Super User
Bu gün Bakıda “Gənc Fest” festivalı açılacaq
Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Bakıda “Gənc Fest” festivalı keçiriləcək ki, festivalın açılışı da bu günə təsadüf edəcək.
Su İdmanı Sarayı ərazisində yerləşən Avropa Oyunları Parkında 4 gün davam edəcək tədbirə 16 yaşdan 29 yaşadək hər kəs qatıla bilər.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, gənclərlə görüşünün 30 illiyinə həsr olunan festivalda gənclər üçün bir-birindən maraqlı və interaktiv fəaliyyətlər təşkil olunacaq, iştirakçılar sertifikat qazanmaq şansı əldə edəcəklər.
Festival günlərində canlı musiqi, DJ və əyləncəli proqramlar gənclərə rəngarəng anlar yaşadacaq.
Unudulmaz gənclər tədbirinə qatılmaq istəyənlər www.gencfest.az səhifəsində qeydiyyatdan keçə bilərlər. Tədbir məkanına giriş yalnız qeydiyyat kartı ilə mümkündür.
“Ədəbiyyat və incəsənət”
(21.09.2023)
Bu gün Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalında Eliso Bolkvadzenin konserti olacaq
Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı davam edir. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 28 sentyabr tarixinədək davam edəcək festival bu il də bir sıra ölkələrdən ifaçı və kollektivləri bir araya gətirib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müxtəlif şəhərlərdə keçirilən festivalda ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrdən musiqiçilərin iştirakı ilə maraqlı konsertlər, ustad dərsləri və s. təşkil olunmaqdadır.
Sentyabrın 19-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Miçiqan Universitetinin (ABŞ) professoru İqor Fedotovun ustad dərsi təşkil olundu və tədbir faydalı və maraqlı oldu.
Bu gün - 21 sentyabrda M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gürcüstanlı pianoçu Eliso Bolkvadzenin konserti keçiriləcək.
Qarşıda daha maraqlı proqramlar tamaşaçıları gözləyir. Beynəlxalq Muğam Mərkəzində Fransadan festivala qatılan “Quatuor Diotima” simli kvartetinin konserti sentyabrın 25-də gerçəkləşəcək.
Azərbaycan Dövlət Akademik Filarmoniyasında 26 sentyabrda Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri sinqapurlu dirijor Anq Darrellin rəhbərliyi ilə çıxış edəcək.
Musiqi bayramının bağlanış mərasimi sentyabrın 28-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında olacaq. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri xarici qonaqlarla birgə festivalın final notlarını səsləndirəcək. Konsertdə pult arxasında dirijor Valentin Egel (Almaniya), solistlər isə Chloe Kiffer (violin, Fransa) Henri Demarquette (cello, Fransa) və Aleksandr Mutuzkin (piano, ABŞ) olacaq.
“Ədəbiyyat və incəsənət”
(21.09.2023)
Bu gün Gənc Tamaşaçılar Teatrı Qusarda çıxış edəcək
Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrın yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində teatrların regionlara təşkil olunan qastrol səfərləri davam edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu çərçivədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sentyabrın 20-də Qusar Dövlət Ləzgi Dram Teatrında Yevgeni Şvartsın "Qırmızı papaq" nağılı əsasında hazırlanan eyniadlı əsəri ilə çıxış edəcək.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssam Elşən Sərxanoğlu, bəstəkar Əməkdar İncəsənət xadimi Sərdar Fərəcovdur.
Birhissəli səhnə əsərində aktyorlar Səbinə Məmmədzadə, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Zümrüd Quliyeva, Zülfiyyə Alhüseynova, Elşən Hacıbabayev, Ədalət Əbdülsəməd, Müşfiq Əliyev iştirak edirlər.
Qırmızı papaqlı qız uzaqda yaşayan nənəsinin yanına getmək istəyir. Lakin bu yollar çox təhlükəlidir. O yolda ayı, canavar, tülkü kimi heyvanlar var. Buna baxmayaraq, Qırmızı papaq yola düzəlir. O, həqiqətən yollarda və nənəsinin evinə çatanda belə, çətin maneələrlə qarşılaşır.
