Super User
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
Onu hamımız baməzə bir şair kimi tanıyırıq. Amma bilənlər bilir ki, cavan yaşda oğlunu itirib onun adını özünə təxəllüs götürən Hüseyn Arif dərdli birisi olub. Bu dərd onin şeirlərinə də hopub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün Dövlət mükafatı laureatı, Xalq şairi, Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Arifin vəfatından 31 il ötür.
XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirib. Onun poeziya aləmi mövzu baxımından genişdir və əsərləri məna qüdrətini bu gün də qoruyub saxlayır. Şairin təbii və canlı dili ilə seçilən əsərlərində həyatın öz nəfəsi duyulur. Təsadüfi deyil ki, Hüseyn Arifin şeirləri çox zaman mahnı mətninə çevrilib. O, Vətən, ana torpaq, övlad məhəbbəti kimi bəşəri dəyərləri heç kimə bənzəməyən tərzdə ifa edib.
Hüseyn Hüseynzadə 1924-cü il iyunun 15-də Qazaxın Yenigün kəndində (kənd hazırda Ağstafa rayonunun tərkibindədir) doğulub.
Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlayan şairin librettosu əsasında hazırlanan “Azad” tamaşası 1957-ci ildə Opera və Balet Teatrında, “Yolda” poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulub. 1971-ci ildə “Dağ̆ kəndi” poemasına görə “Qızıl oraq” mükafatına layiq görülüb. Əsərləri keçmiş̧ SSRİ və bir sıra xarici ölkə xalqlarının dilinə çevrilib. Şairlərinə musiqilər bəstələnib. 1976-cı ildə Sarayevo Beynəlxalq Poeziya Günlərinin, 1979-cu ildə Liviyada “SSRİ Günləri”nin iştirakçısı olub. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri, “Azərnəşr”in Bədii Ədəbiyyat redaksiyasında böyük redaktor, “Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri və Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifələrində çalışıb.
Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsinə əsaslanan, epos təfəkkürünü, etnoqrafik yaddaşı geniş əks etdirən zəminində dəyərli əsərlər yazıb. O, təbiət mövzusunda yazdığı əsərləri ilə oxucunu ana təbiəti duymağa, qorumağa, doğma torpağın qədrini bilməyə çağırır. Həmişə xalqın içində olan şairin əsas qayəsi, Vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olub.
Hüseyn Arif o məşhur insanlardandır ki, adı ilə bağlı çoxlu lətifələr, baməzə əhvalatlar dolaşır, hətta belə lətifə və əhvalatların toplandığı kitab nəşr olunub, lakin bütün baməzə düzməcələr və olmuş əhvalatlar onun şair ciddiliyini nəinki zədələmiş, əksinə, onu xalqa daha da yaxınlaşdırır, olduğu səmimiyyətlə ona xalq sevgisi qazandırır.
1992-ci il sentyabrın 14-də Bakıda vəfat edən Xalq şairi, doğulduğu kənddə nakam oğlunun yanında dəfn olunub.
Şairin vaxtı ilə Bakıda yaşadığı evin divarına xatirə lövhəsi vurulub. Xırdalan şəhərindəki, Ağstafadakı küçələrdən biri, habelə Ağstafa şəhərindəki Uşaq Musiqi Məktəbi Hüseyn Arifin adını daşıyır. 2010-cu ildə “Mən Hüseyn Arifəm...” adlı film çəkilib. Adına çoxlu şeirlər, şeirlərinə nəzirələr yazılıb, yaradıcılığı ədəbi-elmi yazıların, tədqiqat əsərlərinin mövzusu olub.
Onun yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz önəmini qoruyub saxlayır, xalqımız, dilimiz yaşadıqca Hüseyn Arif poeziyası da yaşayacaq, seviləcək, öyrəniləcəkdir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(14.09.2023)
IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının proqramı açıqlanıb
IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı son illərin rezonans doğuran, nüfuzlu film festivallarında nümayiş edilən, mükafatlı sənədli filmlərini Azərbaycan auditoriyasına təqdim edir.
