Super User

Super User

IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı bu il eyni anda Bakı, Şəki, Lənkəran şəhərlərində təşkil olunacaq və festival sentyabrın 15-dən 22-dək keçiriləcək.

Festivala film qəbulu artıq sona çatıb. Belə ki, xarici və yerli rejissorların müəllifi olduqları filmlər iyunun 30-dək “FilmFreeway” platforması vasitəsilə qəbul edilib. Seçki komissiyası tərəfindən seçiləcək filmlər festivalın müsabiqə mərhələsində iştirak haqqı qazanacaq. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, filmlərin adları tezliklə açıqlanacaq. 

 

Qaliblər festivalın bağlanış mərasimində elan ediləcək.

Qeyd edək ki, “Sevilfest”in 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı ilə əməkdaşlığı nəticəsində festivalın ötənilki qalibi “goEast” festivalı nəzdində keçirilən “East-West Talent Lab”da iştirak haqqı qazanıb. Festivalın bu ilki yerli qalibini də xüsusi mükafat gözləyir.

 

Adını Cəfər Cabbarlının “Sevil” pyesindən götürmüş Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsilə gender məsələlərinə diqqət çəkmək məqsədilə yaradılıb.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2023)

Bazar ertəsi, 24 İyul 2023 13:00

Orxan Həsəninin “İnziva” hekayəsi

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində Nəsr saatında bu gün oxuculara Orxan Həsəninin “İnziva” adlı hekayəsini təqdim edəcəyik.

 

 

Orxan HƏSƏNİ

 

 

İNZİVA

 

Xatırlayıram, hər şeyi xatırlayıram.

İndi Mərkəzi bankın kölgəsində onu gözləyirəm – həyatımın ən gözəl anını. Yorğun şəhər mənzərələri göz vurur, naxışlı binaların solğun səhər şəfəqinə bürünən üzü, həyatın dəvətkar nəfəsi çiçək olub açılır. Bu tabloya can verən gördüklərim yox, düşündüklərimdir. Hərdən-hərdən beynimdə uçuşan-qaçışan qıvraq fikirləri ətrafımdakı əşyaların, sözlərin, hərəkətlərin yapışqanından ayırmaq, lap köz kimi qoparmaq istəyirəm, alınmır.

Yeddi aydır çöl üzü görmürəm. Əşyaların, sözlərin, səslərin, hisslərin mənə durmadan keçmişi xatırlatdığını, ruhumu zivədə yaş paltar kimi döyüb-döyüb yorduğunu gizlətməyəcəm. Bu mənim sirli-sehrli hekayəmdir və hər şeyi bilməyini istəyirəm.

Xatırlamaq səyahətdir.

Mərkəzi bankın önündə hər şeydən boş məsafə ilə ayrılmışam. Bura necə gəldiyimi siz də bilin.

Dram göz oxşayır. Prospekt yenə qələbəlikdir. Səs-küy, bir yerdə bənd almayan qıvraq ayaqlar, sağlam, gülümsər çöhrələr qəribcə dolaşır. Çıxılan və çatılan yer arasında yollar durur. Bax, keçidə burulan qadın külək olub süzüldü, nazildi, kölgə kimi qaranlığa qarışdı. Maşın siqnallarına sürtünüb sağ çıxan ətri burnumu zövqlə oxşadı. Bəyaz çantasının üzündə dolaşan, qıvrılan qırmızı naxışlar pivə bakalından qalxan qabarcıqları xatırlatdı.

İlk dəfə pivə içəndə yüngül sərxoşluğun atəşi ilə bu qazın havasına düşmüş, nəfəsini qoxlamışdım. Qaz həvəslə, məhəbbətlə səthə tələsir, köpüyün üzünə toxununca sahilə uzanan ləpə kimi çəkilib itirdi. Və mən qardaşıma deyirdim:

“Pivə bakalının dibində başqa dünya varsa, mən ona inanmaq istəyirəm”.

O dünyaya inanırdım və sonsuz ehtimal xarabalığında səyahət başlayırdı. Epitet ehtimalları boyhaboy düzülürdü. Pivə bakalının dibindən qalxan qabarcıqlar ani keçidlə durna qatarına dönürdü. Durnalar sabit kombinasiya ilə dən-dən havada qanad çalır, tələsirdilər. Quşların qayıq kürəyi qanadları havanı döyə-döyə uzun məsafələri ayaqdan salınca yorulmur, azmırdılar. Və mən qardaşıma deyirdim:

“Qaz pivə parçında aza bilərmi?”

Durna qatarını düşündükcə yeniyetməliyin daş labirintində itmiş, bizə quş şəkli çəkdirən rəsm müəllimini xatırlayırdım. Saçı başında yuvaya bənzərdi deyə, mənə elə gəlirdi, çəkdiyi bütün quşlar gecələr başında yuxulayır.

Nərmənazik, körpə qamış kimi müdafiəsiz barmaqları ilə uzun karandaşı boğur, bəyaz vərəqin üzündə ehtiyatla quş rəsmi çəkərkən hər xətti, hər hissəni anlamaq üçün onu yanlayırdıq. Bu dəm burnumdan ruhuma axan ətir beynimin qurdunu tərpədirdi. Onun çürümüş dağ alması kimi yumşaq və balaca döşləri dirsəyimə toxunur, çılpaq dirsəyimin şəffaf hissiyyatı paltarının naxışını yaddaşına yazırdı. Naxışları əlifbanın hərflərinə bənzədirdim, onun döşləri yerində durmur, öz içində yırğalanır, körpə qamış kimi müdafiəsiz barmaqları uzun karandaşı boğarkən bədəni diksinib-diksinib, əsib-əsib tərpəşirdi.

Dirsəyim yerə mıxlanmış sütun kimi qalıb naxışları oxumağa çalışırdı. Rabitəsiz hərflər sıralanır, məni oyuna salırdı. Və qardaşıma deyirdim: 

“Hər şeyin öz dili var. Mən bütün yazıları oxumaq istərdim”.

Hərflərin arasından boylanan sehrli şirə əlifba bayramından epizodlar açırdı. Hər uşağın əlində bir hərfin kağızı. Mənə düşən “Z”. Şalvarımın uzun balağı kiçik, ucu şumal ayaqqabılarımın üzünü örtüb. Canımı həyəcan götürüb. Zəngi çalıram. Nazik səs nəşə qaynağı və o səsin zingiltisi ilə açılan sonsuz, getdikcə gedilən, baxdıqca baxılan xatirə kürəsi.

Hər şey bir-birinə görünməz, nazik tellərlə bağlanıb, bilirəm. Elə buna görə yaddaşımı ələ alan xəstə vərdişin əlində yesir dolanıram. Gördüyüm, toxunduğum əşyalar mənə dinclik vermir, yaddaşımın həssas tellərinə barmaq edirdi. Dözüm ipi bir yerdə qopur. Nəhayət, qardaşımın məsləhəti ilə əşyaların, səslərin mənə heç nə xatırlatmaması üçün ata evimizə inzivaya çəkildim.

Hekayəmin əsas hissəsi beləcə başladı!

İlk günlərin əvvəlkilərdən fərqi yoxdu. Gün dünəni qovduqca nisbi rahatlığı daddım. Qaranlıq da xilasın başqa adı.

Qardaşımın qapıya qoyduğu həftəlik yeməklərdən yeyirdim.  Onun gəlişini səs-səmirsiz evin içindən, çaprayıda, nazik mələfənin altından duyur, zənbildə qidaları astaca qapıya qoyub getməsini, addım səslərinin dəhlizin qaranlıq ucunda xoş, iç isidən ahənglə kəsilib yoxa çıxmasını eşidirdim. İlk vaxtlar içində eşələnib durduğum, üstündə dönüb dolaşdığım xatirə kürəsinin əsiriydim deyə, həftəlik gəlişlər məni tanış incikliklə qarşılayır, yaddaşımı eyni ahənglə qıcıqlandırırdı.

Qaranlığın gətirdiyi sakitlik sərin-sərin bədənimi çulğadı və yaddaşım nəfəs aldı.

Üçüncü həftə heç nə düşünməmək üçün hərdən baş barmağımla qulağımı, o biriləriylə ağzımı, burnumu tutub dayandım. Nəfəssiz qalıb ölümü duyanda yaşamaqdan özgə heç nə düşünmürdüm. Hərdənsə əllərimə, ayaqlarıma qaranlıq otağın içində vərdiş axtarırdım. Alınmırdı. Hər akt məni köhnə hadisələrin cığırına salır, yorulub əldən düşüncə, ağzımdan köpük, gözümdən yaş gəlirdi.

Dördüncü həftə özümü yaddaşıma təslim buraxdım. Aclığım səhra qumu kimi sovruldu. İndi ölümə razı məhkum olub əlimi həyatdan üzmüşdüm. Barmaqlarımı bədənimə çəkəndə qabırğalarımı sayır, yanaqlarımın soluxub çənəmin biçimli uzandığını yoxlayıb duyurdum. Saqqalım uzandıqca saçım tökülürdü.

Beşinci həftə ayıldım, özümü ələ aldım, əşyalara toxundum. Çarpayıdan qalxıb ayağımı yerə çəkəndə sümüklərimin səsini eşitdim. Yedim, su içdim. Bu anlarda silsilə xəstəlik güc yığırdı, nəfəs alırdı. Bilirdim. Görüntülər qısa həyatımın gözlənilməz nöqtələrindən baş qaldırıb hücuma keçirdi və özü ilə yeni xatirə parçaları gətirirdi.

