Bu gün Böyük Aşıq Ədalətin anım günüdür Featured

 

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün

 

Bu gün türk dünyasının böyük sənətkarı, ozanı, Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi aşıq Ədalət Nəsibovun vəfatından 6 il keçir 

 

 "Qazax" Xeyriyyə İctimai Birliyinin, Qazax Rayon İcra Hakimiyyətinin Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə bu gün saat 10:30-da Qazax rayonunun Ağköynək kənd qəbristanlığında aşıq Ədalətin məzarının ziyarətinə başlanılıb. 

"Qazax" Xeyriyyə İctimai Birliyinin Qazax və Ağstafa rayonlarında yaşayan nümayəndələri, ziyalılar, açıqlar Dədə Ədalətin məzarını ziyarət edirlər.

 

“Qazax” Xeyriyyə İctimai Birliyinin və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ustad aşıq Dədə Ədalətin xatirəsinə hörmət əlaməti olaraq onun qəbri üzərində möhtəşəm qəbirüstü abidəsi ucaldılmışdır. Abidənin müəllifi Azərbaycanın Xalq rəssamı, tanınmış heykəltəraş, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyevdir.

Həmçinin, Xaçmaz şəhərindəki Şəxsiyyətlər parkında da Xaçmaz rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Dədə Ədalətin  büstü ucaldılmışdır.

15 sentyabr 2018-ci ildə xalq izdihamı ilə ustad aşıq Dədə Ədalətin Qazaxda qəbirüstü abidəsinin açılışı olmuşdur.

 

Ədalət Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda pinəçi ailəsində anadan olmuşdur. Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır. 11 yaşındaykən Kremlin Qurultaylar Sarayında saz çalır. 1950-ci ildə Bakıya dəvət olunur. Aşıq Ədalət sazı 50-dən çox ölkədə tanıdır, saza yeniliklər gətirir.

UNESCO-da dünyanın nadir musiqi ifaçıları sırasında Ədalətin də diski buraxılmışdır. O, saza 5 pərdə, o cümlədən 7 yarımpərdə, 6 sinə pərdəsi əlavə etmişdir.

Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuşdur.

Xalq yazıçısı Mirzə İbrahimov onun haqqında demişdir: "Əgər Azərbaycan xalqının incəsənət aləmində heç bir nümayəndəsi olmasaydı, təkcə Ədalətin sazı ilə dünya mədəniyyəti meydanına çıxa bilərdik."

Türk yazıçısı Əziz Nesin isə Ədalət haqda söyləmişdir: "Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur".

O, "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz ifaçısıdır.

Aşıq Ədalət Nəsibov 14 sentyabr 2017-ci ildə 78 yaşında uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat etmişdir. 15 sentyabrda Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunmuşdur. 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.