AzərTAC xəbər verir ki, qadınların haqq və azadlıqları uğrunda mübarizə hekayələrindən, müxtəlif həyat təcrübələrindən bəhs edən sənədli filmləri “Festivallardan seçmələr” ("Best of Fests") adlı xüsusi proqramda nümayiş etdirəcək festival bu il də sentyabrın 15-dən 22-dək Bakı, Şəki və Lənkəran şəhərlərində eyni anda keçiriləcək.
Amsterdam Beynəlxalq Sənədli Filmlər Festivalında (IDFA) əsas mükafata layiq görüldükdən sonra böyük beynəlxalq maraq əldə etmiş “Apoloniya, Apoloniya” ( Leo Qlob) filmi Danimarkanın növbəti Oskar film mükafatları üçün qısa siyahısında yer alır. Sundance Film Festivalında yarışmış Sirenalar (Rita Bağdadi), Xarkov beynəlxalq Film Festivalının qalibi “Mənim adım Mutludur” (Ayşe Toprak & Nik Rid), Hot docs Beynəlxalq Sənədli Film Festivalının qalibi İran Xanımın əri (Mərcan Xosravi), nüfuzlu Venesiya film festivalının müsabiqədənkənar proqramında nümayiş edilmiş “Aradüzəldən” (Benedetta Argentieri), Berlin Beynəlxalq Film Festivalının qalibi “Tehranda yeddi qış”(Steffi Niderzol) kimi filmləri festival çərçivəsində ölkə sənədli filmsevərləri ilə qovuşacaq.
Həmçinin seçki komissiyası tərəfindən dünyanın bir çox ölkəsi və yerli rejissorlar tərəfindən göndərilmiş çoxsaylı sənədli filmlər içərisindən xüsusi etina ilə seçilmiş və “Beynəlxalq qısametraj sənədli film”, “Yerli qısametraj sənədli film” və “Tammetraj sənədli film” kateqoriyaları üzrə nümayiş ediləcək filmlər zəngin müsabiqə proqramında yer alır.
Həmçinin bu il festival çərçivəsində dünya kino tarixinin əfsanələrindən olan və sənədli film tarixində silinməz izə sahib dünyaşöhrətli rejissor Anyes Vardanın retroperspektivi baş tutacaq ki, izləyicilər rejissorun yaradıcılığında xüsusi yer tutan dörd sənədli filmi geniş ekranlarda izləmək fürsəti əldə edəcəklər.
Festivalın bu il də dünyanın bir çox ölkəsindən dəvət etdiyi çoxsaylı nüfuzlu xarici mütəxəssislər festival günlərində müxtəlif ustad dərsləri və panel müzakirələr fonunda yerli rejissorlar, kinosevərlərlə görüşəcəklər. Dünyaşöhrətli Azərbaycanlı Fotoqraf Rəna Əfəndi ilə yerli auditoriyanın görüşü və dünya kino tarixinin əfsanələrindən kinorejissor Anyes Qodarın master-klası bu baxımdan xüsusi yerə sahibdir.
“Ədəbiyyat və incəsənət”
(14.09.2023)
Aman ayrılıq!
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Altmış yeddi il bundan əvvəl də dünya sarsaqların əlində girinc qalmışdı. SSRİ-nin baş katibi Nikita Xruşov BMT-nin iclas zalında ayaqqabısını masaya döyəcləyərək dünyaya meydan oxuyurdu. İranda isə feodalizm tüğyan edirdi. Daha doğrusu, şah Məhəmməd Rza Pəhləvinin dövranı idi.
Ölkənin Təbriz şəhərinin Çərandab məhəlləsində Qulu adlı bir kişi ömür-gün yoldaşı Xədicəsultan xanımla birlikdə zəmanənin çətinliklərinə sinə gərərək övladlarını böyüdürdü. Bu gün sizə həmin övladlardan biri- Yaqubdan söhbət açmaq istəyirəm...
