Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
Hərbi xidmətdə ikən onların başlarına bir hadisə gəldi. Komandir zabitlərin yerə atdığı bütün siqaret kötüklərini əsgərlərə təmizlətdirdi.
Bu hadisədən sonra:
1. Heç vaxt yerə zibil atmayan əsgər düşündü ki, "onsuz da yerə zibil atsam, mənim əvəzimdən kimsə onu yığışdıracaq."
2. Həmişə yerə zibil atan əsgər düşündü ki, "bu mənim üçün bir dərs olsun. Mənim yerə atdığım zibili niyə başqası təmizləsin?!"
3. Heç vaxt yerə zibil atmayan başqa bir əsgər heç nə düşünmədi və heç vaxt yerə zibil atmadı.
4. Həmişə yerə zibil atan başqa bir əsgər də heç nə düşünmədi və bu vaxtdan sonra da yerə zibil atmağa davam etdi.
5. Kənardan baxaraq zibilləri yığan bir əsgər hadisələri müşahidə edərək analiz etməyə başladı və yazıçı oldu. Yazıçı oldu ki, müşahidələrini bütün insanlara çatdıra bilsin. Pisi də göstərdi, yaxşını da. Zalımlardan da danışdı, xeyirxahlardan da.
Bizim necə bir insana çevrilməyimiz başımıza gələn hadisələrə görə deyil, o hadisələrə nə cür reaksiya verməyimizdən asılıdır.
Həyatınızı dəyişə bilmək üçün baxış bucağınızı dəyişin.
“Ədəbiyyat və incəsənət”
(21.09.2023)