Super User

Super User

Qeyd etdiyimiz kimi, Azərbaycan Akademik Milli Dram Teatrı yeni mövsümə bu gün -  sentyabrın 15-də “Qarabağnamə” tamaşası ilə başlayacaq. İstirahət günlərində “Ölülər” (sabah) və “Sərgüzəşti-vəziri-xani-Lənkəran” (biri gün) tamaşaları nümayiş olunacaq. 

Sizlər üçün sənət ocağının sentyabr repertuarını təqdim edirik:

 

15 sentyabr- “Qarabağnamə”

16 sentyabr- “Ölülər”

17 sentyabr- “Sərgüzəşti-vəziri-xani-Lənkəran”

21 sentyabr- “Küknarlara məktub”

22 sentyabr- “Şükriyyə”

23 sentyabr- “Xurşidbanu Natəvan”

24 sentyabr- “Ah, bu uzun sevda yolu”

28 sentyabr- “Manqurt”

29 sentyabr- “Dəli yığıncağı”

30 sentyabr- “Filumena Marturano”

 

“Ədəbiyyat və incəsənət”

(15.09.2023)

Cümə, 15 Sentyabr 2023 12:30

Ziya Ağa Milli Dram Teatrından ayrılıb

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının istedadlı aktyoru Ziya Ağanın teatrdan uzaqlaşdırıldığı xəbəri yayılıb. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, aktyor özü sosial media hesabında olayı belə şərh edib: 

 

“Bu gün Akademik Milli Dram teatrı ilə yollarımız ayrıldı. Teatrda bu sezon üçün düşünülən, həqiqətən də uğurlu hesab etdiyim, teatrın gələcəyi üçün uğurlu perpektiv vəd edən planları, iş qrafiki mənim planlarımla üst-üstdə düşsə belə, iş qrafikimlə üst-üstə düşmədiyindən teatrdan ayrılmalı oldum. Başda teatrımızın bədii rəhbəri Mehriban xanım Ələkbərzadə və direktorumuz İlham bəy Əsgərov olmaqla doğma kollektivimə uğurlar arzulayıram !!!

Əgər teatrın gələcəyi üçün maneə olan kimliyindən asılı olmayaraq kimsə varsa oradan uzaqlaşmalı və ya uzaqlaşdırılmalıdır.”

 

“Ədəbiyyat və incəsənət”

(15.09.2023)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 15-də görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə açacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Səhnə əsəri XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

 

“Ədəbiyyat və incəsənət”

(15.09.2023)

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 114-cü mövsümü bu gün Ulu Öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyinə həsr olunmuş “Sən elə bir zirvəsən” tamaşası ilə açacaq.

Qeyd edək ki, tamaşanın bədii rəhbəri teatrın direktoru Əməkdar incəsənət xadimi, mərhum Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru teatrın baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri teatrın baş xormeysteri, Əməkdar artist Vaqif Məstanov, baletmeysteri teatrın baş baletmeysteri, Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, musiqili-tarixi esse kimi hazırlanan bu səhnə əsərində teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar İbrahim Əlizadə, Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak edəcəklər.

Xatırladaq ki, ilk dəfə Ümummilli Liderin doğum günündə Musiqili Teatrın səhnəsində nümayiş etdirilən bu tamaşa daha sonra Gəncə və Şəki şəhərlərində də uğurla təqdim olunub. 

Kollektiv bu layihə ilə Mingəçevir, Lənkəran və Naxçıvan şəhərlərində də çıxış edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(15.09.2023)

Sentyabrın 14-də XXI əsr Azərbaycan Rəngkarlıq Muzeyində arxeoloq, eksperimental arxeoloji laboratoriyasının rəhbəri Əjdər Babazadənin “Feminist arxeologiyası (İbtidai-icma quruluşunda qadın)” mühazirəsi keçirildi. 

 

Mühazirədə paleolit və neolit dövrlərinə aid Venera heykəlcikləri əsasında qədim zamanlarda qadının rolu, anaxaqanlıq, tanrı və ilahələrin semantikası haqqında bəhs edilirdi. Həmçinin Venera heykəlciklərinin tarixdəki yeri, bu mövzu ilə bağlı elmi müzakirələrin nədən ibarət olduğundan danışıldı, hipotez və paradiqmalar təhlil edildi.

Azərbaycan dilində aparılan mühazirə maraqla dinlənildi.