Necə deyərlər, Yaqub çox fərasətli uşaq idi. Təhsilə maraq göstərər, zirəklikdə tay-tuşlarından geri qalmazdı. Gözəl avazı, məlahətli səsi onu məhəllənin sevimlisi etmişdi. Yeddi yaşı olanda Qulu kişi onu Fərvərdin Mədrəsəsinə aparıb adını şagirdlər siyahısına yazdırdı. Tezliklə təhsil almağa başlayan Yaqubun sevincinin həddi-hüdudu bilinmirdi. Qarşıda onu gözləyən uğurlardan hələ xəbərsizdi...
İllər ötdü, bir gün onu Təbriz televiziyasının uşaqlar üçün proqramına dəvət etdilər. Oxuduğu "Cücələrim" mahnısı ilə Azərbaycan, eləcə də İranda dillər əzbəri olanda özünü kəşf etməyə başladı. Çox keçmədən xalq və bəstəkar mahnılarıyla tanış olan və məharətlə ifa edən Yaqub on beş yaşında Təbrizin Milli Televiziyasında "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə" və "Dilbər" mahnılarını oxudu. Sonra Tehran operasının xorunda öz musiqi fəaliyyətini davam etdirdi...
1979-cu ildə İranda baş verən xalq inqilabından bir il sonra Almaniyaya köçən Yaqub Zurufçu öz musiqi təhsilinə Hamburq şəhərindəki universitetlərdən birində başlayıb. Oranı vokal sənəti üzrə bakalavr kimi bitirərək, daha sonra ABŞ-ın Florida ştatının Mayami Universitetində magistr dərəcəsinə yiyələnib...
1989-cu ildə mərhum xalq artisti Gülağa Məmmədov Almaniyda səfərdə olarkən Yaqub Zurufçunun “Ayrılıq” mahnısını əks etdirən, həvəskar kamera ilə çəkilən klipini görüb heyrətlənir və həmin klipin videosurətini Azərbaycana gətirərək televiziyada yayınlanmasına nail olur. Çox keçmir ki, Gülağa Məmmədovun dəvəti, “Vətən Cəmiyyəti”nin dəstəyi ilə Yaqub Zurufçu ilk dəfə Azərbaycana gəlir...
O, ABŞ vətəndaşı olmaqla bərabər, 2009-cu ildən həm də Azərbaycan Respublikasının vətəndaşı idi. "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülmüşdü...
Deyirdi ki,- “Bir müğənni gün ərzində neçə televiziya kanalında qonaq olar? Bəlkə də bir gündə bir neçə kanalda görünmək kimlərəsə xoş gəlir, amma o müğənni düşünməlidir ki, bu insanlara mənfi təsir də edə bilər. Mənim aləmimdə əsl sənətkar efirə az-az çıxmalı və gözəl mahnılarla dinləyicilərinin zövqünü oxşamalıdır”...
Sentyabrın 14-ü mərhum sənətkarın vəfatının ikinci ildönümüdür. Ruhuna rəhmət diləyirəm...
“Ədəbiyyat və incəsənət”
(14.09.2023)
Öyrənmə və yazma pozuntusu - Disleksiya və disqrafiya
Lalə Həsəncan, “Ədəbiyyat və incəsənət”
Sabah növbəti tədris ili başlayır. Bir müəllim olaraq çox vacib bir mövzuya toxunmaq istəyirəm. Öyrənmə və yazma pozuntusu -
Disleksiya və disqrafiya. Nədir bunlar?
Disleksiya usaqlarda bir öyrənmə çətinliyidir. Zəka geriliyi olan uşaqlarda disleksiya əlamətləri olur. Bundan başqa diqqət əskikliyi və hiperaktivlik olan uşaqlarda da disleksiya əlamətlərini görmək mümkündür. Öyrənmə çətinliyi olan uşaqlar digər uşaqlara nisbətən təhsil proqramı üzrə öyrənə bilməli olduqlarını problem şəklində öyrənirlər.
