Super User

Super User

 “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün  “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk. Növbəti mövzuya da çox çəkicidir: Bu hekayət sizə ümidinizi heç vaxt üzməməyi öyrədəcək!

 

 

Aşıq, naçar ağlama.

Gündür, keçər, ağlama.

Qapını bağlayan fələk

Bir gün açar, ağlama

 

Min illərin yaddaşından süzülüb gələn bu Azərbaycan bayatısını çox sevilir. Hər eşidəndə ilk dəfə eşidirmiş kimi diqqəti ona yönəlir, hər sözü, hər ifadəsi, hər mənası bir daha yaddaşa yazılır. Doğrudan da xalq ən böyük yazar, filosof, bəstəkar, rəssamdır. «Qapını bağlayan fələk, bir gün açar, ağlama». Nə gözəl, nə ümidverici, nə motivasiyaedici sözlərdir belə.

Bizcə, xoşbəxtlik axtarışında ikən hətta bütün ümidlərin tükənəndə, əlin hər şeydən üzüləndə, suda batanın saman çöpünə əl atması anlamını verməyən bir inamla yenə də təslim olmamalı, tanrına sığınaraq möcüzənin gələcəyinə inanmalısan. O, heç gözləmədiyin səmtdən, ağlına belə gətirməyəcəyin şəxsdən istiqamətlənə bilər, səni əllərindən tutaraq yıxıldığın yerdən qaldırar.

Bu bayatını babalarımız elə-belə yaratmayıblar ki. Neçə-neçə sınaqlardan çıxaraq, xeyir-şər, işıq-zülmət, isti-soyuq çarpışmalarından bugünümüzə adlayıb gəlib bu sözlər. Fələk qapını bağlayıbsa, demək onu açacağını da gözləməyə dəyər.

Biz sizə bir iş adamının əhvalatını da danışmaq istəyirəm. Bakıda yaşayan S.M. adlı bu iş adamı həyatının bir dönəmində tam müflisləşir, əvvəlki zəngin həyat tərzindən mərhum olmaq işin yarısı imiş, elə bir həddə çatır ki, hətta evlərində qazan asmağa ərzaq belə tapılmır. 2012-ci ilin yazında son ümid yeri kimi satdığını satır, bir az da borc-xərc tapıb, bəlli məbləği düzəldib ucuz olsun deyə qonşu Gürcüstana – kupe tipli avtomobil almaqçün yollayır. Məqsədi bu avtomobili alıb gətirib  aeroport – şəhər marşrutu ilə taksi kimi işlətmək, çörəkpulu qazanmaq imiş.

Bir neçə müddət keçəndən sonra onun elektron ünvanına gürcü şirkətindən bildiriş-məktub gəlir. Yazılır ki, gəlib avtomobilinizi apara bilərsiniz.

Cüzi yolpulu ilə Tbilisiyə yollanası olur. Öncə sənəd-sünədini özüylə aparmaqçün son vaxtlar istifadə etdiyi «dermantin» çantaya qoyur, sonra nə fikirləşirsə onları ən imkanlı vaxtlarında Parisdən aldığı, uzun müddət işlətmədiyi üçün baxımsız vəziyyətə düşmüş, həyat yoldaşının da bir neçə dəfə atmağa cəhd etdiyi dəri çantasına yığası olur. Avtobusla gəlib Tbilisiyə yetişir. Ucuz bir oteldə nömrə tutur, avtomobili alacağı şirkətin ofisinə gedir, deyirlər sənədləşməyə əlavə ödəniş lazımdır, yolpulu üçün saxladığı son pulunu ödəyib otelə qayıdır, ertəsi gün evindən qanqaraldıcı zəng gəlir ki, bəs uşağın yıxılıb, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ardınca şirkət zəng edir ki, daha bir həftə yubanacaq avtomobil. Əsəbi halda, stress içində narazılığını bildirməkçün şirkətin ofisinə yollananda telefonunu salıb itirir. Telefon həmin anda son ümid yeri idi, ən azı Bakıya zəng edib kimdənsə geri qayıtmağa yol pulu köçürməsi etməyi xahiş edə bilərdi.

