Ramil Əhməd 29 yaşında fəlsəfə doktoru oldu!

 

Gənc yazar Ramil Əhməd İstanbul Universitetində “Türkiyədə Yaradıcı Yazarlıq Təhsilinin Estetikası və Pedaqogikası” adlı doktorluq dissertasiyanı uğurla müdafiə edərək 29 yaşında fəlsəfə doktoru olub. 

 

“Ədəbiyyat və incəsənət” portalı Ramil Əhmədə istinadən xəbər verir ki, bununla da o, Türkiyədə yaradıcı yazarlıq mövzusunda doktorluq işi yazan ilk müəllif olub. 

Ramil Əhməd sevincini bu cür bölüşüb: 

“Sevinirəm ki, dünyanın özü üçün də çox yeni olan bir sahə haqqında doktorluq işini İstanbul Universiteti kimi nüfuzlu bir ali ocaqda müdafiə etdim. Dildə “akademiyada ilk dəfə” demək asandır, ancaq bilənlər bilir ki, önündə model olmayan bir sahə haqqında ilk PhD tezisi etmək məşəqqətli bir prosesdir. Həm yazmaq, həm də hipotezini müdafiə etmək...

2018-ci ildən çıxdığım bu yolda yanımda olan elmi rəhbərim Prof. Dr. Mehmet Samsakçıya dərin təşəkkürlərimi ifadə edirəm. 

Müdafiə komissiyasında yer alan Türk dili və ədəbiyyatı bölmünün başqanı Prof. Dr. Ali Şükrü Çoruk, Doç. Dr. Ürün Şen Sönmez, Doç. Dr. Zeynep Kevser, Dr. Şerif Eskin hocalara dəyərli şərhləri, fikirləri üçün təşəkkür edirəm. 

Bundan başqa bu uzun yolda yanımda olan, dəstəkləyən bütün dostlara, doğmalara təşəkkür edirəm! Bir-bir ad saysam çox uzun bir siyahı olar, hamınız var olun!

Həyatımın son 12 ili (2011, BDU) fasiləsiz olaraq ədəbiyyat mühitində, filologiya fakültələrində keçib. Ədəbiyyatın həm bədii, həm də elmi tərəfi ilə məşğul olmaq mənim üçün yaşamağın özüdür, var olmağın mənasıdır! Yol davam edir”

 

“Ədəbiyyat və incəsənət”

(15.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.