“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Poeziya vaxtıdır, Sevinc Yunuslunun şeirləri ilə tanışlıqdır.
Gecə düşər, günəş axtararam
gözlərin deyib.
Gəzərəm veyil-veyil,
yolum sənə çıxar..
Adını silərəm,
yenidən başlayaram həyata
sonum sənə çıxar...
Saçlarına toxunsam,
ekvatora qədər getdiyim olar.
Eh, yuxular... Yuxular!..
Gözlərimdə nə qədər
adam ölər, yıxılar
Əllərimdə qalan ətrin
göy üzünə qanadlanar...
Ən möhtəşəm səhərlər
Bütün kəndlər, şəhərlər,
Yer-göy ismin adlanar.
Bütün cismim odlanar,
Bulud-bulud yaş gedər...
Savaş gedər,
Həsrətin diz çökdürər,
dünyanı, başıma yıxar...
Çingiz xan qılıncdan keçirər
Mavəraənnəhri, Buxaranı,
kəllələri qarşıma yığar,
Sevdan dindən çıxarar,
quruyaram...
Romada
Sən müsəlman məscidisən,
Mən dinimi qoruyaram.
Minbərdə dua edərəm:
SƏNdən başqa Tanrı yox!
İnan ki, vallah-billah!
La ilahə illallah!
***
Bu qaranlıq gecənin o üzündə işıq var,
Görən, nə vaxt gətirər bu yollar səni mənə?..
Eh, elə darıxıram, bir Allah şahidimdi –
Əvəz etməz versələr, bütün dünyanı mənə;
Yer yerində qalandı,
Göy göyündə qalandı...
Mən hələ gözləyirəm həmin ağrı-acıda,
Söz vermişdin gələcəm qış sovuşsa, yaz olsa.
Bəlkə, qurbanlar kəsim yeddi yol ayrıcında,
Əllərim əllərinə bircə kərə qovuşsa,
Məni məndən alandı,
Səni səndən alandı...
Parlayan gözlərinin xırda səmalarında
Ulduzlar da yerindən aramla sürüşərdi.
Bu vəfasız ömrümün könül burulğanından
Ən uzağı ovcuma iki damla düşəndi:
Biri sənin olandı,
Biri mənim olandı...
***
Belə daha rahatdı, belə daha bəsitdi –
Ağrıların içindən üzüb də çıxmaq olur.
Bir ağ rəngli kağızdı, bir ağ tüstü, bir qələm,
Dərdi dərin badəyə süzüb də çıxmaq olur...
Başım üstə çağlayır bir qaraca bulud, gəl...
Səbir kasam çatlayır, yaxşı, olsun, unut gəl..
Qurban olum, gözünü birdəfəlik qurut gəl
Başqa nəyə deyirsən, dözüb də çıxmaq olur...
Nə tez əsdi aradan həftə yeli, an yeli,
Saçlarının ətridi göz yaşımın qan yeli.
Ölüm təkcə əcəllə olmayır ki, dan yerim,
Bu dünyadan əcəlsiz bezib də çıxmaq olur.
***
Keç bulud yaddaşından,
su səp tikanlı zəmilərə,
yalın ayaqlara batmasın.
Bu payız
ağaclar yarpaqlarını,
ilanlar dərilərini,
güllər ləçəklərini atmasın...
Çərpələnglər uçmasın,
pəncərə kənarları buz tutmasın.
Sevgi ilə açılsın evlərin
taxta qapıları...
Qış gəlməsin bircə il,
uşaqlar yıxılmasın,
pambıq olsun qartopuları.
Sevgi isitsin evləri,
sobalara atmayaq
odunları...
Günahında yanmasın
dünyanın gözəl qadınları.
Hey, fikirlər,
başımdan dağılışın...
Bax, Qadınlar Günü gəlir,
Hədiyyəm sənsən, üşüyən...
Təbrik et doğuluşumu...
Sənə gələn təyyarə var,
açıb bütün ağuşunu.
Sındırıb qanadlarını –
iki bilet hazırlamışam.
Zərfin üstündədi ünvan,
həminki...
Qar içində qızılgülüm,
imza: Sevinc Yunuslu.
Beş fevral, ikimin iyirmi iki...
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)