Super User
“Saçlarıma ulduz kimi dən yağıb…” - POETİK QİRAƏTdə Aysel Fikrət
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərə Aysel Fikrətin redaktorlarımız tərəfindən çox bəyənilən “Saçlarıma ulduz kimi dən yağıb…” şeiri təqdim ediləcək.
Unutmayın, Aysel xanım böyük şairimiz Fikrət Sadığın qızıdır.
Saçlarıma ulduz kimi dən yağıb,
Qocalıram bu dünyanın xətrinə,
Könlüm daha zil ötəni bəm sayır,
Başa düşmür söhbəti nə, xətri nə.
Sıx meşədə bir canavar uladı,
Qoca qarı eşitmədi, bilmədi.
Yalqızlıği düşəcəkdi yadına,
Bilmədi ki, göz yaşını silmədi.
Büküb dördkünc gül qoxulu yaylığın,
Itkin düşən balasına səsləndi.
Dağ-dərələr utandilar bu ahdan,
Göy yamaclar göz yaşına süsləndi.
Qaytarırdı quzuları çobanlar,
Yağış yağıb dağ yolunu kəsirdi.
Qocalmağa bir addımdır bu aləm,
Ürəyimdə bir cavan qız pəs edir.
Boz rənginə bürünməmiş bu dünya,
Pəmbələri gozlərindən at, getsin.
Yaqis yağır, unut bəri-bərəni,
Pəncərəni möhkəm bağla, yat, getsin.
“Ədəbiyyat və incəsənət”
(21.09.2023)
Hekayə müsabiqəsinin qalibləri bəlli oldu
“Mücrü” nəşriyyatının təşkil etdiyi Gənclər arasında keçirilən hekayə müsabiqəsinin yekun nəticələri açıqlanıb.
Müsabiqədə məktəblilər, tələbələr və gənc yazarlar iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalı müsabiqənin Təşkilat Komitəsinə istinadən xəbər verir ki, Münsiflər Heyəti müsabiqəyə buraxılmış 214 hekayə arasından seçim etmişlər. Qeyd edək ki, mövzu məhdudiyyəti olmayan müsabiqəyə əsərlər Azərbaycan və rus dillərindən qəbul edilmişdir və qiymətləndirmə mümkün 15 bal üzərindən olmaqla nəzərə alınmışdır.
Müsabiqənin qalibləri aşağıdakılar olmuşlar:
I yer – Ömər Elşənoğlu, “Nakam sevgi xatirəsi” – 15 bal
II yer – Elay İsmayılov, “Старый сапожник” – 13 bal
III yer – Mülayim Hümmətova, “Əski döşəkcə” – 12 bal
IV yer – Lalə Nəriman, “Şəhid qoxan göyərçin” – 11 bal
V yer – Nemət Tahir, “Ağ xalatlı mələklər” – 10 bal
V yer – Rəşid Nəsirzadə, “Sonuncu lotereya” – 10 bal
V yer – Sabir Etibarlı, “Müqavilə” – 10 bal
“Uğurlu iştirakına görə” diplomu ilə isə
aşağıdakılar təltif edilmişlər:
Hamlet Cəfər, “Xalça” – 9 bal
Rüqəyya Tağızadə, “Vətən sağ olsun” – 9 bal
Mədət Qocamanlı, “Машина времени” – 9 bal
Təranə Cabbar, “Dəniz qızı” – 8 bal
Şahmalı Həsənov, “Mexaniki ölüm” – 8 bal
Xanım Əliyeva, “Əlvidalar dünyası” – 8 bal
Aytən Tunay, “Duyğular” – 7 bal
Məhəmmədəli Məhərrəmli, “Məktub” – 6 bal
Məhəmməd Nəbzeyi, “ƏN və mƏN” – 5 bal
Xədicə Ramazanova, “Körpüdəki qız” – 5 bal
Güllü İbrahimova, “GülNam” – 5 bal
Vəzifə Rəsulova, “Ana ürəyi” – 5 bal
Xuraman Həşimova, “Baş Sarıtel” – 5 bal
Nigar Rəcəbli, “Çiyələkli tort” – 5 bal
Gülnarə Məmmədli, “Чудо в жизни” – 5 bal
“Ədəbiyyat və incəsənət”
(21.09.2023)
Ötən il ölkəmizdə 2011 azyaşlı qız ana olub - ŞOK STATİSTİKA
Mama-ginekoloq: “Uşaq yaşda ana olmağın psixoloji travması fizioloji fəsaddan daha ağır olur”
2022-ci ildə Azərbaycanda 15-17 yaşlı 2011 qız ana olub. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) Azərbaycandakı demoqrafiq durumla bağlı ötən ilə dair hesabatında qeyd edilib.
