Qismət Rüstəmov: “Füzulini uşağa tutuquşu kimi əzbərlətməyin mənası yoxdur “ Featured

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

 

“Ədəbiyyat və incəsənət” portalının Qonaq otağında bu gün ədəbiyyatsevərləri Qismət Rüstəmov ilə görüşdürəcəyik. 

 

 

 

Xoş gördük, Qismət bəy. Sizi Kamran Ağabalayevin səsləndirdiyi "Gözlərindən öpərəm..." şeiri ilə tanımışam. Bundan sonra yaradıcılığınızı oxumağa, dəyərləndirməyə başladım. Şeirlər, hekayələr, esselər yazmış, xeyli tərcümələr etmiş birisiniz. Bəs sizə görə, bunlardan hansı sizin üçün daha doğmadır, hansı tərzə özünüzü daha yaxın hesab edirsiniz?

 

Qismət: Heç vaxt birini seçmək məcburiyyəti hiss etməmişəm. Dünyanın yolum düşən yerlərində tanış olduğum ədəbiyyatçılar bunu, elə belə də olmalı,  normal hal kimi qəbul edir, bizdə isə məndən “atanı çox sevirsən, yoxsa ananı” janrında romantik seçim gözləyirlər. Çağdaş texnoloji dildən bir neçə obraz borc götürüb desək, mən “əməliyyat sistemi” poeziya ilə vurulmuş, sonra “update” gəldikcə, öz bacarıqlarını esseyə, tərcüməyə yüksəldən, növbəti yenilənmələrdə öz tutumuna görə başqa alətləri öz “proqram dəstinə” əlavə edəcək müəllifəm. Lap qısası isə belə: yazı adamıyam.        

 

Sizə görə, yazı adamları bir-birlərinin əsərlərini oxuyub sərt tənqid etməlidir, yoxsa hər dəfə yeni bir kitab çap etdiyimiz zaman bir-birimizə xoş sözlər bildirib bunu öz oxucularımıza da çatdırmalıyıq? Yazıçının yazıçıya dəstəyi dedikdə nə nəzərdə tutulmalıdır?

 

Qismət: Dünyada ədəbi tənqid çoxdan bizdəki ənənəvi mənasından uzaqlaşıb, özünü müəllifdən yuxarıda görən, ona ağıl öyrədən, barmağını silkələyən tənqidçi tipi anaxronizmdir. İndi bizə lazım olan resenziyadır, revyudur, bu məktəbi formalaşdırmalıyıq. Bunda nəşriyyatlar, ədəbi jurnallar, saytlar maraqlı olmalıdır. Kitab çapdan çıxana qədər ancaq mənəviyyat ola bilər, elə ki, çap olundu, üstündə qiymət etiketi vuruldu, o artıq həm də əmtəədir. İndiki ağlımla mən belə başa düşürəm, kitabı, əsəri əvvəlcə cəmiyyətə təqdim etmək lazımdır, sonra təhlil mərhələsi gəlməlidir. Yadıma gəlir, Orxan Pamukun bir müsahibəsi vardı, orada təxminən deyirdi ki, kitab çıxan kimi onun üstünə düşmək, təkcə ədəbiyyat etikası yox, hətta iqtisadi etika baxımından da dünyada yaxşı qəbul olunmur.      

 

Qlobala çıxmaq üçün dövrümüzün aparıcı xarici dillərində əsərlər yazmaq lazımdır, yoxsa "daha sonra xaricilər kitablarımızı tərcümə edər" deyərək öz milli keçmişimizə, adət ənənələrimizə arxalanaraq öz dilimizdə əsərlər yaratmalıyıq?

