Bakıda dünyaşöhrətli fotoqraf Rəna Əffəndi ilə görüş keçirilib

Sentyabrın 16-da Bakıda Sevil Beynəlxalq Sənədli Film Festivalı çərçivəsində dünyaşöhrətli fotoqraf Rəna Əffəndinin izləyicilərlə görüşü keçirilib.

 

Rəna Əffəndi Azərbaycanda yeniliklərə imza atan qadın fotoqraf kimi tanınır. Onun ən gözəçarpan mövzularından biri mədəni və ətraf mühit amillərinə baxmayaraq insanların, xüsusilə də qadınların öz şəraitlərini dəyişmək uğrunda mübarizəsi ilə əlaqəlidir. Bununla bağlı görüşdə fikirlərini bölüşən fotoqraf əsasən diqqəti medianın fokuslanmadığı mövzulara çəkdiyini bildirib.

 

R.Əffəndi diqqətə çatdırıb ki, fəaliyyətində əsas məqsədi sadəcə fotolar çəkmək deyil, həm də çəkdiyi fotoların hekayələrini ön plana çıxarmaqdır. O, hər çəkdiyi fotonun bir hekayəsi olduğunu xüsusilə vurğulayıb. Belə ki, Rəna Əffəndinin bir sıra portretləri müharibədən qaçan insanların yoxsulluğunu və terroru, eyni zamanda, ölkələrindəki şiddət və iqtisadi tənəzzülü ifadə edir.

 

Rəna Əffəndi görüşdə iştirakçıları maraqlandıran sualları cavablandırıb.

 

Dünyaşöhrətli fotoqraf Rəna Əffəndi AZƏRTAC-a açıqlamasında on iki ildən çoxdur ki, Azərbaycanda olmadığını bildirib: "Bilirəm ki, buraya gələn insanlar Sevil Beynəlxalq Sənədli Film Festivalını izləyənlər, bu sahəyə marağı olanlardır. Bugünkü görüşdə onlarla görüşmək, yaxından söhbət etmək, öz işimlə bağlı verilən sualları cavablandırmaq mənim üçün çox maraqlı oldu”.

 

Qeyd edək ki, Rəna Əffəndi “Boru xəyalları: Boru kəməri boyunca həyatların salnaməsi” və “Maye torpaq” adlı iki foto-monoqrafiyanın müəllifidir. Onun fotoşəkilləri insan ruhunun qüdrətini sükunətlə şərəfləndirir, dərin empatiya hissi ilə xarakterizə olunur. R.Əffəndi Prins Klaus Fondu mükafatının laureatıdır, Fotoqrafiya və Davamlılıq üzrə nüfuzlu “Prix Pictet” mükafatının qısa siyahısına daxil edilib. Fotoqraf Davosda keçirilən Dünya İqtisadi Forumunda iki dəfə çıxış edib və Forumun Mədəni Liderlik şəbəkəsinin üzvüdür. Onun əsərləri Viktoriya və Albert Muzeyi, Saatçi Qalereyası, İstanbul Modern, Venesiya Biennali və Nyu-York Müasir İncəsənət Muzeyi kimi nüfuzlu məkanlarda nümayiş olunub. Rəna Əfəndi “National Geographic Magazine” və “Monocle” jurnalları ilə mütəmadi əməkdaşlıq edir. Onun, həmçinin “New Yorker”, “Time”, “New York Times”, “The Sunday Times” və bir çox başqa beynəlxalq media qurumları ilə əməkdaşlığı mövcuddur.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.