Super User
Xilaskarları unutmayaq!
Varis yazır
Xeyli müddətdir bu mövzunu “Qızıl cib saatı” romanım üçün araşdırmışam, bizdən gizlədilən tariximizin bir hissəsidir bu:
1918-ci ildə Bakıda, Şamaxıda, Qubada, digər bölgələrdə yerli müsəlman əhali kütləvi olaraq məhv edilməkdəydi, torpaqlarımızda Şaumyanın rəhbərliyi altında daşnak-bolşevik, yəni erməni-rus hakimiyyəti hökm sürürdü. Bax onda Nuru paşa türk ordusu ilə gəlib Azərbaycanı xilas etdi. 15 sentyabr - Bakının işğaldan azad edildiyi gündür. Sonradan qəddar tarix bizə qatil Şaumyana heykəl qoydurdu, xilaskar Nuru paşanın isə adını çəkmək yasaq sayıldı. Heç bu gün də biz tam olaraq düzə düz, əyriyə əyri deyə bilmirik. Bu gün də bu məmləkətdə “türk” deyənlərə həqarətlə baxanlar çoxdur. Amma tarix təkrar olunur, öz əyrisi, düzü ilə həmən təkrarlanır. Gəlin, bu ildönümündəsə Nuru paşanı, TÜRK adını şərəflə anaq!
“Ədəbiyyat və incəsənət”
(15.09.2023)
Sumqayıtda yazıçı Yunus Oğuzun Polad Həşimovun ailə üzvləri ilə görüşü keçirilib
Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evində yazıçı-publisist Yunus Oğuzun "Cığır" tarixi romanının təkrar nəşrinin təqdimatı və general-mayor şəhid Polad Həşimovun ailə üzvləri ilə görüşü keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru şəhid Polad Həşimovun anası Səmayə Həşimova, ailə üzvləri və bir sıra ziyalı, yaradıcı şəxslər iştirak edib. Tədbiri açan tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin bölmə müdiri İbrahim İlyaslı Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, içərisində 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi roman haqqında məlumat verib.
İ. İlyaslı Yunus Oğuzun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra tədbirdə iştirak edən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözova, prezidentin fərdi təqaüdçüsü, şairə Ofeliya Babayeva, Sumqayıt Veteranlar Şurasının sədri Sovet Şükürov, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt şöbəsinin sədri Gülnarə Cəmaləddin, Polad Həşimovun bacısı Kəmalə Haşimova "Cığır" tarixi romanı haqqında fikirlərini səsləndiriblər. Qonaqlar Yunus Oğuzun əsərlərinin gənclərin vətənpərvərlik ruhunun inkişaf etməsində mühüm rol oynadığını xüsusilə vurğulayıb, əsərdə general Polad Həşimov obrazının yaradılmasını bu baxımdan əhəmiyyətli hesab ediblər.
Tədbirdə “Qəbələ” qəzetinin məsul katibi Bibixanım İsayeva və Qaradağ rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov da iştirak ediblər.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözova da qeyd edib ki, Yunus Oğuzun Şuşa şəhərinin inşa olunmasının 270 illiyinə və 44 günlük Vətən müharibəsinə həsr edilmiş romanı olan "Cığır" ədəbiyyatımız və vətənpərvərliyin təbliği üçün böyük önəm kəsb edir. Tədbirdə yazıçı-publisist Yunus Oğuz iştirakçıların suallarını cavablandırıb, onlara yazıçının "Cığır" romanı hədiyyə edilib.
“Ədəbiyyat və incəsənət”
(15.09.2023)
Ramil Əhməd 29 yaşında fəlsəfə doktoru oldu!
Gənc yazar Ramil Əhməd İstanbul Universitetində “Türkiyədə Yaradıcı Yazarlıq Təhsilinin Estetikası və Pedaqogikası” adlı doktorluq dissertasiyanı uğurla müdafiə edərək 29 yaşında fəlsəfə doktoru olub.
“Ədəbiyyat və incəsənət” portalı Ramil Əhmədə istinadən xəbər verir ki, bununla da o, Türkiyədə yaradıcı yazarlıq mövzusunda doktorluq işi yazan ilk müəllif olub.
Ramil Əhməd sevincini bu cür bölüşüb:
“Sevinirəm ki, dünyanın özü üçün də çox yeni olan bir sahə haqqında doktorluq işini İstanbul Universiteti kimi nüfuzlu bir ali ocaqda müdafiə etdim. Dildə “akademiyada ilk dəfə” demək asandır, ancaq bilənlər bilir ki, önündə model olmayan bir sahə haqqında ilk PhD tezisi etmək məşəqqətli bir prosesdir. Həm yazmaq, həm də hipotezini müdafiə etmək...
2018-ci ildən çıxdığım bu yolda yanımda olan elmi rəhbərim Prof. Dr. Mehmet Samsakçıya dərin təşəkkürlərimi ifadə edirəm.