Hesabatdan belə məlum olur ki, 18 yaşı tamam olmayan qızların dünyaya gətirməsi halları əvvəlki (2021) illə müqayisədə artıb. Belə ki, 2021-ci ildə yeniyetmə anaların sayı 1650 nəfər olmuşdu.
Qeyd edək ki, qanuna əsasən, 16 yaşa qədər olan oğlan və qızlar uşaq hesab olunur. Azərbaycan qanunvericiliyində 2011-ci ildən qadın üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması deməkdir. Statistikadan da görünür ki, Azərbaycanda erkən nikah, uşaq yaşda ana olmaq problemi səngimək əvəzinə, daha da artır.
Mütəxəssislər bildirir ki, bu yaşda qadında uşağın inkişaf etdiyi orqanlar tam yetişmədiyindən bətndəki uşağın da inkişafı ləngiyə və ya anormal uşaq dünyaya gələ bilər. Bundan başqa, qızlar qadınlıq və analıq dövrlərində yaşı az olsa belə, onlarda qadınlaşma, püxtələşmə prosesləri başlayır. Beləliklə, orqanizmdə hormonal balanslaşma pozulur. Bu da qadının tez yaşlanmasına və xəstəliklərə tutulmasına səbəb olur.
Təcrübədə qadın xəstəliklərinə əksər hallarda erkən yaşda ailə quran xanımlarda rast gəlinir. Həmin yaş həddində orqanizmdə formalaşma hələ tam başa çatmamış sayılır. İstisnaları çıxmaq şərti ilə mütəxəssislər erkən yaşda ana olmuş qadınların yeni missiyaya psixoloji hazırlığının aşağı olduğunu da vurğulayırlar. Bu isə cəmiyyət üçün yetişdiriləcək fərdin normal təlim-tərbiyədən məhrum edilməsinə yol açır.
Bəs Azərbaycanda yetkinlik yaşına çatmayan anaların sayı ildən-ilə niyə artır? Əsas səbəblər hansılardır?
Mövzu ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Yeni Müsavat”a danışıb: “Bu, əsasən pandemiyanın fəsadıdır. Xatırladım ki, 2 il qapalı müddət oldu, toylara qadağa qoyuldu, məktəblər bağlandı. Nəticə ona gətirib çıxartdı ki, erkən nikahı aktual mövzuya çevrildi. Yəni baxmayaraq ki, bu məsələ ilə bağlı müəyyən işlər görülmüşdü, sistem qurulmuşdu, pandemiya bunun hamısını iflic vəziyyətə saldı.
İkinci bir vacib məsələ ondan ibarətdir ki, son vaxtlar erkən nikahla bağlı hansısa məsələlər ortaya çıxanda çox vaxt məlum olur ki, qızların özü ərə getmək istəyir. Fikrimcə, burada problemin kökü təhsildəki müəyyən boşluqlar, sosial şəbəkələr, təcavüz hadisələrinin artması, uşaqların evdən qaçması və sairə, bu cür məlumatların geniş yayılmasıdır ki, nəticədə valideynlər guya “yaxşı tədbirlər” görmək və onların “təhlükəsizliyini qorumaq” üçün qızlarını erkən yaşda ərə verməyə çalışırlar.