Altıncı həftə xatirələri idarə və təsnif etmək istədim. Birinci təsnifatdakılar kobud və detallı idi. Ona Oktopus deyirdim. Dəniz canlısı olan Oktopus səkkiz ayağı və elastiki bədəni ilə birinci təsnifatın xarakterinə tam uyurdu. “Oktopus” mənə həmin hadisənin gətirdiyi hissləri birə-bir yaşadır, cibində dövrün əhatəli havasını yollayıb qəlbimi oxşayırdı. Məsələn, hərbi xidmətdə atışdan sonra əlimin avtomatın qaynar lüləsinə toxunub yüngül yanması (avtomatın lüləsi çarpayının dəmirinə çox bənzərdi) hadisəsi bütün əsgərlik günlərimin qapısını açırdı. Ağrının emosiyalara təsiri əzablıydı, əziz oxucu. “Oktopus”un hər ayağı eyni dövrdə bir hadisədən yapışır, iynə kimi deşib-deşib dərinə enirdi. Beləcə bir neçə gün durmadan əsgərlik xatirələrimin izinə düşürdüm. Otağın qaranlığı gözü açıq da mənzərələri göstərincə hər xatirəni otağın bir küncünə bağışlayır, onlara toxunmamaq, incitməmək üçün otaqda barmağımın ucunda ehtiyatla gəzişirdim. Belə anlarda yaşadığım keçmişlə bu günümü heç nəyin bağlamadığını, məni keçmişə çəkən bütün iplərin bilmərrə qopduğunu duyurdum. İçində eşələnib-eşələnib durduğum özgəsinin yaddaşı idi. Hər impulsdan açılan yad qapı yad aləmə dəvətkardı. Ümidsiz canım, solğun təsəvvürlərim yabancı dünyaya alışınca özümə neçə köynək yadlaşır, bu üfüqsüz ehtimal xarabalığında kim mən, kim özgəsidir, tutmurdum. Eləcə quruya çıxan balıq kimi çarpayıda çırpına-çırpına qalırdım.

İkinci təsnifat nisbətən sakit müşayiətli xatirələrə aiddi. Buna xatirə yox, xatirə parçası deyilməliydi. İri buz qalağından qopan kiçik hissələr okeanda avara dolaşırdı. Adına şərti “Amöb” deyirdim. Anidən görünür, anidən axıb keçirdi və əsasən kobud və detallı xatirələr üçün keçid rolundaydı. Dünyanın ömrümün hansı çağındasa hiss olunmadan mənə verdiyi, sonrasa hiss olunmadan aldığı adamlar, bircə dəfə gedilən məkanlar, o məkanlarda yeyilən yeməklər, yeməklərin dadı, boşqabın naxışları, naxışların rəngi, çəngəlin ucunda qorunan mikroskopik ləkə, ləkənin bənzədiyi at başı, atın rəngi, əzələli ayaqları bir hüceyrəli, primitiv canlı Amöbə çox bənzərdi və bunlar əlaqəsiz yaddaşıma çırpılır, kənar detalları oyatmadan ulduz kimi eləcə axırdı. Hərdən-hərdən bu axışın ləzzətini də duyurdum və xoş bir təbəssümün havasından canımın buzu əriyirdi. Təbəssüm kimin idi? Kimin yanağından havalanıb yaddaşıma qonmuşdu, bilmirdim, ancaq intuisiyalarım mənə bu kiçik epizodun meyxoş dadını aydın açırdı və belə anlarda elə bilirdim gözlərimdən işıq axıb tökülür.

Yeddinci həftə başqa bir adamın yaddaşına şahidlik etdiyimi düşündüm. Təsnifatımın ikinci hissəsində görünüb çəkilən xatirə parçaları haqqında zənlə fikirləşir, detalların arxasınca əsir dolanırdım. Onu harada, kiminlə yaşadığım aşkara çıxmırdı. Demək, bəzi hadisələr yaddaşımızda bircə epizodla yuva salırmış. İşıqlı yaddaş qutusunun içində bir təbəssüm, hərdən eləcə çəngəlin ucunda unudulan mikroskopik ləkə gözləyirmiş.

Bəzən ikinci təsnifatda qarşıma çıxan onurğasız detalı əhatəli birinci təsnifatda faş eləyirdim. Məsələn, səkkizinci həftənin əvvəlində yalnız bir neçə saat ağzımda əriyən şokoladın can alan, könül oxşayan dadını yaşadım. Yaşadım, bəli və dad ayağımı yerdən kəsdi, damağıma balta çaldı, boş salafan olub otağın ağır havasında süzdüm, nəhayət, çarpayıya uzanıb qabırğalarımı saydım. Dad məni elə bir ehtirasla canına çəkmişdi ki, sinəmdən başlayıb bütün ruhumu bürüyən enerjinin altında maşın altda qalan kimi qalıb xıncım-xıncım olurdum. Birdən güc yığmış, nazik, suxarı kimi dözümsüz sümüklərimin ətrafını əzələlər bürümüşdü, üzüm kökəlib heyva kimi eybəcər şişmişdi. Dadların axtarışına çıxmaq görüntülərdən çətindir. Görüntüləri analogiyalarla aşkar etmək mümkündüsə, dadlar, xüsusən yaddaş xarabalığında avara dolaşan adamdan zəhmət və konsentrasiya istəyir. Beləcə ağızda əriyən şokolad dadı damağımdan silinib getdi və eyni zövqü almaq üçün ona yenidən qayıtmaq istədim. Alınmadı. İndi o dadı sadəcə təsəvvür edir, zövq alırdım. Doqquzuncu həftəyəcən bu dad haqqında düşündüm və özgə hadisələrin sıxlığından boğuldum.

Doqquzuncu həftənin sonunda, qardaşımın ərzaq gətirdiyi günün axşamı yaddaşım məni sərin bir xatirəyə qonaq apardı. Xatirə birinci təsnifata daxil idi. Tələbəlik illərimdə baş vermişdi. Xəstəliyin yeni-yeni ayaq açıb addımladığı ərəfələrdi. Yenicə tanış olduğum qız dostumla eləcə bu evdə görüşmüşdük. Filmə baxıb musiqi dinləyəcəkdik. Şokolad və pivə almışdım. Dişim ağrıyırdı, şokolad yemədim. O isə şokaladdan bir dişləm aldı. Beləcə filmi açmamış pivə içib öpüşməyə başladıq. Ona zəng gəldi və tezliklə məndən ayrıldı. Qızı bir daha görmədim. Geriyə yalnız dodağıma hopub büsbütün ruhumu ələ keçirən şokolad dadı qaldı.

İkinci təsnifatda qarşıma çıxan hadisə birinci təsnifatın açarı ilə faş olmuşdu. “Oktopus” və “Amöb” arasında bu əlaqəni duyunca həyata inamım artır, yaddaşımda uzanıb gedən sonsuz xatirələrin cazibəsindən ləzzət alırdım.

Onuncu həftə xatırladığım hadisələri sabit saxlamaq haqqında düşünürdüm. Xəstəliyi ancaq onunla barışıb məğlub edərdim, əziz oxucu. Həyatımı ikinci dünyada, içimdə bir aləmdə at kimi çapıb yorurdum deyə, otaqdakı əşyalarla xatirələri birləşdirməyə, əlaqəyə can atdım. Xatirələri yaddaşımın təsadüfi ixtiyarına buraxmamalı, havada ora-bura uçan ağcaqanad intizamına rəvac verməməliydim. Yolu özüm çəkməli, o yolda özüm daban döyməliydim. Otaqdakı əşyaların sayı çox deyildi. Hər halda, xatirələrin qanadı yığılacaqdı.

Məxməri üzlüklü divan, keçi buynuzu kimi divanın sağ-solunu tutan kreslolar, eləcə uzanıb qaldığım çarpayı, divarın içinə biçimli keçən şkaf, üzərində vərəqlər yığılı iş masası, kitab rəfi, qapı, qızılı naxışlı divar üzlüyü, çilçıraq, jurnal stolu, yemək masası, onu əhatəyə alan stullar, çarpayının sağında komod, komodun üzərində güldan, təqvim, divarda bir neçə rəsm gözə dəyirdi. Əşyalara baxdım. Uşaqlığımın parlaq və sehrli, tez-tez yaddaşıma qonan “Oktopus” xatirələrini divardakı rəsmlərə köçürdüm. Heykəl kimi şəkillərə zillənib xatirələrdə dolaşdım. Beynimdə biçim verdim, yol çəkdim, sahmana saldım. Bir zaman analogiya qapısı taybatay açıldı və əlaqənin yumşaq əlləri sıxıldı. İndi uşaqlığımın aydın xatirələrini bu rəsmlərdən özgə heç nəyin oyatmamasına inanacaqdım. Bəli, indi Əlifba bayramının zəng səsi rəsmlərdən oxunurdu. Oyanmaq, dünyaya şahidlik etmək həvəsim, daha çox televizora baxmaq, gecələr küçələri gəzmək arzum anamın “yatmaq əmri” ilə sonsuz ümidsizliyə gömülürdü. Beləcə çarpayıda uzanır, gözlərimi qapayıb başqa həyat arzumu daş kimi düşünə-düşünə cilalayırdım.

Bəzən baş verməyənlər də xatirəyə çevrilir.

Kitab rəfi mənim üçün yeniyetməlik dövrümün açarına döndü. Utanclarım, yetkin hisslərimin bərpası, bədənimdəki fiziki dəyişikliklər, sinəmdən, qasığımdan, qoltuğumdan çıxan tüklər, dərslərimi yaxşı oxumaq, özümü sübut etmək, hərdən-hərdən adamlardan qaçmaq və hərdən-hərdən onlara isti münasibətimin kitabını rəfə bağışladım. Rəsmxət müəlliminin üzünü indi ancaq üçmərtəbə rəfə baxanda aydın görür, yalnız ağıldan nüfuz alıb forma qazanan taxtaya toxunanda döşlərinin yumşaqlığını duyurdum. Bu dəm mənə elə gəlirdi ki, paltarındakı naxışları oxuyuram. Sinif kitablarımdakı fotolar, yazılar, rəqəmlər də rəfin illüziyalara qarışmış cizgilərindən forma alıb canlanırdı.