Öyrənmə çətinliyi - oxuma, eşitmə, yazma, danışma, riyazi əməllər və analiz etmə çətinliyidir.
Yaşla bağlı bu problemlər daha da artır. Bununla da uşağın nəinki təhsilində, eyni zamanda psixoloji inkişafında da mənfi təsirlər yaranır. Uğursuzluq, çarəsizlik, yetərsizlik və yaşıdlarından geri qalma hissi onların şəxsiyyətində böyük yaralara yol aça bilər. Müəllimlər də şagirdləri müşahidə etdikdə dərsdə fəal iştirak edən şagirdi seçə bilirlər.
Disqrafiya isə diskusiyadan fərqli olaraq yazı bacarıqlarına əks təsir göstərir.
Yazı tapşırıqlarını yerinə yetirdikdə yazdıqları çətinliklə başa düşülür.
Sözlərin hərəsi bir tərəfə qaçır, hərflər müxtəlif ölçülərdə olur və yazılar oxunmaz dərəcədə kiçilir. Belə şagirdlər bəzən sözləri düzgün tələffuz etsə də, imla yazıları çox pis olur. Bütün bunların hamısı onların qiymətlərinə və özünəinam hissinə təsir göstərir. Disqrafiya - bitmiş sözlər, cümlələr, nizamsızlıq, əyilmiş sətirlər və əziyyətli yazı prosesidir.
Psixoloqlar bunu “fikrin yazıda ifadə zəifliyi” adlandırırlar. Şagirddə düşünmə və motorikaya təsir göstərir, şagirdin düşüncələrini sözlərlə ifadə edib kağıza köçürməsində çətinlik yaradır.
Disqrafiya disleksiya problemi olan şagirdlərdə qarşılaşdığı problemlərlə əlaqədar bildikləri mövzuya dair fikirlərini cəmləməkdə çətinlik çəkir, xırda motorika zəif inkişaf etdiyinə görə yazma çətinliyində də problemlər yaranır.
Məktəbəqədər dövrdə disqrafiya və disleksiya əlamətləri özünü büruzə verir. Məsəslən, karandaş tutmaq, nöqtələr qoymaq, hərfləri tanımaq, hecaları birləşdirmək və s...
İbtidai məktəb dövründə problemin açıq-aşkar nəzərə çarpdığı dövrdür.
Əlbəttə ki, bu hallar həm valideyn, həm də müəllimlərdə narahatlığa səbəb olur. Hər bir valideyn övladının bacarıqlı olmasını istəyir. Şagirdin dərslərində keçirdiyi uğursuzluqlar təhsilin yarım, yetərsiz olmasına səbəb olur.
“Ədəbiyyat və incəsənət”
(14.09.2023)
Yekaterinburqdakı Azərbaycan Diasporunun siyasi proseslərə təsir gücü çox böyükdür
BUNU DUMAYA SEÇKİLƏR BİR DAHA SÜBUT ETDİ
Yekaterinburq Yeni Dumasının spikeri Ural Federal Universitetinin sosiologiya və politologiya departamentinin 33 yaşlı direktoru Anna Qurariy olacaq. Bu barədə Rusiya mediası məlumat yayıb.
"Ədəbiyyat və incəsənət" portalı xəbər verir ki, bu postda Anna Qurariydən əvvəl bu ilin avqustunda “Talış-Muğan Muxtar Respublikası” adlı qondarma qurumun ildönümü münasibətilə erməni dairələrinin təşkil etdiyi təxribat xarakterli tədbirdə iştirakı ilə dövlətlərarası qalmaqalla yadda qalan İqor Volodin qərar tutmuşdu.
Bundan əvvəl “Ural Meridian” xəbər agentliyi yazmışdı ki, bu münasibətlə Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərmiş və qubernator Yevgeni Kuyvaşevə məktub yazaraq Yekaterinburq Duması rəhbərinin açıq-aşkar təxribat xarakterli tədbirdə iştirakını pisləmişdi.