Bir qisim qızların təhsilə marağı azaldığından daha çox ərə getməyə maraq göstərir və hesab edirlər ki, bu onların talelərində ən gözəl andır və ciddi bir dəyişiklikdir. Məsələn, bu yaxınlarda bir mütəxəssislə söhbətləşəndə qeyd etdi ki, “dağ kəndlərində qızlar çalışırlar ki, tez bir zamanda ərə getsinlər, dağdan düşüb, həyət görsünlər”.
Bütün bunlar onu göstərir ki, qadınlar üçün mədəni imkanların, 18 yaşa qədər olan qızlar üçün sosial paketlərin, uşaq inkişaf mərkəzlərinin sayının artırılmasına ehtiyac var.
Həmçinin qız və qadınların təhlükəsizliyi çox prioritet məsələ olmalıdır. Hər hansı cinayət hadisəsi baş verəndə onların qaynar xəttə zəng edib, bu barədə məlumat verə bilməsi təmin olunmalıdır. Qeyd etdiklərim kompleks şəkildə baş verməsə, ətrafda baş verən neqativ təsirlər nəticəsində ailələr yenə də qızlarını erkən yaşda ərə verməyə çalışacaq. Biz deyirik ki, uşaq dövlətə məxsusdur, valideyn isə deyir ki, uşaq mənim əmlakımdır, istədiyim kimi davrana bilərəm".
Tanınmış mama-ginekoloq Rəşad Sultan da mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Ümumiyyətlə, mama-ginekologiyada nisbi hamiləlik anlayışı var. Yəni biz bilirik ki, hamiləlik fizioloji təbii haldır, biz həkimlərin də vəzifəsi ondan ibarətdir ki, hamilə qadını müayinə edərkən müəyyən riskli vəziyyətləri, təbii haldan kənara çıxmaları aşkara çıxartmaq, risk qruplarını ayırmaq, vəziyyəti nəzarətə götürmək, lazım gələn tədbirləri görməkdir. Risk qruplarının biri də erkən hamiləliklə bağlıdır. Məsələn, necə ki, 35 yaşdan yuxarı hamiləliklər riskli hamilələr sayılır, eləcə də 20 yaşdan əvvəl hamiləliklər də riskli hamiləliklər hesab olunur. Bu halda bir nömrəli risk təhlükəsi vaxtından əvvəl doğuşdur. Statistika, elmi araşdırmalar onu göstərir ki, 20 yaşa qədər olan hamiləliklərdə vaxtından əvvəl doğuş riski 3 dəfə çoxdur. Vaxtından əvvəl doğuşun isə təhlükəsi ondan ibarətdir ki, yeni doğulan körpənin ölüm riski böyükdür. Bəzən isə ölüm faktı olmasa da, yeni doğulan körpə şikəst olur və bu da sağlamlıq baxımından həm cəmiyyət, həm də ailə üçün problem yaradır. Anaya gəldikdə isə, hələ fiziki cəhətdən yetişməmiş, özü uşaq olan biri necə bətnində 3-4 kq uşaq daşıya bilər? Bu, hələ tam formalaşmamış orqanizm üçün böyük travmadır. Uşaq yaşda ana olmağın psixoloji travması fizioloji fəsaddan daha ağır olur. 15-17 yaşda olan uşağın hamiləliyi, hamiləlik dövründə keçirdiyi hisslər nə olacaq və ondan sonra zahılığı, uşağa baxmaq dövrü necə olacaq? Onsuz da hormonal dəyişikliklər səbəbi ilə zahı qadının psixologiyası alt-üst olur. Zahılıq psixozu deyilən bir anlayış var və uşaq yaşda ana olan şəxs üçün bu risk daha böyükdür. Bu baxımdan, erkən, uşaq yaşda ana olmaq qəti yolverilməzdir”.
“Ədəbiyyat və incəsənət”
(21.09.2023)
Milli Dram Teatrı “Qarabağnamə” tamaşası ilə Şəkidə çıxış edəcək
Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlara təşkil olunan qastrol səfərləri yeni mövsümdə də davam etdirir.
