Mən kiməm?! Featured

Uraqan, “Ədəbiyyat və incəsənət”

 

Mən hər gün öz xəttim üzrə hərəkət edən avtobus sürücüsüyəm. Həyatdan o qədər bezmişəm ki, bu yolun bizi hara aparacağını hələ də dəqiq bilmirəm.

 

Mən o kəsəm ki, avtobusa minərkən işə tələsirəm. Ailəmə bir tikə çörək aparmaq üçün hər gün bu yolu gedib gəlirəm.

 

Mən o qadınam ki, avtobusa minən kimi boş yer axtarıram. Arada bir yüksək səslə deyinib "indiki nəsil çox pozulub" deyirəm. Məni insanların yorğunluğu maraqlandırmır, ayaqlarım çox ağrıyır.

 

Mən o kəsəm ki, avtobusa minən kimi ən arxadakı boş yerə əyləşirəm. Bəzən yer olmadığından qabaqda oturanda gözlərimi yumub başımı pəncərəyə söykəyirəm ki, qarşımdakı qadının deyinməsindən uzaq olum. 

 

Mən o tələbəyəm ki, pulum ancaq bu avtobusa minməyə çatır... 

 

Mən o məmuram ki, heç vaxt avtobusa minmirəm. Bu hekayədə nə işim var, hələ də dəqiq bilmirəm?!

 

Mən o dayıyam ki, qarnım yekə, başım keçəl, içi isə bom-boş. Hər gün bu oturacaqlarda siyasi söhbətlər edərək ətrafımda əyləşənləri ayıldıram. Deyilənə görə bizi massonlar idarə edir. 

 

Mən özümü hələ yeni tanımağa başlayan 15 yaşında bir yeniyetməyəm. Bu gün 4 fəndən dərsim var. Özümü tam kəşf etmədiyimdən hansı universiteti seçəcəyimdə çətinlik çəkirəm. Əsas odur ki, diplom olsun, sonrası Allah Kərimdi.

 

Mən hər gün işimə sevərək gedib gələn sadə işçiyəm. Bir dəfəsində "işimi çox sevirəm" dediyim üçün iş yoldaşlarım hələ də məsxərəyə qoyur məni. 

 

Mən o qızam ki, hər gün müxtəlif paltarlarla ətrafımdakıları cəlb etməyə çalışıram. Hərdən kimsə yaxınlaşanda özümü elə aparıram ki, guya bundan çox sıxılıram.

 

Mən də ətrafıma baxıb qaynayan qızları axtarıram. 

 

Mən mələyəm. Amma qanadımı qırıb cənnətdən qovublar. Cəhənnəmdən geri dönmüşəm.

 

Mən qarşı dayanacaqda düşən həmin adamam. Dostuma "düşərsən"-i elə deyirəm ki, bütün avtobus onun yerinə pul verdiyimi bilir.

 

Mən oğruyam. Amma insanların haqqını oğurlamıram. Onlar hər gün işə getdikcə onların vaxtını əlindən alıram. 

Mənim adım Zamandır.

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.