Otelə qayıdanda otelin ödəniş tələbinin qarşısında tam aciz qalır, inzibatçı çantasını qoltuğuna verib onu oteldən çıxardır.

Belə bir ümidsiz vəziyyətdə heç kəsi tanımadığın yad şəhərdə nə sənə kömək ola bilər, kim sənin harayına yetər axı? Qəhrəmanımız otelin daş pillələri üzərində oturub başını dizinin üstündəki çantasına söykəyərək hönkürtüylə ağlamağa başlayır. İllərlə içinə yığılan dərdi bu ümidsiz vəziyyətində hayqıraraq göz yaşına çevrilib gözündən tökülməyə başlayır. Bu vaxt başını söykədiyi çantada nəsə bir möhkəm şeyin üzünə toxunub onu narahat etdiyini duyur. Öncə buna elə də əhəmiyyət vermir. Amma sonra çantanı açıb içinə göz gəzdirir, təbii ki, pasportdan və iki-üç səhifəlik sənəddən başqa orada bir şey görmür. Əli ilə səthi nahamar eləyən nəsnəni qurdalayanda onun dəri ilə astarın arasında yerləşdiyini müəyyənləşdirir. Öldürücü maraq ona güc gəlir. Yerdən şişuclu şüşə tapıb çantanın astarını sökəndə bir kağız bağlaması çıxır, içini açanda gözləri dörd olur. Düz iki min beş yüz avro pul!!!

Xilaskarına çevrilmiş o pul ora haradan düşmüşdü, alanda çantanın içindəmi olub, yoxsa imkanlı vaxtlarında özü götürüb o pulu orada gizləyib, sonradan da unudub, müəyyənləşdirə bilmir. Əllərini göyə tutub Tanrıya yalvara-yalvara bu dəfə gözündən sevinc yaşları tökməyə başlayır. Qapını bir gün bağlayan fələk doğrudan da bir gün açır, necə də düzmüş.

S.M.-in başına gələn bu əhvalat çox ibrətamiz, çox düşündürücüdür.

Biz dərhal bir bakılının Tbilisidəki macəralarından qopub Portuqaliyanın Madeyra əyalətinin Funşal adlı kiçik bir qəsəbəsində baş vermiş daha bir ibrətamiz əhvalata keçid almaq istəyirik.

30 yaşında hamilə olan Doloreş Averyu yoxsulluq içində yaşadıqları üçün dördüncü övladının dünyaya gəlməsini istəmirmiş. Hətta həkimə gedib uşağı saldırmağa belə pulları olmadığı üçün Doloreş rəfiqəsinin məsləhəti ilə uşağı inkişafdan saxlamaq üçün gündə bir-iki dəfə qızdırılmış ucuz tünd pivə içirmiş.

Amma nə illah eləyirdisə bətnindəki dölün get-gedə böyüməsinin qarşısını ala bilmirdi. 1985-ci il fevralın 5-də o, dünyaya dördüncü övladını gətirəsi olur.

Adını Kriştiano qoyduqları bu arzuolunmaz övlad səfalət və çətinlik içində böyüyür. Həmin Kriştiano bilirsiniz kimdir? İndi dünyanın ən yaxşı futbolçusu olan, dünyanın ən zəngin idmançılarından biri sayılan (təkcə 2015-ci ildə 227 milyon avro pul qazanmışdır) Kriştiano Ronaldodur.

Bir vaxtlar adicə çörəkpulu tapmayan ailə indi imtina etmək istədiyi övladın hesabına tam zənginlik və xoşbəxtçilik içində yaşamaqdadır.

Beləliklə, yalnız son anda, təsadüf nəticəsində özünlə götürəsi olduğun çanta, yaxud yalnız son anda, təsadüf nəticəsində dünyaya gətirdiyin övlad sənin həyatında möcüzə müəllifinə çevrilirlər. Həyatını gözlədiyin, güvəndiyin nəsnələr deyil, gözləmədiyin, imtina etmək istədiyin nəsnələr də dəyişə bilərmiş, hətta!

