindən işğaldan azad olnumuşdur.

Polkovnik Polad Həşimov Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Aprel döyüşləri zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi xidmətlərinə görə Polad Həşimova mənzil hədiyyə edilmişdir. Kirayə mənzildə yaşamasına baxmayaraq Polad Həşimov həmin mənzili Aprel döyüşləri zamanı şəhid olan hərbçinin ailəsinə bağışlamışdır.

Polad Həşimov 2017-ci ildən 3-cü Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi vəzifəsində çalışırdı.

2019-cu il iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin 1286 nömrəli Sərəncamına əsasən Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilmişdir. Bununla da Polad Həşimov XIX əsrdə yaşayan İsmayıl bəy Qutqaşınlıdan sonra Azərbaycanın tarixində Qəbələdən general rütbəsi alan birinci hərbçi olmuşdur. 

 

2020-ci il iyulun 12–16-da baş verən döyüşləri idarə edən Polad Həşimov iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olmuşdur. 

Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır. Buna qədər İsmət Qayıbov və Məhəmməd Əsədov 1991-ci ilin noyabrda Mİ-8 N72-nin vurulması nəticəsində şəhid olmuşdu. 

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Azərbaycan respublikası prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli 2337 nömrəli Sərəncamına əsasən Polad İsrayıl oğlu Həşimova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. 

Polad Həşimov 2003-cü ildə ailə həyatı qurub və üç övladı var. 

Şəhidimizin anası müsahibələrinin birində Polad Həşimov haqqında danışarkən: " Mən kabinet generalı yox, səngər generalı yetişdirmişdim. Polad kabinet generalı deyildi, səngər generalıydı."-, söyləyir. 

Doğrudan da əsgərlərinin Polad Həşimov haqqında söylədiklərini oxuyanda biz onun həqiqətən də necə cəsur və eyni zamanda da, necə humanist bir insan olduğuna şahid oluruq. 

 

Nicat Həşimzadə:

“Yatmağa yerimiz yox idi. Daha doğrusu bərbad halda idi. Göy rəngli palatkaları birləşdirib özümüzə yer düzəltmişdik. Bir dəfə dəhşətli küləkdən dam başımıza uçdu. Sonra gözlənilmədən dağda kazarma tikintisi başladı. Elə bildik ki, nazirlik bizim üçün kazarma tikir. Ancaq kazarmanı hərbi hissə komandiri Polad Həşimov öz hesabına tikdirdi. Öz evi olmayan komandirimiz bizim üçün ev düzəldirdi. 

Bizim komandirimiz Polad Həşimov dövlətin şücaətə görə ona verdiyi evi şəhid ailəsinə bağışlamışdı. (vacib bir postu azad etmişdi).

Daim əsgərinin yanında olan, əsgərinin haqqını qoruyan zabit idi. Biz dağa, maşın qalxmayan yerlərə un, qida, odun daşıyanda, o da çiyinlərində yük bizimlə bərabər dağa qalxırdı. Həmin vaxt polkovnik idi. İndi Azərbaycan sizsiz, komandir”. 

 

Seymur Kazımov:

"General-mayor Polad Həşimov mənim komandirim olub. Mərd zabit idi. Cəsur zabit idi. Əminliklə deyirəm, həm cəmiyyətimiz, həm də ordumuz üçün çox böyük itkidir. Təpədən-dırnağa zabit idi, nizamnamədən kənara çıxmazdı, amma bəzi hallarda əsgərin salamatı üçün güzəştə getməyi də vardı.

Ünsiyyətimiz çox olub, amma 2 dəfə cəzasına da məruz qalmışam - bir dəfə yayın istisində stadionu 10 dairə qaçırtdı mənə, özü də otağının pəncərəsindən seyr edirdi. İkinci dəfə də, hərbi andı 100 dəfə əzbər dedirtdi. Nə deyim, xəta məndə idi, cəzamı çəkməliydim.

2006-cı ilin yay ayı idi, mənim də hərb xidməti başa vurmağıma günlər qalırdı, axşam yoxlanışında kazarmanın yanından keçəndə nə üçün yatmadığımı soruşdu, mən də futbola baxmaq istədiyimi bildirdim. Apardı məni otağına, birlikdı futbola baxdıq, doğrusu, hansı oyun idi, yadımda qalmayıb.

