Super User
Bu gün dünyadakı parasal güc demək olar ki, 62 böyük şirkətin qurucularının əlində toplanıb
Eltən Qədimbəyli, “Ədəbiyyat və incəsənət” üçün
Bu gün yer üzündə mövcud olan 266 siyasi quruluşda (dövlət, muxtar ərazi və s.) 7 milyarddan çox insan yaşayır. "Forbes" jurnalının araşdırmasına görə, dünyadakı parasal güc demək olar ki, 62 böyük şirkətin qurucularının əlində toplanıb. Onlar bunu necə ediblər?
Dərindən araşdıranda da görürük ki, bir çox beynəlxalq düşüncə təşkilatlarının, reklam, kitab, KİV (tv, radio), kinostudiyaların, internet platformalarının qurucuları da bu şirkətlərdir. Onlar bu quruluşların köməyi ilə qloballaşma fikrini yayaraq, öz şirkətlərinin xidmət və məhsullarının satışını asanlaşdırmaq üçün bir-birinə bənzəyən bəslənmə, geyim, əyləncə, yaşayış tərzi olan yalnız cinsi və qida ehtiyacları üçün yaşayan yarımçıq insan tipləri yaradırlar. Necə? İnsan beynindəki qavrama boşluqlarını çözərək. Necə ki, sehrbazlar tamaşalarında bizi heyrətə sala bilirlər, eləcə də kinoda da gizli reklam elementlərindən istifadə olunur. Məsələn, 25-ci kadr kimi. Belə ki, insan gözü saniyədə 24 kadr görə bilir, 25-ci kadr isə birbaşa beyninin alt qatlarına yazılır. Beləcə, illərdir izlədiyimiz film "qəhrəmanları" çoxumuza siqaret, alkoqol kimi bir çox zərərli alışqanlıqlar qazandırıblar! Bu quruluşların təbliğatı ilə bütün yaşam biçimimizi dəyişiblər.
Güclü quruluşu, böyük şirkətləri olan Qərb və Şərq ölkələri öz yaşantılarını daha da yaxşılaşdırmaq üçün özündən gücsüz, kiçik ölkələrin yeraltı, yerüstü və insan qaynaqlarını öz dövlətinin şirkətlərini daha da gücləndirmək üçün ələ keçirməyə çalışır.
Növbəti söhbətlərimiz də olacaq.
“Ədəbiyyat və incəsənət”
(25.07.2023)
Bu gün Xətai Sənət Mərkəzində “İdman hamı üçündür” adlı rəsm sərgisi açılacaq
Bakı Şəhər Gənclər və İdman idarəsi, Xətai Rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə 26 iyul- Gənclər və İdman Nazirliyinin yaranması günü münasibətilə, yeniyetmə və gənclər ( 9 - 29 yaş ) arasında rəssamlıq sənətinə marağının artırılması və idmanın gənclər arasında təbliği və təşviqi məqsədilə “İdman hamı üçündür” adlı rəsm sərgisinə əsər qəbulu sona çatıb.
Sərgidə iştirak üçün tövsiyə olunan mövzular - idman növləri, idman simaları, idman alətləri, geyim nümunələri və digər bu kimi mövzulardır. Sərgidə iştirak etmək istəyən yeniyetmələr və gənclər iyul ayının 24-dək rəsm əsərlərini Xətai Sənət Mərkəzinə təqdim ediblər.
Sərgi bu gün - iyulun 25-də Xətai Sənət Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, sərgiyə təqdim olunan rəsm işləri ağ, qara və rənglidir. Hər bir iştirakçı yalnız bir rəsm işi təqdim edib.
Sərgidə iştirak edənlər Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplomla mükafatlandırılacaqlar.
“Ədəbiyyat və incəsənət”
(25.07.2023)
“Öyrənmək istəyi olmayan yerdə öyrətmək istəyi boşa çıxar” - Aforizmlər xəzinəsindən
“Ədəbiyyat və incəsənət” portalı “Aforizmlər xəzinəsi” rubrikasında tanınmış statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir.
1.Ən asan şey yalanın altına girmək, ən çətin şey onun altından çıxmaqdır.
2.İkibaşlı danışmaq öz başını qorumaq cəhdidir.