Komodun üzərində arxayın-arxayın gözləyən güldan gəncliyin nigaran çiçəyi idi. Güldanın dibində su vardı, ancaq içindəki çiçəklər plastikdi. Plastik çiçəklərin qıvrımları, əsl gülə bənzəmək arzusu gəncliyin kimsə olmaq, sağlam, qayğısız, həvəsli kimliyə bürünmək istəyinə çox bənzərdi. Güllərin zoğu, onu əhatəyə alan sarmaşıqlar, tikanlar iş axtarmaq, pul qazanmaq, karyera qurmaq ehtirasının mürəkkəb kombinasiyasına dönmüşdü. Mən sarmaşıqların yoluna düşüb tikanlı zoğa dolanır, iş axtarıb-axtarıb tapa bilmədiyim günlərin havasını və təəssüfünü üzümdə duyurdum.

Burada, bu yarıqaranlıq otaqda gün dünəni qovduqca həyatımın ən xoşbəxt gününu su kimi içib bitirdiyimi düşünürdüm. Hansı gün idi o? Mərkəzi bankın önündə, dəqiq. Bəs sonra? Dumandan, müəmmadan çıxıb üzərimə yüyürən detalları kağız ev kimi birləşdirməliyəm. O günü şkafa bağışladım. Mərkəzi bankın önündə onunla görüşdüyüm gün büsbütün sıralandı. Bu xatirə haqqında həmişə düşünmürəm, yalnız xüsusi anlarda.

Beləcə otaqdakı əşyaları həyatımın bir dövrünə bərabər tutdum. Kənar, yad detalların yaddaşıma barmaq etməyəcəyinə inanırdım.

Üç həftə günlərim xoş keçdi, sevindim və üzümü nə qədər ovxalasam da, səfeh təbəssüm silinmədi. Sağaldığımı duyur, həyatımda hər şeyin yerbəyer olduğunu düşünürdüm. Əlimi atanda tutduğum hadisələrin əzabını çəkmirdim. Kürə dairəyə çevrilmişdi. Çevrənin sərhədlərini tanıyırdım. Bu müəmma yolu ayaqdan salmaq deyildi, harada dayandığını bilməkdi.

On dördüncü həftə yeni bir xatirə ilə tanış oldum. Üç həftə ərzində bu xatirə haqqında qəti düşünməmiş, onu heç bir əşyanın adına yazmamışdım. Uşaq vaxtı qonşumuz Səfurə xalanı qorxutmuşdum. Küçə itləri məhəlləmizi ağzına almışdı deyə, axşamüstüləri küçəyə düşmür, eləcə həyətdə dolanırdım. Lakin həmin gün uşaqların iştahalı səsi məni təklik oyunlarımdan qopardı, küçəyə çıxdım. Səsə doğru gedir, əyləncə atəşi ilə odlanırdım. Bu vaxt küçə itlərindən biri hürdü, ürəyim balıq kimi akvarium bədənimdən atlanıb çıxmaq istədi. Qaçaraq Səfurə xalagilin həyətinə soxuldum. Bəlkə də, itin hürüşündə gizlənən tanışlıq, dostluq arzusu idi, bilmirəm və heç vaxt bilməyəcəm.

Səfurə xala alaçığa çıxıb atəşli, gərgin üzümdən və səsimdən anidən çalaya düşən kimi vakuuma düşdü. Çox yəqin, əsgərlikdə olan oğlundan bəd xəbər gətirdiyimi düşünmüşdü və əlini sinəsinə tutub nəfəsini itirdi. Tirtap yerə yıxıldı. O ölməyəcəkdi, sonradan biləcəkdim, lakin həmin vaxt öldüyünü düşündüm və özümü küçəyə atıb birbaş evə qaçdım. Uzanıb hər şeyin bitməsini, polislərin məni aparmasını gözlədim. Heç kim gəlmədi. Bircə səhəri günü məhəllədəki bütün itləri güllələdilər. Barıt qoxusu günlərlə burnumdan çəkilmədi.

Qoxular, görüntülər, hisslər! Gerçək “Oktopus” xatirəsi. Nə etməliydim?

Dolu qab su götürmür.

Düz bir həftə otaqda boyhaboy girinc dolaşdım. Nəhayət, on beşinci həftənin əvvəlində divardakı rəsmlərdən birinə gözüm sataşdı. Rəsmdə səma və sarı zəmi uzanırdı. Zəminin ortasında yaşıl dəyirman parlayırdı və masmavi səma nazik xətlə zəmidən ayrılır, çərçivənin arxasında – başqa bir aləmdə davam edirdi. Anidən başımı yana əydim. Mənanın laxladığını ilk həmin an duydum. Rəsmi yerindən çıxarıb tərsinə asdım. İndi dəyirmanı saymasaq, masmavi səma dənizə, sarı zəmi günəşin şəfəqinə bənzəyirdi. Rəsmə dəniz gəlmişdi. Nə xoş! Yeni xatirəmi bu yeni məna ilə cüt düşünə, uyğunluq ipinə düzə bilərdim. Bircə həyatın içində özgə şeylər xatırlatmasın!

Gələcək həftələrdə əvvəl aşkarıma çıxmayan yeni xatirələr ilə görüşdüm. Əşyaların yerini dəyişmək, onlara yeni şeylər əlavə etməklə yer açdım. Məsələn, komodu yan üstə aşırdım. Güldanın içindəki plastik çiçəkləri çıxarıb jurnal stolunun üzərinə düzdüm. Yemək masasını yerdən tərsinə qoydum, ayaqları yuxarıda qaldı və stolları da onun üzərinə. Hər xatirə otaqda yeni dəyişikliklər yaradır, nə varsa, tanınmaz olurdu. Divar kağızına yeni şəkillər çəkdim. Ətrafımdakı əşyalar nə qədər zəngin və biçimli olacaqdısa, bu mənə dinclik fürsəti bağışlayacaqdı. Heç nə olduğu kimi görünməməli, özündə məna yozumları daşımalıydı.

İyirminci həftə otağın divar kağızları qopmuş, stolları parça-parça olmuşdu. Çilçıraq qırılmış, plastik çiçəklərin ləçəkləri yolunub otağın içinə səpilmişdi. Jurnal stolunun ayaqlarını da qoparıb yemək stolunun ayaqları ilə eyni küncə atmışdım. Ayaqları birləşdirib otağın ortasında müxtəlif yazılar yazır, hərflər, rəqəmlər çəkirdim. Rəfdəki kitabların vərəqləri ya cırılmış, ya da yandırılmışdı. Bircə salamat şkaf qalmışdı. Nə etməliydim?

Düzü, şkafa toxunmağa ürəyim gəlmirdi. Həyatımın ən gözəl gününə yoldaş xatirə tapmaq istəmirdim.

İyirmi beşinci həftə otağın içində adamlar dolaşır, xatirələr canlı-qanlı oynayırdı. Bəzən qorxur, bəzən həvəslə izləyirdim və hərdən baş verənlərə mane olub, keçmişi dəyişmək üçün dolanırdım. Alınmırdı. Hadisə hadisəni, görüntü görüntünü qovurdu. İtlər otağın içindəcə məni təqib edirdi, yolumu kəsir, küncə sıxırdılar. Əllərimi açıb mərhəmət diləyirdim və birdən itlərin bəyaz dişi böyük dağların qarlı zirvəsinə dönürdü, üşüyürdüm, az qalırdı dişlərim bir-birinə dəyib şaqqıldasın. Qarlı dağların bəyaz zirvəsi öz bəyazlığını ağ kağıza çevrirdi, kağızda yazılar yazılırdı, yazılan ilan kimi qıvrılıb dil çıxarırdı, zəhər saçırdı və hər şey durmadan forma dəyişir, yaddaşımı slaydlarla açırdı.

Təxminən iki həftə hallüsinasiyalar içində dolaşdım və ölmək istədim. Başım büsbütün keçmiş dünyanın macərasına qarışdığından yuxu ilə gerçəyi ayırd edə bilmirdim və ölüm fürsəti sürüşüb əlimdən çıxırdı. Tamam-kamal hislərin əsiri olmuşdum. Ayların günlərin hesabını itirmişdim. Komodun üzərindəki təqvimi də kitablarla birgə yandırmışdım.

Nəhayət, gözüm şkafa ilişdi.

Əzizi oxucu, hekayəmin sonuna gəldiyinizi bilirsiniz. Beynimin ani sakitlik yaşadığı, hallüsinasiyalardan yaxa qurtardığı məqamda ehtiyatla qalxıb şkafı yanladım. Sümüklərim ağrıyır, uzanan saqqalım sinəmin tüklərinə ilişirdi. Başımda qopan şiddətli ağrı boynumdan aşağı dalğa-dalğa yayılır, ta dabanlarımacan yol çəkirdi. Ona toxunmaq həyatımın ən gözəl gününü ovcuma yığmaqdı, əziz oxucu. Dəstəyi çəkib qapısını astaca araladım. Yarıqaranlıq otağın içinə şkafdan süd kimi bəyaz işıq süzülüb axdı. Ayağımı güclə aralayıb şkafın içinə girdim.

İndi Mərkəzi bankın önündə onu gözləyirəm – həyatımın ən gözəl anını. Yorğun şəhər mənzərələri göz vurur, naxışlı binaların solğun səhər şəfəqinə bürünən üzü, həyatın dəvətkar nəfəsi çiçək olub açılır. Bu tabloya can verən gördüklərim yox, düşündüklərimdi.

Bura necə gəldiyimi siz də bilin. Prospekt yenə qələbəlikdir...

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2023)

 

                                     

 

Bazar ertəsi, 24 İyul 2023 12:45

Rəsm qalereyası: Nəvai Metin, “Qara dəniz”

Rəsm qalereyası: Nəvai Metin, “Qara dəniz”

 “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.

Bu dəfə mövzumuz beş ən mükəmməl motivasiya təlimi barədədir.

                 

Bütün əvvəlki hissələrdə uğura aparan konkret yollardan bəs etdikcə özümüzə əxz edə bildik ki, 1) «Hər şey arzulamaqdan başlayır»; 2) «Uğura doğru getməkçün mütləq özündə möhkəm xarakter formalaşdırmalısan»;  3) «Sizə maneçilik törədən axmaq vərdişlərdən mütləq yan qaçmalısınız»; 4) «Məqsədə doğru iləriləyərkən ən kreativ üsullardan istifadə etməlisiniz»; 5) «Kifayət qədər gödək olan ömrü dəyərli yaşamaqla, dəyərsiz işlərə vaxt ayırmamaqla bir qədər uzatmalısınız».

