Anqolanın Luanda şəhərində Azərbaycan musiqisinin dünyada təbliği ilə bağlı Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatının və Anqolada fəaliyyət göstərən İncəsənət və Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə “Birləşmiş səslər” xeyriyyə layihəsi həyata keçirilir.
AzərTAC xəbər verir ki, təşkilatın təsisçisi və prezidenti, uzun illərdir Afrikada yaşayan Billurə Bayramova - Bernardın sözlərinə görə, layihə çərçivəsində Anqolanın Camunga musiqi məktəbinin Simfonik Orkestrinin musiqiçiləri, İncəsənət və Mədəniyyət Fondunun tələbələri ilə Azərbaycan Respublikasının Əməkdar artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru, tarzən Sahib Paşazadənin beşgünlük ustad dərsləri baş tutub.
Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları təşkilatı, Azərbaycan Diasporuna Dəstək Fondu, Anqolada fəaliyyət göstərən İncəsənət və Mədəniyyət Fondunun birgə dəstəyi ilə həyata keçirilən ustad dərsləri zamanı yerli tələbələrə Azərbaycan musiqisi və tar ilə bağlı məlumat verilib, tarın tarixi və sirləri öyrədilib.
Layihənin məqsədi musiqiçilərə professional musiqinin sirlərini aşılamaq, onlara dünyaşöhrətli musiqiçilər ilə eyni səhnəni paylaşmaq imkanını, mədəniyyətlər arasında körpü və yeni ölkələrdə tar sinfini yaratmaqdır.
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)