“Həyat, insan və ümidlə-hüzn üçbucağı” -ESSE Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

“Sonbahar sanattır, diğerleri mevsim..." 

(Cemal Süreyya)

 

Başımı qaldırıb səmaya baxdım, parçalanmış bəm-bəyaz buludların arasından görünən mas-mavi səmada köç edən quşların qatarı dəydi gözümə. Çıxardıqları özünəməxsus səs və düzülüşləri ilə uzaqlara köç edən bu quşlar ayrılıqlardan, vidalardan xəbər verirdi sanki... 

 

Payız ayrılıqdır, payız vidadır deyirdi. 

Payız, Payız heç bir zaman sadəcə bir fəsil olmamışdır mənə görə, payız bir fəsildən daha artıqdır həmişə. Payız və onun təbiəti də bir az həyat və bir az da insanlar kimidir əslində. Payız həyat və insanı sətiraltı mənayla qələmə almış bir yazıçının bədii əsəridir sanki. Həyatla insanın kəsişmə nöqtəsi. 

Həyat içində eyni zamanda xeyirlə şəri, gecəylə gündüzü, doğumla ölümü, istiylə soyuğu, qıtlıqla bolloğu, sağlamlıqla xəstəliyi, səsküylə sükutu, fəlakətlərlə möcüzələri, ümidlə hüznü ehtiva etdiyi kimi, insan da özündə sevgiylə nifrəti, xəyanətlə sədaqəti, mərhəmətlə qəddarlığı, fədakarıqla eqaistliyi, qurmaqla dağıtmağı, şəfqətlə zülmü, şıltaqlıqla ağır başlılığı, qayğılarla yüklənməyi və eyni zamanda qayğıya möhtac olmağı və ən nəhayət, yenə həyat kimi ümidlə hüznü, ağlı imkansız görüb yenə də buna rəğmən qəlbiylə möcüzələrə inanmağı ehtiva edir. 

Həyatla insanın kəsişməsi olan payızda da eyni ilə ümid və hüzn vəhdət təşkil edir. Köçüb gedən durna qatarı hər nə qədər ayrılığı və vidanı təmsil etsə də gələcək baharda yenidən geri qayıdacağı ümiddir. Eyni ilə xəzanla budaqlardan bir-bir qopub tökülən sarı və qızılı yarpaqlar və yarpaqları tökülüb keçəl olmuş ağaclar ayrılıq və tənhalıq, gələcək  baharda budaqlarında yaşıl yarpaqlar və rəngarəng çicəklər açacaq tumurcuqların cücərəcəyi isə ümiddir. 

Bəs payızda açan çiçəklərin anlamı nəydi görəsən deyə düşündüm, bəlkə elə payızda bahardı ( son bahar ) deyəmi ?! Ya bəlkədə ümidi simgələyirdi payız çiçəkləri? İnsanlar bəzən ilk baharda bir-birinə isinib, aşiq olub, doğmalaşır, son baharda isə soyuyan havalar kimi soyuyub, budaqlardan qopub düşən yarpaqlar kimi qopurdu bir-birindən. Bəlkə son baharda açan çiçəklər də yenidən əvvəlki ola bilməyin bir ümidi idi ?! Xalid Hüseyni'nin Çərpələng uçuran əsərində "Yaxşı olmaq hələ də mümkündür" deməsi kimi... 

Xəzana rəğmən açmış bir çiçək, qəlbi əsir almış hüznə rəğmən ümidlə edilən dua kimi idi bəlkə?! Bəli, payızda bir bahardır çünki, son bahar. Durna qatarını uğurlayarkən, xəzan qoparıb yarpaq töksə də, eyni zamanda açan çiçəkləriylə müdrik bir insan kimi təbəssüm edirdi payız o qatarın arxasıyca, çünki bilirdi ki, bu gün dəstə-dəstə tərk edib gedən o durna qatarı ümid varki bir gün yenə  geri qayıdacaq. Və üçbucaq formaya malik olan o durna qatarı payızda vəhdət təşkil edən həyat, insan və ümidlə-hüzn üçbucağı idi bəlkə də..

 

"Herkesten iyiymiş gibi, hiç değişmeyecekmiş, yine ilk olacakmış gibi arıyorum seni."

Özgür Bacaksız - Bazı yollar yalnız yürünür 

 

“Ədəbiyyat və incəsənət”

(21.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.