Həmin bəyanatda bildirilmişdi ki, bu addım Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlığa, habelə tərəflərin öhdəliklərinə ziddir.
Azərbaycan diasporunun tanınmış nümayəndəsi, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) vitse-prezidenti, ÜAK-ın Ural Dairə Şurasının sədri, Ümumdünya Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvü, Sverdlovsk vilayəti qubernatoru yanında Milli məsələlər üzrə Məsləhət Şurasının üzvü Şahin Şıxlinski də Azərbaycana qarşı bu təxribat hərəkətinin qarşısında sipər kimi dayanmış, ən müxtəliv vasitələrlə Volodinin düşmən mövqeyini pisləmişdi.
Bundan sonra Rusiya mətbuatı Volodinin təxribat xarakterli hadisədə iştirakının bölgə rəhbərliyinin kəskin narazılığına səbəb olduğu və Azərbaycanın Rusiyadakı səfirliyindən üzr istəməli olduğu barədə məlumat yaymışdı. Eyni zamanda qeyd olunmuşdu ki, bu qalmaqalla əlaqədar Volodin yenidən Yekaterinburq Dumasının spikeri vəzifəsinə seçilməyəcək.
Fotoda: solda Şahin Şıxlinski, onun yanında isə Yekaterinburq Yeni Dumasının spikeri Anna Qurariy.
“Ədəbiyyat və incəsənət”
(14.09.2023)
Bu gün Böyük Aşıq Ədalətin anım günüdür
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün
Bu gün türk dünyasının böyük sənətkarı, ozanı, Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi aşıq Ədalət Nəsibovun vəfatından 6 il keçir
"Qazax" Xeyriyyə İctimai Birliyinin, Qazax Rayon İcra Hakimiyyətinin Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə bu gün saat 10:30-da Qazax rayonunun Ağköynək kənd qəbristanlığında aşıq Ədalətin məzarının ziyarətinə başlanılıb.
"Qazax" Xeyriyyə İctimai Birliyinin Qazax və Ağstafa rayonlarında yaşayan nümayəndələri, ziyalılar, açıqlar Dədə Ədalətin məzarını ziyarət edirlər.
“Qazax” Xeyriyyə İctimai Birliyinin və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ustad aşıq Dədə Ədalətin xatirəsinə hörmət əlaməti olaraq onun qəbri üzərində möhtəşəm qəbirüstü abidəsi ucaldılmışdır. Abidənin müəllifi Azərbaycanın Xalq rəssamı, tanınmış heykəltəraş, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyevdir.
Həmçinin, Xaçmaz şəhərindəki Şəxsiyyətlər parkında da Xaçmaz rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Dədə Ədalətin büstü ucaldılmışdır.
15 sentyabr 2018-ci ildə xalq izdihamı ilə ustad aşıq Dədə Ədalətin Qazaxda qəbirüstü abidəsinin açılışı olmuşdur.
Ədalət Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda pinəçi ailəsində anadan olmuşdur. Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır. 11 yaşındaykən Kremlin Qurultaylar Sarayında saz çalır. 1950-ci ildə Bakıya dəvət olunur. Aşıq Ədalət sazı 50-dən çox ölkədə tanıdır, saza yeniliklər gətirir.
UNESCO-da dünyanın nadir musiqi ifaçıları sırasında Ədalətin də diski buraxılmışdır. O, saza 5 pərdə, o cümlədən 7 yarımpərdə, 6 sinə pərdəsi əlavə etmişdir.
Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuşdur.
Xalq yazıçısı Mirzə İbrahimov onun haqqında demişdir: "Əgər Azərbaycan xalqının incəsənət aləmində heç bir nümayəndəsi olmasaydı, təkcə Ədalətin sazı ilə dünya mədəniyyəti meydanına çıxa bilərdik."
Türk yazıçısı Əziz Nesin isə Ədalət haqda söyləmişdir: "Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur".
O, "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz ifaçısıdır.
