Super User

Super User

 

AzərTAC-ın fotomüxbiri İlqar Cəfərov Portuqaliya və Albaniyada keçirilən beynəlxalq fotomüsabiqələrdə qızıl medallara layiq görülüb.

Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) qızıl medalına Lissabonda keçirilən “Portuqaliya 2023” beynəlxalq fotomüsabiqəsində fotoqrafın “Həndəsədə həyat” fotosu layiq görülüb. 

FIAP-ın himayəsi altında keçirilən bu müsabiqədə dünyanın 46 ölkəsindən 158 müəllif iştirak edib.

Müəllifin “Gecə faciəsi” adlı digər əsəri Tiranada (Albaniya) keçirilən MİRAGE 2023 beynəlxalq fotomüsabiqəsində İAAP-ın (İnternational Association of Art Photographers) qızıl medalına layiq görülüb. 

Bu fotoda 2020-ci ildə II Qarabağ müharibəsi zamanı erməni ordusunun Gəncə şəhərini raket atəşinə tutmaqla törətdikləri cinayət əks olunub.

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2023)

Çərşənbə, 19 İyul 2023 11:05

İlin ilk günü

 

Bu gün biz Məhərrəm ayının ilk gününə qədəm qoyuruq. 

“Ədəbiyyat və incəsənət” xəbər verir ki, astronomik hesablamalara görə, iyulun 18-dən 19-na keçən gecə Müsəlmanların yeni ili başlayır. İslamda bu tarix 1445-ci ildir. 

Və bir ayın tamamında - avqustun 17-si Məhərrəm ayı başa çatacaq və 18-dən Səfər ayı başlayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2023)

Laçında “Sarı Aşığın dastanı” tamaşasının premyerası olub.

“Report" xəbər verir ki, tamaşanı “Səhnə” teatrı təqdim edib.

 

Tamaşanın prodüsseri Elçin Hacı bildirib ki, “Yaxşı və Aşıq” dastanının motivlərindən istifadə edilməklə Xaqani Əliyevin qələmə aldığı pyes əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, xoreoqrafı Zaur Əliyevdir.

Tamaşa Azərbaycanda bayatı janrının poetik imkanlarının açılmasında misilsiz xidmətləri olmuş, XVII əsrdə Laçının Güləbird kəndində yaşamış, şair Sarı Aşığın nakam məhəbbətindən bəhs edir.

 

Buludların arasından yerə enən Mələyin verdiyi sevgi badəsini içən gənc Abdullanın qəlbində eşq yuva salır, onu “Haqq Aşiqinə” çevirir. Aqillər deyiblər ki, Eşq hər qəlbdə qərar tutub qalmır. Bəs, qalsa nə olar? Onu ordan çıxarmaq olarmı? Məcbur etsələr də Aşiq qəlbindəki eşq alovunu söndürə bilmir. O, Yaxşısına qovuşmaq ümidi ilə, zülmətin içindən, sonunda işıq gördüyü yola çıxır. İnsanlar onu anlamaq istəmir, qarşısını kəsir, mənən əzir, döyürlər. Aşiq ölümlə üzləşir, lakin yolundan yenə də dönmür.

 

Tamaşadakı obrazları aktyorlar Vaqif Kərimov (Əməkdar artist), Ramil Məmmədov, Əhliman Ərşadlı, Mirzə Səfərov, Elçin Əmirov, Nazlı Quliyeva, Rəvan Hüseynzadə, Kənan Balakişiyev, Məleykə Cəfərova, Elvin Abbasov və Rəhimə Abdinova oynayıblar.

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2023)

“Ədəbiyyat və incəsənət” portalı “Yazıçı mövqeyi” rubrikasında yazıçı Yunus Oğuzun “Rusiya Ağdam-Xankəndi yolu ilə Qarabağ ermənilərinin təchizatına nə üçün qarşı çıxır?” sualına cavabını diqqətinizə çatdırır. 

 