 

“Ədəbiyyat və incəsənət”

(15.09.2023)

Ülviyyə Əbülfətqızı, “Ədəbiyyat və incəsənət”

 

“Cümə günü Əbülfəzqızının 10 sualı" rubrikasının budəfəki qonağı öz qələmi ilə xüsusi imzası olan şair xanım Təranə Dəmirdir.

 

-Xoş gördük Təranə xanım. Vaxt itirmədən keçək suallarımıza.

 

1)  Qeyrətli, qeyrətsiz adamlar kimi,

Sözün də kişisi, şərəflisi var.

Əyilməz özünü pula satmayan,

Doğuşdan qəbrədək kişi olanlar..

            (Təranə Dəmir)

Təranə xanım, “sözün kişisi" ifadəsini necə təhlil edirsiniz?

 

1.Salam. Xoş gördük səni də, oxucuları da. Əvvəla bir oxucu kimi sənə təşəkkür  edirəm. Sonra da rubrikanın ilk qadın qonağı olduğum üçun minnətdarlığımı bildirirəm.

Keçək suala. Yazar sözü azad buraxmasa, kölgədə saxlasa, fikirlərini ifadə etməyə qorxsa, onun ərsəyə gətirdiyi əsər də qorxaq olacaq. Oxunacaq, bir müddət sonrasa unudulacaq. Sözü azad buraxmaq lazımdı. Dünyanı hansı rəngdə görmək istəyirsənsə, necə təsvir edirsənsə, elə də sözə çevirənlər əsl yazarlardır, məncə. Sözün də kişisi, əri deyəndə bunu nəzərdə tuturam. Ruhu azad olanların sözü həmişə qalib gəlib tarixin bütün dönəmlərində.

 

2) Dəyərli Yaradıcımız,  A. Şopenhaurun gözəl bir deyimi var: " Hər ayrılıq ölümün əvvəlcədən dadılması kimidir, yenidən qovuşmaq da yenidən dünyaya gəlməyin əvvəlcədən dadını hiss etmək kimidir."

Bəs hər xırda səbəblərə görə küsüb-barışan, münasibət qura bilməyib, " sevgi yoxdur" - deyib sevgini ucuzlaşdıran kəslərə nə söyləyərdiniz?

 

2. Ayrılıq sevgisizlikdən, sevgi tükənəndə düşür ortalığa mənim aləmimdə.

Sevmək səbir, dəyanət, dözüm istər. Əgər bir yola qoşa qədəm qoyursansa, demək, onun bütün çətinliklərini, ağrılarını da gözə almalısan. Əks halda, bu sevgi deyil. Tutqudur. Alışdın və söndün. Bir də sevgi iki ruhun qarşılıqlı hissidir. Biri bitirsə, o biri bunu yürüdə bilməz. Həm də cütlər arasında hörmət, qayğı, diqqət əsasdır. Laqeydlik də sevgini kül edən amillərdən biridir. Hətta ən mükəmməl eşqləri belə soyuda bilir.

 

3) Mahatma Qandiyə görə: " Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir."

Sizcə, bu ifrat bataqlığını yaradan hansı əməllərdir?

 

3. Azadlığı bəzən barbarlıqla dəyişik salırıq. Azadlığın qapısını geniş açmaq olmaz. İfrat azadlıq meşşanlığa, ləyaqətsizliyə belə apara bilər adamı. Azadlığı anlamadan "mən azadam " demək olmaz. İnsan nəfsinə, şərəfinə, qeyrətinə sahib çıxmağı bacarmalıdır. Məsələn: "Azadam "- deyib hər düşündüyünü etmək və ya demək də olmaz. Azadlığın da sərhəddi var. Keçdinsə, özünü itirəcəksən.

 

4) Təranə xanım, şeir kitablarınızın adlarından istifadə edib növbəti sualıma cavab istəyirəm.

Səssizliyin melodiyasında payız qadının daş arzularını uzaqlara aparan küləyə nə söyləyərdiniz?

 

4.Bilirsiniz ki, şairlər dünyanın yatan vaxtı daha yaxşı duyğularını dilləndirə bilir. Yəni, özləriylə olanda dünyanı daha gözəl düşünə, analiz edə bilirlər. Bu sarıdan o kitab səssizliyimin məhsuludur. Daş arzularsa hər kəsin ürəyində yatan, həyata keçməyən (bəzən qorxaqlıqdan, bəzən naşılıqdan, bəzən acıqdan) arzular elə daşa dönüb qalır insanın ürəyində. Nə çata bilirsən, nə unuda. O külək sənin özünsən birinci növbədə. Keçmişi heç nəylə geri qaytarmaq olmaz. Çatmadığın arzular da keçmişində qalsa, yaxşıdır. Düşündükcə özünü incidirsən. İrəli, yalnız irəli. Sadəcə nəticə çıxarmaq lazımdır.

