Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə sənəd qəbulunun vaxtı uzadılıb

 

Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə sənəd qəbulunun vaxtı uzadılıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Məlumatda bildirilir ki, kinematoqrafiya sahəsində fəaliyyət göstərən müstəqil prodüser mərkəzləri və digər hüquqi şəxslər tərəfindən dövlət sifarişi ilə istehsal olunacaq filmlər, kommersiya filmləri, müəllif (sənət) filmləri, debüt və tələbə filmləri kateqoriyaları üzrə layihələrin təqdim edildiyi müsabiqədə layihələrin qəbulunun sentyabrın 15-dək aparılması nəzərdə tutulmuşdu. Lakin ölkədə bu miqyasda müsabiqənin ilk dəfə keçirildiyini, iştirakçılar tərəfindən keyfiyyətli film layihələrinin hazırlanması üçün müəyyən zaman tələb olunduğunu, kino fəaliyyəti ilə məşğul olan daha çox hüquqi və fiziki şəxslərin proseslərə cəlb olunmasının milli kino sənayesinin inkişafı baxımından əhəmiyyətini nəzərə alaraq, müsabiqənin birinci mərhələsinin (layihələrin qəbulu) oktyabrın 1-dək uzadılması qərara alınıb. Müsabiqənin şərtləri və layihələrin təqdim olunması ilə bağlı tələblər barədə daha ətraflı agentliyin rəsmi saytından məlumat əldə etmək olar.

Qeyd edək ki, dövlət tərəfindən kino sahəsinin inkişafının dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən bu il iyul ayının 18-də film layihələri müsabiqəsi elan olunub.

 

“Ədəbiyyat və incəsənət”

(15.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.