Ötən həftə sonu Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan liderlərinin görüşündə müzakirə edilən məsələlərdən biri də Xankəndinə Ağdam vasitəilə humanitar yardımların çatdırılması olub. Paralel olaraq Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının təchizatının da məhz Ağdam-Xankəndi yolu ilə təmin edilməsi təklif olunur. Azərbaycan tərəfinin təqdim etdiyi və ən optimal variant hesab edilən bu yolla Qarabağın erməni sakinlərinə humanitar yardımların çatdırılmasına Ermənistan tərəfi qarşı çıxır. Hər halda Brüssel görüşündən sonra İrəvandan sözügedən məsələyə verilən reaksiyalar belə deməyə əsas verir. Maraqlısı isə odur ki, Ermənistanla paralel olaraq Rusiya da Azərbaycan tərəfinin təklif etdiyi Ağdam-Xankəndi yolu variantına qarşı çıxır. Həm Ermənstan, həm də Rusiyanın Azərbaycanın təklifinə qarşı çıxmasının səbəbi barədə danışan yazıçı-publisist Yunus Oğuz bildirib ki,  Moskva və İrəvanın Bakının təklifinə qarşı çıxması başadüşüləndir: "Çünki həmin yolla həm Qarabağın erməni sakinlərinin, həm də Rusiya sülhməramlılarının təminat və təchizatı həyata keçirilən zaman aydın olacaq ki, Xankəndində nə qədər erməni yaşayır. Sözdə 120 min desələr də, əslində reallıqda bu say qat-qat aşağıdır. Həmçinin, sülhməramlıların sayı 1960 nəfərdən çox olduğu üçün saylarının bilinməsini istəmirlər. Çünki Ağdamdan həm Qarabağ erməniləri, həm də sülhməramlılar üçün ərzaq və digər təminat vasitələri göndəriləndə real say ortaya çıxacaq. Ona görə də həm Ermənistan, həm də Rusiya Ağdam-Xankəndi yolu ilə təchizat-təminat prosesinin həyata keçirilməsini istəmir. Ona görə də ciddi şəkildə Bakının bu təklifinə etiraz edirlər".
Yunus Oğuz hesab edir ki, Azərbaycan dövləti maksimum dərəcədə buna çalışıb nail olmalıdır ki, təchizat Ağdamdan həyata keçirilsin.
Rəsmi Bakının dirənişi qarşılığında Rusiyanın Azərbaycana qarşı daha aqressiv mövqe nümayiş etdirmə mümkünlüyünə gəlincə, Yunus Oğuz deyib ki, Rusiya onsuz da Azərbaycana qarşı aqressiv mövqe ortaya qoyur: "Separatçıları silahlandırır. Onları Azərbaycana qarşı körükləyir. Azərbaycan Ordusunun mövqelərinin müntəzəm olaraq Qarabağdakı separatçılar tərəfindən atəşə tutulması da məhz Rusiyanın separatçıları körükləməsindən irəli gəlir".
Yunus Oğuz bildirib ki, son günlər separatçıların Xankəndində keçirdikləri aksiyalarda da Rusiyanın əli var: 
"Rusiya istəmir ki, Cənubi Qafqazdan çıxsın. Çünki sülhməramlılar Qarabağdan çıxan kimi , növbə Rusiyanın Ermənistandakı hərbi bazasının bu ölkədən çıxarılmasına gələcək. Bununla da Cənubi Qafqaz Rusiyanın asılılığından xilas olmuş olacaq. Rusiya isə öz növbəsində bu prosesin qarşısını almaq üçün öz planlarını həyata keçirir və bundan sonra da öz məkrli planlarını davam etdirəcək. Ancaq biz də öz növbəmizdə buna hazır olmalıyıq".

 

“Ədəbiyyat və incəsənət”

(19.07.20203)

Ötən gün xalq artisti, milyonların sevimlisi Telman Adıgözəlovun 70 yaşı tamam oldu. 

Deyilənə görə, hər ad günündə kövrələrmiş, gözləri dolarmış. Ömrünün qısa olacağını hiss edirmiş bəlkə də. Həyatı boyu 57 rəqəmindən qorxan bu möhtəşəm aktyor 57 yaşında həyatla vidalaşıb. Ürəyinə daman qorxu səbəbsiz deyilmiş. Ürəklərə sevinc verən adam ürəktutmasından dünyasını dəyişib. Ölümündən sonra biliblər ki, ürək damarlarında tromblaşma gedirmiş, amma həkimlər onu ürəyindən yox, osteoxondrozdan müalicə ediblər.

 

Aktyorun yaxın dostu, Xalq artisti Firəngiz Mütəllimova Lent.az -a onunla bağlı xatirələrini danışıb:

 “Telman bu fobiyasına görə, avtomobilinin 57 ilə bitən nömrə nişanını da dəyişmişdi. 57 yaşında ürək tutmasından dünyasını dəyişdi. Çox gözəl insan idi Telman. Çox gözəl geyinərdi. Deyirdi, aktyor baxımlı olmalıdır. Hərdən dostları deyəndə ki, dişlərini düzəltdir, deyirdi, “diş həkimindən qorxuram. Dişimə iynə vursalar, stoldan qalxmayacağam”. Baxmayaraq ki, öz qızı da diş həkimi idi, amma bu qorxusunu dəf edə bilmirdi”, - deyə Firəngiz xanım bildirib.

“O, hamının dərdinə yanan, fikrini çəkən adam idi. Hər kəs Telmanı gülüb-danışan, məclis adamı kimi görürdü, amma əslində çox fikir edən, hər şeyi ürəyinə salan insan idi. Çox ürəyiaçıq, şən, hazırcavab, mülayim insan idi. Kömək eləməyi sevirdi. Dostlarla məclisdə oturanda hamı elə bilərdi ki, içib. Halbuki ağzına bir damla da içki dəyməzdi, içən deyildi. Zarafatla deyirdi ki, məclisdəkilər içir, mən sərxoş oluram. Hələ də teatra girəndə elə bilirəm, qapılardan birindən çıxıb, “Firoş” deyə məni səsləyəcək”, - deyə aktrisa  qeyd edib.

 Firəngiz xanım Telman Adıgözəlovla ilk tanışlıqları barədə də məzəli xatirəsini bölüşüb: 

“Biz universitetdə oxuyanda hamı deyirdi ki, yaman çox sevgililəri var. Yaraşıqlı, populyar adam idi. Qadınların ürəyi gedirdi onun üçün. Hamı elə bilirdi ki, Telman şorgöz adamdır. Mənim də ağlıma batmışdı. Ona görə, onunla ilk dəfə tamaşada oynayanda rejissora tapşırmışdım ki, ona deyin mənə əl-qol atmasın. Toxunmasın. Sonralar rejissor bizi teatrda qol-qola, öpüşüb-görüşən görəndə zarafatla deyirdi, sizi çəkib hamıya göstərəcəyəm. Telman nəinki Akademik Milli Dram Teatrının, eləcə də ölkənin ən namuslu, düzgün kişilərindən biri idi. Haqqında gəzən şayiələrin hamısı yalandır. Onun nə sevgilisi var idi, nə də gözü orada-burada deyildi. Ona görə çox sevilirdi. Ona görə dəfnində elə böyük izdiham oldu. Bildiyimə görə, eşidib gələn adamlar, avtomobillər aktyorun yaşadığı həyətə və küçəyə sığmayıb, hətta polislər Fatmayı kəndinə qədər olan yolu bağlamağa məcbur olublar”. 

