Yekaterinburqdakı Azərbaycan Diasporunun siyasi proseslərə təsir gücü çox böyükdür Featured

 

BUNU DUMAYA SEÇKİLƏR BİR DAHA SÜBUT ETDİ

 

Yekaterinburq Yeni Dumasının spikeri Ural Federal Universitetinin sosiologiya və politologiya departamentinin 33 yaşlı direktoru Anna Qurariy olacaq. Bu barədə Rusiya mediası məlumat yayıb.

 

"Ədəbiyyat və incəsənət" portalı xəbər verir ki, bu postda Anna Qurariydən əvvəl bu ilin avqustunda “Talış-Muğan Muxtar Respublikası” adlı qondarma qurumun ildönümü münasibətilə erməni dairələrinin təşkil etdiyi təxribat xarakterli tədbirdə iştirakı ilə dövlətlərarası qalmaqalla yadda qalan İqor Volodin qərar tutmuşdu. 

Bundan əvvəl “Ural Meridian” xəbər agentliyi yazmışdı ki, bu münasibətlə Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərmiş və qubernator Yevgeni Kuyvaşevə məktub yazaraq Yekaterinburq Duması rəhbərinin açıq-aşkar təxribat xarakterli tədbirdə iştirakını pisləmişdi.

Həmin bəyanatda bildirilmişdi ki, bu addım Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlığa, habelə tərəflərin öhdəliklərinə ziddir.

Azərbaycan diasporunun tanınmış nümayəndəsi, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) vitse-prezidenti, ÜAK-ın Ural Dairə Şurasının sədri, Ümumdünya Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvü, Sverdlovsk vilayəti qubernatoru yanında Milli məsələlər üzrə Məsləhət Şurasının üzvü Şahin Şıxlinski də Azərbaycana qarşı bu təxribat hərəkətinin qarşısında sipər kimi dayanmış, ən müxtəliv vasitələrlə Volodinin düşmən mövqeyini pisləmişdi.

Bundan sonra Rusiya mətbuatı Volodinin təxribat xarakterli hadisədə iştirakının bölgə rəhbərliyinin kəskin narazılığına səbəb olduğu və Azərbaycanın Rusiyadakı səfirliyindən üzr istəməli olduğu barədə məlumat yaymışdı. Eyni zamanda qeyd olunmuşdu ki, bu qalmaqalla əlaqədar Volodin yenidən Yekaterinburq Dumasının spikeri vəzifəsinə seçilməyəcək.

Fotoda: solda Şahin Şıxlinski, onun yanında isə Yekaterinburq Yeni Dumasının spikeri Anna Qurariy.

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.