Həyatda mütləq möcüzənin gələcəyinə inanın. Gec-tez o mütləq gələcək. Öz      gücünüzlə görə bilməyəcəyiniz, icrası sizin iradənizdən kənar olan bir işin ən sonda möcüzə hesabına həll olunacağına inamın sizə olduqca böyük köməyi dəyə bilər.

İnam – ən böyük tiryəkdir!

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2023)

 

 

 

Bu gün Özbəkistan Rəssamlıq Akademiyasında Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Özbəkistan Rəssamlıq Akademiyasının birgə təşəbbüsü, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tərəfdaşlığı ilə Azərbaycanın tanınmış rəssamı, Əməkdar incəsənət xadimi, Özbəkistan Rəssamlıq Akademiyasının fəxri xarici akademiki Çingiz Fərzəliyevin “Sevinc piyaləsi” adlı fərdi sərgisi açılacaq.

 

Milli İncəsənət Muzeyindən verilən məlimata görə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan sərgi, eyni zamanda, iki dövlət arasındakı mədəni əlaqələrin inkişafına xidmət edir.

Rəssamın ilk yaradıcılıq illərdən başlayaraq bu günümüzədək ərsəyə gətirdiyi əsərlərindən 40-a yaxını sərgidə nümayiş olunacaq.

Layihənin koordinatoru Könül Rəfiyevadır.

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2023)

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət" 

 

Bu gün portalımızın Qonaq otağında mən Nigar Həsənzadə sizləri aktyor,

qiraətçi Əliağa Hüseynliylə görüşdürürəm.

 

-Hörmətli Əliağa bəy, özünüzü qısa olaraq təqdim edərdiniz. Və ilk sual olaraq mənə maraqlıdır ki, aktyor kimi hansısa obrazınız  sizin daxili aləminizi əks etdiribmi? Yaxud belə bir hal olmayıbsa da, gələcəkdə hansı tipli bir obraz canlandırmaq təklifi gəlsə, qəbul edərkən “bu obraz tam məni əks elətdirir” deyərdiniz?

 

-Müsahibə təklifi üçün portal rəhbərliyinə və həm portalın əmıkdaşı, həm də “Orenda” Yazarlar Birliyinin sədri olaraq sizə, Nigar xanım, çox təşəkkür edirəm.

Özüm haqqında onu qeyd etmək istəyirəm ki, 1987-ci ildə Sabirabad rayonunda doğulmuşam. Orta təhsilimi Bakı şəhəri Xətai rayonu 88 saylı məktəbdə almışam.

İncəsənətə olan sevgim uşaq vaxtlarından var. Orta məktəbdə oxuyarkən kiçik səhnəciklər qururdum. Həmçinin poeziya tədbirlərində hər zaman fəal olmağa çalışmışam. Sadəcə orta təhsilimə gec başladığım üçün universitetim yarım qaldı və çox vacib bildiyim hərbi xidmətə getdim.

Hörmətli Nigar xanım, sizin kino haqqında sualınıza cavab olaraq bildirim ki, kino mənim həyatımda ayrılmaz bir yerdədi. İlk ekran işim Xəzər TV-də “Ata Ocağı” serialına dəvətim olub. Həmçinin çox dəyərli aktyorlarla birgə rol almağım özü bir məktəb idi mənim üçün. Çəkildiyim obraz isə daxili aləmimi qətiyyən əks etdirməyib. “Ata ocağı” serialına çəkilməkdən öncə özüm də ssenarilər yazmışam, bir neçəsini həvəskar olaraq lentə almışam (Məsələn-"Gecikmiş həqiqət"- qısametrajlı filmi).

Onu da qeyd edim ki, gələcəkdə alacağım rollar yaxşı ssenarilərə bağlıdı, əgər ssenari gözəl olarsa çox sevə-sevə çəkilərəm, amma daxili aləmimi əks etdirən bir hekayə hələ olmayıb. 

O ki qaldı sevdiyim janra, çox sevdiyim dram janrıdır. Obraz olaraq dram janrında gözəl bir hekayəyə dəvət olarsa, bax ona əsl MƏNLİKDİR deyə bilərəm.

