“Çiyinlərdə gəzən tabutlar çiyinlərə yox, ruhlara yük olacaq…” Featured

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Fransız bilməz bir gecədə 50 rəqəmi niyə yaddaşlara həkk oldu..

Rusun nə xəbəri axı, xalqın dilinə niyə 2784 rəqəmi dolanıb..

44-ün altında yatan yaralı ürəklər hələ buzlaşmayıb axı..

Ocaq var ki, şəhidinin 1 ili hələ təzə ikən bir şəhid də od saldı evlərə..

Yaşlılar televizora baxıb sevinir ki, torpaqlarımız alınır, bizim cavan vaxtı çıxdığımız diyarlarda yenə bizim toxumlar sərpilir..

O toxumlar qanla sulandı axı..

Biz yaddaşlarda rəqəmləri həkk etdik,  amma heç bir statistika ,heç bir rəqəm bir ananın göz yaşlarını sayacaq qədər yetərli olmadı, olmayacaq.

Bizlər deyirik Vətən sağ olsun, şəhid anası deyir, kaş oğlum sağ olardı, şəhid balası isə deyir, kaş atamı bir də görə biləydim..

Yadların sevgisi torpağa, neftə, qaza, münbit iqlimə idi, canını torpağa tapşıranların sevgisi Rəsulzadə əmanəti bayrağa sarılmaq idi.

Yenə də, başın sağ olsun Vətən!

Kəramət Böyükçölün bir deyimi var idi. Deyir ki, müharibə başlayanda ilk önə atılanlar şəhid və qəhrəman olacaq, geridə qalanlar vətən sağ olsun deyib ölənin ruhuna sükuta qərq olacaq. Şəhid ailəsi, yəni: beli bükülən şəhid atası, ürəyinə dağ çəkilən şəhid anası, bəlkə 20 günlük, bəlkə 20 illik ömür gün yoldaşı, anasına sığınan şəhid övladı, gözü yaşlı şəhid şəklinə sarılan minlərlə yaralı ürək, minlərlə od düşən ocaq. Çiyinlərdə gəzən tabutlar çiyinlərə yox ruhlara yük olacaq.

Kaş mən də şəhid olardım deyən minlərlə qazilər…

Nə bilim, müharibənin say-say bitməyən yaraları, ağrı-acıları var. Sözlər yaraları dindirmir, axan qanlar durmur. Vətən sağ olsun!! 

Vətən yaralı.

Vətən qanlar içində…

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.