“Ədəbiyyat və incəsənət”
(21.09.2023)
“Ay çiçəyi qatilləri” filminin kütləvi nümayişinə bir ay qaldı
Bu filmi hamı gözləyir. Rejissor Martin Skorsezenin çəkdiyi və baş rolda Hollivud ulduzları Robert De Niro və Leonardo Di Kaprionun yer aldığı “Ay çiçəyi qatilləri” filmini deyirik. Nəhayət ki, filmin kütləvi nümayişə buraxılacağı tarix açıqlanıb.
kinonews.ru saytı xəbər verir ki, ekran əsərinin kütləvi nümayişi oktyabrın 20-dən başlayacaq.
Qeyd edək ki, filmdə yer alan hadisələr ötən əsrin 20-ci illərində Oklahomada baş verir. Süjetin mərkəzində məskunlaşdığı ərazidə neftin aşkarlanması səbəbindən Oseyc tayfasının məhvi dayanır. ABŞ tarixində ən dəhşətli cinayətlərdən biri hesab edilən məsələ FTB detektivləri tərəfindən araşdırılır.
“Ədəbiyyat və incəsənət”
(21.09.2023)
TÜRKSOY-un XXIII “Rəssamlar görüşü” başa çatıb
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un ənənəvi layihələrindən olan və bu il XXIII dəfə reallaşan “Rəssamlar görüşü”nün yekununa həsr edilmiş tədbir keçirilib.
Türk dünyasının 6 ölkəsindən 12 rəssamın iştirak etdiyi bu layihədə ölkəmizi Xalq rəssamları Arif Əziz və Sakit Məmmədov təmsil ediblər.
Tədbirdə Mədəniyyət nazirinin müavini Fərid Cəfərov layihənin əhəmiyyəti barədə danışıb, iştirakçılara yeni sənət uğurları arzulayaraq, TÜRKSOY-un təşəkkürnamələrini təqdim edib.
Xatırladaq ki, TÜRKSOY-un XXII “Rəssamlar görüşü”nə ötən il Türkiyənin Safranbolu şəhəri (Karabük vilayəti) ev sahibliyi edib.
“Ədəbiyyat və incəsənət”
(21.09.2023)
Görkəmli yazıçı Çingiz Aytmatovun Azərbaycan dilində çapdan çıxmış kitabının təqdimatı olub
Qırğızıstan Respublikasının ölkəmizdəki səfirliyində görkəmli yazıçı Çingiz Aytmatovun anadan olmasının 95 illik yubileyi münasibətilə Azərbaycan dilində yenicə çapdan çıxmış “Dağlar yıxılanda” adlı nəsr toplusunun təqdimatı keçirilib.
AzərTAC xəbər verir ki, təqdimat mərasimində yazıçının oğlu, Beynəlxalq Çingiz Aytmatov Fondunun prezidenti Eldar Aytmatov, Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel, TÜRKSOY-un Azərbaycan təmsilçisi Elçin Qafarlı və Azərbaycan mədəniyyətinin tanınmış simaları iştirak ediblər.
Qırğızıstanın ölkəmizdəki səfiri Kayrat Osmanaliyev ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin fasdiləsiz inkişafından və mədəni əlaqələrin möhkəmlənməsindən söz açıb. O, böyük ədibin yaradıcılığına Azərbaycanda göstərilən marağı yüksək qiymətləndirib, nəşr olunan toplunun mədəni əlaqələrin daha da zənginləşdirilməsinə sanballı töhfə olduğunu qeyd edib.
Kitabı Azərbaycan dilinə çevirmiş yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı böyük yazıçıya həsr olunmuş tədbirin torpaqlarımızda anti-terror əməliyyatının aparıldığı həyəcanlı günlərə təsadüf etdiyini, ölkə rəhbərliyinin və Azərbaycan Ordusunun sarsılmaz iradəsi ilə separatçılara və onların havadarlarına layiqli cavab veriləcəyinə inandığını bildirib. O, Çingiz Aytmatovun Azərbaycanı özünün ikinci vətəni saydığını, ölkəmizdə böyük ədibin yaradıcılığının çox sevildiyini, Qırğızıstan səfirliyinin dəstəyi ilə işıq üzü görən yeni nəşrin də maraqla qarşılanacağı əminliklə qeyd olunub.