Müdafiə komissiyasında yer alan Türk dili və ədəbiyyatı bölmünün başqanı Prof. Dr. Ali Şükrü Çoruk, Doç. Dr. Ürün Şen Sönmez, Doç. Dr. Zeynep Kevser, Dr. Şerif Eskin hocalara dəyərli şərhləri, fikirləri üçün təşəkkür edirəm.
Bundan başqa bu uzun yolda yanımda olan, dəstəkləyən bütün dostlara, doğmalara təşəkkür edirəm! Bir-bir ad saysam çox uzun bir siyahı olar, hamınız var olun!
Həyatımın son 12 ili (2011, BDU) fasiləsiz olaraq ədəbiyyat mühitində, filologiya fakültələrində keçib. Ədəbiyyatın həm bədii, həm də elmi tərəfi ilə məşğul olmaq mənim üçün yaşamağın özüdür, var olmağın mənasıdır! Yol davam edir”
“Ədəbiyyat və incəsənət”
(15.09.2023)
Azərbaycan ilə İƏT arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifovanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibinin humanitar, mədəniyyət, ailə və sosial məsələlər üzrə müavini Tariq Əl Bəxit ilə görüşündə tərəflər arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.
AzərTAC təşkilatın Baş katibliyinə istinadla xəbər verir ki, görüş əsnasında Azərbaycan ilə İƏT arasında mədəni əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığın inkişafı üzrə yeni layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər qeyd ediblər ki, Azərbaycanda bu sahədə təşkil ediləcək müxtəlif tədbirlər, o cümlədən İslam ölkələri nümayəndələrinin iştirakı ilə İƏT-in Mədəniyyət Festivalı əlaqələrin inkişafında mühüm mərhələ olacaq.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
“Ədəbiyyat və incəsənət”
(15.09.2023)
Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə sənəd qəbulunun vaxtı uzadılıb
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə sənəd qəbulunun vaxtı uzadılıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Məlumatda bildirilir ki, kinematoqrafiya sahəsində fəaliyyət göstərən müstəqil prodüser mərkəzləri və digər hüquqi şəxslər tərəfindən dövlət sifarişi ilə istehsal olunacaq filmlər, kommersiya filmləri, müəllif (sənət) filmləri, debüt və tələbə filmləri kateqoriyaları üzrə layihələrin təqdim edildiyi müsabiqədə layihələrin qəbulunun sentyabrın 15-dək aparılması nəzərdə tutulmuşdu. Lakin ölkədə bu miqyasda müsabiqənin ilk dəfə keçirildiyini, iştirakçılar tərəfindən keyfiyyətli film layihələrinin hazırlanması üçün müəyyən zaman tələb olunduğunu, kino fəaliyyəti ilə məşğul olan daha çox hüquqi və fiziki şəxslərin proseslərə cəlb olunmasının milli kino sənayesinin inkişafı baxımından əhəmiyyətini nəzərə alaraq, müsabiqənin birinci mərhələsinin (layihələrin qəbulu) oktyabrın 1-dək uzadılması qərara alınıb. Müsabiqənin şərtləri və layihələrin təqdim olunması ilə bağlı tələblər barədə daha ətraflı agentliyin rəsmi saytından məlumat əldə etmək olar.
Qeyd edək ki, dövlət tərəfindən kino sahəsinin inkişafının dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən bu il iyul ayının 18-də film layihələri müsabiqəsi elan olunub.
“Ədəbiyyat və incəsənət”
(15.09.2023)
“Ozan dünyası” jurnalının yeni sayı işıq üzü görüb
“Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin nəşri olan “Ozan dünyası” jurnalının yeni sayı işıq üzü görüb.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə jurnal Xalq şairi Zəlimxan Yaqubun bu böyük şəxsiyyətə həsr etdiyi “Əbədiyyət dastanı” poemasından bir parça ilə açılır.
Oxucular bu sayda görkəmli dövlət və ictimai xadim Həsən Həsənovun ustad aşıq Hüseyn Saraçlı ilə bağlı xatirələri, hazırda Türkiyədə fəaliyyət göstərən elm adamı Afina Barmanbayın “Şair Ağacan və “Türkiyə səfəri”nin üç variantı”, araşdırmaçı jurnalist Kənan Aydınoğlunun “Aşıq Şəmşirdən ustad Şəmşirə qədər yol”, aşıq Atlıxan Alxanovun “Xatirələrdə yaşayan laçınlı Aşıq Şakir” adlı məqalələri, şair-publisist Əkbər Qoşalı ilə müsahibə, eləcə də ustad aşıq və sazbəndlərlə bağlı digər yarılarla tanış ola biləcəklər. Jurnalda həmçinin poeziya nümunələrinə də yer ayrılıb.
