Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
"Sağlığında qiymət verin insanlara"-, deyirdi şair, fəqət biz nə cəmmiyyət, nə millət, nə də ümumilikdə bəşəriyyət olaraq təəssüfki hələ də, bunu bacarmırıq.
Necə ki, onu da şəhid olandan sonra tanıyıb-tanıtdıq. Necə ki, onun da vətənini, millətini, vətənin əsgər övladını necə sevdiyindən, ona necə qayğıyla yanşdığından, necə xeyirxah bir şəxsiyyət olduğundan şəhadətindən sonra xəbər tutduq.
Polad İsmayıl oğlu Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ (Qutqaşen) rayonunun Vəndam qəsəbəsində anadan olmuşdur. Elə həmin il Həşimovlar ailəsi Qəbələ rayonundan Sumqayıt şəhərinə köçüb, burada yaşamağa başlayırlar.
Orta təhsilini Sumqayıt şəhərində alan Polad Həşimov 1992-ci ildə orta məktəbi bitirib məzun olur və sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verir. 1992-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə Qəbul olan Polad Həşimov 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirmiş, 2014-cü ilin iyul ayında Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olmuş və 2016-cı ildə "Hərbi idarəetmə" üzrə magistr dərəcəsi almışdır.
1992-ci ilin noyabr ayında Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərə qatılmışdır. 702-ci motoatıcı briqadanın heyətində təlimlərdə olan Polad Həşimov 1994-cü ilin fevral ayında Murovdağ əməliyyatı zamanı Murov dağı silsiləsində "Güzgü", "Koroğlu" və "Ömər" postları uğrunda gedən döyüşlərdə savaşmışdır. Həmin ildə o, Müdafiə Nazirliyi tərəfindən İstanbulun Tuzla ilçəsində yerləşən Piyada Məktəbində üç aylıq təlimlərə göndərilmişdir.
Birinci Qarabağ müharibəsinin bitməsindən sonra Polad Həşimov daim cəbhə bölgəsində olan hərbi hissələrdə xidmət etmişdir. O, uzun illər Azərbaycan Silahlı Qüvvələrinin Murovdağ silsiləsində olan hərbi hissələrində xidmət etmişdir. Polad Həşimov 1995–2017-ci illər ərzində Motoatıcı Taqım Komandiri vəzifəsindən Hərbi Hissənin Komandiri vəzifəsinə qədər müxtəlif vəzifələrdə çalışmışdır.
Polad Həşimov 28 yaşı olanda "mayor" hərbi rütbəsi almışdır və 2003-cü il iyunun 24-də Azərbaycan Prezidenti Heydər Əliyevin 887 nömrəli Fərmanına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.
6 il sonra isə Polad Həşimov "polkovnik-leytenant" hərbi rütbəsi almışdır və 2009-cu il iyunun 25-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. 2013-cü ildə komandiri olduğu hərbi hissələrin birində baş vermiş əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı rütbəsi alınaraq "mayor"a endirilmişdir. 2014-cü ilin iyununda o, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Prezident İlham Əliyevin 575 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Polad Həşimov 1-ci Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi idi. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunmuşdu. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi
Azərbaycan Ordusu tərəfindən işğaldan azad olnumuşdur.
Polkovnik Polad Həşimov Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Aprel döyüşləri zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi xidmətlərinə görə Polad Həşimova mənzil hədiyyə edilmişdir. Kirayə mənzildə yaşamasına baxmayaraq Polad Həşimov həmin mənzili Aprel döyüşləri zamanı şəhid olan hərbçinin ailəsinə bağışlamışdır.
Polad Həşimov 2017-ci ildən 3-cü Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi vəzifəsində çalışırdı.
2019-cu il iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin 1286 nömrəli Sərəncamına əsasən Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilmişdir. Bununla da Polad Həşimov XIX əsrdə yaşayan İsmayıl bəy Qutqaşınlıdan sonra Azərbaycanın tarixində Qəbələdən general rütbəsi alan birinci hərbçi olmuşdur.