 

Qismət: İndiki dünyada multi-linqvistik metodla yazan, çoxdilli yazıçılar var. Maraqla oxuduğum amerikalı bir şair, tənqidçi var: Adam Kirş. Onun “Qlobal roman: XXI əsrdə dünyanı yazmaq” kitabından bir parçanı tərcümə də etmişdim. Kirş təxminən deyir ki, indiki dünyada hər coğrafiyadan qeyri-rəsmi mədəniyyət səfiri funskiyasını yerinə yetirən yazıçılar çıxıb, bu sırada Pamukun, Murakaminin və başqalarının adını çəkir. Onlar artıq dünyanın aparıcı mədəni mərkəzlərindəki havanı bilirlər deyə yazanda öz statuslarını itirməmək üçün həmişə nələrisə nəzərə alıb yazırlar, xüsusilə də bu yazıçıların dili öz ölkələrində tənqid olunur, çünki müəyyən mənada tərcümə olunmağı nəzərə alıb yazırlar. Belə tendensiyalar var, əslində, həmişə olub. Mənim fikrim belədir: bədii mətn öz ana dilinin torpağına kök atmalı, burada bar verməli, sonra öz meyvəsini eksport etməlidir.      

 

Təhsil sistemimizdən razısınızmı? Sizə görə, hansısa elmi ön plana çəkmək lazımdırmı və nəyə görə həmin fəndən dərs almalıdır gələcək nəsillərimiz?

 

Qismət: Mən daha çox humanitar sahədən danışa bilərəm. Ədəbiyyat dərsliklərinin tərtib metodologiyası problemlidir, belə ki, ədəbiyyat tarixinin keçdiyi yolu xronoloji ardıcıllıq üzrə aşağı sinifdən yuxarı doğru düzmək düz deyil. Yəni XVI əsrdə yaşayıb deyə xüsusi hazırlıq tələb edən Füzulini uşağa  tutuquşu kimi əzbərlətməyin mənası yoxdur. Əksinə olmalıdır, aşağı sinifdə əvvəlcə daha yaxın tarixdə yazılmış, anlaqlı, sadə mətnlərdən mürəkkəbə doğru. Ümumiyyətlə, balalarımızın yeni çağda özlərinə yer tapmasını istəyiriksə, texnologiya ilə davanı, bütün günahlarını onun üstünə atmağı bir yana qoyub, yeni vasitələrin içindən, imkanlarından yararlanıb danışmağı öyrənməliyik. Burada müəllimlərin yenilənməsi də vacibdir, müasir müəllim smartfon dövrünün uşağıyla dil tapmaq istəyirsə, “Minecraft” oyunundan da xəbərdar olmalıdır, yoxsa qocafəndi gileylər, “bizim vaxtımızda” ilə başlayan son istifadə tarixi keçmiş köksötürmələr, nostalgiya spazmaları ilə vaxt itirmək olmaz. Təhsil Nazirliyi son illər sertifikatlaşdırma aparır, bu yeniləşmə, qabıqdəyişmə prosesi çətin, ağrılı prosesdir, ancaq, məncə, çox vacibdir. Müşahidəçi qismində bir neçə dəfə iştirak etdiyim tədbirlərdə gördüm ki, bu məsələdə ən çox narazılıq edənlər ən köhnəpərəstlərdir.

 

Hal-hazırda gənc yazıçıların və ya həvəskar yazarların bu peşədə püxtələşməsi üçün hansısa işlər görürsünüzmü? Necə bir müəllimlik, necə bir öndərliklə öz biliklərinizi paylaşırsınız gənc ədəbiyyat adamlarımızla?

 

Qismət: Yazıram, tərcümələr edirəm, mühazirələr oxuyuram. Mən Azərbaycan yazıçısını, şairini sanballı, hazırlıqlı, peşəkar görmək istəyirəm.

 

Tənqidləri hər insan qəbul edə bilmir. İstər oxucuda, istərsə də yazıçıda tənqid zövqünü formalaşdırmağın yolu nədir, sizin fikrinizcə?

 

Qismət: Özləri kimi düşünməyənləri də oxusunlar.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.