Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində 19 sentyabr 2023-cü ildə başladığı lokal xarakterli antiterror tədbirlərində döyüş tapşırığını yerinə yetirən zaman gizir İlham Şəmsiyev Qəhrəmancasına Şəhid olub.
“Ədəbiyyat və incəsənət” portalı “Qazax" Xeyriyyə İctimai Birliyinin Mətbuat Xidmətinin rəhbəri Səbinə Yusifə istinadən xəbər verir ki, Şəhid İlham Şəmsiyev bu gün - 20 sentyabrda doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində izdihamla torpağa tapşırılıb.
Dəfn mərasimində "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Rayon İcra Hakimiyyətinin rəsmi nümayəndələri, DİN-nin əməkdaşları, tibb işçiləri, Bakı Dövlət Universiteti Qazax filialının əməkdaşları, AYB-nin Qazax zona filialının və Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəsmi nümayəndələri, ziyalılar, media nümayəndələri, rayon ictimaiyyəti iştirak ediblər.
"Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri dəfn mərasimində iştirak edərək Şəhidin ailəsinə, doğmalarına "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovun və İctimai Birliyin üzvlərinin adından baş sağlığı çatdırıblar.
Allah rəhmət eləsin. Bir də xalqımız Şəhid xəbərindən sarsılmasın.
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)