Hərbi xidməti başa vurduğum gün qərargaha getdim ki, sağollaşam. Bayırda gözləməyi tapşırdı. 10 dəqiqədən sonra əlində bu xidməti xasiyyətnamə ilə gəldi və mənə uzatdı. Gözucu baxdım, təşəkkür etdim. İstədim əlini sıxam, amma bacarmadım, zabit zəhmi gözlərində idi. Hərbi salam verdim, o da jestimə qarşılıq verdi. Əsgər və zabit kimi sağollaşdıq. Bir daha görüşmədik.

Onun haqqında çox şey danışa, yaza bilərəm. Qalanları məndə qalsın...

2018-ci ildə Talışdakı "Polad postu”nda oldum. Həmin postu 2016-cı ilin aprelində polkovnik Polad Həşimov azad etmişdi və onun şərəfinə adını vermişdilər.

Təşəkkür edirəm, 2006-ci ildəki mayor, 2020-ci ildəki general-mayor Həşimov! Allah rəhmət eləsin, qəbrin nurla dolsun, mənim generalım!”. 

 

Ramazan Səmədov:

 “2010-2011-ci illərdə komandirim olmuş Polad Həşimovun xatirəsinə…

Yanvar ayı idi, qar dizə çatırdı. Hərbi hissəyə çatdım. 2-3 gün sonra komandirim Həşimov məni yanına çağırdı. Dedi ki, nə problemin olsa, heç kəsə yox, birbaşa özümə de. Sənin dostların çoxdur, bilirəm, amma ən yaxın dostun mənəm burada.

Tez-tez çağırırdı yanına. Dərdləşirdik, söhbət eləyirdik. Hər mövzuda. Həqiqətən sözdə yox, əməldə cəsur, vətənini sevən bir insan idi. Əsgərlərin yeməyinə, sağlamlığına fikir verirdi. Tualetimizə kimi öz hesabına təmir elətdirirdi. O vaxtki rəhbərliyin yardımını gözləmirdi.

Briqada qarşısında həmişə mikrofonsuz, əsl natiq kimi danışardı. Ən savadsız insan belə onun nə demək istədiyini anlayırdı. Fikirlərini hərbçilərə rahatlıqla ötürürdü.

Briqadanın həyətində erməni traktoru var idi. Özü şəxsən kəşfiyyatda olanda sürüb gətirmişdi. Traktorun arxa şüşəsində gullə yerləri var idi. Amma ölümdən qorxmadan briqadaya kimi sürmüşdü traktoru. Polad idi axı adı. Polad güllə keçirməz… 

 

Vüqar Ədilov:

“Əsgərliyimin ilk günləri Ramazan ayına təsadüf etmişdi. 2 gün idi ki gizlincə oruc tuturdum. Namaz qılmağıma icazə alsam da, oruc tutmağıma icazə almağa çəkinmişdim, düşünmüşdüm ki, icazə verməzlər.

2-ci günün axşamı təcili olaraq şəxsi heyəti düzdülər. Bölük komandirimiz içəri girdi və soruşdu: "İçərinizdə neçə nəfər oruc tutur?".

Heç kim dillənmədi. Əslində məndən başqa oruc tutan yox idi. Yanımdaki əsgər yoldaşım dedi “niyə səsini çıxarmırsan?”. Xahiş etdim ki, deməsin. O da yazığı gəlmişdi, nə idisə, dedi “yoldaş kapitan, Ədilov orucludur”.

Komandir məni çıxardı ön cərgəyə, fikirləşdim indi dişinin dibindən çıxanı deyəcək. Amma əksi oldu. Tağım komandirlərinə tapşırıq verdi ki, oruc tutan əsgərlər bütün xidmətlərdən ayrılsın.

Təsəvvür edin Ramazan ayı boyunca rahat şəkildə orucumu tutub, namazımı qıldım.

Azərbaycan Ordusunda neçə belə hərbi hissə var???

Bəli, Cənab Şəhid Polad Həşimovun hərbi hissəsində xidmət etdiyim müddətcə əksər namaz vaxtlarım şəxsi heyətin düzülüş vaxtı ilə üst-üstə düşürdü. Ancaq heç vaxt buna görə mənə heç bir söz deyilməyib. Sözümün canı, Cənab Şəhidin rəhbərlik etdiyi hərbi hissədə bütünlüklə mənəvi ruh yüksəkliyi hökm sürürdü. Allah məqamını uca etsin”. 

 

Və asanlıqla deyə bilərəm ki, Polad Həşimovu tanımaq istəyən bir insanın bu fikirlərə nəzər salması kifayətdir ki, onun necə uca bir şəxsiyyət olduğunu görsün. 