 

“Çox hazırcavab idi. İfa etdiyi monoloqlara özündən çox şey qatırdı. Belə istedad bir onda idi, bir də Yaşar Nuridə. Onların ifasında, xarakterlərində xüsusi kolorit var idi. Telmanın yeri həmişə görünəcək”, - deyə Xalq artisti bildirib.

Aktyorun oğlu Tural Adıgözəlov (mətn fotosunda) da atası ilə bağlı xatirələrini bölüşüb:

“Atamın çoxlu dostu var idi. Ciddi insan idi. Zarafatın, deyib-gülməyin yerini bilirdi. Onunla keçən hər anımız unudulmazdır. Dostları zəng edirlər, yada salırlar. Teatrdan tək-tük adam hərdən yada salır. Amma bu gün Mədəniyyət Nazirliyindən zəng gəlməyib”, - deyə o qeyd edib.

Tural Adıgözəlov bildirib ki, Telman Adıgözəlovun ocağında onun adını yaşadan 9 yaşlı nəvəsi var. Balaca Telmanın incəsənətə böyük marağı olsa da, babasının yolunu gedib-getməyəcəyini zaman göstərəcək.

 

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2023)

Növbəti Açıq Portfel xəbərini Azərbaycan Respublikası Dövlət Neft Fonduna istinadən veririk. Bu il iyunun 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri ilin əvvəlinə (49 033,6 milyon ABŞ dolları) nisbətən 12 faiz artaraq 54 915,1 milyon ABŞ dolları olub.

 

Cari ilin yanvar-iyun ayları ərzində Fondun büdcə gəlirləri 11 701,4 milyon manat, büdcə xərcləri isə 2 680,8 milyon manat təşkil edib.

Yanvar-iyun ayları ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 624,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 854,6 milyon manat, bonus ödənişləri 765,3 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat, akrhesabı ödənişlər 3,6 milyon manat olub. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir 3 077,1 milyon manat təşkil edir. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəlirləri 977, 6 milyon manat olub.

Hesabat dövründə ARDNF-in 2023-cü il büdcəsinin icrası çərçivəsində 2 661,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 5,2 milyon manat yönəldilib. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə 3,6 milyon manat yönəldilib.

Yanvar-iyun ayları ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 11,0 milyon manat təşkil edib.

Bu ilin ilk yarım ilində aktivlərin artımı ARDNF-in büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə edilib. İlin əvvəlindən iqtisadi canlanma müşahidə olunsa da, sərt monetar siyasətin davam etməsi iqtisadiyyatda yavaşlama riskini artırıb. Eyni zamanda, inflyasiyanın aparıcı mərkəzi bankların hədəf dərəcələrindən hələ də yuxarı olması gələcəkdə faiz dərəcələrinin artmasını istisna etmir. Aktivlərin həcminin artmasına həm də qızılın qiymətinin qalxması və investisiya portfelinin tərkibində yer alan əsas valyutaların məzənnələrinin ABŞ dollarına qarşı güclənməsi ilə büdcədənkənar gəlirlər töhfə verib.

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2023)

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş qərargahında “Cinayətkarlıqla və ekstremizmlə mübarizədə mədəniyyət və incəsənətin rolu” mövzusunda beynəlxalq elmi forum işə başlayıb. 

 

Təşkilatın baş qərargahından AzərTAC-a bildiriblər ki, yüksək səviyyədə qonaqların iştirak etdiyi bu forum Səudiyyə Ərəbistanı Krallığının Naif Ərəb Təhlükəsizlik Elmləri Universiteti (NAUSS) və Birləşmiş Millətlər Təşkilatının Körfəz Əməkdaşlıq Şurası Regionu üzrə Narkotiklər və Cinayətlər üzrə İdarəsi (UNODC) ilə birgə keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd cinayətkarlıqla mübarizəyə mədəniyyət xadimlərinin verə biləcəyi töhfəni müzakirə etmək, birgəyaşayışın dəstəklənməsi üçün mədəni və bədii məzmunun əhəmiyyətinə işıq salmaq və bu sahədə ən yaxşı ərəb, regional və beynəlxalq təcrübələri nəzərdən keçirməkdir.

Üç gün davam edəcək forumun açılış sessiyasında təşkilata üzv ölkələrin Daxili İşlər, Ədliyyə, Sosial Məsələlər, İnformasiya və Mədəniyyət nazirliklərinin yüksəkvəzifəli şəxsləri və ekspertləri, regional və beynəlxalq təşkilatların nümayəndələri, universitet professorları və elm xadimləri iştirak ediblər. 

