Görkəmli yazıçı Çingiz Aytmatovun Azərbaycan dilində çapdan çıxmış kitabının təqdimatı olub

Qırğızıstan Respublikasının ölkəmizdəki səfirliyində görkəmli yazıçı Çingiz Aytmatovun anadan olmasının 95 illik yubileyi münasibətilə Azərbaycan dilində yenicə çapdan çıxmış “Dağlar yıxılanda” adlı nəsr toplusunun təqdimatı keçirilib.

 

AzərTAC xəbər verir ki, təqdimat mərasimində yazıçının oğlu, Beynəlxalq Çingiz Aytmatov Fondunun prezidenti Eldar Aytmatov, Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel, TÜRKSOY-un Azərbaycan təmsilçisi Elçin Qafarlı və Azərbaycan mədəniyyətinin tanınmış simaları iştirak ediblər.

 

Qırğızıstanın ölkəmizdəki səfiri Kayrat Osmanaliyev ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin fasdiləsiz inkişafından və mədəni əlaqələrin möhkəmlənməsindən söz açıb. O, böyük ədibin yaradıcılığına Azərbaycanda göstərilən marağı yüksək qiymətləndirib, nəşr olunan toplunun mədəni əlaqələrin daha da zənginləşdirilməsinə sanballı töhfə olduğunu qeyd edib.

 

Kitabı Azərbaycan dilinə çevirmiş yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı böyük yazıçıya həsr olunmuş tədbirin torpaqlarımızda anti-terror əməliyyatının aparıldığı həyəcanlı günlərə təsadüf etdiyini, ölkə rəhbərliyinin və Azərbaycan Ordusunun sarsılmaz iradəsi ilə separatçılara və onların havadarlarına layiqli cavab veriləcəyinə inandığını bildirib. O, Çingiz Aytmatovun Azərbaycanı özünün ikinci vətəni saydığını, ölkəmizdə böyük ədibin yaradıcılığının çox sevildiyini, Qırğızıstan səfirliyinin dəstəyi ilə işıq üzü görən yeni nəşrin də maraqla qarşılanacağı əminliklə qeyd olunub.

 

Ədibin oğlu, Beynəlxalq Çingiz Aytmatov Fondunun prezidenti Eldar Aytmatov da atasının Azərbaycana böyük sevgi bəslədiyini, yeni nəşrin onun xatirəsinə sonsuz hörmət nişanəsi olduğunu bildirib, tərcüməçiyə və səfir K.Osmanaliyevə təşəkkür edərək, hər ikisinə Çingiz Aytmatov adına Beynəlxalq İssık-Kul Forumunun xatirə medalını təqdim edib. O, gələcəkdə Azərbaycanda ədibin yaradıcılığı ilə bağlı tədbirlər keçiriləcəyini diqqətə çatdırıb.

 

TÜRKSOY-un Azərbaycan təmsilçisi Elçin Qafarlı Çingiz Aytmatovun 95 illik yubileyinin Azərbaycanda keçirilməsini və kitabın nəşrini türk xalqlarının mənəvi birliyinə verilən sanballı töhfə adlandırıb.

 

Qeyd edək ki, “Qanun” nəşriyyatında nəfis şəkildə nəşr olunmuş kitaba yazıçının sonuncu “Dağlar yıxılanda” romanı, “Üz-üzə” povesti və hekayələri daxil edilib. Kitabın rəyçisi filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, mətndəki şeirlərin tərcüməsi Nurafiz, redaktoru isə İlqar İlkindir.

 

“Ədəbiyyat və incəsənət”

(21.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.