Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Ürəyindən vurulan şəhidimizdir Ağacavad Mütəllimzadə. Mən onun haqqında danışanda "Ürəyindən vurulan şəhidimiz"deyirəm.
Tərcümeyi-hal
Ağacavad Mütəllimzadə 1997-ci il avqustun 14-da Sabunçu rayonu Maştağa qəsəbəsində doğulub. 2020-ci ildə Quru qoşunlarında xidmət edib. Vətən müharibəsində gedən döyüşlərdə savaşıb. Qəhrəman şəhid oktyabrın 22-də Xocavənddə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə", "Zəngilanin azad olunmasına görə" medalları ilə təltif edilib. Sabunçu rayonu Maştağa qəsəbəsində dəfn edilib.
Əbədiyyət adlı zirvəyə qovuşan şəhid
2020-ci ilin 27 sentyabrdan başlayan, 44 gün çəkən, qürurlandıran bu müharibə eyni zamanda da qəlblərdə sağalmayan izlər buraxmışdır. Hər şəhid xəbəri Azərbaycan xalqını sarsıtmışdır. Hər şəhərə, rayona bir gündə bir neçə şəhid xəbəri gəlirdi. 22 oktyabr da o günlərdən biri idi. Maştağa qəsəbəsinə 9-cu şəhidin gəldiyi o gün... O igid Ağacavad Mütəllimzadə idi.
Atasının sözlərinə görə o, uşaqlıqdan qabiliyyətli, tərbiyəli, valideynlərinə sevə-sevə kömək edən qəhrəman oğullarımızdan idi. Hərbi xidmətini başa vurub qayıtdıqdan sonra səfərbərlik başlamışdı və o, könüllü olaraq adını yazdıraraq döyüşə yollanmışdı. Əsgər yoldaşları daim ondan razı olduqlarını vurğulayırlar.
Biz diqqət yetirsək, görərik ki, demək olar, şəhidlərimizin hamısının mənəviyyatları zəngin idi. Qəhrəman şəhidin anası Nailə Mütəllimzadənin sözlərinə görə, mərd oğul Ağacavad da digər qəhrəmanlarımız kimi yüksək mənəvi xüsusiyyətlərə malik idi. Dosta etibarlı, sadiq, mərd idi. O, ailəsini, elini, kəndini çox sevirdi. O, hər kəsə xüsusi qayğı ilə yanaşırdı.
Mənə təsir edən cümlələrdən birisi isə anasının "mən bəlkə də təmənnasız yaxşılığı oğlumdan öyrənmişəm" cümləsi oldu. Anacan, mǝrd oğulları mərd analar böyüdür, biz əminik ki, oğullarınız həm özləri mərd formalaşıb, həm də sizin tərbiyənizdən faydalanıblar.
Mən artıq onun qayıtmayacağını bilirdim…
Anandan belə bir kəlmə də eşitdim, şəhidim:
"Çətindir, amma fəxr edirəm. Mən döyüşə kimi göndərdiyimi bilirdim. Mən bilirdim ki, o elə dostunu, dostlarını qoruyanda şəhid olacaq. O gedərkən dönüb arxaya baxanda mən artıq onun qayıtmayacağını bilirdim".
Bu kəlmələr ürəyimi yandırdı. Hamımız üçün çox çətindir. Lakin həm də çox qürurluyuq. Ağacavadın daim öndə olmaq kimi arzuları var imiş.
Şəhidim, bunu eşidəndə göz yaşlarına qərq oldum. Bu hiss mənə də tanışdı. Ailən üçün, onların yaxşılığı üçün, gələcəyi üçün daim öndə olmaq istəyi...
Gözü zirvələrdə olmuşdu…
Ağacavad Mütəllimzadə Füzuli, Laçın, Cəbrayıl, Qubadlı döyüşlərində iştirak etmişdir. Döyüş yoldaşlarının onun qardaşına, ailəsinə verdiyi məlumata görə Ağacavad həmişə kəşfiyyata böyük ruh yüksəkliyi ilə gedərdi. İgid kəşfiyyatçı bir çox döyüşlərdə iştirak edir. Son döyüşü isə Xocavənd rayonunun "Ziyarət dağı" yüksəkliyində olur. O döyüşdə Ağacavad snayperlǝ ürəyindən vurulur və şəhadətə yüksəlir. Həmin tabordakı 90 nəfərdən üç əsgər şəhid olur ki, onlardan biri da Ağacavaddır. Atasına verdiyi sözü tutur Ağacavad, kürəyindən yox, ürəyindən vurulur cəsarətli kəşfiyyatçımız. Valideynlərinin sözlərinə görə Ağacavadın hələ kiçik yaşlarından gözü zirvələrdə olmuşdu. Bəlkə də, igid kəşfiyyatçı adi zirvə deyil, əbədiyyət zirvəsini - şəhatədi axtarırmış...
“Ədəbiyyat və incəsənət”
(22.09.2023)