Nazirlikdən bildirilib ki, qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı sentyabrın 26-da “Qarabağnamə” tamaşası ilə Şəki Dövlət Dram Teatrında çıxış edəcək.
Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən bəhs olunur.
“Ədəbiyyat və incəsənət”
(21.09.2023)
Yerdəki zibillər
Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
Hərbi xidmətdə ikən onların başlarına bir hadisə gəldi. Komandir zabitlərin yerə atdığı bütün siqaret kötüklərini əsgərlərə təmizlətdirdi.
Bu hadisədən sonra:
1. Heç vaxt yerə zibil atmayan əsgər düşündü ki, "onsuz da yerə zibil atsam, mənim əvəzimdən kimsə onu yığışdıracaq."
2. Həmişə yerə zibil atan əsgər düşündü ki, "bu mənim üçün bir dərs olsun. Mənim yerə atdığım zibili niyə başqası təmizləsin?!"
3. Heç vaxt yerə zibil atmayan başqa bir əsgər heç nə düşünmədi və heç vaxt yerə zibil atmadı.
4. Həmişə yerə zibil atan başqa bir əsgər də heç nə düşünmədi və bu vaxtdan sonra da yerə zibil atmağa davam etdi.
5. Kənardan baxaraq zibilləri yığan bir əsgər hadisələri müşahidə edərək analiz etməyə başladı və yazıçı oldu. Yazıçı oldu ki, müşahidələrini bütün insanlara çatdıra bilsin. Pisi də göstərdi, yaxşını da. Zalımlardan da danışdı, xeyirxahlardan da.
Bizim necə bir insana çevrilməyimiz başımıza gələn hadisələrə görə deyil, o hadisələrə nə cür reaksiya verməyimizdən asılıdır.
Həyatınızı dəyişə bilmək üçün baxış bucağınızı dəyişin.
“Ədəbiyyat və incəsənət”
(21.09.2023)
“Biz həmişə o arzu ilə yaşamağı bacarmalıyıq...” - MÜSAHİBƏ
Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
Futbol ictimaiyyəti onu Azərbaycan Premyer Liqasının ən iddialı oyunlarını idarə etməsi ilə tanıyır. Lakin futbol hakimlərinin futboldan kənarda hansı peşənin sahibləri olduqlarını, hansı maraqları və zövqləri olduqları çox zaman geniş auditoriyaya qapalı qalır. İctimaiyyət üçün qapalı olan futbol hakimlərimizin ədəbiyyatla arasının nə dərəcədə yaxın olmasından çox az adamın məlumatı olduğu üçün hər kəsə aysberq kimi görünən bu idman növünün hakimlərinin həyat və məşğuliyyətləri bir çoxumuza maraqlıdır. Məhz bu diqqət və maraq onları bizim üçün daha da sirli və dəyərli edir. Elə isə gəlin Milli Dərəcəli Hakim Kamal Umudlunu futboldan kənardakı zövq və məşğuliyyətlərini daha yaxından tanıyaq.
- Futbola və idmana olan sevginiz sonsuzdur. Bəs ədəbiyyatla aranız necədir? Hansı janrda olan kitabları sevirsiniz?
- Futbolla paralel olaraq ədəbiyyata olan marağım da az deyil. Ən çox bioqrafiya və şəxsi inkisaf, motivasiya ilə bağlı olan kitabları oxumağı sevirəm.
- Ən sonuncu oxuduğunuz kitab hansıdır?
- Ən son James Clear-in "Atomic habbits" kitabını oxumuşam. Tərcümə prosesi bütün kitabları olduğu kimi çatdırmadığı üçün kitabı öz yazı dilindən oxumağı daha çox uyğun hesab edirəm.
- Yerli, yoxsa xarici yazarların kitablarını oxumağa üstünlük verirsiniz?
- Düzünü demək olarsa, oxuduğum janrlara uyğun olaraq Azərbaycanlı yazıçıların çox kitabları olmadığına görə daha çox xarici yazarlara üstünlük verirəm.
- Sonuncu izlədiyiniz film hansı olub?