 

5) Düma söyləyib ki, " Uğurun iki səbəbi var- səbir və ümid."

Təranə xanım, səbirdən yoxsul  olanlara nə tövsiyə verərdiniz? 

 

5. Baxır səbrə hansı tərəfdən yanaşırsan. Haqsızlığa, bərabərsizliyə qarşı aşırı səbrin əleyhinəyəm. İstər sosial həyatda olsun, istər ailədə, istərsə də sevgidə. Amma səbir etməyənləri də  elə hər şeyə üsyan edənləri, bütün sərhədləri çılğıncasına qırıb atanları da, hövsələsizləri, ən sonda demək istədiklərini ən əvvəldə deyənləri də təqdir etmirəm

Səbrin də həddi, sərhəddi olmalıdır.

 

6) Təranə xanım, sevgini hansı rəngə bənzədirsiniz və nə üçün?

 

6. Əsl sevgi  bahar rəngdədir. Ömrün bütün fəsillərində yamyaşıldır. Sevgi insanı yaşadan duyğudur. Hər kəs ürəyində sevgi bəsləsə, dünya həmişə bahar olar.

 

7)Unudulmaz şair-Məmməd Araz söyləyib ki: " İnan ki, ehtiras aldatmayanı,

İnci də, göhvər də aldada bilməz."

Təranə xanım ehtirasın " şirin səsinə" uyub əsiri olanlara nə demək istəyərdi?

 

7. Ehtiras insanı uçuruma aparan duyğudur. Bəzən insanlar sevgiylə ehtirası eyniləşdirirlər. Sevgi ləkəsiz olmalıdır. Tərtəmiz. İnsan ağılla sevməlidir,  hisslə yox. Əks halda onu xoşagəlməz sürprizlər gözləyə bilər.

 

8) Mən elə bilirdim daşam, dəmirəm,

Sən demə, məndən də adam olarmış.

Sən demə, mənim də barmaqlarımın,

Özünə bənzəyən sığalı varmış.

 (Təranə Dəmir)

Təranə xanım, bu sualımı digər baxış bucağından ünvanlayıram. Sizcə, ailələrdə tellərə sığal çəkilməməsinin səbəbi neçə faiz sosial problemlərdən qaynaqlanır?

 

8.Telə sığal çəkməməyin sosial problemlərdən qaynaqlandığını düşünmürəm. Sevgi bütün maneələri aşa biləcək gücdədir. Axı sevgini ismarlamırsan. Qapını nə vaxt döyəcəyindən də xəbərin olmur. Əgər qəlbindəki həqiqi sevgidirsə , onu heç nə söndürə bilməz. Nə qayğılar, nə problemlər, nə ətraf, nə cəmiyyət. Axı sığal da pulla deyil. Onu çəkməyə xəsislik edənlər sevginin nə olduğunu dərk etməyənlərdir. Yəni  bir atımlıq barıtları vardı. Atdılar və bitdi.

 

9) Psixoanalizin banisi Ziqmund Freyd  söyləyib ki: "İnsan sevildiyini hiss edəndə daha inamlı və cəsarətli olur."

Müasir cəmiyyətdə " saxta sevgi"lərdən qorunmaq üçün hansı" silahdan" istifadə etməliyik?

 

9. Saxta sevgi həmişə olub. Keçmişdə də olub, indi də var və gələcəkdə də olacaq. Təəssüf ki, sevginin gözü kor olur və bu sevgi qarşıdakının hisslərini də analiz etməyə qoymur səni. Eləcə sevirsən. Bir gün ayılırsan ki, qurbansan. Mən kiminsə qarşısına keçib, bunu sev və ya sevmə deyə bilmərəm. Sadəcə insanlar sevəndə də ehtiyatı əldən verməməlidir. Ağılla sevməyi bacarmalıdır. Özünə dəyər verməlidir. Əks halda, ona heç kim dəyər verməyəcək. Arada quru peşmanlıq qalacaq.

 

10) Bir şeirinizdə həsrəti " Qız qalası"na çıxıb atdınız.

Təranə xanım insanı dəyərsizləşdirən hansı xarakteri  də o qaladan atmaq istəyərdi?

 

10. Mən yalanı, məkri, hiyləni, vicdansızlığı, qorxaqlığı, nifrəti o qaladan biryolluq atmaq istəyərdim. Tərtəmiz dünyada yaşamaqdan gözəl nə var ki, həyatda?!

