Bu gün Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalında Eliso Bolkvadzenin konserti olacaq Featured

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı davam edir. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 28 sentyabr tarixinədək davam edəcək festival bu il də bir sıra ölkələrdən ifaçı və kollektivləri bir araya gətirib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müxtəlif şəhərlərdə keçirilən festivalda ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrdən musiqiçilərin iştirakı ilə maraqlı konsertlər, ustad dərsləri və s. təşkil olunmaqdadır. 

Sentyabrın 19-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Miçiqan Universitetinin (ABŞ) professoru İqor Fedotovun ustad dərsi təşkil olundu və tədbir faydalı və maraqlı oldu. 

Bu gün - 21 sentyabrda M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gürcüstanlı pianoçu Eliso Bolkvadzenin konserti keçiriləcək. 

 

Qarşıda daha maraqlı proqramlar tamaşaçıları gözləyir. Beynəlxalq Muğam Mərkəzində Fransadan festivala qatılan “Quatuor Diotima” simli kvartetinin konserti sentyabrın 25-də gerçəkləşəcək.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında 26 sentyabrda Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri sinqapurlu dirijor Anq Darrellin rəhbərliyi ilə çıxış edəcək.

Musiqi bayramının bağlanış mərasimi sentyabrın 28-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında olacaq. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri xarici qonaqlarla birgə festivalın final notlarını səsləndirəcək. Konsertdə pult arxasında dirijor Valentin Egel (Almaniya), solistlər isə Chloe Kiffer (violin, Fransa) Henri Demarquette (cello, Fransa) və Aleksandr Mutuzkin (piano, ABŞ) olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(21.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.