- "Last Kingdom Seven Kings Must Die". Vikinglər haqqında olan film idi.
- Bəs ən çox sevdiyiniz və sizə nəsə qatdığını düşündüyünüz film hansıdır?
- Ən çox sevdiyim film isə "V For Vendetta" filmidir.
- “V For Vendetda” filmində sizin diqqətinizi çəkən və sizə bu filmi sevdirən hansı nüanslar olmuşdu?
- Filmdə diqqətimi çəkən nüanslar çox idi. Əslində o filmin mövzusu tamam fərqlidir, lakin mənim götürdüyüm dərs bu oldu ki, bu həyatda hər zaman mübarizə aparmaq lazımdır, doğrularla yaşamaq, doğruları demək və ən əsası istədiyimiz hər şeyi asanlıq və ya çətinlik dərəcəsinə baxmadan əldə edə bilmək. İnsanda hər zaman istədiyini əldə etmək arzusu olur. Biz həmişə o arzu ilə yaşamağı bacarmalıyıq. Yəni bir şey bacarmağın yarısı onu istəməkdir. Yəni o işin asanlığının, çətinliyinin heç bir fərqi yoxdur. Bir işi ürəkdən istəyib əzmkarlıq göstərdikdən sonra o uğuru qazana bilərik.
- Musiqi zövqünüz necədir? Hansı janr musiqiləri dinləyirsiniz?
- Əslində, janr olaraq daha çox pop musiqisi dinləyirəm, amma bəzən Rap, Rock, Reggy stilində musiqilərini də dinləməyi sevirəm.
- Sizcə, musiqi ruhu qidalandırır, yoxsa insanın əsas diqqətini yayındırıb onu tamam fərqli bir dünyaya aparır?
- Birinci variant mənim təbiətimə daha çox uyğun gəlir. Musiqi ruhu qidalandıraraq insanı fərqli bir dünyaya aparır.
- Və son olaraq incəsənətin hansı sahəsində özünüzü daha yaxın hiss edirsiniz?
- İndiyə qədər heç zaman özümü incəsənətin hansısa sahəsində təsəvvür etməmişəm. Kütlə qarşısında olmağı çox da sevən biri deyiləm. Əslində hakimlik də kütlə qarşısında görülən işdir, sadəcə tək fərq özünün fanat kütlənin olmamasıdır.
“Ədəbiyyat və incəsənət”
(21.09.2023)
Şəhid gizir İlham Şəmsiyev Qazax rayonunun Yuxarı Salahlı kəndində izdihamla torpağa tapşırılıb
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində 19 sentyabr 2023-cü ildə başladığı lokal xarakterli antiterror tədbirlərində döyüş tapşırığını yerinə yetirən zaman gizir İlham Şəmsiyev Qəhrəmancasına Şəhid olub.
“Ədəbiyyat və incəsənət” portalı “Qazax" Xeyriyyə İctimai Birliyinin Mətbuat Xidmətinin rəhbəri Səbinə Yusifə istinadən xəbər verir ki, Şəhid İlham Şəmsiyev bu gün - 20 sentyabrda doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində izdihamla torpağa tapşırılıb.
Dəfn mərasimində "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Rayon İcra Hakimiyyətinin rəsmi nümayəndələri, DİN-nin əməkdaşları, tibb işçiləri, Bakı Dövlət Universiteti Qazax filialının əməkdaşları, AYB-nin Qazax zona filialının və Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəsmi nümayəndələri, ziyalılar, media nümayəndələri, rayon ictimaiyyəti iştirak ediblər.
"Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri dəfn mərasimində iştirak edərək Şəhidin ailəsinə, doğmalarına "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovun və İctimai Birliyin üzvlərinin adından baş sağlığı çatdırıblar.
Allah rəhmət eləsin. Bir də xalqımız Şəhid xəbərindən sarsılmasın.