Mən niyə məhz bu beş şərtlərin adını çəkdim? Çünki bu şərtlərlə bağlı ən mükəmməl hesab etdiyim motivasiya təlimlərini sizin diqqətinizə çatdırmaq istəyirəm ki, bunlar da Barbara Şer, Riçard Vaysman, Devid Şvarts, İrina Xakamada və Den Valdşmidtə məxsusdur.

Bacardığınız qədər hər bir frazaya diqqət etməyi sizdən rica edirəm. Beləliklə, sıra ilə Barbara Şerin «arzulamalarından» başlayıb ta ki, Den Valdşmidtin «6 il əlavə yaşamaq» sirrinə qədər davam edirik.

 

             Arzuları necə həyata keçirməyin Barbara Şer təlimi

 

Əlbəttə, biz hamımız müvəffəqiyyətli adam olmağa cəhd edirik, amma çox vaxt bunun üçün nə edəcəyimizi bilmirik. Tanınmış motivasiya spikeri Barbara Şerin  Enn Qotliblə birgə yazdığı «Arzulamaq ziyanlı deyil» adlı təlimi ilə tanışlıqdan hədsiz məmnun olmuşam. Belə ki, xanım Barbara arzuları həyata keçirmək metodikasını açıqlayır. Özü də o, «arzulara inan, onlar mütləq həyata keçəcək» kimi banal məsləhət vermir, «sabahkı gündən hər şeyi yenidən başla» kimi taftalogiyaya müraciət etmir. O, həyat tərzinizi dəyişmədən hər gün məqsədə, uğura doğru bir kiçik addım atmağın yolunu göstərir. Çox maraqlıdır, deyilmi?

«Arzulamaq ziyanlı deyil» - bəzən biz bu frazanı kinayə ilə, ironiya ilə işlədirik. Amma Barbara Şer isbat edir ki, arzulamaq heç də ziyan deyil, əksinə, olduqca faydalıdır. Ən əsası – düzgün arzulamaq lazımdır,  bəxtəvərlikdən göylərdə üçmaq, dünyaya sahib olmaq, xoşbəxtlik istəmək kimi mücərrəd arzulardan qopmaq, konkret olaraq nə istədiyini bilmək lazımdır.

Möcüzəyə ümid bağlamamaq, arzulara addımbaaddım çatmağın planını tutmaq lazımdır. Nizam-intizamla, şansları düzgün dəyərləndirməklə, köməyə ehtiyac olanda utanmadan kömək istəməklə siz arzunuza çatacaqsınız.

Barbara Şer arzuya çatılmasını ağır, monoton bir iş hesab edir, hamıya da arzulara məhz bu prizmadan baxmağı tövsiyə edir.

İş ondadır ki, müəllifin özünün də həyatında çox ağır dönəmlər olub. Dul qalan qadın iki övladını böyütmək üçün bir neçə il ərzində ofisiant işləyib. Hədsiz ehtiyac çəkiblər. Öz rastına çıxan çətinliklər, öz acı həyat hekayəsi onu motivasiya kitabları yazmağa vadar edib. İlk belə kitabı xanım qırx yaşında yazıb. Bu gün, 37 ildən sonra onun hesabında artıq yeddi bestsellər vardır və o, dünyanın ən yaxşı motivasiya spikerlərindən biridir.

Tam adı «Arzulamaq ziyanlı deyil. Doğrudan da, istədiyin şeyi necə əldə etməli» olan kitabın məğzi budur: «Arzuların həyata keçməsi üçün özünühipnozla məşğul olmaq, ekstrasens – falçı yanına getmək lazım deyil. Lazım olan arzuya çatmaq məsələsinin praktiki  metodikasını işləyib hazırlamaq, planlaşdıra bilmək bacarığı, özünü yeniliklərə hazırlamaq xüsusiyyəti, lazımi material və informasiyalara yol tapmaq, yeni kontaktlar qazanmaqdır».

Barbara Şerin kitabında çox dəyərli bir hissə var: həyatdan nə istədiyinizi bilmək, özünüzə yaxın olan emosional obrazı tapmaq, öz arzularınızı daha yaxşı ifadə etmək üçün 5 sadə çalışma.

Ötən günlərdə ilk çalışmalarla tanış olmuşdunuz.

Birinci çalışma.

Sizdə müsbət emosiya yaradan rəngi seçin. Bu, vacib deyil ki, ən çox sevdiyiniz rəng olsun. Rəngi seçdikdən sonra təsəvvür edin ki, həmin rəng siz özünüzsünüz. Rəngin adından mətn yazmağa başlayın: «Mən göy rəngəm. Mən səmanın və dənizin rəngiyəm. Mən də bu iki varlıq kimi azad, güclü və üsyankaram».

İkinci çalışma.

Özünüzü kəşfiyyat məqsədi ilə sizin mənzilinizə daxil olmuş xəfiyyə təsəvvür edin və xəfiyyənin gözü ilə «ilk dəfə evinə girdiyiniz adama» qiymət verməyə çalışın. O nəyə meyil edir? Hansı həyat tərzini keçirir?

Məsələn, «Bu insan mətbəx sirlərini gözəl bilir. Belə ki, onun mətbəx şkafında dünyanın ən gözəl ədviyyatlarına rast gəlmək mümkündür, o, bunlardan xörək bişirəndə həmişə istifadə edir», - kimi.

Siz xəfiyyənin adından nə yazacaqsınızsa, bu, sizin portretiniz olacaq. Özünüz barədə təəccüblü, gözlənilməz şeylər öyrənəcəksiniz.

Üçüncü çalışma.

Yaxın bir adamdan xahiş edin ki, üç dəqiqə ərzində sizin ən yaxşı keyfiyyətlərinizi söyləsin. Bunları bir vərəqə köçürün. Özü də, həmin şəxs «Sən çox ağıllısan», «Sən çox yaraşıqlısan» seriyasından olan komplimentlər səsləndirməməlidir: « Sənin çox zəngin fantaziyan var», «Sən çox nizam-intizamlı adamsan» və s. kimi keyfiyyətlər söylənilməlidir.

Bu çalışma sizə kənardan özünüzə baxmaq, öz üstün cəhətlərinizi görə bilmək üstünlüyü verəcək. Və çox yəqin ki, sizi yeni düşüncələrə və ideyalara kökləyəcək.

Dördüncü çalışma.

Özünüzün iyirmi ən sevdiyiniz məşğuliyyəti vərəqə köçürün. Bura, həm böyük vaxt aparan məşğuliyyətlər (məsələn, kino çəkilişi), həm də epizodik məşğuliyyətlər (məsələn, pəncərədən yoldan keçənləri müşahidə etmək) aid ola bilər. Yazandan sonra iyirmi punktun hər birinə bir-bir nəzər yetirin və hər birində də özünüzə sual verin: son dəfə mən nə zaman bu işlə məşğul olmuşam, bu hobbi hər hansı xərc tələb edirmi, onunla təklikdəmi, yoxsa kampaniya arasında məşğul oluram, bu məşğuliyyət ruhumunmu (məsələn, konsertə getmək), yaxud cismiminmi (məsələn, səhər gimnastikası) tələbidir.

Sonda analiz edib bu suala cavab tapın: Bu iyirmi məşğuliyyətdən hansılarını həyatınızda daimi etmək istəyərdiniz.

 

Bu günsə növbəti və sonuncu çalışma ilə tanış olacaqsınız.

 

Beşinci çalışma.

Ən xırda epizodlarına kimi öz ideal gününüzü vərəqə köçürün. Siz kiminlə və harada yaşayırsınız? Saat neçədə yuxudan durursunuz? Nə geyinirsiniz? Gün ərzində nə ilə məşğul olursunuz? Gün ərzindəki arzu və istəklərinizi də yazın. Və unutmayın ki, «Kaş ki, olaydı» ifadəsi əsil arzunu ifadə edə bilmir. Əsil arzu birinci şəxsin dilindən, özü də qəti, «olacaq» ifadəsi ilə ifadə olunmalıdır.

Öz ideal gününüzü yazdıqdan sonra arzularınızı 3 kateqoriyaya bölməyə çalışın.

1.     Sizə xoş olan, həyatınız üçün ən zəruri şeylər hansılardır? Hansı ki, onlarsız siz özünüzü havasız kimi hiss edirsiniz. Məsələn, sizə rahatlıq verən mənziliniz, sizə güc və həyat eşqi verən kabinetiniz, sizə fərqlilik, komfort gətirən avtomobiliniz və s.

2.     O qədər də vacib olmayan, amma arzuladığınız elementlər: məsələn,  eyvandan dəniz mənzərəsi, kabinetinizin pəncərəsindən güllü-çiçəkli bağın mənzərəsi və s.

3.     Sizdə olması xoş olan, amma onsuz da keçinə biləcəyiniz əşya. Məsələn, yeni IPhone modeli, əl işi olan bahalı qələm və s.

Düşünün, sizin ideal gününüzdə hansı elementlər var, hansılar yoxdur? Sizin şəxsi pazlda nələr çatışmır? Nə etməlisiniz ki, şəxsi pazl tam olsun?

Həqiqi arzuları seçib onlara qovuşmaq yolunu tapmaq, baxın, bu çalışmalardan keçir.

Bu bölmədə ən sonda nəyi qeyd etmək istəyirəm? Əziz oxucu, unutma ki, arzuya gedən yolda gərgin çalışmalar, qətiyyət və inam başlıca yer tutur.

Amma arzularınızı da mütləq korrektə edin. Sizi həqiqi yolunuzdan sapındıracaq arzularla sizi uğura aparacaq arzuları mütləq ayırmağı bacarın!

Əlbəttə ki, yaxşı arzulamaq əsla ziyanlı deyil!