2020-ci il iyulun 12–16-da baş verən döyüşləri idarə edən Polad Həşimov iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olmuşdur.
Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır. Buna qədər İsmət Qayıbov və Məhəmməd Əsədov 1991-ci ilin noyabrda Mİ-8 N72-nin vurulması nəticəsində şəhid olmuşdu.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Azərbaycan respublikası prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli 2337 nömrəli Sərəncamına əsasən Polad İsrayıl oğlu Həşimova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Polad Həşimov 2003-cü ildə ailə həyatı qurub və üç övladı var.
Şəhidimizin anası müsahibələrinin birində Polad Həşimov haqqında danışarkən: " Mən kabinet generalı yox, səngər generalı yetişdirmişdim. Polad kabinet generalı deyildi, səngər generalıydı."-, söyləyir.
Doğrudan da əsgərlərinin Polad Həşimov haqqında söylədiklərini oxuyanda biz onun həqiqətən də necə cəsur və eyni zamanda da, necə humanist bir insan olduğuna şahid oluruq.
Nicat Həşimzadə:
“Yatmağa yerimiz yox idi. Daha doğrusu bərbad halda idi. Göy rəngli palatkaları birləşdirib özümüzə yer düzəltmişdik. Bir dəfə dəhşətli küləkdən dam başımıza uçdu. Sonra gözlənilmədən dağda kazarma tikintisi başladı. Elə bildik ki, nazirlik bizim üçün kazarma tikir. Ancaq kazarmanı hərbi hissə komandiri Polad Həşimov öz hesabına tikdirdi. Öz evi olmayan komandirimiz bizim üçün ev düzəldirdi.
Bizim komandirimiz Polad Həşimov dövlətin şücaətə görə ona verdiyi evi şəhid ailəsinə bağışlamışdı. (vacib bir postu azad etmişdi).
Daim əsgərinin yanında olan, əsgərinin haqqını qoruyan zabit idi. Biz dağa, maşın qalxmayan yerlərə un, qida, odun daşıyanda, o da çiyinlərində yük bizimlə bərabər dağa qalxırdı. Həmin vaxt polkovnik idi. İndi Azərbaycan sizsiz, komandir”.
Seymur Kazımov:
"General-mayor Polad Həşimov mənim komandirim olub. Mərd zabit idi. Cəsur zabit idi. Əminliklə deyirəm, həm cəmiyyətimiz, həm də ordumuz üçün çox böyük itkidir. Təpədən-dırnağa zabit idi, nizamnamədən kənara çıxmazdı, amma bəzi hallarda əsgərin salamatı üçün güzəştə getməyi də vardı.
Ünsiyyətimiz çox olub, amma 2 dəfə cəzasına da məruz qalmışam - bir dəfə yayın istisində stadionu 10 dairə qaçırtdı mənə, özü də otağının pəncərəsindən seyr edirdi. İkinci dəfə də, hərbi andı 100 dəfə əzbər dedirtdi. Nə deyim, xəta məndə idi, cəzamı çəkməliydim.
2006-cı ilin yay ayı idi, mənim də hərb xidməti başa vurmağıma günlər qalırdı, axşam yoxlanışında kazarmanın yanından keçəndə nə üçün yatmadığımı soruşdu, mən də futbola baxmaq istədiyimi bildirdim. Apardı məni otağına, birlikdı futbola baxdıq, doğrusu, hansı oyun idi, yadımda qalmayıb.
Hərbi xidməti başa vurduğum gün qərargaha getdim ki, sağollaşam. Bayırda gözləməyi tapşırdı. 10 dəqiqədən sonra əlində bu xidməti xasiyyətnamə ilə gəldi və mənə uzatdı. Gözucu baxdım, təşəkkür etdim. İstədim əlini sıxam, amma bacarmadım, zabit zəhmi gözlərində idi. Hərbi salam verdim, o da jestimə qarşılıq verdi. Əsgər və zabit kimi sağollaşdıq. Bir daha görüşmədik.
Onun haqqında çox şey danışa, yaza bilərəm. Qalanları məndə qalsın...