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)
Yunus Oğuz: "Paşinyan bu vəziyyətdən salamat çıxsa, yaxın müddətdə sülh müqaviləsi imzalanacaq"
Azərbaycan Qarabağda qeyri-qanuni erməni silahlı birləşmələrinin tərkisilah edilməsi istiqamətində lokal xarakterli antiterror tədbirlərinə başladı və uğurla sona yetirdi. Görünən odur ki, Azərbaycan Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması məsələsində çox ciddidir.
Yaranmış vəziyyətlə bağlı “Ədəbiyyat və incəsənət” portalı siyasi şərhçi Yunus Oğuzun şərhini diqqətinizə çatdırır.
1.
Azərbaycanın Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri keçirməsinə səbəb nə oldu?
Ermənistanın himayə etdiyi Qarabağdakı terrorçu təşkilatlar Azərbaycan dövlətinə, Azərbaycan ordusuna heç bir şans buraxmadılar. Azərbaycan dövləti Qarabağda yaşayan erməniləri iki dəfə danışıqlara dəvət etsə də bundan imtina etdilər, ermənilərə göndərilən humanitar yardımı qəbul etmədilər, ən nəhayət terror aktı törətməyi rəva bildirlər. Bu terror aktı nəticəsində 2 mülki vətəndaş və 4 polis əməkdaşı şəhid oldu. Qanunsuz seçki keçirdilər. Bu faktlar bir daha əminlik yaratdı ki, qanunsuz erməni silahlı dəstələrini yalnız antiterror tədbirləri ilə zərərsizləşdirmək olar. Əslində bu lokal xarakterli antiterror tədbirləri 9 noyabrda imzalanmış üçtərəfli Bəyanatın müvafiq müddəasının həyata keçirilməsidir. Üç il idi ki, biz buna dözürdük. 30 il BMT, ATƏT-in Minsk qrupu bizi aldadaraq başımızın altına yastıq qoydu, indi də 3 ildir ki, eyni proses davam edir. Erməni tərəfi ən müxtəlif bəhanələrlə sülh müqaviləsi imzalamaqdan yayınır. Gah müəyyən şərt irəli sürürlər, gah statusdan danışırlar, gah da təhlükəsizlik məsələsini ortaya atırlar. Yəni, müxtəlif bəhanələrlə mövcud status kvonu hələ bir 30 il də uzatmaq istəyirdilər. Təbii ki, BMT-nin qərarlarını həyata keçirən bir ordu, Ali Baş Komandan üçtərəfli Bəyanatın da şərtlərini icra etməyə qadirdir.
2.
Azərbaycanı antiterror tədbirləri keçirməkdə qınayanlar da var.
Keçən il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanıb. Həmin bəyannamənin şərtlərindən biri də antiterror tədbirlərinin keçirilməsilə bağlıdır. Sənədin 18-ci maddəsində göstərilir ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Həmçinin 9 noyabr üçtərəfli Bəyanatın 4-cü bəndinə görə, bölgədə Rusiya sülhmərmalılarının yerləşdirilməsilə paralel olaraq erməni silahlı birləşməlri ərazini tərk etməlidirlər. Lakin 3 ildir ki, erməni silahlı birləşmələri ərazidən çıxarılmır. Əksinə, getdikcə xarici ölkələrin dəstəyi ilə həmin silahlı birləşmələr və separatçı rejim daha da həyasızlaşır. Bunun da cavabı antiterror tədbiri olmalı idi. Hazırda Azərbaycan 9 noyabr Bəyanatının şərtlərini yerinə yetirir. Burada söhbət mülki vətəndaşlara qarşı tədbirlərdən getmir. Vaxtilə Nardaranda da antiterror tədbiri keçirilib. Deməli, Azərbaycanın istənilən ərazisində dövlətin təhlükəsizliyi üçün təhdid yarandıqda antiterror tədbiri keçirilə bilər. Hardaki, Azərbaycanın dövlət təhlükəsiziliyi üçün təminat yoxdur, haradaki ölkənin ərazi bütövlüyünün parçalanmasına təhdid var, orada belə tədbirlərin keçirilməsi normal haldır. Azərbaycan Prezidentinin ABŞ dövlət katibi Blinkenlə telefon danışığından da belə başa düşdük ki, erməni silahlı birləşmələri ağ bayraq qaldırırlar, silahları təhvil verirlər, bundan sonra antiterror tədbirləri dayanır. Ali Baş Komandan hətta Blinkenə bunu deyibsə, deməli, antiterror tədbiri axıra kimi gedəcək. Azərbaycan icazə verə bilməz ki, öz ərazisində "boz zona" yaransın. Dünyada belə zonalar çoxdur ki, onu böyük dövlətlər, imperiyalar yaradırlar. Lazım olan vaxt o "boz zona"ları işə salırlar. Biz o "boz zona"nı istəmirik. Odur ki, uğurlu antiterror tədbirləri aparılır.
