Görkəmli kinorejissor, Xalq artisti Xamis Muradovun 80 illik yubileyi oldu

Sentyabrın 15-də görkəmli kinorejissor, Xalq artisti, Prezident təqaüdçüsü Xamis Muradovun 80 yaşı tamam oldu. Bu münasibətlə ömrünün 40 ildən çoxunu milli kinematoqrafiyanın inkişafına həsr edən sənətkarı Mədəniyyət Nazirliyinin kollektivi və ölkəmizin kino ictimaiyyəti səmimi-qəlbdən təbrik etdi, möhkəm cansağlığı, yaradıcılıq eşqi ilə zəngin fərəhli illər arzuladı.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Xamis Bəkir oğlu Muradov 1943-cü ilin 15 sentyabrında Qax rayonunun Qaxmuğal kəndində anadan olub. Bakı şəhərində 72 nömrəli orta məktəbi bitirib. 1962-1966-cı illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki ADMİU) Rejissorluq fakültəsində təhsil alıb. 1966-cı ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında əmə fəaliyyətinə başlayıb. Görkəmli kinorejissorlar Şamil Mahmudbəyovun quruluş verdiyi “Torpaq. Dəniz. Od. Səma” (1967) və Muxtar Dadaşovun çəkdiyi “Qanun naminə” (1968) filmlərində rejissor assistenti kimi çalışıb. O, Ş.Mahmudbəyovun 1969-cu ildə lentə aldığı “Şərikli çörək” filmində də ikinci rejissor olub.

Xamis Muradov kino sənətinin sirlərinə daha dərindən bələd olmaq üçün 1969-1971-ci illərdə Moskvada “Ali rejissorlar və ssenaristlər kursu”nda təhsilini davam etdirib. Bakıya qayıtdıqdan sonra “Nəsimi” (1971) qısametrajlı tarixi-bioqrafik sənədli filmi ilə rejissor debütünü edib. Bu ekran əsərindən sonra sənədli kino istiqamətinə yönələn rejissor “Azərbaycanfilm”də tanınmış ədəbiyyat və mədəniyyət xadimlərimiz və s. haqqında 50-dən artıq maraqlı film lentə alıb. Rejissorun “Aşıq Ələsgər”, “Daşkəsən”, “Həmid Sultanov”, “Bahar günəşi”, “Qarabağ bülbülləri”, “Şənlik bizə yaraşır”, “Dünyaya insan gəlir”, “Üzeyir Hacıbəyov”, “Bakının işıqları”, “Natəvan”, “Abşeron rəngləri” və digər koloritli üslub və priyomlarla lentə aldığı filmlər görkəmli şəxsiyyətlərimizin tanıdılmasında yeni nəsillərin tərbiyəsində, vətəndaşlıq məsuliyyətinin artmasında mühüm rol oynayıb. Müəllifin “Əks-səda” və “Balaban” filmləri Dövlət mükafatına, “9 dəqiqə” filmi isə “Humay” və “Qızıl çıraq” mükafatlarına layiq görülüb.
Xamis Muradov eyni zamanda 20-yə yaxın sənədli filmin ssenari müəllifi, 10-dək bədii ekran işinin  (“Ovsunçu”, “Yalan”, “Biz qayıdacağıq!”, “Günaydın, mələyim!”, “Əlavə təsir”, “Tərsinə çevrilən dünya” və s.) prodüser kimi çalışıb.

Rejissor 1988-2001-ci illərdə “Salnamə” sənədli filmlər studiyasına rəhbərlik edib. 2002-2011-ci illərdə isə “Azərbaycanfilm” kinostudiyasının direktoru olub. 

Xamis Muradov Azərbaycan kinosunun inkişafında xidmətlərinə görə 2000-ci ildə “Əməkdar incəsənət xadimi”, 2005-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.