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2023)

 

Yenidən mövzumuz sizlərin sağlamlığı barədədir. Sirr deyil ki, mədəni elmli və gözəl insan xalqın genfondunda əsas yer tutur. Bütün bu məziyyətlər isə sağlam yaşam tərzindən qaynaqlanır. Yəni, sağlam həyat sürən adamın beyni elmi dərk etməyə, ruhu mədəniyyəti qəbul etməyə, cismi də gözəl qalmağa rahatlıqla nail olur. Və sağlam yaşam tərzinin bir sirri də sağlam qidalanmaq, bütün vitamin və mikroekenenləri qədərincə qəbul etməkdir. 

“Ədəbiyyat və incəsənət” portalının bu dəfə açmaq istədiyi mövzuya, düşünürük ki, heç bir oxucu biganə qalmayacaq. 

 

Ölkəmizin qida əlavələri və kosmetik məhsullar bazarında son vaxtlar sensasiyalı xəbərlər dolaşır. Millət vəkili Rüfət Quliyev bir neçə dəfə bitki yağı adı altında insanlara tərkibi məlum olmayan qatqılar sırıyan, bununla da insanlarımızın sağlamlıqlarına zərbə vuran işbazları sosial qınaq müstəvisinə çıxarıb. 

Bu arada sözügedən bazara qısa müddətdə ildırım surəti ilə daxil olan, üstün keyfiyyəti və nəfis tərtibatı ilə seçilən, apteklərdə böyük təlabat duyulan “Ataşah” yağ məhsulları diqqətimizi çəkməkdədir. Hazırda bu yağlar 6 çeşiddə alıcıya təqdim olunur. 

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı şirkət rəsmiləri Paşa Məcidova və Fuad Nəsrullayevə müraciət edərək “Ataşah” yağları barədə ayrı-ayrılıqda oxucularımıza məlumat verməyi xahiş etmişdir. Və bir də, öyrənmək istəmişdir ki, niyə məhz bu yağlara alıcılar üstünlük verirlər. 

 

Həmsöhbətlərimiz bildirmişlər ki, “Ataşah” yağları ənənəvi soyuq sıxım üsulundan da irəli gedərək kriogen üsulla sıxımı həyata keçirir, bu da yağın sıxım zamanı faydalı xüsusiyyətləri tam qorumasına dəlalət edir. Bundan başqa, ölkə bazarındakı yağlarda əsas məhsula az qala yarıbayarı digər - daha ucuz başa gələn, aşağı keyfiyyətli bitki yağları (bəzən hətta pambıq yağı) əlavə edildiyi halda, “Ataşah” yağlarına üçdə bir nisbətdə keyfiyyətli zeytun yağı əlavə edilir. Və bu da yağın mükəmməlliyini təmin edir.

Paşa Məcidov və Fuad Nəsrullayev bildirmişlər ki, hazırda bazara çıxarılan 6 bitki yağı çeşidi aşağıdakılardır: 

 

Nar çəyirdəyi yağı;

Qara zirə yağı;

Üzüm çəyirdəyi yağı;

Balqabaq tumu yağı;

Çaytikanı yağı;

Kətan yağı.

 

Nar çəyirdəyi yağı

 Sağlamlığın əvəzsiz eliksiri!

 Orqanizm hüceyrələrini zərərli təsirlərdən qoruyan, ürəyin sağlamlığına kömək edən, bir çox xəstəliklərin yaranması riskini azaldan, dərinin keyfiyyətini yüksəldən, yaşlanma əlamətlərinə maneə törədən nar çəyirdəyi yağını ölkədə ilk dəfə “Ataşah” şirkəti ən son texnologiya ilə, heç bir qatqısız, 500 kiloqram xammaldan vur-tut 1 litr məhsul almaqla sizlərə çatdırır.

Bu məhsuldan necə imtina etmək olar?

 

Qara zirə yağı

 Günümüzün trendi

 Ümumi tonusu və iş qabiliyyətini yüksəldən, allergik reaksiyaları azaldan, çəkini normallaşdıran, qanda qlükozanın səviyyəsini salan, bakteriyalara, viruslara, parazitlərə, göbələklərə təsir göstərə bilən, qaraciyərin keşikçisi sayılan qara zirə yağı immun sistemini də möhkəmləndirən çox qiymətli bir vasitədir.

Stressli, viruslu dövrümüzdə bu yağ əvəzsizdir.

Təsəvvür edin ki, hətta müqəddəs “Quran” kitabında da bu yağın hədsiz faydalarından bəhs edilib.

 

Üzüm çəyirdəyi yağı

 Əsl gözəllik vasitəsi!

Tərkibində bol-bol andioksidant toplanan, ürək-damar sisteminin qüsursuz fəaliyyətinə kömək edən, yaşlanma əleyhinə güclü təsir xüsisiyyətlərinə malik olan, qida əlavəsi və kosmetoloji vasitə kimi əvəzsiz sayılan üzüm çəyirdəyi yağını soyuq sıxım vasitəsilə sizlərə əlçatan etdik.

Təki sağlam və gözəl olasınız!

 

Balqabaq tumu yağı

Kişilərin əsl dostu

Mütəmadi istifadədə immuniteti möhkəmləndirən, maddələr mübadiləsini stimullaşdıran, dərinin və saçın vəziyyətini yaxşılaşdıran, mədə göynəmələri, piylənmə zamanı hədsiz faydalı olan, qurdlarla və parazitlərlə mübarizədə analoqu olmayan balqabaq tumu yağının xüsusi bir özəlliyi də var: E vitamininin, sinkin, bioloji aktiv maddələrin bolluğu bu unikal qidanı xüsusən kişilər üçün əhəmiyyətli edir.

Kişilər, qərarı dərhal qəbul edin!

 

Çaytikanı yağı

İnsan orqanizminin havadarı

 Əbəs yerə çaytıkanı yağı ən faydalı yağlardan hesab edilmir ki? Həm həzm sisteminə kömək edir, həm iltihab, şiş və mikrob əleyhinə xüsusiyyətlərə malikdir, üstəlik, dərinin, saçların və dırnaqların sağlamlığına da müsbət təsir göstərir.

Azərbaycanın ən saf təbiətində yetişən çaytikanını toplayaraq yağını sizlər üçün əlçatan etdik!

 

Kətan yağı

Universal vasitə

Omeqa 6 və Omeqa 3-lə tam zəngin olan, ürək-damar sistemində, iltibah və əqli problemlərdə olduqca böyük faydası duyulan kətan yağı iştahanı azaldaraq arıqlamağa da kömək edir, dərinin vəziyyətini də yaxşılaşdırır, üstəlik, beynin və qan dövranı sisteminin dostu hesab edilir.

Bir sözlə, sağlamlıq üçün əsl universal vasitədir.

 

“ATAŞAH” YAĞLARI – HƏM FAYDALI QİDA ƏLAVƏSİ, HƏM TƏKRARSIZ KOSMETİK VASİTƏDİR! 

Onu şəhərin apteklərindən soruşun!

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2023)

Bazar ertəsi, 24 İyul 2023 12:00

“Yaşamaq çətindir...”

YASİN QARAYEV ŞƏXSİYYƏTİ BARƏDƏ MÜLAHİZƏLƏR

 

Rəhmətlik atası Mikayıl müəllim Şəmkir rayon Dəllər-Cırdaxan kənd orta məktəbinin direktoru olub. Müharibə qurtardıqdan sonra evə dönəndə əl barmağından yaralı gəlib. Nə qədər müalicə etdirsə də yarası sağalmayıb və nəticədə 1946-cı ilin may ayının 22-də vəfat edib. O vaxt o, hələ anadan olmamışdı. Atasının ölümündən iki ay sonra, iyul ayının 21-də dünyaya gəlsə də bibisi Nabat xanım onun doğum tarixini atasının ölüm tarixi ilə eyniləşdirərək, metirkasına 22 may 1946-cı il yazdırıb. O da ağlı kəsəndən hər iki tarixi ad günü kimi qeyd edir. 

Özündən yaşca böyük Vaqif adlı bir qardaşı olub. "Su çiçəyi" xəstəliyindən dünyasını dəyişəndən sonra anası onu da Vaqif deyə çağırmağa başlayıb. Lakin sənəddə rəsmi adı Yasin olduğundan hər yerdə bu adla tanınıb...

 

1964-cü ildə anasının istəyi ilə xarici dillər institutunun İngilis dili fakültəsinə daxil olsa da, III kursda həmin elm ocağını tərk edərək, Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. Həmin vaxtlar o, "Damğa" satirik xalq teatrının üzvü imiş. III kursa kimi anasının onun bu hərəkətindən xəbəri olmasa da bir gün onun ad gününü təbrik etmək üçün Bakıya gələndə öyrənib ki, oğlu teatr institutunda oxuyur. Onun bu qərarına bir söz deməyib...

 

Deyir ki;- “Açığı uşaqlıq illərim o qədər də ürəkaçan olmayıb. Bütün atasız, yetim uşaqlar necə, mən də elə böyümüşəm. Yaxşı yadımdadır, beşinci sinifdə oxuyanda yaşca özümdən böyük bir qıza vurulmuşdum. Dostum məsləhət gördü ki, o qızı öpsən, səni sevəcək. Tənəffüsdə keçdim qızın qabağına və əyil, qulağına söz deyəcəm, söylədim. Əyilən kimi üzündən öpdüm. O da yerə yıxıb məni o ki var çırpdı. Bilmirəm, nədənsə uşaqlıq illəri deyiləndə, yadıma o hadisə, bir də kal meyvələr düşür. Uşaq vaxtı bağçalardan o qədər meyvə oğurlayıb yemişəm ki. Tanrının mənə bəxş etdiyi bacarıq məni kəndimizin camaatının istəklisinə çevirmişdi. El şənliklərində, toyda, nişanda balaca Yasinin adı dillərdə əzbər idi. Şirin, məlahətli oxumağım, Novruz bayramında Kosa, Keçəl rollarım hamının xoşuna gəlirdi. Bu, həm də mənim ilk kövrək uğurlarım idi. Şənliklərin birində el aşığı Mikayıl Azaflı qoşmasını əzbər söylədiyimə görə alnımdan öpüb mənə xeyir-dua verdi. Bu da sənət yolumun başlanğıcında aldığım ən yüksək qiymət idi.”