Tədbir “Qurani-Kərim”dən ayələrin oxunması ilə açılıb. Sonra forumda çıxış edən ICESCO-nun Baş direktoru Salim Əl Malik mədəniyyət və incəsənətin insan həyatında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, cəmiyyətdə örnək olmayan cinayətkarlıq və ekstremizm ağır sosial şəraitin məhsuludur. Baş direktor mədəniyyət və incəsənət siyasətinin cinayətkarlıq və ekstremizm problemlərinin həlli vasitəsi kimi əhəmiyyətinə, ziyalıların sosial siyasətdə və sivilizasiya quruculuğunda roluna toxunub. O əlavə edib ki, universitetə qədər olan dövrdə bədii təlim materiallarının bolluğu, habelə mədəniyyət obyektlərinin sayının artması gənclərin ekstremizm meyillərindən uzaq durması baxımından əhəmiyyətlidir.

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2013)

İyulun 18-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə İsmayıllı rayonunda bir sıra mətbuat nümayəndələri üçün "Media və din" mövzusunda üçgünlük seminarın açılış mərasimi olub.

 

AzərTAC xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərovun, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun, Fondun Himayəçilik Şurasının üzvü, "SƏS" Media qrupunun rəhbəri Bəhruz Quliyevin məruzələri dinlənilib.

Sonra Fondun beşillik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. 

Qeyd edək ki, tədbir çərçivəsində iştirakçılar üçün seminarlar keçiriləcək, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, “Azərbaycan” jurnalının baş redaktorunun müavini, ədəbi tənqidçi, yazar Əsəd Cahangirin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, jurnalist Yadigar Məmmədlinin məruzələri dinləniləcək, mətbuat nümayəndələrinin iştirakı ilə müxtəlif mövzular ətrafında müzakirələr aparılacaq, İsmayıllı rayonunda yerləşən bir sıra tarixi məkanlara ekskursiyalar təşkil olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2023)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

 

25–ci dərc

 

 

Evləri bir-birinə bitişik tikilmiş Dağlı məhəlləsinin özünəməxsus cəhətlərindən biri də budur ki, istənilən yerə əsas küçə ilə yanaşı bir neçə başqa küçə ilə də getmək olur. Bu köməkçi küçələrin bəzilərindən bir maşın zorla keçir, bəzilərindən isə yalnız piyada keçmək olur. Hətta elə küçələr var ki, üzbəüz gələn iki adamdan biri qayıdıb o birisinə yol verməli olur.

Layiqə Bəxtiyarın verdiyi əllə çəkilmiş sxemə bir daha nəzər salıb dolanbac küçələrdən birinə döndü. Bu, onun şefi Bəxtiyarın yaşadığı məhəlləyə aparan ara yollardan biri idi. Şefi əsas küçədən istifadə etməməsi üçün yaşadığı məhəlləyə aparan dolanbac ara yolların sxemini çəkib ona vermiş, necə getməyi ona izah etmişdi. İndi, lazım olan yerə getmək üçün adətən istifadə olunan ən rahat yolla deyil, tamamilə əks tərəfdəki ara yollardan biri ilə addımlayan Layiqə burada yaşayan Qələndər adlı birisini tapmalı, Bəxtiyarın verdiyi məktubu ona verməli, sonra texniki ekspertizanın rəyindən sonra sahibinə qaytarılmış «Jiquli» markalı maşını sürüb şefinin dediyi yerə gətirməli idi. Həmin yer çox da uzaqda olmayan qonşu məhəllədəki nisbətən enli ara yollardan biri idi və qəsdən seçilmişdi. Bu ara küçədə yol polisinin Layiqəni saxlaması ehtimalı yox idi.

Əslində, maşın bir-iki saat o küçədə qalacaqdı. Bundan sonra isə Layiqə qayıdıb onu gətirdiyi kimi də sürüb sahibinə qaytaracaqdı. Ona verilmiş təlimat belə idi.

Bir azdan lazım olan ünvanı tapan Layiqə Qələndər deyilən adamın qapısını döydü. Tünd albalı rəngli köhnə «Jiquli» bu evin qarşısında dayanmışdı.

 

* * *

 Xəstəxanadan gəldikdən sonra dünəndən verdiyim bir tapşırıqla bağlı «Ayna Sultanova» heykəlinin yaxınlığında Layiqə ilə görüşüb axşam polkovnik Arif Dadaşzadə ilə görüşə gəlmişdim. Üzbəüz oturduğum polkovnik qayğılı görünürdü. O da ötən yeddi gündə əldə etdiyimiz məlumatların yaxşı heç nə vəd etmədiyini gözəl başa düşürdü. Artıq istefada olan polis zabitləri kimi, qeyri-rəsmi apardığımız bu araşdırmada nədən, nə dərəcədə sığortalandığımız ikimizə də məlum idi. Hər an hər şey baş verə bilərdi. İndiki vəziyyətdə yeganə üstünlüyümüz qarşı tərəfin nəyi bilib, nəyi bilməməyimiz barədə məlumatsız olması idi. Ancaq bu müvəqqəti bir üstünlük idi və yaxınlaşmaqda olan son fazada aktiv addımlara keçməyimizlə rəqib hər şeyi başa düşəcək, bu üstünlük aradan gedəcək və tərəzinin gözü bərabərləşəcəkdi. O zaman bizə qarşı «ağır artilleriyası»nı işə salacaq cinayətkarların endirəcəyi zərbələrdən yayınmağımız üçün ikiqat diqqətli olmağımız, ən kiçik səhv belə buraxmamağımız tələb olunurdu. Bərabər mübarizədə çox vaxt tərəflərdən birinin buraxdığı ən kiçik səhv qalib tərəfi müəyyən etməkdə həlledici olur.

Nəhayət bir-birini sözsüz başa düşən iki peşəkar polis zabitinin baxışları ilə apardığı bu səssiz dialoqu polkovnikin aramlı, təmkinli səsi pozdu.

