Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət"
Bu gün portalımızın Qonaq otağında mən Nigar Həsənzadə sizləri aktyor,
qiraətçi Əliağa Hüseynliylə görüşdürürəm.
-Hörmətli Əliağa bəy, özünüzü qısa olaraq təqdim edərdiniz. Və ilk sual olaraq mənə maraqlıdır ki, aktyor kimi hansısa obrazınız sizin daxili aləminizi əks etdiribmi? Yaxud belə bir hal olmayıbsa da, gələcəkdə hansı tipli bir obraz canlandırmaq təklifi gəlsə, qəbul edərkən “bu obraz tam məni əks elətdirir” deyərdiniz?
-Müsahibə təklifi üçün portal rəhbərliyinə və həm portalın əmıkdaşı, həm də “Orenda” Yazarlar Birliyinin sədri olaraq sizə, Nigar xanım, çox təşəkkür edirəm.
Özüm haqqında onu qeyd etmək istəyirəm ki, 1987-ci ildə Sabirabad rayonunda doğulmuşam. Orta təhsilimi Bakı şəhəri Xətai rayonu 88 saylı məktəbdə almışam.
İncəsənətə olan sevgim uşaq vaxtlarından var. Orta məktəbdə oxuyarkən kiçik səhnəciklər qururdum. Həmçinin poeziya tədbirlərində hər zaman fəal olmağa çalışmışam. Sadəcə orta təhsilimə gec başladığım üçün universitetim yarım qaldı və çox vacib bildiyim hərbi xidmətə getdim.
Hörmətli Nigar xanım, sizin kino haqqında sualınıza cavab olaraq bildirim ki, kino mənim həyatımda ayrılmaz bir yerdədi. İlk ekran işim Xəzər TV-də “Ata Ocağı” serialına dəvətim olub. Həmçinin çox dəyərli aktyorlarla birgə rol almağım özü bir məktəb idi mənim üçün. Çəkildiyim obraz isə daxili aləmimi qətiyyən əks etdirməyib. “Ata ocağı” serialına çəkilməkdən öncə özüm də ssenarilər yazmışam, bir neçəsini həvəskar olaraq lentə almışam (Məsələn-"Gecikmiş həqiqət"- qısametrajlı filmi).
Onu da qeyd edim ki, gələcəkdə alacağım rollar yaxşı ssenarilərə bağlıdı, əgər ssenari gözəl olarsa çox sevə-sevə çəkilərəm, amma daxili aləmimi əks etdirən bir hekayə hələ olmayıb.
O ki qaldı sevdiyim janra, çox sevdiyim dram janrıdır. Obraz olaraq dram janrında gözəl bir hekayəyə dəvət olarsa, bax ona əsl MƏNLİKDİR deyə bilərəm.
-Ətraflı cavabınız üçün təşəkkür edirəm, ikinci suala keçirəm. Sizin qiraətlərinizi də çox eşitmişəm, şeiriyyatla əlaqəniz göz önündədir. Ən sevdiyiniz şair, şeir və qiraətçi kimlərdir?
-Ən sevdiyim şair Ramiz Rövşəndir. Ən sevdiyim qiraətçi həmçinin gözəl insan Xəzər Süleymanlı. Ən sevdiyim şeir isə Ramiz Rövşənin “Ölsəm bağışla" şeiridir.
-Növbəti 3-cü sualım :"Bu günə kimi eşitdiyiniz ən müdrik ifadə sizə görə hansıdır?"
-Ən çox sevdiyim müdrik söz: “Xırda nöqsanlarınıza fikir verməyin, xatırlayın ki, sizdə daha böyükləri var".
-Cavabınız yenə də məni çox qane etdi, fikirlərimiz bu cavabınızda kəsişdi. 4cü sualım: Şəxsi təcrübələriniz sizə nələri öyrədib, daha fərqli desək, həyatı necə anlaşıqlı edib sizə təcrübə yolunuz?
-Mən hələ də təcrübədəyəm, ölən günə qədər. Amma öyrəndiyim bir şey var, hər kəsi özün kimi düşünmə.
-Bəli, səmimi cavab üçün təşəkkürlər. 5ci suala böyük maraqla keçirəm. Bütün dünyaya bir dəqiqə ərzində bir ismarıc göndərsəniz nəyi deyərdiniz?
-Qəlb qırmayın.
-Və 6-cı... “Aldığımız şey mövcud olmağımızı təmin edir. Verdiyimiz şey həyatımızı yaradır“ – Uinston Çörçillin bu sözləri sizin üçün nə ifadə edir?
-Nəfəs.
-Hörmətli Əliağa bəy, cavabınızı açıqlaya bilərsinizmi, maraqlı gəldi, əminəm, oxuculara da maraqlı gələcək.
-Bəli, əziz Nigar xanım, deməli, belə izah edim ki, nəfəsi alıb var oluruq, nəfəsi vermək isə, ALLAHdan sonra yer üzündə nəfəsi valideyn övladına verir.
-Minnətdaram. Və son sualım: həyatınız bir film olsa idi, adının nə olmasını istərdiniz?
-Dözüm.
-Maraqlı cavabdır. Heç bitməsini istəməzdim maraqlı olduğu üçün, amma hər bir şeyin başlanğıcı olduğu kimi sonu da var və bu, suallarmızın sonuncusu idi.
Müsahibəniz, təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirəm.
-Mən də bir daha təklif üçün təşəkkür edirəm. Arzu edirəm ki, sizi ekranda bir verlişin aparıcısı olaraq görüm və qonağınız olum.
“Ədəbiyyat və incəsənət”
(14.09.2023)