 

İstifadə olunan mənbələr:  az.m.wikipedia.org , Modern.az .

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2023)

“Euronews” saytının italyan dili bölməsində Azərbaycanın qayalı dağları və ucqar kəndləri haqqında məqalə dərc olunub.

AzərTAC  xəbər verir ki, yazıda adrenalin dolu gəzintiləri sevənlər, heyrətamiz mənzərələri görmək və macəra yaşamaq istəyənlər üçün 5 əsas istiqamət təqdim edilir. 

 

Bildirilir ki, Azərbaycanda heyrətamiz mənzərələr, sıldırımlı qayalar və ucqar kəndləri arasında dünyanın ən möhtəşəm gəzinti yollarından bir çoxları var.

 

Vurğulanır ki, macərasevərlərə möhtəşəm mənzərələr arasında sehrli Qafqaz dağlarında, Quba rayonunun Qalaxudat kəndindən Azərbaycanın ən yüksəklikdə yerləşən kəndi olan Xınalığa 8 kilometrlik məsafədə gəzinti təklif olunur. Təxminən 3 saatlıq marşrutun əsas hissəsi Qızılqayanın solğun qayalıqlarına və yamyaşıl Qudyalçay vadisinə açılan geniş və düz yoldur.

 

Xınalığın Qafqaz regionunun ən qədim yaşayış məskənlərindən biri olduğu, buranın sakinlərinin əsrlər boyu öz dil və mədəniyyətlərini qoruyub saxladıqları bildirilir. Bildirilir ki, “Qədim memarlığın canlı muzeyi” kimi təsvir olunan Xınalığın sakinləri ənənəvi sənətkarlıqla - toxuculuq, dulusçuluq və xalçaçılıqla məşğul olurlar. Burada ənənəvi samovarda çay süfrəsi verən kiçik çayxana, yaşayış və yemək təklif edən qonaq evləri var.

 

İkinci istiqamət kimi Talış dağlarının qoynunda yerləşən Sım kəndindən eyniadlı şəlaləyə uzanan üç saatlıq və 6,5 kilometrlik yol təqdim olunur. Sım evlərin arasında minillik ağaclar və mamırlı qayalar olan, sakinlərinin arıçılıqla, tərəvəzçiliklə məşğul olduğu və mal-qara saxladığı kənddir. Buradan Hirkan Milli Parkından keçən marşrutla mandarin bağlarından uzanan yolla Xəzər dənizinə nəzər salmaq mümkündür.

 

Çıraqlıdan Cavadxana gedən 5,5 saatlıq və 13,9 kilometrlik yol isə Çıraqlı kəndindən, Gəncəçayın sahilində, Qoşqar dağının ətəklərindən başlayır. Marşrutun çox hissəsi ağaclar və bitki örtüyünün az olduğu torpaq və dağ yollarından keçir. Lakin ətrafda möhtəşəm zirvələri - Kəpəz, Qoşqar və Murov dağ silsiləsinin ecazkar mənzərələrindən həzz almaq olar. Cavadxan zirvəsində 1786-1804-cü illərdə hakimiyyətdə olmuş Gəncə xanlığının sonuncu xanı Cavad xanın abidəsi var.

 

Laza və Kuzun kəndləri arasında yaşıl dərələr və şəlalələrlən keçən 2,5 saatlıq və 6,5 kilometrlik yol isə növbəti istiqamətdir. Bu yol Qusar rayonunun iki qədim yaşayış məskənini birləşdirir. Qusarçay vadisində gəzinti zamanı sıldırımlı qayalara, şəlalələrə, meşələrə və başı qarlı dağlara heyran qalmamaq mümkün deyil. Yolboyu Qusarçay dərəsinə axan şəlalələrin valehedici mənzərəsindən həzz almaq olar.

 

Quba-Bakı magistralıilə qərbə, Altıağac dağ kəndinə doğru irəliləyərək, sürreal gözəlliklər vadisindən keçirsən. Hər iki tərəfdə psixodelik qırmızı, çəhrayı, narıncı və tabaşir zolaqları və burulğanları olan yuvarlanan təpələr var. Bildirilir ki, Azərbaycan üzrə ən çox satılan bələdçi kitablarının müəllifi britaniyalı səyahətçi Mark Elliott bu əraziyə “Candy Cane Mountains” adını verib. Möhtəşəm rənglərin süxurdakı dəmir birləşmələrinin tədricən eroziyaya məruz qalması ilə bağlı olduğu qeyd edilir.

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.