 

Bəli, bu dəfə sizə Azərbaycanın teatr və televiziya aktyoru, rejissoru, "Qızıl Dərviş" mükafatı laureatı, prezidentinin fərdi təqaüdüçüsü, Xalq artisti Yasin Qarayevdən danışmaq istəyirəm. O, 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirib və 1974-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışır...

 

“Başıma maraqlı hadisələr çox gəlib. Ötən əsrin 80-ci illərində İsi Məlikzadənin "Gəl, qohum olaq" tamaşasını oynayırdım. İfa etdiyim Qarakişi rolunu çox çılğın oynadığımdan hərdən özündən getmək dərəcəsinə çatırdım. Rüsvay olmamaq üçün ürəyimdə Allaha o qədər yalvardığım anlar olub ki… 2006-cı ildə 60 illik yubileyimi dövlət səviyyəsində qeyd edirdilər. Bədbəxtçilikdən həmin gecə mənim üçün çox əziz olan bir qohumumun ölüm xəbərini eşitdim. Mən tamaşaçıları güldürməli idim. Lakin qəlbimdən dəli bir ağlamaq keçirdi. Sonralar Rza Təhmasibin dediyi Stanislavski təlimində "ölçü" hissi nəzəriyyəsini xatırladım və hər şey qaydasına düşdü. Ağılla ürəyin öhdəsindən gələndə həmişə köməyimə çatan yumruq boyda ürəyim olub. Yəqin ona görə də tez-tez sızıldayır.”- söyləyir.

 

Yarım əsrə yaxındır ki, teatr mədəniyyətimizin çiçəklənməsi üçün çalışır. Bu dövr ərzində çox dəyərli müəllimləri olub. Teatr tariximizə öz adlarını qızıl hərflərlə yazdıran- Rza Təhmasib, Müxlis Qənizadə, Səftər Turabov, Şəfiqə Axundova, Gülarə Əliyeva, Rəhilə Cabbarova və Hüseynağa Sadıqovun adlarını dilə gətirərək hər birini ustadı kimi ehtiramla yad edir. İndiyədək on beşə yaxın filmdə rol alıb, otuza yaxın tamaşada müxtəlif obrazları yaradıb...

 

Deyir ki;- “Mənə elə gəlir ki, insanın bacarmadığı şey yoxdur. Lakin etdiyini zövqlə, məhəbbətlə etməlisən. Zövq və məhəbbət isə insanın daxili məzmunu ilə müəyyənləşir. Ailəmizdə hamımız Azərbaycan mədəniyyətinə qulluq edirik. Həyat yoldaşım 25 il AzTV-də radio diktoru işləyib. Oğlum Rövşən isə çox istedadlı gəncdir- qrafist-dizaynerdir. Bəli, bu sənət mənə görmək, eşitmək, xalqın ruhuna nüfuz edib, dərdinə şərik olmaq bacarığını verdi.”

 

Yalan danışmaqdan zəhləsi gedir. Kiminləsə küsülü qalmağı xoşlamır. Dostluqda çox sədaqətlidir.

 

“Sənətdə qalmaqaldan uzaq olmağa çalışmışam. Şəxsi həyatımda isə rastlaşıb, sarsıntı keçirmişəm. Keçmiş ola. Mənim üçün dostluq iki bədəndə bir ruh kimidir. Dostu ruh özü tapır. Famil Mehdi yazır: 

 

Məni qardaş yolunda imtahana çəkməyin,

 onu təbiət verib, ürəyimə hərarət, qoluma qüvvət verib. 

Məni dost yolunda imtahana çəkin ki, çox alışıb-yanmışam. 

Dostları bu dünyada mən özüm qazanmışam.”- söyləyir.

 

Gecələr ayı seyr etməkdən və şəlaləyə baxmaqdan zövq alır. Hər ikisinə tamaşa edəndə ruhu dincəlir. Müslüm Maqomayevə qulaq asanda elə bilir ki, o, bu planetin adamı deyil. Heç kimi özünə rəqib bilmir. Sadəcə olaraq özündən öndə olanlara çatmağa çalışır...

 

Deyir ki;- “Unudulmaq ölmək kimi bir şeydir. Zənnimcə heç kim ölmək istəməz. 

“Ölüm var həyat qədər dəyərli, 

həyat var ki, ölümdən də zəhərli...”

Deyirlər ki, quş ölməzdən əvvəl oxuyur. Nə gözəl ölümdür. Belə ölməyə nə var ki?! Yaşamaq çətindir.”

 

Bəli, hörmətli aktyorumuz Yasin Qarayev doğru deyir, ölməyə nə var ki, bəzən heç bir saniyə də çəkmir. Yaşamağı bacarmaq lazımdır, nə az, nə çox- 100 il! 

Bu yerdə söhbətimi başa vurub bu günlərdə 77 yaşını qeyd etmiş Xalq artistini təbrik edir, möhkəm can sağlığı, 100 il yaşamağı arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2023)

“Ədəbiyyat və incəsənət” portalının sevilən “Ötən il bu gün” rubrikasında sizlərə Britaniyanın əfsanəvi The Rolling Stones qrupunun Paris konsertindən bəhs edəcəyik.

 

 

Əfsanə qayıdır

 

Əfsanəvi  The Rolling Stones qrupunun solisti Mick Jagger ötən il bu gün qeyd edəcəyi 79-cu doğum günü ərəfəsində şənbə axşamı Parisdə verdiyi konsertlə dünya musiqisevərləri üçün unudulmaz anlar yaşadıb. Bulon meşəsindəki Lonşan Cıdır Düzündə keçirilən konsert 1961-ci ilin payızında yaradılmış Britaniya qrupunun yaranmasının 60-cı ildönümü münasibətilə təqdim edilən yubiley turnesinin bir hissəsi olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir.

50 min nəfərlik tribunalarda qrupun pərəstişkarlarının bir neçə nəsli toplaşmışdı. Maraqlıdır ki, konsertə tamaşa edən yaşlı insanlar etiraf edirdilər ki, bu yaşımızda Mick Jagger kimi bol enerjiyə və dözümlülüyə malik olmağı arzulayırıq.

 

 

Yubiley turu

 

Cıdır Meydanında şənbə çıxışı Rolling Stones qrupunun bütün tarixi ərzində Fransada verdiyi 54-cü konserti oldu. Qrupun ilk Paris konserti 1964-cü ilin oktyabrında "Olimpiya" zalında baş tutmuşdu.

Yubiley turu iyunun 1-də Madriddə başlayıb, avqustun 3-də Berlində başa çatacaq. Fransada qrup Lionda da çıxış edib. Amsterdam və Berndə iyun ayına planlaşdırılan konsertlər Mick Jagger-in coronavirus üçün verdiyi müsbət test səbəbiylə ləğv edilmişdi.

The Rolling Stones-in konsert repertuarına onların ən məşhur kompozisiyaları daxildir: Klassika şedevrləri Paint It black və Satisfaction-dan tutmuş ta ki, sonrakı dövrlərin Midnight rambler və Ghost Town şedevrlərinə qədər.

Mütləq qeyd edək ki, Paris konsertində biletlərin qiyməti 95 avrodan 330 avroya qədər olub və satışa çıxarılandan bir neçə saat sonra tam şəkildə satılıb qurtarıb.

 

 

Fransada bayram

 

Maykl Filip (Mick) Jagger 26 iyul 1943-cü ildə Böyük Britaniyanın Hartford şəhərində anadan olub. Musiqiyə blues və rok-n-roll dəbi gətirib. Mətnlərin müəllifi, bəstəkar, vokalçı olub, 1961-ci ildə isə The Rolling Stones-un təsisçilərindən birinə çevrilib. 2021-ci ildə qrupun təbilçisi Çarli Uottsun 80 yaşda vəfat etməsinə baxmayaraq, musiqiçilər çıxışlarını dayandırmağı planlaşdırmırlar.

Hələ bəlli deyil ki, məşhur müğənni doğum gününü Fransada necə qeyd edəcək. Ola bilsin ki, bayram  Parisətrafı Turendə - ona məxsus qəsrdə keçirilsin. 24 hektarlıq ərazidə fransız bağı və parkına, tennis kortuna və Yapon havasına (süni havalandırma sisteminə) malik qəsrdə yay aylarında gəlib dincəlməyi müğənni çox sevir.

Əvvəlki illərdə də Mayklın Fransadakı bu qəsrində atəşfəşanlıqlar təşkil edilib. 2020-ci ilin yazında COVİD-19 pandemiyasının pik zamanında o, uzun müddət burada yaşamış, yeni disklərin yazılmasına vaxt ayırmışdı.

 

 

Səhnəyə əbədi bağllıq

 

Mick Jagger ser tituluna malik ən nüfuzlu britaniyalılardan biridir, bu titulu ona 2002-ci ildə kraliça II Yelizaveta verib.

Jagger-in vəziyyəti bu gün üçün 250 milyon avro olaraq qiymətləndirilir. Razılaşın ki, qocaman müğənni kifayət qədər varlı adam hesab edilə bilər.

Bir dəfə müsahibələrin birində "Səhnəyə" qayıtmağa" ehtiyacım yoxdur, çünki onu heç vaxt tərk etməmişəm", - deyə Jagger jurnalistə bildirmişdi, həqiqətən də o, səhnə ilə yaşayır, hətta çıxış etməyəndə belə özünü səhnədə hesab edir.

İnsan can qoyduğu fəaliyyətdən şöhrət və var-dövlər kimi dividendlər götürə bilirsə, nə xoş onun halına.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2023)

 

RƏSSAM NƏVAİ METİNLƏ BLİTS-MÜSAHİBƏ

 

“Ədəbiyyat və incəsənət” portalının Blits-müsahibə rubrikasının bugünkü qonağı rəssam Nəvai Metindir. 

Müsahibəni çapa Könül hazırlayıb. 

 

-Siz özünüzü necə təqdim edərdiniz?

 

-Nəvai Metin - Uluslararası Aktivist Sanatçılar Birliyinin Azərbaycan təmsilçisi. 