 

-Ətraflı cavabınız üçün təşəkkür edirəm, ikinci suala keçirəm. Sizin qiraətlərinizi də çox eşitmişəm, şeiriyyatla əlaqəniz göz önündədir. Ən sevdiyiniz şair, şeir və qiraətçi kimlərdir?

 

-Ən sevdiyim şair Ramiz Rövşəndir. Ən sevdiyim qiraətçi həmçinin gözəl insan Xəzər Süleymanlı. Ən sevdiyim şeir isə Ramiz Rövşənin “Ölsəm bağışla" şeiridir.

 

-Növbəti 3-cü sualım :"Bu günə kimi eşitdiyiniz ən müdrik ifadə sizə görə hansıdır?"

 

-Ən çox sevdiyim müdrik söz: “Xırda nöqsanlarınıza fikir verməyin, xatırlayın ki, sizdə daha böyükləri var".

 

-Cavabınız yenə də məni çox qane etdi, fikirlərimiz bu cavabınızda kəsişdi. 4cü sualım: Şəxsi təcrübələriniz sizə nələri öyrədib, daha fərqli desək, həyatı necə anlaşıqlı edib sizə təcrübə yolunuz?

 

-Mən hələ də təcrübədəyəm, ölən günə qədər. Amma öyrəndiyim bir şey var, hər kəsi özün kimi düşünmə.

 

-Bəli, səmimi cavab üçün təşəkkürlər. 5ci suala böyük maraqla keçirəm. Bütün dünyaya bir dəqiqə ərzində bir ismarıc göndərsəniz nəyi deyərdiniz?

 

-Qəlb qırmayın.

 

-Və 6-cı... “Aldığımız şey mövcud olmağımızı təmin edir. Verdiyimiz şey həyatımızı yaradır“ – Uinston Çörçillin bu sözləri sizin üçün nə ifadə edir?

 

-Nəfəs.

 

-Hörmətli Əliağa bəy, cavabınızı açıqlaya bilərsinizmi, maraqlı gəldi, əminəm, oxuculara da maraqlı gələcək.

 

-Bəli, əziz Nigar xanım, deməli, belə izah edim ki, nəfəsi alıb var oluruq, nəfəsi vermək isə, ALLAHdan sonra yer üzündə nəfəsi valideyn övladına verir.

 

-Minnətdaram. Və son sualım: həyatınız bir film olsa idi, adının nə olmasını istərdiniz?

 

-Dözüm.

 

-Maraqlı cavabdır. Heç bitməsini istəməzdim maraqlı olduğu üçün, amma hər bir şeyin başlanğıcı olduğu kimi sonu da var və bu, suallarmızın sonuncusu idi.

Müsahibəniz, təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirəm. 

 

-Mən də bir daha təklif üçün təşəkkür edirəm. Arzu edirəm ki, sizi ekranda bir verlişin aparıcısı olaraq görüm və qonağınız olum.

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2023)

Növbəti Açıq Portfel xəbərini “Ədəbiyyat və incəsənət” portalı Dövlət Statistika Komitəsinə istinadla bildirir. Azərbaycan əhalisinin sayı 10 milyon 157 min 406 nəfərə çatıb. Belə ki, əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il avqust ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 milyon 157 min 406 nəfər təşkil edib.

Qeyd edək ki, əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2023)

Cümə axşamı, 14 Sentyabr 2023 10:15

Hər gün xatırlayaq, unutmaq cinayətdir!

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Mən 10-cu sinifdə oxuyanda hərbi müəllimimiz bizə "genosid nədir?" deyə sual vermişdi. Sinifə çökən səssizliyi müəllimimiz pozub evdə genosidin nə olduğunu araşdırmağı bizə tapşırmışdı. Elə həmin gün evə gəlib Googledə genosid sözünün qarşılığını tapdım. Genosidə qarşı iki kəlmə soy və qırım.