2018-ci ildə Talışdakı "Polad postu”nda oldum. Həmin postu 2016-cı ilin aprelində polkovnik Polad Həşimov azad etmişdi və onun şərəfinə adını vermişdilər.
Təşəkkür edirəm, 2006-ci ildəki mayor, 2020-ci ildəki general-mayor Həşimov! Allah rəhmət eləsin, qəbrin nurla dolsun, mənim generalım!”.
Ramazan Səmədov:
“2010-2011-ci illərdə komandirim olmuş Polad Həşimovun xatirəsinə…
Yanvar ayı idi, qar dizə çatırdı. Hərbi hissəyə çatdım. 2-3 gün sonra komandirim Həşimov məni yanına çağırdı. Dedi ki, nə problemin olsa, heç kəsə yox, birbaşa özümə de. Sənin dostların çoxdur, bilirəm, amma ən yaxın dostun mənəm burada.
Tez-tez çağırırdı yanına. Dərdləşirdik, söhbət eləyirdik. Hər mövzuda. Həqiqətən sözdə yox, əməldə cəsur, vətənini sevən bir insan idi. Əsgərlərin yeməyinə, sağlamlığına fikir verirdi. Tualetimizə kimi öz hesabına təmir elətdirirdi. O vaxtki rəhbərliyin yardımını gözləmirdi.
Briqada qarşısında həmişə mikrofonsuz, əsl natiq kimi danışardı. Ən savadsız insan belə onun nə demək istədiyini anlayırdı. Fikirlərini hərbçilərə rahatlıqla ötürürdü.
Briqadanın həyətində erməni traktoru var idi. Özü şəxsən kəşfiyyatda olanda sürüb gətirmişdi. Traktorun arxa şüşəsində gullə yerləri var idi. Amma ölümdən qorxmadan briqadaya kimi sürmüşdü traktoru. Polad idi axı adı. Polad güllə keçirməz…
Vüqar Ədilov:
“Əsgərliyimin ilk günləri Ramazan ayına təsadüf etmişdi. 2 gün idi ki gizlincə oruc tuturdum. Namaz qılmağıma icazə alsam da, oruc tutmağıma icazə almağa çəkinmişdim, düşünmüşdüm ki, icazə verməzlər.
2-ci günün axşamı təcili olaraq şəxsi heyəti düzdülər. Bölük komandirimiz içəri girdi və soruşdu: "İçərinizdə neçə nəfər oruc tutur?".
Heç kim dillənmədi. Əslində məndən başqa oruc tutan yox idi. Yanımdaki əsgər yoldaşım dedi “niyə səsini çıxarmırsan?”. Xahiş etdim ki, deməsin. O da yazığı gəlmişdi, nə idisə, dedi “yoldaş kapitan, Ədilov orucludur”.
Komandir məni çıxardı ön cərgəyə, fikirləşdim indi dişinin dibindən çıxanı deyəcək. Amma əksi oldu. Tağım komandirlərinə tapşırıq verdi ki, oruc tutan əsgərlər bütün xidmətlərdən ayrılsın.
Təsəvvür edin Ramazan ayı boyunca rahat şəkildə orucumu tutub, namazımı qıldım.
Azərbaycan Ordusunda neçə belə hərbi hissə var???
Bəli, Cənab Şəhid Polad Həşimovun hərbi hissəsində xidmət etdiyim müddətcə əksər namaz vaxtlarım şəxsi heyətin düzülüş vaxtı ilə üst-üstə düşürdü. Ancaq heç vaxt buna görə mənə heç bir söz deyilməyib. Sözümün canı, Cənab Şəhidin rəhbərlik etdiyi hərbi hissədə bütünlüklə mənəvi ruh yüksəkliyi hökm sürürdü. Allah məqamını uca etsin”.
Və asanlıqla deyə bilərəm ki, Polad Həşimovu tanımaq istəyən bir insanın bu fikirlərə nəzər salması kifayətdir ki, onun necə uca bir şəxsiyyət olduğunu görsün.
İstifadə olunan mənbələr: az.m.wikipedia.org , Modern.az .
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)