Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Növbəti müsahibimiz naşir, tərcüməçi, yazar, “Qanun” nəşriyyatının direktoru, həmçinin Elmar Hüseynov fondunun həmtəsisçisi və “Qanun” jurnalının baş redaktoru Şahbaz Xuduoğludur. Onunla həmsöhbət olduğumuz müddətdə kitablarla bağlı bəzi nüanslara toxunduq.
-Şahbaz bəy, “Qanun” nəşriyyatında oxucular üçün ən son hansı yeni əsərlər çap olunub?
-Əslində, “Qanun” nəşriyyatında hər gün yeni bir kitab çap olunur, amma bu ilin ən uğurlu layihələrindən biri “90 dəqiqə” layihəsidir. Bu, məsələn, "Sokratla 90 dəqiqə", "Platonla 90 dəqiqə", bütün fikir dühaları ilə belə 90 dəqiqə kitablarıdır. Mən fikirləşirəm ki, bunlar bizim üçün çox vacib kitablardır və onları nəşr etmişik, davam edirik onların nəşrinə. Sonra, təhsil üzrə ən böyük alim, pedaqoq hesab olunan Ken Robinsonun məktəb təhsili ilə bağlı bir neçə kitabını nəşr etmişik, məncə, onlar da çox faydalıdır. Yəni, digər kitablar da var, dediyim kimi, hər gün biz yeni kitab nəşr edirik. Qanun.az saytına baxanda da bunu asanlıqla görmək mümkündür.
-Bir naşir olaraq nəşr edəcəyiniz əsərləri hansı xüsusiyyətlərinə əsasən seçirsiniz ?
-Mən ilk növbədə kitabları araşdırıram, onlar haqqında məlumat alıram. O kitablardan bəzilərini oxuyuram, bəzilərini tam, bəzilərindən bir parça oxuyuram və yaxud da rəylər oxuyuram və qət edəndə ki, bunu Azərbaycan dilinə çevirmək lazımdır, o zaman onu çeviriyə ötürürəm və Azərbaycan dilinə çevrilir. Mən bilirəm ki, deyək ki, özünüinkişaf, biznes kitabları mütləq bizə lazımdır. Detektivlər çox oxunur, sanballı romanlar lazımdır, onları nəşr edirik, yəni çalışıram ki, Azərbaycan oxucularının tələbatını da nəzərə alım kitab seçərkən.
-Günümüzdə oxucular daha çox hansı mövzulu əsərlərə maraq göstərirlər?
-Daha çox detektivlər, özünüinkişaf kitabları, bir də ki, əlbəttə, dramlar oxunur. Paulo Koelyo, Mark Levi, Sesilya Ahern, Sarah Dio, Xalid Hüseyni, Elif Şafak - bu yazarların romanları illərdir çox oxunmaqda davam edir.
-Oxucuların kitablara olan marağı sizi nə dərəcədə qane edir?
-Əslində, köhnə ilə müqayisədə əlbəttə ki, tamamilə mümkündür demək ki, indi kitaba maraq xeyli artıb. Və bu maraq dayanmadan artmaqda davam edir. Məsələn, əminəm ki, gələn il bu ildən daha yaxşı olacaq. Necə ki, bu il köhnə ildən daha yaxşı idi. Yəni ilbəil oxucuların sayı azalmır, əksinə artır.
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)