Ədibin oğlu, Beynəlxalq Çingiz Aytmatov Fondunun prezidenti Eldar Aytmatov da atasının Azərbaycana böyük sevgi bəslədiyini, yeni nəşrin onun xatirəsinə sonsuz hörmət nişanəsi olduğunu bildirib, tərcüməçiyə və səfir K.Osmanaliyevə təşəkkür edərək, hər ikisinə Çingiz Aytmatov adına Beynəlxalq İssık-Kul Forumunun xatirə medalını təqdim edib. O, gələcəkdə Azərbaycanda ədibin yaradıcılığı ilə bağlı tədbirlər keçiriləcəyini diqqətə çatdırıb.
TÜRKSOY-un Azərbaycan təmsilçisi Elçin Qafarlı Çingiz Aytmatovun 95 illik yubileyinin Azərbaycanda keçirilməsini və kitabın nəşrini türk xalqlarının mənəvi birliyinə verilən sanballı töhfə adlandırıb.
Qeyd edək ki, “Qanun” nəşriyyatında nəfis şəkildə nəşr olunmuş kitaba yazıçının sonuncu “Dağlar yıxılanda” romanı, “Üz-üzə” povesti və hekayələri daxil edilib. Kitabın rəyçisi filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, mətndəki şeirlərin tərcüməsi Nurafiz, redaktoru isə İlqar İlkindir.
“Ədəbiyyat və incəsənət”
(21.09.2023)
Üzeyir Hacıbəylinin bəstələri İndoneziya radiolarında səsləndirilib
Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı ilə əlaqədar ölkəmizin İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə İndoneziyanın nüfuzlu radiodalğalarında Azərbaycanın peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib.
Səfirlikdən AzərTAC-a bildiriblər ki, sentyabrın 18-20-də İndoneziyanın 5 nüfuzlu radiodalğasında (“Voice of İndonesia” “Aditya”, “As shidiq”, “Akom”, “Nagaswara”) dahi bəstəkarın həyat və yaradıcılığı barədə İndoneziya dilində verilişlər yayımlanıb. Verilişlərdə tanınmış bəstəkarın müəllifi olduğu bir çox məşhur əsərləri (“Arazbari”, “Cəngi”, “Sənsiz” və.s) yerli auditoriya üçün səsləndirilib.
“Voice of İndonesia” radiosu, eyni zamanda, videoformatda yayımlandığından, Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının fraqmentləri Azərbaycanın Xalq artisti Murad Adığözəlzadənin ifasında nümayiş etdirilib.
“Ədəbiyyat və incəsənət”
(21.09.2023)
Milli Kitabxananın 100 illiyi münasibətilə beynəlxalq elmi-praktik konfrans keçirilir
MƏDƏNİYYƏT NAZİRİ ADİL KƏRİMLİ KONFRANSDA ÇIXIŞ EDİB
Ölkəmizdə növbəti böyük beynəlxalq forum keçirilir. Bu dəfə kitabxana sektorunda. 100 illiyini qeyd edən Milli Kitabxanamızın təşəbbüsü ilə.
Təfsilatı “Ədəbiyyat və incəsənət” portalının növbəti xəbərində.
Ötən gün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında dünya milli kitabxanalarının rəhbərlərinin iştirakı ilə “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğurunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan Milli Kitabxanası haqqında qısa sənədli film nümayiş olunub.
Milli Kitabxananın direktoru Kərim Tahirov beynəlxalq elmi-praktik konfransın plenar iclasını açıq elan edib.