Birliyin rəsm komitəsi başkanı. Azərbaycan Rəssamlar İttifaqının üzvü. Və sadəcə,  Azərbaycan vətəndaşı. 

Ölkədə baş verən ictimai siyasi hadisələrə mövqeyini bildirən vətəndaş, dövətilə, xalqıyla fəxr eləyən vətəndaş. Bugün çox təəssüflər olsun ki, hər sənətçi mövqe bildirməkdən çəkinir, ya da gərək bilmir ki, ətrafında baş verənlərə münasibətini bildirsin. Bu da əslində, Azərbaycan ziyalısının mövqesizliyinə gedən yoldu və belə olmalı deyil.

 

-3-cü minillilkdə - internet əsirliyində olan insanların mədəniyyətə münasibəti dəyişibmi? 

 

-Günümüzdə insanlar internetdən tam asılı vəziyətdədir, təəssüf ki belədir. Əslində inkişaf doğru yerə aparmır insanlığı və yaxud, insanlar bu inkişafı doğru dəyərləndirmir. Hərə internetdən bir məlumat alır, onun doğruluğuna inanır və o yanlış informasiyanı yayır. Bu da cəmiyyətdə   bir ajiotaj yaradır. İnsanlar doğru yolun hansı olduğunu səhv salır və çox vaxt yanlış yola düşür. 

Və burada uduzan təbii ki, insanlıqdır, mənəviyyatdlr, sənətdir.

Bugün bu yanlış təbliğatın sayəsində insanlıq maddiyatın mənəviyyatı zorladığı intim film seyr edir, həm də sevə-sevə.  Sonunda insanlığın faciəsini görə bilmir. 

Bu baxımdan bugün gəldiyimiz nöqtə inkişaf adlanırsa, vay insanığın halına. İnsanlar sənətdən və ümumiyətlə mənəvi dəyərlədən uzaqlaşıblar.

 

-Nümayəndəsi olduğunuz incəsənət növü, yəni rəssamlıq sizcə inkişafamı doğru gedir, yoxsa tənəzzüləmi? 

 

-Yuxarıda dediyim, sadaladığım faktorlar təbii ki, sənətə də mənfi təsirini göstərir, sənəti inkişafdan saxlayır. Amma burda bir faktor da var ki, kapitalizmin bütün eybəcərliklərini sevə-sevə qəbul elədik. Və reallıqdan uzaqlaşdıq. Abstrakt rəsmlər, fantaziyalar insanları çaşdırdı. Sadə vətəndaş bilmir nəyə yaxşı desin, nəyə pis.  Realizm üslubunda rəsmə heyranlıqla baxır, amma ona yaxşı deyə bilmir, qorxur ki, ona geridəqalmış desinlər, çünki abstrakt üslubda olan rəsmlər daha çox təbliğ olunur və beləcə, rəssamlıq da ölüm yatağındadır.

 

-Yeni nə üzərində işləyirsiniz? 

 

-Təbi ki rəsmə davam. Rəsmsiz qalmaq da olmaz. Günümüzdəki problemlərdən ayılan kimi və yaxud o problemləri unutmaq üçün emalatxana ən münasib yerdi. Yeni ideyalar var. 

Son əsərlərimdən biri ustad şair Şəhriyarın portreti oldu, biri isə Elza Seyidcahanın  portreti.

Biri bizim kökümüzə, qan yaddaşımıza bağlı əsərdi. O biri isə kapitalizmin eybəcərliklərinin təzahürü. Elza xanımı qınayanlar, təhqir edənlər çoxdu bu gün, amma bir şeyi bilməlidirlər ki, istədikləri kapitalizm quruluşu budur, hələ bu harasıdır, bir azdan insanlar lüt gəzəcəklər küçələrdə  və onda Elzaya haqq qazandıracaqlar. Onu deyim ki, anlaşılmayan, yuxu məhsulu olan abstrakt rəsmlər daha təhlükəlidir, nəinki Elza xanımın hərəkətləri.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2023)

Bazar ertəsi, 24 İyul 2023 11:15

Mayk Omerdən növbəti bestseller

Kitabsevərlər üçün xoş töhfə: “Amazon bestsellerleri” buraxılışından Rusiyada – Eksmo nəşriyytatında dərc edilən növbəti kitab Azərbaycanın satış şəbəkəsinə daxil olub. Söhbət tanınmış yazıçı Mayk Omerin “Qatilin daxilində” adlanan romanından gedir.

“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, roman triller janrındadır. Profaylerdən – kriminal psixoloqdan bəhs edir roman. Bu şəxs hətta olduqca mənasiz görünən ən xırda detallardan ən hiyləgər caninin, qatilin belə obrazını yarada bilən peşəkardır.

Profaylerlər kənardan hər şeyə qadir superqəhrəmanlar kimi görünürlər. Xüsusən də, onlar qadındırlarsa. Başgicəlləndirici süjet, sonadək gərginlik və intriqa ilə səciyyələnir “Qatilin daxilində” romanı.

Xatırladaq ki, romanın ilk ABŞ nəşri 2018-ci ilə təsadüf edir.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2023)

Bazar ertəsi, 24 İyul 2023 11:00

Uraqanın “Qaranlıq pıçıltılar”ı

“Ədəbiyyat və incəsənət” portalı gənc olsa da kifayət qədər oxucu auditoriyasına malik olan Uraqanın bir nəsr nümunəsini oxucularının ixtiyarına verir.

 

Həyatın bəxş etdiyi hədiyyələr nəfəs aldıqca qarşımıza çıxmağa davam edir. Qız heç nəyi düşünmədən ruhunu ölüm laylasının çərpələnginə bağladığı zaman külək onu çox-çox uzaqlara uçurdu. Həzin meh çərpələngə bağlamış ruhunu özüylə birgə hərəkət etdirirdi. İlk başda hündürlükdən çox qorxdu, amma o, çərpələnglə uçduqca qərara aldı ki, ruhunu tamamilə ona təslim etsin. Əgər nə vaxtsa, bir yerə çırpılacaqsa, daha buna öyrəşmişdi, amma istəməzdi ki, çərpələngə bir şey olsun, sınsın, qırılsın, və ya istəmədən ona bir xətər yetirsin.

Qızın ruhu çərpələnglə uçaraq həzin mehi içinə aldıqca rahatladığını hiss edirdi. Sanki mehin ürəyinə qatdığı sərinlik beynindəki bulanıqlığı durultmaqla yanaşı, həm də ürəyindəki tozu da silib süpürürdü.

Çərpələnglə irəlilədikcə yağışın damcı səslərini eşitdi. Qısa bir müddət sonra islanmasına baxmayaraq anladı ki, indiyə kimi heç vaxt özünü bu qədər güvəndə hiss etməmişdi. Ona görə də sakitcə yağış notları ilə bəstələnən musiqidən həzz almağa başladı.

Yağışdan sonra çıxan günəş qısa bir zamanda onun əsrarəngiz göyqurşağı görməsinə səbəb oldu. Qız başını qaldırıb onu saxlayan çərpələngə baxdı. Bununla o, sanki çərpləngə nəsə deməyə çalışırdı. Fəqət özü də bilirdi ki, bu mümkünsüzdür.

Sanki bu an çərpələng onun duyğularını oxudu, demək istədiyi sözləri dilə gətirmədən qızı başa düşdü. Qadın qüruru elə bir həddədir ki, onlar hər zaman hər şeyi demək məcburiyyətində deyillər. Elə qadına yaraşan da budur. Möhtəşəm qadınlar bir işarə işarə ilə, bir jest ilə nə demək istədiklərini ifadə edirlər. Amma bu da, arifə bir işarədir.

Göyqurşağının rəngləri müxtəlif çalarları ilə yarımhalqa kimi görünürdü. Digər göyqurşaqlarından fərqli olaraq bu halqalara yaxınlaşdıqca nə gözdən itir, nə də ondan uzaqlaşmırdı. Əksinə ora doğru yaxınlaşdıqca rəngarəng halqaların üzərində kiminsə əyləşdiyini sezdi.

Çərpələng dartılaraq göyquşağına doğru yaxınlaşdıqca halqaların üzərində əyləşən və onu özünə tərəf çəkən par-par parıldayan birini gördü. Bu şəxs ipləri əlində bərk-bərk saxlayıb özünə tərəf çəkirdi. Çox keçməmiş çərpələngi rəngarəng halqaların üzərində saxladı.

Yalnız bu zaman qız anladı ki, çərpələngi uçuran parıltı daha öncə qarşısına çıxıb onunla söhbət edən həmin varlıqdır. Ona yaxınlaşıb yanında əyləşdiyi zaman qız bir xeyli heyrətləndi. Bu ki onun kitabxanada qarşısına çıxan həmin oğlan idi. Onun burada nə işi ola bilərdi?

Qızı göyqurşağının üzərinə endirsə də, o, çərpələngdən ayrılmaq istəmirdi. Axı onu buralara bu çərpələng gətirib çıxarmışdı. Buraxıb buraxmayacağından əmin deyildi.

“O, getməlidir.” Bir anda mələyin səsini eşitdi.

“Hara?” qeyri-ixtiyari olaraq üzünü oğlana çevirdi. Amma oğlan ona bir qram da olsun diqqət yetirmədi.

“Sənin kimi insanları xilas etməyə” parıltı saçan varlıq dərindən nəfəs alaraq yenidən ipi boşladı və çərpələngi havaya buraxdı. Beləcə çərpələng çox uzaqlara yollanaraq gözdən itdi.

“Burada nə işin var?” qız sual dolu nəzərlərlə dilləndi. Amma onun mənasız baxışlarından heç nə anlaya bilmədi. Oğlan üzünü çevirib qıza baxdı. Sanki ona baxarkən nələrisə ifadə etməyə çalışırdı. Çərpələngin iplərini əllərindən bir az boşlayaraq pıçıldadı:

“Balıq tuturam.”

“Dənizə tor buraxmaq əvəzinə səmaya çərpələng buraxmaqla?”