3.İnsanlar təqvimi sevinməyə bəhanələr tapmaq üçün düşünüblər.
4.Dizlərini yerə qoyub çalışanların həyatda izləri də dərin qalar.
5.Yelbeyinlə dostluq edənin qazancı elə yel olar.
6.Öyrənmək istəyi olmayan yerdə öyrətmək istəyi boşa çıxar.
7.Süni münasibətlərin təbii sonluğu olur.
8.Qulağa mənasız çox şey girə bilər, əsas odur ki, ağızdan çıxan mənalı olsun.
9.Hamı ilə birgə dərs keçməyin üstünlüyü odur ki, təkcə özünün axmaq olmadığının şahidi olursan.
10.Kişi öz ağlı ilə də uğura çata bilər, amma uğura gedən qısa yol qadın məsləhətindən keçir.
“Ədəbiyyat və incəsənət”
(25.07.2023)
Prezident radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaiti ayırdı
Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin təmin edilməsi və fasiləsiz enerji təminatı üçün zəruri infrastrukturun yaradılması, radioyayım şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, eləcə də milli radiotezlik resursundan səmərəli istifadə məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün avadanlığın alınması və quraşdırılması, eləcə də mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin təmin edilməsini dəstəkləyən zəruri infrastrukturun yaradılması və istismar xərclərinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 13,7 milyon (on üç milyon yeddi yüz min) manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsində göstərilən tədbirlərin icrası ilə əlaqədar növbəti üç il ərzində istismar xərclərinin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müvafiq illər üzrə dövlət büdcəsi layihəsində nəzərdə tutulmasını təmin etsin;
2.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul 2023-cü il
BMT-nin rezident əlaqələndiricisi işğaldan azad olunmuş ərazilərdəki yenidənqurma işləri barədə məlumatlandırılıb
İyulun 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasında rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası ilə bağlı vəziyyət müzakirə olunub.
Ceyhun Bayramov cari ilin sentyabr ayında keçiriləcək BMT Baş Assambleyası çərçivəsində sentyabrın 18-19-də təşkil olunacaq DİM Sammitinin dayanıqlı inkişaf gündəliyinin icrasının mövcud vəziyyətinin təhlili baxımından əhəmiyyətini qeyd edib. Qarşı tərəf milli səviyyədə DİM-ə nail olunması məqsədilə görülən işlər, ölkəmiz üçün əhəmiyyət kəsb edən məqsəd və hədəflərə çatmaq məqsədilə yaradılan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.
Nazir postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarına əsaslanan yenidənqurma işləri, yaşıl enerji zonasının yaradılması istiqamətində atılan addımlardan bəhs edib. Ermənistan tərəfindən hərbi-siyasi təxribatların və mina təhdidinin davam etdirilməsinin sülh səylərinə xələl gətirdiyi bildirilib. Ermənistanın işğalı nəticəsində didərgin düşmüş məcburi köçkünlərimizin qayıdış prosesi və aparılan yenidənqurma işləri baxımından minatəmizləmə fəaliyyətinin vacibliyi və minatəmizləmənin DİM-dən biri olması təşəbbüsünün əhəmiyyəti vurğulanıb.
Rezident əlaqələndirici Vladanka Andreyeva Azərbaycan tərəfindən DİM-in təşviqi istiqamətində görülən işlərin əhəmiyyətli olduğunu vurğulayıb. Ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığından məmnunluq ifadə olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(25.07.2023)
TAİB gəncləri “Heydər Əliyev irsi və diaspor” mövzusunda dəyirmi masa təşkil etdilər
Türk Ağsaqqalları Birliyi – TAİB gənclərinin təşkilatçılığı ilə “Azərbaycanın xaricdə təbliğatı; Heydər Əliyev irsinə sadiqlik və diasporla əməkdaşlıq müstəvisində müasir yanaşmalar" adlı dəyirmi masa keçirilib. Tədbirdə qonaq qismində ABŞ-da yaşayan soydaşımız, dünya çempionu, Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının sədri Elgün Xanoğlanlı da iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən dəyirmi masada əvvəlcə Elgün Xanoğlanlı ABŞ-da Azərbaycanın təbliğ olunması istiqamətində görülən işlərdən söhbət açıb. Qonaq qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə olunan qələbə, torpaqlarımızın işğaldan azad olunması ölkəmizin nüfuzunun artmasına səbəb olub: “Bizim müzəffər Ordumuzun qəhrəmanlığı, Prezidentimizin qətiyyəti, heyrətamiz idarəçilik məharəti, sözssüz ki, xaricdə yaşayan azərbaycanlılara münasibətə təsir edir. Daha biz əvvəlki kimi başıaşağı gəzmirik. Dövlətimizlə, Ordumuz və Prezidentimizlə qürur duyuruq” deyə, E.Xanoğlanlı bildirib.