-Ünvanını verdiyin villa başqa adamın adına olsa da, əslində «Qızılbaş»a məxsusdur.

Bəli, ötən hər gün bir yeni sürpriz gətirir. Adı çəkilən adam adının çəkilməsi arzu olunmayanların siyahısında ilk yerlərdən birini tuturdu.

-«Qızılbaş» «Harun»un adamı olsa da, birbaşa onunla əlaqəyə çıxmır. Şəhərdə «Harun»un əsas adamı olan birisinin olduğu ehtimal olunur. Olduqca məxfi olan o adamın kimliyini hələ ki, öyrənmək mümkün olmayıb, -polkovnik sözünə davam etdi.

-«Qızılbaş»ın gördüyü «işləri» görə biləcək neçə nəfər var şəhərdə?

-Bir neçə nəfər də var. Ancaq «çəki»də ona yaxın gələni yoxdur.

-O zaman, bizimlə oyunda bütün təlimatların ona verildiyini ehtimal etmək olar.

Polkovnik başını tərpətməklə bu fikrimlə razılaşdığını bildirdi. Hadisələrin «Qızılbaş»ın ünvanına aparıb çıxarması buna dəlalət edirdi və bu qənaətin doğruluğunu təsdiqləyirdi.

-Səttarın oğlu Teymur nəsə bir məlumat verə bildi?

-Verdi, mənə verdiyiniz siyahıdakı Rəmzi adlı birini yoxlamaq lazımdır.

Polkovnikin qaşları çatıldı. Ancaq susub heç nə demədi.

-Başqa biri də var. 1990-cı ilin mayayında Mərkəzi Ruhi-Əsəb Xəstəxanasına yatırılmış, altı ay sonra ambulator qeydiyyatda saxlanılmaqla evə buraxılmış xəstələrdən biri bizim üçün maraq doğurur. İndi o adamın təxminən əlli yeddi yaşı olmalıdır.

Dediklərimi yadında saxlayan Arif müəllim başını tərpətməklə kifayətlənir, susub daha nə deyəcəyimi gözləyirdi. Görünür, sözümü kəsmək istəmirdi. Bunu görüb davam etdim.

-Yeni əlaqə vasitəsini bilmək istəyirəm.

-Əlaqə İstiqlaliyyət küçəsində, «Sabir» bağı ilə üzbəüzdə yerləşən paltar mağazası vasitəsilə olacaq. Çöldən vitrinə baxarkən ən sağda qoyulmuş kişi manekeninin əynində göy zolaqlı ağ köynəyin olması əlaqə üçün işarə olacaq.

Onsuz da, gözlənilən təhlükənin dərəcəsi aydın olduğundan təhlükə barədə işarəyə ehtiyac duymadığı üçün polkovnikin yalnız əlaqə vasitəsilə kifayətlənməsi başa düşülən idi. Araşdırmanın ilk günündən yaranmış təhlükə günü-gündən artmışdı və indi bütün hallarda son dərəcə ehtiyatlı davranmamız şərt idi. Nəticələr heç də yaxşı olmayan sonluq vəd edirdi. Daha hər-hansı yeni bir təhlükə barədə məlumatlaşmaq əhəmiyyətini itirmişdi. Qaradan da tünd rəng yoxdur ki…

-«Karat»ın ölümünə görə mənim qonşumun oğlu həbs edilib. Uşağın günahsız olduğuna şübhəm yoxdur. Müstəntiqlə görüşüb bəzi şeyləri araşdırmağımı razılaşdırmışam. Bu gün səhər uşağın qarovulçu işlədiyi Ruhi-əsəb xəstəxanasında oldum. Maraqlı şeylər aşkar etdim. Bəzi şübhələrim var. Siz nəticələri verənədək fikir yürütmək istəmirəm. Hələlik bu qədər.  

-Dediklərin qısa müddətə sənə çatdırılacaq.

-Aydındır.

-Bəs köməkçin barədə nə fikirləşirsən? Məncə o qızı oyundan çıxarmağın tam vaxtıdır.

-Qubada yaxın dostumun istirahət mərkəzi var. Danışmışam, Layiqə səhər tezdən oraya yola düşür. Hər şey yoluna düşənədək orada qalacaq. 

Razılıq işarəsi olaraq başını tərpədən Arif müəllim, bir neçə tapşırıq verdikdən sonra ayağa qalxdı. Bu, söhbətin bitməsinə işarə idi.

Müəllimim sağollaşmaq üçün uzatdığı əlini sıxanda, birdən başını qaldırıb gözlərimin içinə baxdı.

-Silahsız bir addım da atma. Qarşı tərəf əfi ilandır. Əfi ilan, quyruğunu tapdalayanı mütləq qayıdıb sancır.

Heç vaxt belə sözlər işlətməyən soyuqqanlı Arif müəllimin indi dediklərindən bir qədər duruxsam da, susub heç nə demədim.

Bayaqdan sıxıb saxladığı əlimi buraxan polkovnik daha bir kəlmə də demədən otaqdan çıxdı. Mən hələ on beş dəqiqə gözləyib sonra çıxmalı idim…

 

* * *

«KİA Sorento» markalı maşın şəhərkənarı yolla sürətlə irəliləyirdi. Bir azdan telefonundakı naviqatorun yaddaşına verdiyi marşrutun son nöqtəsinə yaxınlaşdığını görən sürücü sürəti azaldıb yolun əks tərəfindəki dayanacaqla üzbəüzdə maşını saxladı. Maşından düşən qara kostyumlu uzun adam bir qədər ətrafa boylandıqdan sonra yumruğunu zərblə maşının damına vurub yağlı bir söyüş söydü. Sonra hirslə maşına oturub sürətlə az əvvəl gəldiyi tərəfə geriyə istiqamət aldı.