 

Mənə görə bu qədər bəsit deyil. Bəzən sözlər yaşananların yanında çox cılız qalır. Elə 31 illik ağrısı olan Xocalı soyqırımı kimi. Biz gənc nəsil yaxın keçmişimizi hələ bizim yaşımızda ikən faciəylə üzləşən bir nəsildən öyrənirik. Məsələn, Xocalıdan çıxanda 17 yaşı olan Hüseyn dayı bir müxbirlə olan söhbəti əsnasında "mən ən çox samovardan qorxuram" demişdi. Müxbirin niyə sualına qan dondurucu şəkildə "Çünki onlar mənim 4 yaşlı bacımın belinə qaynayan samavarı bağlayıb yandırmışdılar və o, bizim evdə içdiyimiz sonuncu çay idi" deyərək boğazımızı düyünləmişdi. 36 yaşlı Aysel xanım var, o,soyqırımın ən körpə şahidlərindən biri kimi danışırdı:

-Xocalıdan çıxanda mənim cəmi 5 yaşım var idi, lakin o səhnələr gözümün önündən heç vaxt gedmir. Evə girən ermənilər əvvəl atamı güllələmiş, sonra birtəhər qaçmağa çalışan anamı və məni üzümüz gözümüz qan içində olana qədər döyüb tanınmaz hala salmışdılar. Anam oradan sağ çıxa bilməsə də məni döydükləri üçün öldü bilən ermənilər qarın üstündə buraxıb getmişdilər. Qonşumuz Firuzə xalanın yoldaşı tapmasa yəqin mən də anamla birgə yatırdım.

Bu hələ genosidin kadrlara alınan, yaşanmış həyat hekayələrinin kiçik bir parçasıdır. Hamilə qadının qarnını bıçaqla yarıb ərinin qabağında təcavüz edilməsi, meyidlərin ekspertizadan sonra ölü halda belə təcavüzə uğraması, körpələrin dərisinin soyulması, kişilərin gözləri önündə ailələrinə edilən işgəncələrə qarşı yaşadıqları  izdirablar, qocaların tikə-tikə doğranması və daha saymağa gücümün yetmədiyi neçə-neçə vəhşətdən danışım sizə?

Hansı dərdimizə yanıb,hansı ağrımıza ağlayaq? Bir gecədə 7 min insan ölümü sadəcə rəqəmdən ibarət can itkisi deyil axı.

Qan qoxan torpağlarımızda neçə insanın taleyi məhv oldu. Neçə uşağı doğulmadan öldürdülər, neçə gənc qızın namusunu ləkələyib, neçə mərd kişinin qeyrətini məhv etdilər onlar. 

Biz öz keçmişini unudan insanlar olmamalıyıq, bizə və əcdadlarımıza yaşadılanlara qarşı susmamalı, bir daha belə vəhşətlərlə üzləşməmək üçün, bir daha torpağlarımızın namus qanı qoxmaması üçün səsimizi duyurmalıyıq dünyaya. Çünki genosid sadəcə hərfi mənası soy qırım olan hadisə deyil. Genosid qan qoxan torpaqların altında yatan şəhidlərin harayıdır.

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2023)

Cümə axşamı, 14 Sentyabr 2023 10:00

“Maya” filmi Kiprdə nümayiş olunub

“Maya” filminin Kiprdə təqdimatı keçirilib.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına filmin ssenari müəllifi və rejissoru, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü Xəyal Rza məlumat verib.

 

Qeyd edilib ki, təqdimat Şimali Kipr Türk Respublikasının Baş Nazirliyinin dəstəyi ilə, Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit Nazirliyi tərəfindən təşkil edilib.

 

Sentyabrın 8-də İsmet Vehit Güney Sənət Mərkəzində nazirliyin şöbə müdiri, şair-yazar Ceyhan Özyıldızın aparıcılığı ilə keçirilən “Maya” filminin təqdimatında respublika rəhbərliyi, deputatlar və sənət adamları iştirak ediblər.

 

Təqdimatda çıxış edən Şimali Kipr Türk Respublikası Prezidentinin katibliyinin rəisi Çağın Zort, Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit Nazirliyinin idarə rəisi Şirin Zaferyıldızı “Maya” filmindən təsirləndiklərini vurğulayaraq, Qarabağla Şimali Kiprin oxşar taleyindən söz açıblar.