Dəyirmi massanın mövzusunun əhəmiyyətindən dənışan E.Xanoğlanlı TAİB rəhbərliyinə və Gənclər Təşkilatına minnətdarlığını da ifadə edib.
Tədbirdə çıxış edən TAİB İdarə Heyətinin üzvləri və Gənclər Təşkilatının Təmsilçiləri dövlətimizin və bilavasitə dövlət başçımızın gənclərə diqqət və qayğısından söz açaraq, təşkilatın "2023- Heydər Əliyev ili" çərçivəsində görülmüş islərdən, həyata keçirilmiş layihələrdən danışıblar. Çıxışçılar Azərbaycanın xaricdə təbliğ olunması işində diasporumuzun üzərinə düşən vəzifələrdən bəhs edərək, Ulu Öndər Heydər Əliyevin diasporumuzun inkişafına verdiyi önəmdən söz açıblar .
İdarə Heyətinin üzvləri qeyd ediblər ki, yeni dövr təbliğat işləri xüsusunda da yeni yanaşmalar tələb olunur.
TAİB təmsilçiləri bildiriblər ki, qarşıdakı dövrdə də Azərbaycan həqiqətlərini dünyaya yaymaq kimi vacib istiqamətə xüsusu diqqət ayıracaqlar.
Tədbirin sonunda qonaq "Türk dünyası ağsaqqalları" qəzetilə tanış olub və xatirə şəkilləri çəkilib.
“Ədəbiyyat və incəsənət”
(24.07.2023)
Bir gündə iki acı xəbər
Könül, “Ədəbiyyat və incəsənət”
Gənclik gələcəkdir. Biz tələbələrimizin uğurlarına sevinir, onları ölkəmizin yeni nəsil ixtisaslı kadrları kimi görərək fəaliyyətlərini izləyirik.
Amma bir gündə iki tələbə ölümü ilə bağlı xəbəri alanda adam çox üzülür.
Azərbaycan Texniki Universitetinin Xüsusi Texnika və Texnologiya fakültəsinin II kurs magistr tələbəsi Vüsal Niftəliyev keçirdiyi xəstəlikdən sonra gözlənilmədən dünyasını dəyişib.
BDU-nun Fizika fakültəsinin IV kurs tələbəsi Dəyanət Muradlı isə dənizdə çimərkən boğulub. Onun həyatını xilas etmək mümkün olmayıb.
Allah hər ikisinə rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24.07.2023)
Azərin təltif olunub
Xalq artisti Azərin Şimali Kipr Türk Respublikasının "Turizm və müvəffəqiyyət mükafatları" gecəsində mükafata layiq görülüb.
Axşam.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında paylaşım edib.
O, ötən gün baş tutan mərasimdə "Türk dünyasının ən yaxşı qadın sənətçisi" adına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(24.07.2023)
Medianın ləyaqətli nümayəndəsi barədə qeydlərim
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Tanıyaq və tanıtdıraq!
Haqqında söhbət açamq istədiyim Xanoglan Əhmədov 24 iyul 1961-ci ildə Yardımlı rayonunun Şiləvəngə kəndində dünyaya gəlib. Orta təhsilini doğma kənddə başa vurduqdan sonra indiki BDU-da ali təhsilə yiyələnib.
1982-1997-ci illərdə Yardımlı rayon MKS-da direktor müavini, Yardımlı rayon Komsomol Komitəsinin katibi, Yardımlı rayon İcra Hakimiyyətində şöbə müdiri, Yardımlı rayon Mədəniyyət şöbəsində inspektor vəzifələrində çalışıb.