ADİL KƏRİMLİ
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi münasibətilə kitabxananın əməkdaşlarına təbriklərini çatdırıb. Kitabxanaların dünya mədəniyyətinin təbliğində böyük rol oynadığını söyləyən nazir qeyd edib: “Ötən əsrin 90-cı illərinin sonlarında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət öz nəticələrini verməyə başlamış, həmçinin mədəniyyət sahəsinə diqqət və qayğısının nəticəsi olaraq Milli Kitabxananın fəaliyyətində nəzərəçarpacaq irəliləyişlər özünü göstərmişdir. Bu gün Milli Kitabxana xalqımızın Ümummilli Lideri Heydər Əliyevin mədəniyyət siyasətini böyük uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində özünün çiçəklənmə dövrünü yaşayır və günü-gündən inkişaf edərək, dünyanın ən modern kitabxanalarının sırasına daxil olmuşdur”, - deyə A.Kərimli qeyd edib.
QƏNİRƏ PAŞAYEVA
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Kitabxananın 100 illik yubileyi münasibətilə əməkdaşları təbrik edib, təşkil olunmuş bu konfransda iştirakdan məmnun olduğunu diqqətə çatdırıb. O, kitabxana işçilərini mədəniyyətimizin qoruyucuları adlandırıb, ölkəmizdə kitaba, kitabxanaya verilən xüsusi dəyərdən danışıb. Natiq Azərbaycanda kitabxana ənənələrinin qədimliyindən bəhs edərək, eyni zamanda, Abbasqulu Ağa Bakıxanovun şəxsi kitabxanasının Sankt-Peterburq kitabxanasında qorunduğunu da vurğulayıb.
Rusiya Dövlət Kitabxanasının baş direktoru Vadim Duda əməkdaşları bu əlamətdar yubiley münasibətilə təbrik edib, kitabxananın direktoru Kərim Tahirovun peşəkarlığının həmkarları üçün böyük motivasiya olduğunu qeyd edib.
NİZAMİ CƏFƏROV
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov ölkəmizdə kitabxanalara milli şərəfimiz kimi baxıldığını söyləyib, kitabxanaları tarixi coğrafiya adlandıraraq, Milli Kitabxananın xalqımızın intellektinin formalaşmasındakı rolundan danışıb, kitabxananın biblioqrafiyalaşdırma sahəsindəki, milli biblioqrafik repertuarımızın yaradılmasındakı əhəmiyyətini vurğulayıb.
ƏCNƏBİ QONAQLAR
Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva Azərbaycan Milli Kitabxanasının 100 illiyinin qeyd edilməsinin təkcə kitabxanaçılar üçün deyil, həmçinin bütün oxucu nəsli üçün də əlamətdar olduğunu bildirib.
Roma Mərkəzi Milli Kitabxanasının direktoru Stefano Campagnolo konfransda iştirak üçün dəvətə görə minnətdarlığını bildirib, kitabxanaları məbədgah adlandırıb.
PLENAR İCLASLAR
Konfrans plenar iclaslarla davam edib.
Konfransda Azərbaycan Milli Kitabxanasının direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova “Azərbaycan Milli Kitabxanası Azərbaycan xalqının mənəvi yaddaşının qoruyucusudur”, Rusiya Dövlət Kitabxanasının baş direktoru Vadim Duda “Kitabxanaların fəaliyyətinin strateji istiqamətləri”, Roma Milli Mərkəzi Kitabxanasının direktoru Stefano Campagnolo “Yeni üfüq. Milli kitabxanaların gələcəyi necədir?”, Qətər Milli Kitabxanasının direktoru Tan Huism “Toplayın, qoruyun və məşğul olun: Qətər Milli Kitabxanasının təcrübələri”, Martynas Majvydas adına Litva Milli Kitabxanasının direktoru Renaldas Gudauskas “Litva Milli Kitabxanası yaradıcı prosesdə”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Mayıl Əhmədov “Cəmiyyətin informasiya təminatında milli kitabxanaların rolu”, M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Leonidoviç Kuzmin “Kitabxana mədəniyyətlərarası dialoqun mərkəzi kimi” mövzularda çıxışlar ediblər.