 

Filmin ssenari müəllifi və rejissoru Xəyal Rza Qarabağın 30 illik işğal tarixi, 44 günlük İkinci Qarabağ müharibəsi və şanlı Zəfərimiz haqqında danışıb.

 

Qeyd edək ki, Beynəlxalq Türk Müəllifləri Birliyinin və “ES Baku”nun maliyyə dəstəyi ilə çəkilən, əzablı, iztirablı qadın taleyindən bəhs edən “Maya” filminin operatoru Rafiq Əliyev, bədii rəhbəri isə görkəmli kinorejissor, Xalq artisti Oktay Mir Qasımdır.

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2023)

Sentyabrın 13-də görkəmli bəstəkar, pedaqoq, SSRİ və Azərbaycanın Xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı, akademik Arif Məlikovun (1933-2019) anadan olmasının 90-cı ildönümü tamam oldu.

Bu münasibətlə mədəniyyət naziri Adil Kərimli, tanınmış mədəniyyət və incəsənət xadimləri, nazirliyin məsul əməkdaşları, sənətkarın ailə üzvləri və digər qonaqlar I Fəxri xiyabanda sənətkarın məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzdülər.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, anım mərasimində çıxış edən Adil Kərimli Arif Məlikovun bənzərsiz yaradıcılığı ilə adını əbədi olaraq musiqi mədəniyyəti tariximizə yazdırdığını dedi. Bildirdi ki, Ümummilli lider Heydər Əliyev bəstəkarın yaradıcılığını daim diqqətdə saxlayıb, yüksək qiymətləndirib. Prezident İlham Əliyev tərəfindən də Arif Məlikovun xatirəsinin əbədiləşdirilməsi, sənətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində davamlı işlər görülüb və görülməkdədir. Prezident İlham Əliyevin görkəmli bəstəkarın xatirəsinin əbədiləşdirilməsi ilə əlaqədar 2019-cu ildə imzaladığı sərəncam bu diqqətin parlaq təzahürüdür. 

Nazir diqqətə çatdırdı ki, görkəmli bəstəkarın 90 illik yubileydə geniş şəkildə qeyd olunacaq. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbəri olduğu Heydər Əliyev Fondunun dəstəyi ilə sənətkarın yubileyi həm də onun dünya klassik musiqisinin şah əsərlərindən sayılan “Məhəbbət əfsanəsi” baletinin yarım əsrdən sonra yenidən müəllifin vətənində səhnəyə qoyulması ilə əlamətdar olacaq. Dünyanın bir sıra böyük səhnələrini fəth edən bu möhtəşəm balet nümunəsi 18-19 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Sarayında nümayiş olunacaq. 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə dedi ki, Arif Məlikov görkəmli bəstəkar olmaqla yanaşı, həmçinin rəssam, pedaqoq və ictimai xadim idi: “Arif Məlikov SSRİ Ali Sovetinin deputatı kimi Azərbaycan xalqının haqq işinin dəstəklənməsinə də böyük töhfələr verib. Onun bütün janrlarda əsərləri var. Məni çox sevindirən odur ki, bu gün təhsil ocaqlarında Arif Məlikovun əsərləri tədris edilir. Arif Məlikov gözəl tələbələr yetişdirib, özündən sonra böyük irs qoyub”.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli vurğuladı ki, Arif Məlikov böyük bəstəkar olmaqla yanaşı, həm də böyük şəxsiyyət idi: “O, xasiyyətcə sərt adam idi, çox insan ona görə ondan inciyirdi. Amma o, həqiqətləri insanların üzünə deyirdi. Ümidvaram ki, onun yetirmələri balet janrını da davam etdirəcəklər”.

Xatırladaq ki, Arif Məlikov 1933-cü il sentyabrın 13-də Bakı şəhərində anadan olub. 1953-1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) bəstəkarlıq ixtisası (Qara Qarayevin sinfi) üzrə təhsil alıb. 1960-cı illərdən bu tədris ocağında müəllim, 1979–1986-cı illərdə professor və 1986-cı ildən ömrünün sonunadək Bəstəkarlıq kafedrasının müdiri vəzifələrində çalışıb. 