1999-cu ildən 2016-cı ilə kimi “Ekspress” qəzetində müxbir, “Geopolitika XXI əsr” qəzetində baş redaktor işləyib. “Media və Mülki Cəmiyyət” İctimai Birliyinin təsisçisi və sədridir. 2017-ci ildən "ilkxeber.org" saytının təsisçisi və baş redaktorudur.
"ilkxeber.org" saytı Azərbaycan Mətbuat Şurasının, “Media və Mülki Cəmiyyət” İctimai Birliyi isə Azərbaycan Milli QHT Forumu, Azərbaycan Mətbuat Şurası, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi və Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvüdür...
İyirmi dörd ildir ki, mətbuatda çalışır. Gözəl dəsti xətti olan qələm adamıdır. Onu bir şəxsiyyət kimi xarakterizə edəndə, təvazökar, daha çox ətrafdakıları düşünən, necə deyərlər, hamının işinə yarıyan birisidir.
Çox qürurludur, amma insanlıq naminə özünü fəda etməyə daim hazırdır. Bu üzdən çox fədakarlıqlar göstərib, neçə-neçə çətinliklərə dözərək ətrafındakı insanlara yardım əlini uzada bilib.
Bütün fəaliyyəti göz önündə olub. Xanoğlan Əhmədov imzası keşməkeşli inkişaf yolu keçən mətbuatımızın müstəqilliyimizin bərpasından ötən dövrə aid tarixinin rəmzlərindən birinə çevrilib. Media cameəsində və ümumiyyətlə, cəmiyyətdə qazandığı hörmət və rəğbət onun öz işinə peşəkar və vicdanlı münasibətinin məntiqi nəticəsidir.
Dostluqda sədaqətlidir. Parlaq düşüncəyə, iti zəkaya malikdir. Zəhməti, çalışmağı çox sevir. Daim öz üzərində işləməyi bacarır. Hadisələri dolğun təhlil etmək, düzgün qərar vermək qabiliyyəti var. Siyasi savadlıdır. Ruhu gözəl olduğundan niyyəti də safdır. Ona söykənmək, ona etibar etmək olar...
Xanoğlan Əhmədovun mətbuatdakı fəaliyyəti zamanı üstünlük verdiyi cəhətlərdən ən başlıcası peşə etikasını hər zaman yüksək tutması, yetişən gənc jurnalistlərə də bunu hər zaman təlqin etməsidir. Onun öz qələminə və prinsiplərinə sədaqəti isə həqiqətən də, çoxlarına örnək olacaq səviyyədədir. Cəmiyyətdə ona olan səmimi münasibətlər Xanoğlan Əhmədovun qazandığı rəğbətin özünəməxsus göstəricisidir.
Xanoğlan Əhmədovun fəaliyyəti sadəcə, yazmaqla, ictimaiyyəti narahat edən problemləri və onlardan çıxış yollarını göstərməklə, məhdudlaşmır. Medianın nəzəri problemlərinin araşdırılmasına da ciddi yanaşan Xanoğlan Əhmədov “Media və Mülki Cəmiyyət” İctimai Birliyinin sədri və “ilkxeber.org” saytının baş redaktoru olaraq, mətbuatın cəmiyyət həyatının müxtəlif istiqamətlərində rolunun müəyyənləşdirilməsinə dair vacib tədqiqatların da müəllifidir...
Hər bir xalq öz dəyərli oğulları ilə güclü olur. Bəli, Xanoğlan Əhmədov xalqımızın dəyərli oğullarından biridir…
Bu gün Xanoğlanın doğum günüdür, növbəti ad gününü qeyd edir. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq. Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(24.07.2023)
Bu gün Qusarda maraqlı konsert olacaq
Mədəniyyət Nazirliyi tərəfindən iyul ayı üçün musiqi kollektivlərinin regionlara qastrol səfərləri davam edir.
Nazirlikdən verilən məlumata görə, bu çərçivədə Nicat Aslanovun caz kvarteti bu gün saat 16.00-da Qusar rayon Mədəniyyət Mərkəzində “Milli ruhun caz melodiyaları” adlı konsert proqramı ilə çıxış edəcək.
Qeyd edək ki, qastrol səfərləri Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində təşkil olunur.
“Ədəbiyyat və incəsənət”
(24.07.2023)