İtaliyanın kütləvi informasiya vasitələrində Azərbaycan professional musiqi sənətinin və milli opera məktəbinin banisi Üzeyir Hacıbəyli haqqında məqalələr dərc olunub.
AzərTAC xəbər verir ki, “Agenzia Nova” informasiya agentliyində və “Kmetro0” portalında yayımlanan yazılarda sentyabrın 18-nin Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar gün olduğu bildirilir. Qeyd olunur ki, dahi bəstəkar, musiqişünas, pedaqoq Üzeyir Hacıbəyli məhz 1885-ci il sentyabrın 18-də Qarabağda, hazırda Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada anadan olub. Şərq və Qərb musiqisinin özünəməxsus və cəsarətli sintezi sayəsində Üzeyir Hacıbəyli milli musiqi mədəniyyətinə yenilik gətirib, onu daim yeniləyib və müasir zövqə uyğunlaşdırıb. O, təkcə Azərbaycanda deyil, Şərqdə opera janrının banisi olub və İslam dünyasında ilk müsəlman operasını yaradıb, Azərbaycan Dövlət Konservatoriyasını təsis edib. Üzeyir Hacıbəyli 1918-ci ildə Azərbaycanın Dövlət Himnini bəstələyib, sovet dövründə Azərbaycan SSR-in yeni himninin sözlərini və musiqisini yazıb.
Yazılarda, həmçinin diqqətə çatdırılır ki, 1995-ci ildən etibarən hər il Azərbaycanda Üzeyir Hacıbəylinin anadan olduğu gün – 18 sentyabr Milli Musiqi Günü kimi qeyd edilir. 2009-cu ildən isə sentyabr ayında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, eləcə də müxtəlif tədbirlər və mərasimlər keçirilir. On gün ərzində müxtəlif şəhərlərdə keçirilən festivalda müxtəlif ölkələrdən musiqiçilərin iştirakı ilə konsertlər, ustad dərsləri və konfranslar təşkil olunur.
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)