Mobil operatorun mərkəzi ofisində yerləşdirilmiş adam uzun fasilədən sonra nəhayət ki, izlədiyi nömrənin koordinatlarını yenidən müəyyən edə bilmiş və lazımi yerə ötürmüşdü. Həmin koordinatlar üzrə indi olduğu yerə gələn qara kostyumlu bu şəhərkənarı yolda avtobus dayanacağından başqa heç nəyin olmadığını görərkən qəzəbindən az qala dəliyə dönmüşdü, ürəyində «Qızılbaş»ı söyürdü.

Belə koordinatlar bir neçə dəfə də verilmişdi ona əvvəlki günlərdə. Ancaq heç biri heç bir halda təkrarlanmadığından onlara əhəmiyyət verməmişdi. İndi çox uzun fasilədən sonra nəhayət ki, bunun hansısa ipucu olacağını düşünən «Qızılbaş» onu daha vacib işlərindən ayırıb bu yeni əldə edilmiş koordinatı şəxsən yoxlamağı, həmin ərazidəki obyektlərlə, ünvanlarla  maraqlanmağı ondan tələb etmişdi.

Peşəkar kimi bunun nə isə verəcəyinə heç bir ümidi olmayan kostyumlu adam özü də son günlərdəki axtarışlarında heç bir nəticə əldə edə bilmədiyindən, detektiv Bəxtiyar Nəzərlinin qətlini ona sifariş vermiş «Qızılbaş»a etiraz edə bilməmiş və bu qədər məsafəni qət etməyə məcbur olmuşdu. 

Bunun Bəxtiyar tərəfindən təşkil olunmuş növbəti qurma olduğunu əvvəlcədən gözəl başa düşən kostyumlu, bir peşəkar kimi araşdırmanın ilk günündən ən cüzi nəticə belə əldə edə bilməməsini də, az əvvəl baş verənləri də özünə sığışdıra bilmir, bunları fikirləşdikcə onun qəzəbi daha da artırdı.  

İrəlidə işıqforun qırmızı işığının yandığını görən adam qəfildən əyləci basdı. Sürətlə gedən maşın təkərləri vıyıltı sala-sala sürüşüb işıqforun qarşısında dayandı. İki əli ilə sükanı tutub sıxan adam qəzəblə nazik dodaqlarını bir-birinə sıxıb pıçıldadı:

-Sənin bağırsaqlarını töküb sonra əlimə dolamasam, mənə də «Kölgə» deməsinlər.

Bu adam, xüsusi xidmət orqanlarından qovulandan sonra orada ona verilmiş, çox az adamın bildiyi ləqəbini ilk dəfə idi ki, dilinə gətirirdi.

 

* * *

 İşlərim həddən çox idi. Üstəlik, bir məsələ ilə bağlı yenidən Matvey Semyonoviçlə danışmaq zərurəti də yaranmışdı. Bunu üzbəüz və ya telefonla edə bilərdim, hələ ilk dəfə ünvanı mənə verilərkən şəhər nömrəsi də qeyd olunmuşdu məlumatda. Hər halda, bu söhbəti axşama saxlamağı qərara almışdım.

Paralel araşdırdığım hər iki məsələdə buzun qırıldığını hiss edirdim. İndi tam mənzərənin yaranması üçün ayrı-ayrı «qırıntı»ları toplayıb yerinə otuzdurmalı idim. «Qırıntı»lar isə o qədər çox idilər və elə səpələnmişdilər ki, onları bir yerə yığmaq xeyli zəhmət və vaxt tələb edirdi. Ancaq bunu etmiş olsam, həm ilk növbədə doğru yolda olduğumu özüm üçün tam təsdiq etmiş olacaqdım, həm də növbəti, bəlkə də son gedişlərimi müəyyən edəcəkdim.

Rəmzi adını çəkərkən polkovnikin baxışlarının dəyişdiyini sezmişdim. Çox danışmağı sevməyən polkovnikin bu ada reaksiyası şifrlə bağlı irəli sürdüyüm ehtimalın doğru olacağına inamımı artırırdı. Bu isə daha şifrə vaxt itirməyəcəyimə, indiki halda mənim üçün qızıldan qiymətli olan vaxtımın daha çox olacağına gətirib çıxaracaqdı. Təki, hər şey düşündüyüm kimi olsun. Hər halda, şifri araşdırıb maraq doğuran birisi kimi müəyyən etməyimə baxmayaraq, Rəmzi adı mənə heç nədən xəbər vermirdi və onun barəsində yalnız Arif müəllim nəsə deyə bilərdi.