Arif Məlikovun simfoniya, balet, operetta, kantata, vokal, kamera və instrumental əsərlər misilsiz sənət nümunələri olaraq Azərbaycan musiqi xəzinəsinin qiymətli inciləri sırasında özünə daimi yer tutub. Bəstəkarın “Məhəbbət əfsanəsi” baletinin isə dünyanın tanınmış teatr səhnələrində yarım əsrdən artıq bir dövrdə tamaşaya qoyulması musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir. 

Ölkəmizdə musiqiçi kadrların yetişdirilməsinə mühüm töhfələr verən görkəmli bəstəkar 2019-cu il mayın 9-da vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2023)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət” 

 

Küçələrə su səpmişəm,

Yar gələndə toz olmasın

Elə gəlsin, elə getsin,

Aralıqda söz olmasın. 

 

Sevərək dinlədiyimiz elə mahnılar var ki, bir çoxumuz onların tarixçəsindən və ya ilk versiyalarından xəbərsizik.

Bu qəbildən olan mahnılardan biri də elə Rəşid  Behbudovun ifasında məşhurluq qazanmış xalq mahnısı olan "Küçələrə su səpmişəm" mahnısıdır.

Hər dəfə bu mahnını haradasa eşidəndə Heydər Əliyevin ifası və ifa edərkən kövrələrək gözlərinin dolduğu epizodlar gəlir gözlərimin önünə. Və bir də Zərifə Əliyevanın büstü qarşısındakı o mənalı baxışları..

Amma kənardan hər nə qədər sevgi mahnısı kimi görünsə də əslində mahnının fərqli və çox maraqlı bir tarixçəsi var.

Mahnı əslində xalq tərəfindən Azərbaycana köməyə gəlmiş Qafqaz İslam ordusuna ithaf olunub.

Yazıçı Manaf Süleymanov yazır ki, xalq mahnısının sözləri Sovet dövründə redaktə olunub.

Deyilənə görə o illərdə Bakıda belə bir adət var imiş ki, su maşınları küçələri gəzir və həm tozu yatırmaq, həm də az da olsa sərinlik yaratmaq məqsədi ilə su səpirmiş.

Və o vahiməli günlərdə Bakını xilas etməyə gələn türk əsgərlərinin yolunu gözləyən insanlar onları qarşılayarkən bu mahnını belə oxuyurlarmış. 

 

Küçələrə su səpmişəm

Türk gələndə toz olmasın.

Elə gəlsin, elə getsin,

Aramızda söz olmasın. 

 

Təhminə:

- "Küçələrə su səpmişəm, yar gələndə toz olmasın". Gör necə sevirlərmiş bir vaxtlar... Məsələn, sən mən keçən küçələrə heç su səpərsənmi, toz olmasın deyə?

Zaur:

- Bakıda mümkün deyil bu, küçənin bir başına su səpənəcən xəzri o biri başını toza qərq eləyəcək.

Təhminə:

- Eh, ruhun yoxdur sənin.

“Təhminə və Zaur” filmindən.

 

Xoş dinləmələr

https://youtu.be/jLzrdogPDqg?si=APVwNr080KYguoGa

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2023)

Cümə axşamı, 14 Sentyabr 2023 09:00

Milli Məclisin Mədəniyyət Komitəsində görüş olub

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Əməkdar jurnalisti, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası və Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrətlə və onun xanımı – Bakı şəhərindəki 3 saylı tam orta məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrətlə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Milli Məclisdə keçirilən görüşdə Əməkdar jurnalisti 55, Əməkdar müəllimi 50 illik yubileyləri münasibəti təbrik edən Komitə sədri onların öz fəaliyyət sahələrində əldə etdikləri uğurları vurğulayıb, yeni uğurlar arzulayıb.