3.
Makron Paşinyanın müraciəti əsasında söz verib ki, BMT-də bu məsələni qaldıracaq. Belə halda Azərbaycanı nə gözləyir?
Makronun BMT-də məsələ qaldırması ilə Azərbaycanı heç nə gözləmir. BMT-nin iclası 22 sentyabrda bizim vaxtla gecə yarısı olacaq. Biz isə məqsədimizə çataraq o vaxta qədər antiterror tədbirlərini başa çatdıracağıq. 44 günə İkinci Qarabağ müharibəsini qurtardıq, çox güman ki, 44 saata da bunu bitirəcəyik. Azərbaycanı ona görə heç nə gözləmir ki, faktlar ortalıqdadır. Qarabağda silahlı birləşmələr var, Azərbaycan ərazisinə qanunsuz silahlar daşınır, terror aktları törədlilir və sair. Bunlar Azərbaycan dövlətinə, ərazi bütövlüyü və suverenliyinə qəsddir. Makron ermənilərə yaxşı görünmək üçün bu addımları atır. Əvvəl "humanitar fəlakət" məsələsini ortalığa atmışdı, indi də çox güman ki, "etnik təmizləmə" məsələsini qabardacaq. Əslində isə bunlar hamısı məqsədli şəkildə edilir. Lakin bunun Azərbaycana heç bir təsiri ola bilməz. Ən yaxşı halda bir bəyanat veriləcək ki, atəşkəs təmin olunsun, dialoqa başlansın. Biz isə bu dialoqu dəfələrlə erməni tərəfinə təklif etmişik. Hətta Azərbaycan ərazisindəki silahlı birləşmə üzvləri üçün amnistiya da elan olunub. Sözsüz ki, bu amnistiya separatizmi qızışdıranlara, dövlətə qarşı cinayət törədənlərə şamil edilməyəcək. Elə onları qorxudan da budur. Separatçıların içərisində ən hiyləgəri Arayik çıxdı. Pullarını yığdı, istefa verdi, bəlkə də heç Xankəndində də yoxdur. Rusiya sülhməramlılarının xətti ilə oranı tərk edib. Çünki o bildi ki, artıq antiterror tədbirləri labüddür. Vardanyan isə çıxa bilməyib, ilişib orada qalıb. Ona da cinayət işi açılıb ki, sən Qarabağ, Ermənistan vətəndaşı da deyilsən, Rusiya vətəndaşı olaraq bu ərazidə nə edirsən?
4.
Qarabağın erməni əsilli vətəndaşları ilə reinteqrasiya məsələsində razılığa gəlinməsini mümkün hesab etmək olarmı?
Əslində, ermənilərin qanında bizə qarşı nifrət hissi var. Elə bu səbəbdən də hansı ərazi boşalırsa, orada evləri yandıraraq tərk edirlər. Şuşaya mina atırlar, tarixi abidələri dağıdırlar, flora və faunanı məhv edirlər. Bunlarla razılığa gəlmək mümkün deyil. Odur ki, Azərbaycan tərəfi bəyan edir ki, kim bizim qanunları qəbul edib yaşamaq istəyirsə buyursun. Yəqin ki, sadə, kasıb ermənilər, əli qana batmayan, azərbaycanlılara qarşı cinayətdə iştirak etməyən şəxslər qalacaq. Əksəriyyət isə çıxıb gedəcək. Artıq bunun üçün müvafiq dəhliz də açılıb. Burada heç bir halda etnik təmizləmədən söhbət gedə bilməz. Çünki etnik təmizləmə insanları öldürmək deməkdir, onların çıxışı üçün dəhliz açmaq yox. Bakıda 30 min erməni ailəsi yaşayır, etnik təmizləmə siyasəti aparsaydıq, elə bunları Bakıdan çıxarardıq da. Onlar bilmirlər nə desinlər.