 

Təranə xanım, rubrikamızın qonağı olduğunuz üçün Sizə dərin təşəkkürümüzü bildiririk, yaradıcılığınızda uğurlarlar diləyirik, var olun!

 

“Ədəbiyyat və incəsənət”

(15.09.2023)

Milli Musiqi Günü münasibətilə sentyabrın 16-da Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda musiqi” adlı sərgi açılacaq və uşaqlar üçün konsert proqramı təşkil olunacaq.

 

Sərgidə muzeyin kolleksiyasından musiqi sənəti ilə əlaqəli 11 ədəd zəngin kompozisiyalı portret və süjetli xalçalar, qobelenlər nümayiş etdiriləcək. Bunlar Xalq rəssamları Tahir Salahov və Eldar Mikayılzadənin müəllifi olduqları görkəmli bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev və Dmitri Şostakoviçə həsr olunmuş portret xalçaları, xalçaçı-rəssamlar Gülmurad Bəbirovun, Bəsti Şərifin, rəssamlar Pavel Kuzmenko, Rimma Eminova və Faiq İbrahimovun maraqlı süjet həllinə malik əsərləridir.

Miniatür və realistik üslubda bədii-texniki cəhətdən mükəmməl işlənmiş bu əsərlərdə klassik və xalq musiqisinin, muğam və milli rəqs sənətinin, musiqi alətlərimizin xalça naxışları ilə mükəmməl ahəngi öz əksini tapıb.

Yüksək bədii-estetik dəyəri olan müəllif əsərlərindən ibarət sərgi sentyabrın 28-dək davam edəcək.

Milli Musiqi Günü münasibətilə təşkil olunacaq konsert proqramı isə muzeyin Uşaq şöbəsi və H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin birgə əməkdaşlığı ilə baş tutacaq. Burada H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin ifasında bir-birindən gözəl klassik və müasir musiqi nümunələri təqdim ediləcək, vətənpərvərlik ruhunda şeirlər səsləndiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(15.09.2023)

Azərbaycan Bəstəkarlar İttifaqı “Heydər Əliyev İli” çərçivəsində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bəstəkar, Xalq artisti professor Azər Dadaşovun “Fortepiano əsərlərinin ən yaxşı ifası” üzrə VI beynəlxalq müsabiqə elan edib.

 

Bəstəkarlar İttifaqından verilən məlumata görə, noyabr ayının 20-22-də Bakıda keçiriləcək müsabiqə 2 mərhələdən ibarətdir. 

Müsabiqədə yaş məhdudiyyəti qoyulmur. İştirak etmək istəyənlər noyabrın 10-dək sənədlərini Azərbaycan Bəstəkarlar İttifaqına (Tel: (012) 598 08 86) təqdim etməlidirlər (ərizə, 13x18 ölçüdə 2 rəngli fotoşəkil, doğum haqqında şəhadətnamə, xasiyyətnamə, iştirakçının bütün turlar üzrə proqramı).

Müsabiqənin təşkilat komitəsi və münsiflər heyətinin sədri – Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadədir.

Müsabiqənin birinci mərhələ üzrə proqramına A.Dadaşovun fortepiano silsilələrindən biri – “Çiçəkçin” (7 rəqs),“6 miniatür”, “6 qəmli pyes”, “6 prelüd”, “Atmacalar” (6 konsert pyesi), 1 saylı sonatina, 2 saylı sonatina, 3 saylı sonatina, “lirik pyeslər”in ifası daxildir.

İştirakçılar öz istəklərinə uyğun olaraq seçdiyi silsiləni bütöv, yaxud onlardan hissələri ifa edə bilərlər.

Müsabiqəlinin ikinci mərhələ üzrə proqramına A.Dadaşovun Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş fortepiano ilə kamera orkestri üçün “Poema”sı (iki piano üçün köçürmə) daxildir.

Münsiflər heyətinin qərarı ilə seçiləcək qaliblərə pul mükafatları, diplomlar, xüsusi mükafatlar təqdim olunacaq.

Müsabiqədə birinci yer üçün 1000 manat və birinci dərəcəli diplom, ikinci yer üçün 750 manat və ikinci dərəcəli diplom, üçüncü yer üçün 500 manat və üçüncü dərəcəli diplom nəzərdə tutulur.

Dövlət, ictimai və özəl təşkilatlar müsabiqənin qalibləri üçün özlərinin xüsusi mükafatlarını təsis edə bilərlər. 