Azər Həsrət və Almaz Həsrət yaradıcılıqdakı yeni uğurlarını və planlarını Qənirə Paşayeva ilə bölüşüblər, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə peşəkarcasına çatdırılması, gənc nəslin mədəni irsə dərindən vaqif olması və İKT-nin az qala bütün əməli fəaliyyət sahələrinə tətbiqinin yaratdığı yeni gerçəkliklərlə bağlı önəmli məqamlara vurğu ediblər.

2023-cü ilin Respublikamızda Heydər Əliyev İli olduğu, eləcə də Şuşa şəhərinin bu il Türk Dünyasının Mədəniyyət Paytaxtı statusunu daşıdığını deyən Komitə sədri, bu önəmli hadisələrin hər bir Azərbaycan aydınının üzərinə özünəxas mənəvi məsuliyyət gətirdiyini söyləyib.

Yüksək fəxri ad daşıyan Azər və Almaz Həsrətləri əlamətdar yubileyləri münasibəti ilə bir daha təbrik edən Komitə sədri, onlara Qarabağ motivli xatirə hədiyyələri və Təbrik məktubları təqdim edib.

Təbrik məktublarında müvafiq olaraq, Azər Həsrətin jurnalistikada, ictimai fəaliyyətdə, o cümlədən Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işində, Almaz Həsrətin gənc nəslin təlim-tərbiyəsində, pedaqoji, elmi və jurnalist fəaliyyətində xidmətləri xatırlanıb.

Azər Həsrət və Almaz Həsrət görüş, təbrik və yüksək diqqət üçün Komitə sədrinə təşəkkür ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2023)

 

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Çuvaş adı ilk dəfə 16-cı əsrdə rus salnamələrində çəkilib. Knyaz Andrey Mixayloviç Kurbskiy 1551-ci ildə Kazana etdiyi səfəri ilə bağlı qeydlərində Çuvaş xalqının adını çəkib. Bu səbəblə Çuvaş adının kökünün hardan gəldiyi mövzusunda araşdırmaçılar ortaq məxrəcə gələ bilməyib. 18-ci əsrə kimi çuvaşların özlərinin yazılı ədəbiyyatı olmayıb. 

 

Çuvaşların dini rәsmi olaraq Xristianlıqdır, ancaq İslam dinini qəbul edənlər də vardır. Bu iki dini qəbul edənlər olsa da qədim Tanrıçılıq inamı hələ də onların içində yaşayır. Bu inamda olanlar özlərini Xristian və Müsəlman çuvaşlardan ayrı tuturlar. Çuvaş şifahi xalq ədəbiyyatı Yumax (nağıl), Yuri (mahnı), Vak Janr (Kiçik növ), Aça-Piça Simaxisem (Oğul-Uşaq Sözü “Laylalar, oyun mahnıları, tapmacalar, yanıltmaclar, qısa heyvan nağılları”), Mifsempe Halapse (Miflərlə hekayələr) şəklində təsnif edilib. 

Çuvaş dastanları ümumiyyətlə Ulip (alp) motivi ətrafında inkişaf edən və digər Türk dastanlarında rastlanan motivlərlə eynilik göstərən yarı dastan, yarı əfsanə özəlliklərini özündə nümayiş etdirir. Bu dastanlarda Oğuz Xaqan və Dədə Qorqud dastanları ilə digər Türk dastanlarının epizodlarına rastlanır. 

Çuvaşların nağılları da digər türk xalqlarının nağılları ilə oxşardır. Anadoluda çox sevilən “Kəl Oğlan” (Keçəl) nağılı Çuvaş nağılları arasındadır. Bu nağılın Çuvaşca adı “Kukşa İvan”dır. Oğlan sözü Çuvaşcada olmadığına görə “oğlan” əvəzinə “İvan” adını işlədiblər. Çuvaş əfsanələri qədim Türk inamının özülündə yüksəlib. Lətifələri də Molla Nəsrəddin lətifələrinə oxşayır.  

Çuvaşların duaları bu cür qruplaşdırılır:

1-Ovsunçuluqda işlәdilәn vә xәstәlәri sağaltmaq mәqsәdi ilә söylәnәn dualar;  

2-Gözәgörünmәyәn güclәrdәn yardım üçün söylәnәn dualar;  

3-Nәsihәt verәn dualar.

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.