“Mənim məqsədim onları xilas etməkdir.”

“Kimdən?”

“Elə özlərindən!”

“Onları özündən niyə xilas edəsən ki?”

“Özümüzə elədiyimiz haqsızlıqları bir başqası bizə qarşı edə bilməz.” üzünü yenidən buludlara çevirib səmaya baxaraq əlavə etdi, “Biz icazə verməsək heç kim bizi üzə bilməz.”

“Amma məni çox üzdülər, ən yaxınlarım, ən çox sevdiklərim məni çox incitdi. Onlar məni sevmir. Bilmirəm”. Qızın gözləri doldu. Harada olduğunu anlaya bilmədi.

 “Biz haradayıq?”

“Mənim yanımda” – Oğlan soyuqqanlılıqla dilləndi.

“Bəs siz kimsiniz?” Qız bir anda siz deyə müraciət etdi.

O isə gülümsədi, amma cavab vermədi, sanki qızın sualını eşitməmişdi. Sakitcə əlavə etdi:

“Gedək mənimlə”

Yerindən durarkən qız da onunla birlikdə ayağa qalxdı.

“Bəs çərpələng?” Bir anda qızın ağlına çərpələngin aqibəti gəldi.

“Çərpələngi pianoya bağlayacağam. Beləcə musiqilər insanların duyğularını yansıtdıqca nə onları yalnız buraxar, nə də yıxılmağa qoymaz.”

Göyqurşağından aşağı endikdə gözlərinə çoxlu sayda güzgü göründü. Hərəsi ayrı formada, hərəsi ayrı görüntünü əks etdirirdi. Qız güzgülərin önündən keçdikcə özünü fərqli görüntülərdə görüb çox təəccübləndi.

Bəzisində çox eybəcər, bəzisində çox gözəl, bəzisində çox yaşlı, bəzisində isə uşaq kimi. Nə qədər dayanıb o güzgüləri seyr etsə də, heç birində yanındakı parıltı saçan oğlanın yansımasını görə bilmədi.

Mələk arxadan yavaşca qızın kürəyinə toxundu. Qızı ən gözəl göstərən güzgünün qabağında dayanıb qulağına pıçıldadı.

“Bu güzgülərdə olan əkslərini görürsən? Hər biri müxtəlif formada səni əks etdirir.” Nəfəsini dərdi və sözünə davam etdi, “Onların hər biri sənə baxanların gözləridir. İnsanlar səni hansı formada görürsə, o formanı alırsan. Önəmli olan odur ki, sən özünü hansı güzgüdən, yəni kimin gözlərindən baxmaq istəyəcəksən. Bax, qarşında dayanan güzgü səni dünyanın ən gözəl xanımı kimi görür və göstərir. Sən isə özün haqqında deyirdin ki, “gözəl deyildim, amma çirkin də sayılmazdım, bəs insanlar məni niyə niyə sevmir?” – Bəlkə səni sevən, hər gecə dərdinə yanan hələ qabağına çıxmayıb. Həyat isə səni o insanla görüşdürə bilmək üçün yaralayaraq hazırlayıb sənə dərs verirdi.”

Oğlan bunu deyib bir anda qızı güzgünün içinə itələdi.

Bununla o, güzgünün içinə daxil olub heç gözləmədiyi bir boyuta keçdi.

Pəncərəyə düşən işığın şəfəqləri bu otağı az da olsa işıqlandırırdı. Qız ətrafına baxdıqda küncə qısılmış bir ədəd divan, qarşılarında isə bir televizor gördü. Oğlan televizora yaxın gələrək pultu əlinə alıb onu yandırdı. Əyilərək aşağıdan bir disk çıxartdı. Diskin üzərində qızın rəsmi və onun da arxasında qaranlıq kölgə görsənirdi.

Yenidən üzünü çevirib qıza baxdı:

“Hazırsan?”

“Nəyə?” Qız anlamadı.

“Burdan o tərəfə mən gələ bilməyəcəyəm” deyərək geri çəkildi.

Heç nə demədən diski televizora qoşmağı ilə qızın həyatı bir film lenti kimi gözünün qarşısında canlandı.

Bir anda sanki hadisələri televizordan deyil, reallığın özüymüş kimi izləyirdi. Qaranlıq otaq yox olmuş, qarşısında keçmiş xatirələri canlanmışdı. Yaşamış olduğu həyatına geri dönüb keçmişinə bir daha baxdı. Yaşadığı zaman düşündüyü fikirləri onu təqib edən qaranlıq bir pıçıltı kimi eşidə bilirdi:

“Beynimi ələ keçirən qaranlıq fikirlər bir sarmaşıq kimi uzanıb, çoxalırdı. Bundan yorulmuşdum. Artıq gecələr yatmaq işgəncə halını almışdı. Sanki daima məni izləyən, arxamca gələn qara, iri bir kölgə vardı. O hər zaman arxamca gəlirdi. İndi olduğu kimi. Varlığını hiss edə bilirdim. İlk başlarda ondan qorxsam da, artıq öy-rəşmişdim.”

Beləcə, öz həyat filminin lentlərini izlədikcə anladı ki, qaranlıq kölgə elə onun özüdür ki, var. Bu illər ərzində təqib olunduğunu sandığı qaranlıq kölgə əslində onun özü, ölümündən sonrakı həyatıymış. Qaranlıq kölgə hər şeyə səbəb olan həmin günə gəlib çatdığı zaman susdu. Geri çəkilərək qızı yalnız buraxdı. Anasının “tez gəl” deməsini uzaqdan eşidərkən, sevilməyən bir övlad olduğunu düşünmüşdü. Gözlədiyi şeylər anlayış, sevgi, sayğı və bir az da qayğı idi.

Qaranlıq kölgə düşündü: “Kaş keçmiş halına qayıda və bu qıza söyləyə bilsəydi, “bir az daha səbrli ol, həyat elə birini qarşına çıxardacaq ki, sən onun varlığı üçün hər gün Allaha şükürlər edəcəksən.”

Amma təəssüf ki, kölgə qıza yaxınlaşa bilmirdi. Hər dəfə bunu demək üçün yaxınlaşmaq istəyərkən qız ondan qorxub qaçmağa başlayır və özü üçün bir hasar yaradırdı. Bu vaxta qədər o, öz qaranlığından qorxmuşdu. Öz içindəki boşluq onu daxildən məhv etmişdi.

Qaranlıq kölgə lentləri diqqətlə izlədikcə atası ilə mübahisəni, sevgisiz atasının onu necə alçaltdığını təkrar izləmək istəyirdi. Amma o anda atası ilə olan son xatirəsinin əvəzinə atasının dərd-kədərdən büzüşüb haldan-hala düşmüş simasını gördü. Atası tabutun kənarında yerə yıxılıb tabutun taxtasını sığallıyırdı. Dırnaqları ilə tabutu nə qədər caynaqlamağa çalışsa da, heç bir xeyri olmurdu. Tabutu açsadyı belə, qızını həyata qaytara bilərdimi?!

Son mübahisəsində o, ağır ittihamları eşitdiyi üçün dözmür, nəfəs ala bilmədən gözlərindən yaş axıdırdı.

Qızından eşitdiyi “sən mənim atam deyilsən” sözü atasının qulağında cingildəyirdi. Axı atası nə edə bilərdi ki, öz sevgisini qızına göstərə bilməmişdi. Bəzi insanlar hər an öz sevgilərini hiss etdirməyə çalışarkən, bir başqaları bu sevgini göstərə bilmir və ya göstərməkdən çəkinirdi. Qorxurdular ki, bunu etsələr...

Soyuq külək bir anda əsərək bütün kadrları buxara çevirdi. Vəhşi dalğaların sərtcə qayalıqlara vuraraq çıxartdığı səs gecənin ecazkarlığına mirvari bir boyunbağı ilə bəzəyirdi sanki.

“Allahım, yardım et mənə” deyərək başını qaldırıb bağırdı. Əslində o ürəyində yalvarsa da, qaranlıq kölgə qızın içindəki səsi duya bildi. Arxasında peyda olduğu zaman qız qaranlıq kölgənin varlığını hiss edirdi. Amma daha qorxmurdu.

“Yenə də burdasan?” qız dedi. Heybətli varlığı həmişə yanında idi. Heç zaman onu tək buraxmamışdı. Qızı öz qaranlığına qəbul edib bağırmağa başladı. Qaranlıq dayanmadan qıza yaşamın gözəlliyindən bəhs edirdi. Amma qız bütün bu səsləri pıçıltı kimi hiss edirdi. “Ölüm məni çağırır” deyərək özünü dənizin boşluğuna ataraq heç nə düşünmədən əbədi olaraq gözlərini yummaq istədi.

Daş qayalıqlardan tullanarkən dənizin onu qəbul edəcəyini düşünürdü. Di gəl, belə olmadı. Dəniz 2 yerə ayrılarkən qız gəldiyi yolla o boşluqda addımlamağa başladı. Bu zaman dənizin necə 2 yerə parçalandığını gördü. Qaranlıq hələ də pıçıldamağa davam edirdi. Qız sadəcə o pıçıltıları dinləmək istədi. “Səsini duymaq istəyənə bir fısıltın yetər” deyirdilər. Qız bu gün həmişə qorxub qaçdığı qaranlığı dinləməyə başladı. Yavaşca gəldiyi yolla geri addımlayaraq dayandığı uçurumun kənarındakı dənizi tərk etdi.

O, dənizi tərk etdikcə dəniz yenidən birləşməyə başlayıb bir bötüv oldu.

Bu dəfə nə o qaranlıq, nə çərpələng, nə də ki, o oğlan vardı. Qəlbi dəfələrlə ayaqlar altında qalıb əzilməsinə baxmayaraq hələ də dimdik ayaqda durmağa çalışan qızın hekayəsi idi bu. Nə olursa olsun başına gələcək hadisədə özündə güc toplayıb geri dönən qızın hekayəsi idi.

Bütün ağrıları ilə mübarizə aparacaq qədər güclü və həyatın zərbələrindən yıxılmayacaq qədər güclü idi bu qız.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.