Jurnalın baş redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
“Ədəbiyyat və incəsənət”
(15.09.2023)
Sabah “Leyli və Məcnun” yenidən Bakı Marionet Teatrında nümayiş olunacaq
Sabah - sentyabrın 16-da, eləcə də ayın 23 və 30-da yeni teatr mövsümündə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Marionet Teatrında “Leyli və Məcnun” tamaşası növbəti dəfə nümayiş olunacaq.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru və rəssamı Tərlan Qorçu, musiqi aranjimançısı Salman Qəmbərov, kukla ustası Tengiz Xalvaşı, işıq işləri üzrə rəssam Azər Muxtarov, səhnə qurğularının müəllifi İlkin Mirzəyevdir.
Tamaşa ürkək, vəfalı və dünyalara sığmayan bir eşqin taleyindən bəhs edir. İki gənc Leyli və Məcnun bir-birini canından artıq sevsələr də, bu dünyada arzularına qovuşmaq onlara nəsib olmur. Klassik Avropa ədəbiyyatının Tristan və İzolda, Romeo və Cülyetta kimi obrazlarının Leyli və Məcnun ilə birbaşa analogiyası da diqqət çəkir.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(15.09.2023)
Bazar günü “Göyçək Fatma” Şuşa Teatrının səhnəsində oynanılacaq
Sentyabrın 17-də Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün Azərbaycan xalq nağılı “Göyçək Fatma”nın motivləri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.
Qeyd edək ki, tamaşada bütün hadisələr Fatmanın anası öldükdən sonra baş verir. Ögey ana yetim Fatmanı sevib əzizləmək əvəzinə onu amansız şəkildə istismar edir.
Fatma isə saflığından və sadəliyindən əl çəkmir. Sonda Fatma heç ağlına da gəlmədiyi bir anda ölkə şahzadəsi ilə ailə qurur. Şifahi xalq ədəbiyyatı nümunələrindən biri olan “Göyçək Fatma” nağılının da insanlara vermək istədiyi mesaj ondan ibarətdir ki, dünyada heç vaxt pislər qalib gəlmir. İnsanın qəlbinin təmizliyi isə onu ən uca və ali təbəqələrə qaldırır.
“Ədəbiyyat və incəsənət”
(15.09.2023)
Bu gün son gündür
Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-un, onun nəzdində yaradılan Türk Dövlətləri Yazarlar Birliyinin, UNESKO-nun və Avrasiya Yazarlar Birliyinin dəstəyi ilə Azərbaycan da daxil olmaqla türk dünyasının 30-dan çox türk xalqları arasında "VII Beynəlxalq Kaşqarlı Mahmut hekayə müsabiqəsi" keçirilir.
TÜRKSOY-un Baş Katibi, qırğızıstanlı yazıçı Sultan Rayev müsabiqənin türk dünyası ədəbiyyatı nümayəndələri arasında daha istedadlı qələm adamlarını aşkar etmək və onları dünyaya tanıtmaq məqsədilə keçirildiyini qeyd edib.
Qeyd edək ki, müsabiqə Türkiyə Cümhuriyyətinin quruluşunun 100, TÜRKSOY-un yradılmasının 30 illiyinə həsr olunub. Müsabiqənin mövzusu sərbəstdir. Hekayələrin qəbulunda bu gün - sentyabrın 15-i son gündür.
İndi isə mükafat fondu barədə:
Birinci yerin qalibi 35 min, ikinci yer 25 min, ücüncü yer 20 min Türk lirəsi ilə mükafatlandırılacaq. 10 min türk lirəsi isə bir nəfər fərqlənənə həvəsləndirici mükafat kimi veriləcək.
Qaliblərin müəyyənləşdirilməsi oktyabrın 1-də, beynəlxalq mükafatlandırma mərasimi isə dekabrın 4-də Ankarada keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(15.09.2023)
Bu gün Kukla Teatrı 92-ci mövsümə start verir
Azərbaycan Dövlət Kukla Teatrı özünün 92-ci teatr mövsümünə bu gün start verir.
Bugünkü “Bilik günü”ndə balacalar teatrın yepyeni səhnə nümunəsini – “Melisa” adlı (rejissor S.Haqverdiyeva) maraqlı tamaşanı izləyəcəklər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ilin sonunadək daha iki tamaşanın hazırlanacağını deyən teatr rəsmiləri kollektivə beynəlxalq festivallara dəvətlər ilə bağlı ünvanlanan çoxsaylı məktublar barəsində məlumat veriblər.
Tamaşaların hazırlanması, teatrın saxlanması üçün mövcud bazar qiymətləri nəzərə alınaraq bilet qiymətinin 5 manat müəyyən edildiyini və artıq sentyabr ayından etibarən bilet satışının İticket vasitəsilə olunduğunu da diqqətə çatdırıblar.
“Ədəbiyyat və incəsənət”
(15.09.2023)