Son tapşırığımla Layiqənin gətirdiyi maşına baxış keçirməyim Salamın günahsız olduğunu bir daha təsdiqləmişdi. Dediyim kimi, Qələndərin bu işi araşdırdığımı bilməsini istəmirdim. Ona görə də, maşının bir neçə saatlıq mənə lazım olduğu barədə məktub yazıb Layiqə ilə ona göndərmişdim. Maşınımı satdığımı bilən Qələndərin yox deməyəcəyinə əmin idim. Əslində isə, mənə lazım olan bir məqamı yoxlamalıydım ki, bunu da az əvvəl dediyim kimi yoxlayıb dəqiqləşdirmiş və Elbrusa bildirmişdim. Bir müstəntiq kimi Elbrus lazım olanları edəcəkdi. Onsuz da Salamın işi ilə bağlı xeyli iş görmüş Elbrusun günahsız olduğuna əmin olduğu gəncə kömək məqsədi ilə ən xırda sübut və dəlilləri belə toplayıb lazımi qaydada sənədləşdirdiyini, bu məqsədlə nə vaxtdır tələb edilməsinə baxmayaraq materialı prokurorluğa ötürməyə tələsmədiyini bilirdim. Layiqədən maşını götürərkən Qələndərdən başqa bir şeyi soruşmasını da istəmişdim.

Məndən fərqli olaraq, hər bir fakt üzrə zəruri sənədləşmələr aparmaq, buna saatlarla vaxt itirmək kimi çətinliyi olan Elbrusun təklif etdiyim köməyə yox deməməsi də anlaşılan idi. Elə indiyənədək vaxt tapıb Salamın iş yerinə gedə bilməməsi də onun nə qədər yükləndiyindən xəbər verirdi. On səkkiz il polis sıralarında işləmiş biri kimi bu hal mənə tanışdır. Özüm dəfələrlə bu vəziyyətə düşmüşəm, günlərlə başımı qaşımağa belə vaxtım olmayıb.

İndi polkovniklə növbəti kontaktıma qədər az əvvəl bəhs etdiyim «qırıntı»ları toplamaq ən özünü doğruldan addım olardı ki, mən də bunu etməyə başlayıram. Bəzən ən xırda görünən detal cinayəti açmaqda ən əsas rol oynayır. Elə Matvey Semyonoviçlə edəcəyim söhbət də, «qırıntı» adlandırdığım xırda detallardan birini aydınlaşdırmaq üçün olacaq.

Necə deyərlər, «butun daşların tam yerinə oturması» üçün xırda daşları toplamaq vacibdir.

Polkovnikdən gözlədiyim məlumatlar gələnə qədər bu işdə bir fikir yürütmək istəmirəm. Ona görə də, təhlillərə Salamın işi ilə davam edək. Zənnimcə, Layiqə çoxdan maşını Qələndərə qaytarmış olmalıdır. Əslində, maşın mənə qətiyyən lazım deyildi. Məni onun açarları maraqlandırırdı. Ancaq maşının açarlarını istəməyim Qələndərdə artıq suallar doğurar və orada-burada danışıb ağzından söz qaçıra bilərdi. Sürülməklə gətirilən maşının isə açarlarının üstündə olacağı məlum məsələydi. Ona görə belə bir addım atmışdım.

İndi gələk «Karat»a. Hələ ilk dəfə məhəllədə Qələndər polis bölməsinin qarşısında yığışmış ölənin adamları haqqında danışanda və adamların ona hücum etdiklərini bildirəndə deyilənlərdən şübhələnmişdim. Polis bölməsinə gəlmiş adamların hamısının təxminən eyni, yəni qırx-qırx beş yaşda olmaları və hamısının da Qələndərin təbirincə desək, «quldura»ə oxşamaları bu şübhələrə əsas verirdi. Adətən belə hallarda gələnlərin içərisində həm ağsaqqal-qarasaqqallar, həm də nisbətən gənclər və hətta bəzən qadınlar da olur və əgər içərilərində bir-iki dəli-dolusu olub qarşı tərəfə hücum edirsə, qalan qohumlar onları ayırır. Bu yüz faiz belədir, bizim halda isə hər şey, dediyim kimi, əksinə idi. Yəni belə təəssürat yaranırdı ki, ölənin bütün qohum və dostları inkubator cücələri kimi oxşar tipli və eyni yaşda olan kişilərdən ibarətdir. Bu isə məntiqə sığmırdı. Bax bu dediklərimə görə, elə ilk aldığım informasiyadan ölənin elə-belə birisi olmadığı qənaətinə gəlmişdim və sonradan bu qənaətim, ölənin adı bir çox əyri işlərdə hallanan brilyant alverçisi «Karat» olduğu bilinməklə təsdiqləndi.

Ayrıca, adamların hamısının birdən Qələndərə hücum etmələrinin başqa bir məntiqi yozumu da var ki, sadəcə bunu təsdiqləmək üçün hələ yoxlamaq lazımdır. Əslində, bu ehtimalın da təsdiqlənəcəyinə qətiyyən şübhəm yoxdur, çünki bu ehtimal özü məntiqdən doğub. Başqa sözlə, qısa zamanda xəbərləşib polis bölməsinin qarşısına toplaşmaları bu adamların mərhum «Karat»a çox yaxın olmalarına və elə bu kontekstdən də yanaşsaq, onun son zamanlar kiminləsə çox ciddi konfliktinin olması barədə məlumatlı olmalarına bir işarədir. Məhz bu səbəbdən, ehtimal olunan bu konfliktin fonunda onlar «Karat»ın ölümünün təsadüfi olmadığını, bunun sifarişli qətl, Salamın isə bu qətli həyata keçirən biri olduğunu düşünüb ağına-bozuna baxmadan Qələndərə, başqa sözlə «qatil»in atasına hücum ediblər. Cinayətkarların psixologiyasına bələd olan, çox vaxt onların düşüncə tərzinin elə öz yaratdıqları yazılmamış qanunlarından irəli getmədiyini bilən biri kimi bu dediklərimə əminəm. Hətta aralarındakı kifayət qədər ağıl sahibləri olanlar da, adətən bu yaratdıqları «qayda»ların asılılığından kənara çıxa bilmirlər.

