Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Cığatay ədəbiyyatının formalaşması
Türküstanda XIV əsrdən XIX əsrə kimi davam edən ədəbiyyata Cığatay ədəbiyyatı deyilib. Bu adın vərilməsinin səbəbi Çingizin ölümündən sonra yaratdığı imperiyanın Cığatay, Elxanlı, Qızıl Orda olmaqla üç yerə parçalanması nəticəsində Cığatay Xanın hakim olduğu torpaqlarda istifadə olunan yazı dilinə "Cığatayca" şəklində ad verilməsiylə bağlıdır. Cığatay Türkcəsi və Cığatay ədəbiyyatı terminlərini də ilk dəfə Armin Vambary 1867-ci ildə çap etdirdiyi əsərində işlədib, o vaxtdan bəri də bu ad davam etdirilib.
Özbək ədəbiyyatı Cığatayca olan ilkin məhsullarını XV və XVI əsrlərdə verib. Bu çağdakı ədəbiyyatın ən önəmli nümayəndələri də Uluğ Bayin saray şairi Səkkaki, Heydər Xarəzmi, Lütfi, Əlişir Nəvaidir. Əlişir Nəvai, klassik Özbək ədəbiyyatının ən böyük şairi olmaqla yanaşı Türk ədəbiyyatı və mədəniyyətinin ən görkəmli nümayəndəsidir.
Əlişir Nəvainin həyatı/ Türk dilində ilk “Xəmsə”
Cığatay ədəbiyyatının Nəvai dövründə türk dili xüsusi inkişaf mərhələsi keçib. Türk dili elə bir zirvəyəcən tərəqqi etdi ki, islam dünyasının üç böyük dilindən birinə çevrildi. Böyük mütəfəkkir və şair, dövlət xadimi Əlişir Nəvai (əsl adı Nizaməddin Mir Əlişir) özbək ədəbiyyatı tarixinin ən görkəmli nümayəndəsidir. Nəvai hələ 10-12 yaşlarından gözəl şeirlər yazıb. 1464-1465-ci illərdə xəttatlar Nəvainin ilk divanını şeirlər toplusunu hazırlayıb. Bu fakt özü təsdiq edir ki, Nəvai artıq gənc yaşlarından lirik şair kimi tanınırdı.
Tədqiqatçıların qeydinə görə, Nəvai 15 yaşında lirik şeirləri ilə qəlbləri ovsunlamış, şeirsənət adamlarının diqqətini qazanıbmış. Nəvai yaradıcılığının o dövrü idi ki, o, artıq “Xəmsə” kimi dahiyanə toplunun müəllifi kimi şöhrətlənmişdi. O, məhz “Xəmsə”si ilə sübut etdi ki, türk ədəbi dilinin gücü dünya səviyyəli əsərlər yaratmağa qadirdir.
Nəvai dostu, şair-filosof Əbdürrəhman Caminin məsləhəti ilə dahi Nizaminin “Xəmsə”sinə cığatay-türk dilində “cavab” yazdı. Beləliklə, Şərq ədəbiyyatında ilk dəfə türk dilindә “Xәmsә” yaradıldı.
Onun yaradıcılığının zirvəsi, sözsüz ki, “Xәmsә” dir. Bu əsərlərdə Nəvai dövrünün ictimai məsələlərindən bəhs edib. “Xәmsә”yә daxil olan “Möminlәrin heyrәti”, “Fәrhad vә Şirin”, “Leyli vә Mәcnun”, “Yeddi sәyyarә”, “Sәddi-İsgәndәr” poemalarında şair insanpərvərlik ideyalarını daha dolğun şəkildə əks etdirib. Şairin “Xəmsə”si yalnız özbək ədəbiyyatında deyil, bütün türkdilli xalqların ədəbiyyatında ana dilində ilk “Xəmsə” kimi qiymətlidir.
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)