Azərbaycan bayrağı Xankəndində dalğalanacaq! Featured

Nigar Helmi Abbasbəyli, 

Azərbaycan Rəssamlar Ittifaqının üzvü, UNESCO nəzdində Beynəlxalq Professional  Rəssamlar Ittifaqının üzvü. “Miras" qrupunun yaradıcısı və kreativ direktoru.

 

“Ədəbiyyat və incəsənət” üçün

 

Ötən əsrin 40-cı illərində Təbriz darda, Dərbənd intizarda idi. Tanrı polkovnik- komissar Əziz Əliyevi “Güney Azərbaycan missiyası”nın rəhbəri kimi Təbrizə, Dağıstan Vilayət Partiya Komitəsinin katibi kimi Dərbəndin qala divarlarının ətəyinə “Mümkün olmayanı mümkünə çevirən”, II dünya müharibəsinin taleyini həll edən Liderlərdən biri kimi göndərdi.   

Ötən əsrin 90-cı illərində 20 Yanvar, Xocalı dəhşətlərini yaşayan, vətəndaş qarşıdurması ilə üz-üzə qalan, milli genefondu tükənmək üzrə olan Odlar Yurdu Azərbaycan intizardaydı. Nuhun çıxdığı torpaqdan – Naxçıvandan bir ər qopdu. “Ümid körpüsü”nü “Qars Bəyannaməsi”nə körpü edən Ulu öndər Heydər Əliyevi göndərdi. 

Şüşanın dağlarını duman alanda, İrəvan qalasını, Ağoğlan qəsrini, Murovun zirvəsini qara buludlar tutanda, Şəhid analarının, qaçqın və məcburi köçkünlərin, vətəndə vətənsizlərin ümidi üzüləndə Tanrı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevi yolladı. “Bizim işimiz Haqq işidir! Biz Zəfər çalacağıq! Qarabağ Azərbaycandır!” nidası ilə 30 ilin intizarına 44 günə son qoyan Ali Baş Komandan Qüdrətli Ordusu, əzəmətli milləti ilə Şuşa Qalasına ruh bədənə girən kimi girdi. Bayram tonqalını Zəfər tonqalına qatdı. “Biz türklərik, bir ölər, min dirilərik!” gerçəyi ilə dünyanın siyasi mənzərəsini, Güney Qafqazın mizanını, düzənini dəyişdi. Tarixin çarxını geriyə döndərdi. “Şuşa Bəyannaməsi”ndən, “Qars Bəyannaməsi”nə, Zəngəzur dəhlizindən TURANA  körpü saldı. “Dünyanın 5-dən böyük olduğunu” dünyanı qan çanağına salanlara sübut etdi. Xəzərin qoynundakı Zəfər paradı ilə “Gülüstün”, “Türkmənçay” müqavilələri ilə bölünən, parçalanan, taleyin sərt üzündən özü öz tarixi torpaqları ilə həmsərhəd olan, Təbrizə, Dərbənədə, Borçalıya, İrəvana, Zəngəzura bölünən Odlar Yurdu Azərbaycanın qisasını qiyamətə qoymadı. 

İranı viran edəndən sonra “Şahnamə”nin müəllifinin məzarının önündə dayanıb, qılıncına söykənib: Qalx, qalx, qalx! Ömrü boyu əsərlərində aşağıladığın millətin qüdrətini gör! – deyən Əmir Teymura, TURANIN  haqq Səsinə, ədalət Carçısına döndü!

Üstünə gələnlərə, revanşist addımlarla çıxış etmək istəyənlərə Qaladan – Cıdır düzündən mesaj verdi: “Bizim kimsənin torpağında gözümüz yoxdur! Kimsəyə də bir qarış torpaq vermərik! Əgər kimlərsə revanşist addımlar atmaq istəyirlərsə, gəlsinlər! Dəmir Yumruq yerindədir!”

Bu da bir tarix dərsi idi. Polkovnik – komissar Əziz Əliyevin nəvəsi, Ulu öndər general Heydər Əliyevin Ali Baş Komandan varisi tarixi təkrarlayırdı. Çar generalları Qafqaza gələndə Şeyx Şamilə “Gəlirik!” xəbərini yollamışdı. Qafqaz Qartalı təhərini pozmadan cavab vermişdi: “Qunib hündür bir dağdır! Mən onun üzərindəyəm! Arxamda Xalq, başımın üstündə Allahdır! Gəlirlər, qoy gəlsinlər!”.

Prezident cənab İlham Əliyev əski türk xaqanları kimi yarımçıq işləri sevməz, bu günün işini də sabaha qoymaz. İki dünya bir olsa da, Allahverdi Bağırov, Ramiz Qəmbərov, Əliyar Əliyev, Adil Həşimov, Fred Asif kimi 1- ci Qarabağ savaşında qanı tökülən, həm də yağıların qanını tökən qəhrəmanların qisasını qiyamətə qoymayacaqdı. Qoymadı da! Ata vəsiyyətinə əməl edən Ali Baş Komandanımız, Qüdrətli Ordumuz özünün anti-terror əməliyyatı ilə süngülərə keçirilib oda qalanan Xocalının milli qəhrəmanı, “Ölmərəm Azərbaycan bayrağını Xocalı aeroportuna assam!” nidası ilə əbədiyyətə qovuşan Əlif Hacıyevin də nigaran ruhunu şad, dağılan məmləkətini abad edəcək! 

Azərbaycan xalqına “Sizi Yevlaxa qədər süpürüb, Kürə tökəcəyik” deyən erməni daşnaklarına, Andranikin, Dronun, Hamazaspın, Nijdenin tör-töküntülərinə göz dağı verəcək! Hilallı, ulduzlu bayrağımız Xocalıda, Xankəndində dalğalanacaq! Xocalıda qız-gəlinləri, körpələri, qocaları əsir-yesir edənlər əlində Ağ Bayraq Yevlaxa gələcək! Gəncənin qala divarlarının bu başında  imdad diləyəcək, Sisyanovları, Vorontsov-Daşkovları, qraf Paskeviçləri sonsuz kədərlə xatırlayacaqlar. Nifrət məhəbbətin, qaranlıq işığın ayaqları altında sürünəcək. Dünya “Mümkün olmayanı mümkünə çevirən” Yoxdan var edənimizin, Baba yadigarımızın, Qüdrətli Ordumuzun, ləyaqətli Millətimizin, cəsarətli Məmləkətimizin əzəmətini etirafda bulunacaq! Zori Balayanın, Aqambekyanın, Silva Kaputikyanın goruna od düşəcək! Köçəryanın, Sarkisyanın, Vardanyanın beli büküləcək, tifaqı dağılacaq! 

Dünya Doğudan Batlya at çapan, çatdığı məmləkətlərdə altundan saraylar yapan, sarayını sənətin, mədəniyyətin gülzarına çevirən, baş köşəsində el və dil bilicilərinə yer verən, insanlara irqinə, rənginə, dini inancına, etnik mənsubiyyətinə görə deyil, dəyərinə və qədərinə görə dəyər verən, Ulu, Azman Türkün yurd Sevdasını, haqq Davasını anlayacaq!

Tanrı Türkü, Odlar Yurdu Azərbaycanı, Müzəffər Ali Baş Komandanımızı, Qüdrətli Ordumuzu, Birliyin, Bütövlüyün rəmzi Millətimizi, Məmləkətimizi qorusun!   

 

“Ədəbiyyat və incəsənət”

(21.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.