5.
Antiterror tədbirlərinin nəticəsi olaraq sülh müqaviləsinin bağlanması gözlənilirmi?
Antiterror tədbirləri bitsin, Xankəndində Azərbaycan bayrağı dalğalansın, Paşinyan da etiraz aksiyalarından canını qurtara bilsə, dərhal sülh müqaviləsi imzalanacaq. Paşinyan da gözəl başa düşür ki, Ermənistanın inkişafı Qarabağın buxovundan azad olmasından keçir. Amma radikallar, revanşistlər bunu başa düşmək istəmirlər. Çünki mövcud vəziyyətdən pul qazanırlar. Burada Rusiya, Fransa, Avropa, Amerika marağı var. Məlumdur ki, Rusiya Paşinyanı cəzalandırmaq istəyir. Mən elə belə demədim ki, "Paşinyan bu vəziyyətdən salamat çıxsa". Medvedevin sözünü xatırlayaq. Deyirdi ki, Paşinyanın arvadı gedib Ukraynada peçenye paylayır. Bunlar təsadüfi deyilmiş sözlər deyil. Paşinyanın bu kimi addımları, Amerikanın Ermənistanda hərbi təlim keçirməsi Rusiyaya od vurub. Ermənistanın hər şeyi Rusiyanın əlindədirsə, ondan necə imtina etmək olar? Amma mer seçkilərində Paşinyanın partiyasının 32 faiz səs toplaması deməyə əsas verir ki, hələ də ölkədə onun dayaqları var. Ona görə deyirəm ki, Paşinyan bu vəziyyətdən salamat çıxsa, yaxın müddətdə sülh müqaviləsi imzalayacağıq.
Artıq məğlubiyyətin əsaslarını görən, heç bir yerdən siyasi və hərbi dəstək, o cümlədən silah-sursat ala bilməyən qeyri-qanuni hərbi birləşmələr ağ bayraq qaldırdılar. Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməyə razı oldular. Sabah da Yevlax rayonunda görüş keçiriləcək. Azərbaycanın bütün şərtləri həyata keçəcək. Sadəcə silahların təhvil verilməsi, qanunsuz silahlı dəstələrin Azərbaycan ərazisini tərk etməsi üçün vaxt tələb olunur. Çox güman ki, bunun üçün də razılaşdırılmış qrafik müəyyən ediləcək.
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)
Günün fotosu: Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu Forum keçirdi
Günün fotosu: Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu Forum keçirdi
Almaniyanın Münhen şəhərində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 2-ci Forumu keçirilib.
Forumda tanınmış şair, SÖZ layihəsinin rəhbəri Nigar Həsənzadə də iştirak edib.
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)
İlham Əliyev: "Separatçılar silahı yerə qoyduğu halda antiterror tədbirləri dayandırılacaq"
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı reinteqrasiya məsələlərini müzakirə etmək üçün Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələrinin bir neçə dəfə dialoqa dəvət olunduğu, lakin onların bundan imtina etdiyi, bununla belə lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi vaxtda onların bir daha dialoqa dəvətin edildiyi diqqətə çatdırıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı silahın yerə qoyulduğu və tərksilah olunduğu halda antiterror tədbirlərinin dayandırılacağını deyib. Amerikalı diplomat yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, atəşkəsin əldə olunmasına çağırıb və Bakı ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri arasında birbaşa dialoqun Vaşinqton tərəfindən dəstəkləndiyini bildirib.
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)