Aşıq Ədalət Nəsibov 14 sentyabr 2017-ci ildə 78 yaşında uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat etmişdir. 15 sentyabrda Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunmuşdur.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(14.09.2023)
Kimdən və necə məktub almaq istəyərdiniz? - RUHDAN
Aytəkin Əziz, “Ədəbiyyat və incəsənət”
SUAL:
Kimdən və necə məktub almaq istəyərdiniz?
CAVAB:
Bu dünyaya gəlməmişdən öncə mənə, ürəyimə veriləcək ruhdan məktub almaq istərdim... Təsəvvür edin ki, ruhum gələcəkdə vücuduna daxil olacağı insanın ürəyinə yazır: "Səni yox, məni incidəcəklər... Çox incidəklər... Amma ağrısını sən hiss edəcəksən... Mənə dəyən yaraların əksi sənin üzərinə düşəcək... Qorxa-qorxa qorxmamağı öyrənəcəksən... Mən yaxşı ruham, sən də zərərsiz bir insan olacaqsan... Bu təmiz ruhun sənin kimi təmiz ürəyə ehtiyacı var, sənin kimi təmiz ürəyin də mənim kimi təmiz bir ruha... Və bir gün gələcək, sən olmayacaqsan, mən isə fərqli-fərqli bədənlərdə yaşayacağam... Ancaq sənin ağrılarını da özümlə aparacağam... Qorxma, mən insanlar kimi unutqan deyiləm... Səndən sonra neçə səni yaşadacağam, sevgili ürək"
“Ədəbiyyat və incəsənət”
(14.09.2023)
Bir həftədən sonra Bakıda “Gənc Fest” festivalı başlayacaq
Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə sentyabrın 21-24-də Bakıda “Gənc Fest” festivalı keçiriləcək.
Su İdmanı Sarayı ərazisində yerləşən Avropa Oyunları Parkında 4 gün davam edəcək tədbirə 16 yaşdan 29 yaşadək hər kəs qatıla bilər.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, gənclərlə görüşünün 30 illiyinə həsr olunan festivalda gənclər üçün bir-birindən maraqlı və interaktiv fəaliyyətlər təşkil olunacaq, iştirakçılar sertifikat qazanmaq şansı əldə edəcəklər.
Festival günlərində canlı musiqi, DJ və əyləncəli proqramlar gənclərə rəngarəng anlar yaşadacaq.
Unudulmaz gənclər tədbirinə qatılmaq istəyənlər www.gencfest.az səhifəsində qeydiyyatdan keçə bilərlər. Tədbir məkanına giriş yalnız qeydiyyat kartı ilə mümkündür.
Onlayn qeydiyyatdan keçdikdən sonra qeydiyyat kartları (akkreditasiya) sentyabrın 18-dən 20-dək BEGOC Biznes Mərkəzinin 1-ci mərtəbəsində yerləşən BCC Akademiyadan (saat 09:00-dan 19:00-dək) şəxsiyyət vəsiqəsini göstərməklə götürmək olar.
“Ədəbiyyat və incəsənət”
(14.09.2023)
Mən kiməm?!
Uraqan, “Ədəbiyyat və incəsənət”
Mən hər gün öz xəttim üzrə hərəkət edən avtobus sürücüsüyəm. Həyatdan o qədər bezmişəm ki, bu yolun bizi hara aparacağını hələ də dəqiq bilmirəm.
Mən o kəsəm ki, avtobusa minərkən işə tələsirəm. Ailəmə bir tikə çörək aparmaq üçün hər gün bu yolu gedib gəlirəm.
Mən o qadınam ki, avtobusa minən kimi boş yer axtarıram. Arada bir yüksək səslə deyinib "indiki nəsil çox pozulub" deyirəm. Məni insanların yorğunluğu maraqlandırmır, ayaqlarım çox ağrıyır.
Mən o kəsəm ki, avtobusa minən kimi ən arxadakı boş yerə əyləşirəm. Bəzən yer olmadığından qabaqda oturanda gözlərimi yumub başımı pəncərəyə söykəyirəm ki, qarşımdakı qadının deyinməsindən uzaq olum.