İndi gələk Salama. Kasıb bir ailənin uşağı olan Salam ailəsinə yük olmamaqçün zorla tapdığı, təhsil ala-ala işləməsinə imkan verən işini itirməyin qorxusundan heç bir halda postunu boş qoyub harasa getməzdi. Getmiş olsa belə, kimisə maşınla vurarsa, qoyub qaçmazdı. Əgər qorxudan, şok vəziyyətində qoyub qaçmış olsaydı belə, sonradan bunu boynundan atmazdı. Bunlar aksiomdur. Üstəlik, təcrübəsiz bir gənc cinayət törətmişsə, Elbrus Cavadov kimi neçə-neçə ağır cinayəti açmış bir müstəntiqin dindirməsində mütləq səhv buraxmalı idi. Elbrus isə, ifadəsini aldıqdan sonra onun günahsız olduğuna əminliyini bildirir.

Bütün bu dediklərimdən sonra az əvvəlki təhlillərim də təsdiqlənərsə, bu halda ortaya olduqca məntiqi bir sual çıxır. Ömründə «Karat»ın mövcudluğu barədə məlumatı olmayan, adi sirkon qaşı brilyantdan ayıra bilməyən bir gəncin böyük ehtimalla fəaliyyəti ilə bağlı öldürülmüş brilyant alverçisini qətlə yetirmək üçün hansı mötivi ola bilərdi?  Əlbəttə ki, heç bir.

Deməli, «Karat»ın ölümü kimlərəsə lazım imiş və bu «kimlər» də buna əvvəlcədən hazırlaşırmışlar. Qətli isə elə qurublar ki, bütün şübhələr sonda bir günahsız gəncə - Salama yönəlmiş olsun. Salamın iş yerindəki kameranın son bir ayda «möcüzəli» şəkildə tez-tez sıradan çıxması da zənnimcə, bu qətlə hazırlığın bir hissəsidir.

Ancaq hər-hansı bir cinayəti hazırlayarkən heç də hər şeyi tam nəzərə almaq mümkün deyil. Xəstəxananın təsərrüfat müdiri Mahmud müəllimin işə vaxtından bir saat tez gəlməsi vərdişini cinayətkarlar heç cür təxmin edə bilməzdilər. Bu vərdiş isə mənim işimə yaradı və indi Elbrusun təcridxanada Salamla görüşündən sonra və verdiyi sorğuların cavabları ilə böyük ehtimalla bu cinayətdə əli olanlardan birini müəyyən etmək mümkün olacaq. Bu isə, yumağı yığıb o biri başında kimlərin dayanmasını bilmək üçün çox vaxt kifayət edir.

Mahmud müəllimlə bağlı dediyim, cinayətkarların nəzərə ala bilmədiyi bir məqamdır. Mümkün bütün şeyləri isə onlar nəzərə almışdılar. Saata baxdım, 22:15 idi. Elektrik malları satan mağazalar çoxdan bağlanmışdı. Bu səbəbdən, mənə lazım olan bir şeyi yoxlamaq indi mümkün deyildi. Qalsın sabaha.

Müəllimimdən ayrılandan sonra piyada gəzməyə qərar vermişdim. Təmiz havada gəzə-gəzə fikirləşməyi xoşlayıram. Gülanənin evinə elə də çox məsafə qalmamışdı. Avtomat telefondan Matvey Semyonoviçi yığıb sonra evə qalxacaqdım. Görək xanım axşama hansı qəlyanaltını hazırlayıb…

 

 “Ədəbiyyat və incəsənət”

(19.07.2023)

 

 

 

 

 

 

 

 

 

Çərşənbə, 19 İyul 2023 14:00

“Bəsirət yolçusu” - Yusif Nəğməkar

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında sizlərə Yusif Nəğməkarın yeni yazdığı “Bəsirət yolçusu” şeirini təqdim edirik. 

 

 

BƏSİRƏT YOLÇUSU

 

Yönüm məşriqdən məqribə,

Uzun həsrət yolçusuyam,

Saattək dönüb əqrəbə,

Vaxt nəfsi qət yolçusuyam.

 

Doğuldum dilək danda mən,

İndi mənəm hər yanda mən...

Mövlayam sözə, anda mən,

Car -- cəsarət yolçusuyam.

 

Yazam, yayam, payız, qışam,

Batin, zahir -- içəm, dışam,

Qançəkərə uçar quşam;

Eşq-əsarət yolçusuysm.

 

Səmaviyəm Göy tacımla,

Dilimdə dua açımla,

Xeyrül-əməl illacımla

Qurban kəsrət yolçusuyam.

 

Həm gerçəyəm, həm yuxuyam,

Həm comərdəm, həm qorxuyam,

Xalı xalıtək toxuyan

İmsak-nüsrət yolçusuyam.

 

Rizam cinahdan gələndi,

Əzam min ahdan gələndi...

Yazım Allahdan gələndi,

İzzət, həzrət yolçusuyam.

 

Nə arizəm, nə qüsuram,

Nə ariyəm, nə qüsulam,

Nə fər fəndəm, nə üsulam,

Nə basarat yolçusuyam.

 

Dərdim dərinlə yarıdı;

Ölüm-dirimlə yarıdı...

Üzüm özümə sarıdı --

Mən bəsirət yolçusuyam.

 

 “Ədəbiyyat və incəsənət”

(19.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.