Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
Futbol ictimaiyyəti onu Azərbaycan Premyer Liqasının ən iddialı oyunlarını idarə etməsi ilə tanıyır. Lakin futbol hakimlərinin futboldan kənarda hansı peşənin sahibləri olduqlarını, hansı maraqları və zövqləri olduqları çox zaman geniş auditoriyaya qapalı qalır. İctimaiyyət üçün qapalı olan futbol hakimlərimizin ədəbiyyatla arasının nə dərəcədə yaxın olmasından çox az adamın məlumatı olduğu üçün hər kəsə aysberq kimi görünən bu idman növünün hakimlərinin həyat və məşğuliyyətləri bir çoxumuza maraqlıdır. Məhz bu diqqət və maraq onları bizim üçün daha da sirli və dəyərli edir. Elə isə gəlin Milli Dərəcəli Hakim Kamal Umudlunu futboldan kənardakı zövq və məşğuliyyətlərini daha yaxından tanıyaq.
- Futbola və idmana olan sevginiz sonsuzdur. Bəs ədəbiyyatla aranız necədir? Hansı janrda olan kitabları sevirsiniz?
- Futbolla paralel olaraq ədəbiyyata olan marağım da az deyil. Ən çox bioqrafiya və şəxsi inkisaf, motivasiya ilə bağlı olan kitabları oxumağı sevirəm.
- Ən sonuncu oxuduğunuz kitab hansıdır?
- Ən son James Clear-in "Atomic habbits" kitabını oxumuşam. Tərcümə prosesi bütün kitabları olduğu kimi çatdırmadığı üçün kitabı öz yazı dilindən oxumağı daha çox uyğun hesab edirəm.
- Yerli, yoxsa xarici yazarların kitablarını oxumağa üstünlük verirsiniz?
- Düzünü demək olarsa, oxuduğum janrlara uyğun olaraq Azərbaycanlı yazıçıların çox kitabları olmadığına görə daha çox xarici yazarlara üstünlük verirəm.
- Sonuncu izlədiyiniz film hansı olub?
- "Last Kingdom Seven Kings Must Die". Vikinglər haqqında olan film idi.
- Bəs ən çox sevdiyiniz və sizə nəsə qatdığını düşündüyünüz film hansıdır?
- Ən çox sevdiyim film isə "V For Vendetta" filmidir.
- “V For Vendetda” filmində sizin diqqətinizi çəkən və sizə bu filmi sevdirən hansı nüanslar olmuşdu?
- Filmdə diqqətimi çəkən nüanslar çox idi. Əslində o filmin mövzusu tamam fərqlidir, lakin mənim götürdüyüm dərs bu oldu ki, bu həyatda hər zaman mübarizə aparmaq lazımdır, doğrularla yaşamaq, doğruları demək və ən əsası istədiyimiz hər şeyi asanlıq və ya çətinlik dərəcəsinə baxmadan əldə edə bilmək. İnsanda hər zaman istədiyini əldə etmək arzusu olur. Biz həmişə o arzu ilə yaşamağı bacarmalıyıq. Yəni bir şey bacarmağın yarısı onu istəməkdir. Yəni o işin asanlığının, çətinliyinin heç bir fərqi yoxdur. Bir işi ürəkdən istəyib əzmkarlıq göstərdikdən sonra o uğuru qazana bilərik.
- Musiqi zövqünüz necədir? Hansı janr musiqiləri dinləyirsiniz?
- Əslində, janr olaraq daha çox pop musiqisi dinləyirəm, amma bəzən Rap, Rock, Reggy stilində musiqilərini də dinləməyi sevirəm.
- Sizcə, musiqi ruhu qidalandırır, yoxsa insanın əsas diqqətini yayındırıb onu tamam fərqli bir dünyaya aparır?
- Birinci variant mənim təbiətimə daha çox uyğun gəlir. Musiqi ruhu qidalandıraraq insanı fərqli bir dünyaya aparır.
- Və son olaraq incəsənətin hansı sahəsində özünüzü daha yaxın hiss edirsiniz?
- İndiyə qədər heç zaman özümü incəsənətin hansısa sahəsində təsəvvür etməmişəm. Kütlə qarşısında olmağı çox da sevən biri deyiləm. Əslində hakimlik də kütlə qarşısında görülən işdir, sadəcə tək fərq özünün fanat kütlənin olmamasıdır.
“Ədəbiyyat və incəsənət”
(21.09.2023)