Mən o tələbəyəm ki, pulum ancaq bu avtobusa minməyə çatır...
Mən o məmuram ki, heç vaxt avtobusa minmirəm. Bu hekayədə nə işim var, hələ də dəqiq bilmirəm?!
Mən o dayıyam ki, qarnım yekə, başım keçəl, içi isə bom-boş. Hər gün bu oturacaqlarda siyasi söhbətlər edərək ətrafımda əyləşənləri ayıldıram. Deyilənə görə bizi massonlar idarə edir.
Mən özümü hələ yeni tanımağa başlayan 15 yaşında bir yeniyetməyəm. Bu gün 4 fəndən dərsim var. Özümü tam kəşf etmədiyimdən hansı universiteti seçəcəyimdə çətinlik çəkirəm. Əsas odur ki, diplom olsun, sonrası Allah Kərimdi.
Mən hər gün işimə sevərək gedib gələn sadə işçiyəm. Bir dəfəsində "işimi çox sevirəm" dediyim üçün iş yoldaşlarım hələ də məsxərəyə qoyur məni.
Mən o qızam ki, hər gün müxtəlif paltarlarla ətrafımdakıları cəlb etməyə çalışıram. Hərdən kimsə yaxınlaşanda özümü elə aparıram ki, guya bundan çox sıxılıram.
Mən də ətrafıma baxıb qaynayan qızları axtarıram.
Mən mələyəm. Amma qanadımı qırıb cənnətdən qovublar. Cəhənnəmdən geri dönmüşəm.
Mən qarşı dayanacaqda düşən həmin adamam. Dostuma "düşərsən"-i elə deyirəm ki, bütün avtobus onun yerinə pul verdiyimi bilir.
Mən oğruyam. Amma insanların haqqını oğurlamıram. Onlar hər gün işə getdikcə onların vaxtını əlindən alıram.
Mənim adım Zamandır.
“Ədəbiyyat və incəsənət”
(14.07.2023)
Minskdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb
Minskdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb
Minsk Dövlət Linqvistika Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb.
“Report” bu barədə Belarus mətbuatına istinadən xəbər verir.
Mərkəzin açılışında Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla, Minsk Dövlət Linqvistika Universitetinin rektoru Natalya Laptyeva, Belarus Təhsil Nazirliyinin peşə təhsili Baş idarəsinin rəisi Sergey Pişov, Belarus Xarici İşlər Nazirliyinin MDB Baş idarəsinin rəis müavini - MDB ölkələri və Gürcüstanla ikitərəfli əməkdaşlıq şöbəsinin müdiri Sergey Molunov, Azərbaycanın Belarusdakı müvəqqəti işlər vəkili Nizami Rüstəmov və başqaları iştirak ediblər.
"Ölkələrimiz arasında güclü işgüzar, mədəni, siyasi əlaqələr qurulub. Dövlətlərimizin rəhbərləri bunun nümunəsini göstərdilər. Hesab edirəm ki, bu mərkəzin açılması ilk növbədə gənclərimizi, mədəniyyətşünaslarımızı, dilçilərimizi, ədəbiyyatşünaslarımızı bir araya gətirmək üçün çox faydalı layihə rolunu oynayacaq”, - ADU rektoru akademik Kamal Abdulla bildirib.
Onun sözlərinə görə, Bakı şəhərində Belarus Dili və Mədəniyyəti Mərkəzinin açılışı gözlənilir və qeyd edib ki, ADU-da 20-dən çox dil mərkəzi fəaliyyət göstərir: “Hesab edirəm ki, onların arasında Belarus mərkəzi də olmalıdır. Bu, burada ediləcəklərə güzgü cavabıdır. Biz Bakıda da bunu sevgi, hörmət və böyük sevinclə edəcəyik".
“Ədəbiyyat və incəsənət”
(14.09.2023)