Müsabiqənin bütün iştirakçılarına xüsusi sertifikat və xatirə medalyonları veriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(15.09.2023)

Bu gün - sentyabrın 15-dən 22-dək Bakı, Şəki və Lənkəran şəhərlərində eyni anda IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək. 

 

Festival son illərin rezonans doğuran, nüfuzlu film festivallarında nümayiş edilən, mükafatlı sənədli filmlərini Azərbaycan auditoriyasına təqdim edir.

Belə ki, qadınların haqq və azadlıqları uğrunda mübarizə hekayələrindən, müxtəlif həyat təcrübələrindən bəhs edən sənədli filmləri “Festivallardan seçmələr” ("Best of Fests") adlı xüsusi proqramda nümayiş etdirəcək festival bu il də maraqla qarşılanacaq. 

Amsterdam Beynəlxalq Sənədli Filmlər Festivalında (IDFA) əsas mükafata layiq görüldükdən sonra böyük beynəlxalq maraq əldə etmiş “Apoloniya, Apoloniya” ( Leo Qlob) filmi Danimarkanın növbəti Oskar film mükafatları üçün qısa siyahısında yer alır. Sundance Film Festivalında yarışmış Sirenalar (Rita Bağdadi), Xarkov beynəlxalq Film Festivalının qalibi “Mənim adım Mutludur” (Ayşe Toprak & Nik Rid), Hot docs Beynəlxalq Sənədli Film Festivalının qalibi İran Xanımın əri (Mərcan Xosravi), nüfuzlu Venesiya film festivalının müsabiqədənkənar proqramında nümayiş edilmiş “Aradüzəldən” (Benedetta Argentieri), Berlin Beynəlxalq Film Festivalının qalibi “Tehranda yeddi qış”(Steffi Niderzol) kimi filmləri festival çərçivəsində ölkə sənədli filmsevərləri ilə qovuşacaq.

Həmçinin seçki komissiyası tərəfindən dünyanın bir çox ölkəsi və yerli rejissorlar tərəfindən göndərilmiş çoxsaylı sənədli filmlər içərisindən xüsusi etina ilə seçilmiş və “Beynəlxalq qısametraj sənədli film”, “Yerli qısametraj sənədli film” və “Tammetraj sənədli film” kateqoriyaları üzrə nümayiş ediləcək filmlər zəngin müsabiqə proqramında yer alır.

Həmçinin bu il festival çərçivəsində dünya kino tarixinin əfsanələrindən olan və sənədli film tarixində silinməz izə sahib dünyaşöhrətli rejissor Anyes Vardanın retroperspektivi baş tutacaq ki, izləyicilər rejissorun yaradıcılığında xüsusi yer tutan dörd sənədli filmi geniş ekranlarda izləmək fürsəti əldə edəcəklər.

Festivalın bu il də dünyanın bir çox ölkəsindən dəvət etdiyi çoxsaylı nüfuzlu xarici mütəxəssislər festival günlərində müxtəlif ustad dərsləri və panel müzakirələr fonunda yerli rejissorlar, kinosevərlərlə görüşəcəklər. Dünyaşöhrətli Azərbaycanlı Fotoqraf Rəna Əfəndi ilə yerli auditoriyanın görüşü və dünya kino tarixinin əfsanələrindən kinorejissor Anyes Qodarın master-klası bu baxımdan xüsusi yerə sahibdir.

 

“Ədəbiyyat və incəsənət”

(15.09.2023)

Əməkdar artist Afaq Abbasova İtaliyanın Toskana regionunun Torre del Laqo şəhərində dünyaşöhrətli bəstəkar Cakomo Puççininin vəfatının 100 illiyinə həsr olunan “Puççininin qəhrəmanları” adlı konsertdə çıxış edib.

 

AzərTAC xəbər verir ki, Afaq Abbasova konsert proqramında məşhur soprano Martina Serafinlə birgə eyni səhnəni bölüşüb.

Tanınmış italiyalı aktyor və rejissor, “Oskar” mükafatı laureatı Ciankarlo Ciannini tədbirdə çıxış edərək Puççininin operalarındakı ariyalarla bağlı fikirlərini bölüşüb.

Konsertə dair təəssüratlarını dilə gətirən Əməkdar artist çıxışından və məşhur ifaçılarla eyni səhnədə olmaqdan məmnunluğunu bildirib, eləcə də ona dəstək olan hər kəsə təşəkkür edib.

 

“Ədəbiyyat və incəsənət”

(15.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.