MEMORANDUMLAR
Daha sonra Azərbaycan Milli Kitabxanası ilə Pakistan, Rusiya, Litva Milli Kitabxanaları, Roma Mərkəzi Milli Kitabxanası və Makedoniyanın Kliment Ohrid Universitet və Milli Kitabxanası (Skopye) arasında qarşılıqlı əməkdaşlığa dair memorandumların imzalanma mərasimi keçirilib.
Həmçinin Milli Kitabxananın tarixinə aid “Milli Kitabxananın qızıl fondundan”, “Milli musiqi xəzinəmizdən” və “Milli Kitabxananın nəşrləri” adlı kitab sərgiləri də təşkil edilib.
Qonaqlar yubiley münasibətilə hədiyyələrini Milli Kitabxanaya təqdim ediblər.
Qeyd edək ki, konfrans işini bu gün yekunlaşdıracaq.
“Ədəbiyyat və incəsənət”
(21.09.2023)
“Yuğ” Teatrı yeni mövsümü ayın 26-da açacaq
Azərbaycan Dövlət “Yuğ” Teatrı 35-ci teatr mövsümünü M.F. Axundzadənin “Mürafiə vəkillərinin hekayəti” əsəri əsasında hazırlanmış “Şəbədə” tamaşası ilə açmağa hazırlaşır.
Səhnə əsəri sentyabrın 26-da Sabirabad rayon Mədəniyyət Mərkəzində nümayiş olunacaq.
Mərhəmətsizlik aktı janrı kimi təyin olunan tamaşada Xalq artisti Vidadi Həsənov (Ağa Mərdan), aktyorlar Vüqar Hacıyev (Ağa Abbas, Hacı Rəcəbəli), Elgün Həmidov (Ağa Salman), Mətanət Abbas (Zübeydə), Amid Qasımov (Ağa Kərim), Ləman Mərrih (Səkinə), Elçin Əmirov (Əziz bəy) və Günəş Mehdizadə (Zeynəb) çıxış edəcəklər.
“Mənəviyyatın çözə bilmədiyini heç bir ədalət məhkəməsi çözə bilməz” ideyalı səhnə işinin quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti isə Məryəm Qələndərovadır.
“Ədəbiyyat və incəsənət”
(21.09.2023)
Lorenso Banyati Bakıya gəlir
İstedadlı italyan pianoçu Lorenso Banyati Bakı tamaşaçıları qarşısında çıxış edəcək. “Suda əks olunanlar” konserti oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Və proqramda Ferens List, Moris Ravel, Klod Debüssi və digərlərinin əsərləri səsləndiriləcək.
Lorenso Banyati – dünya fortepiano səhnəsinin parlaq yüksələn ulduzudur. O, 1998-ci ildə Milanda istedadlı musiqiçilər ailəsində dünyaya gəlib. Artıq 4 yaşında fortepianoya olan həvəsi aşkar olunub və 7 yaşında Benedetto Marçello adına nüfuzlu Venesiya Konservatoriyasının tələbəsi kimi ilk konsertini verib. Gənc pianoçu konservatoriyanı 17 yaşında əla qiymətlərlə bitirərək, təhsilini Qnesinlər adına Rusiya Musiqi Akademiyasında davam etdirib. Hazırda Lorenso ustalığını maestro Eliso Virsaladzenin rəhbərliyi altında təkmilləşdirir. Onun çıxışları virtuoz texnikanın və dərin emosionallığın simbiozudur.
Anton Rubinşteyn adına müsabiqə və bir çox başqa beynəlxalq müsabiqələrin qalibi Lorenso Banyati “Karneqi Holl” (Nyu-York) və La Feniçe Teatrı (Venesiya) da daxil olmaqla, mötəbər dünya səhnələrində solo konsertlərlə çıxış edir. Tanınmış musiqiçi bir neçə nüfuzlu müsabiqələrin münsiflər heyətinin üzvüdür.
“Ədəbiyyat və incəsənət”
(21.09.2023)