Super User

Super User

Bakıda oktyabrın 19, 20 və 21-də “YARAT Shorts” layihəsi çərçivəsində qısametrajlı filmlərin nümayişi keçiriləcək. Tədbirdə Azərbaycan, Gürcüstan və Böyük Britaniyadan olan rejissorlar iştirak edəcəklər. Filmlərin nümayişi ilə yanaşı, rejissor, ssenarist və aktyorlarla da görüşlər keçiriləcək.

 

AzərTAC xəbər verir ki, layihənin məqsədi gənc rejissorlara işlərini geniş auditoriyaya təqdim etməyə və yeni başlayan kino xadimləri üçün intensiv təlimlər təşkil etməyə imkan yaratmaqdan ibarətdir.

 

Nümayiş üçün filmlər “Qadın və onun cəmiyyətdə rolu”, “Yalnızlıq və özünüinkişaf”, “Yaddaş və xəyali mənzərələr” kateqoriyalar üzrə qəbul olunub. Tbilisidə keçirilən beynəlxalq festivalın iştirakçısı Nino Ancaparidze Gürcüstan rejissorlarının layihədə iştirakını təmin edib. “BAFTA Film Awards” (Böyük Britaniya səfirliyinin dəstəyi ilə) qalibləri Böyük Britaniya kinematoqrafını təmsil edəcəklər.

 

Tamaşaçılar Azərbaycan rejissorlarının filmlərini oktyabrın 19-da izləyə biləcəklər: ilk gündə on beş kinolent nümayiş olunacaq. İngiltərə kino xadimləri filmlərini oktyabrın 20-də təqdim edəcəklər: bu axşam dörd qısametrajlı filmin nümayiş olunması gözlənilir. Tədbir oktyabrın 21-də Gürcüstan filmlərinin nümayişi ilə başa çatacaq – proqrama yeddi kinolent daxildir. Üç günün hər birində filmlərin nümayişindən sonra rejissorlar ilə görüşlər və sual-cavab sessiyaları keçiriləcək.

 

Layihənin rəhbəri, “YARAT” Müasir İncəsənət Məkanının İctimai proqramlar departamentinin rəhbəri Ülviyyə Axundova “YARAT Shorts” layihəsinin ideyasının necə yarandığı və onun perspektivləri barədə danışır.

 

“YARAT vaxtilə fəaliyyət göstərən və bütün dünyada ən yaxşı qısametrajlı filmləri toplayan “Future Shorts” beynəlxalq festivalını uzun illər Azərbaycanda təqdim edib. Hər mövsüm bizə seçilmiş filmlər göndərilirdi, biz də onları böyük uğurla tamaşaçılara göstərirdik. Festival fəaliyyətini dayandıranda biz kiçik festivalımızı təşkil etmək barədə düşündük. Biz – ölkədə ən böyük müasir incəsənət mərkəziyik və çox sayda yaradıcı insanlar müxtəlif ideyalarla, o cümlədən kino sahəsinə aid ideyalarla müraciət edirlər. Yəni biz mütəmadi əsasla kino nümayişləri keçiririk, öz festivalımız isə bu vaxta qədər olmayıb”, – deyə o bildirib.

 

Bu il layihənin pilot buraxılışının olacağını və burada münsiflər heyətinin və ya “ciddi” mükafatların (yalnız təşkilatçıların iştirakçılar üçün nəzərdə tutduğu hədiyyələr) olmadığını qeyd edən Ülviyyə Axundova üç ölkənin iştirakının başlanğıc üçün yaxşı hal olduğunu əlavə edir.

 

“Layihəni festival formatına qədər genişləndirməyi planlaşdırırıq. Uğurlu olarsa, insanların xoşuna gələrsə, növbəti ildə onu daha yüksək səviyyəyə keçirməyə çalışacağıq. Mənə və bütün komandamıza elə gəlir ki, yenicə fəaliyyətə başlayan Azərbaycan kinematoqrafçılarını dəstəkləmək çox vacibdir, çünki onların əməyinin nəticələrini geniş auditoriyaya göstərmək imkanları olduqca azdır. Azərbaycanda həm Lokarno, həm Venesiya, həm də Kannda keçirilən çox nüfuzlu beynəlxalq kinofestivalların proqramına daxil ola bilən rejissorlar var, lakin ölkələri çərçivəsində onları tanımaq, onların haqqında eşitmək və işlərini görmək üçün onların o qədər də çox imkanları yoxdur”, - deyə layihənin rəhbəri qeyd edir.

 

Ülviyyə Axundova ölkədə kinematoqraf sənayesinin inkişafı üçün bu cür tədbirlərin əhəmiyyətli olduğunu bildirir.

 

“Ən yaxşı animasiya işlərinin nümayiş olunduğu bu cür festivallar – həm “Baku Shorts Film Festival”, həm də “Anima Films” və nisbətən yaxın zamanda təsis olunan “Sevil” festivalı, sənədli filmlərin nümayiş olunduğu “DokuBaku” festivalı, perspektivdə isə bizim festivalımız da – bu, zövqün formalaşdırılmasına və gənc kinematoqrafçıların yeni işlərinin dəstəklənməsinə gedən yoldur. Müəyyən bir vaxtda kəmiyyət mütləq keyfiyyətə çevriləcək!”, - deyə o vurğulayır.

 

Filmlərin nümayişi və sual-cavab sessiyaları “YARAT” Müasir incəsənət mərkəzinin zalında keçiriləcək, filmlərin nümayişi saat 19:00-da başlayacaq. Mərkəzin qapıları hər kəs üçün açıqdır, giriş pulsuzdur. İştirak etmək üçün “YARAT” mərkəzinin sosial şəbəkələrdəki səhifələrində və ya təşkilatın saytında dərc olunan linklər vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2023)

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının və böyük mütəfəkkir Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında rejissor Samir Qulamovun librettosu və quruluşunda hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirilib.

 

Teatrdan  verilən məlumata görə, dərin fəlsəfi məna kəsb edən klassik əsər yeni rejissor yozumuna əsasən orijinallığını saxlasa da, fərqli təqdimatı ilə təkcə Musiqili Teatrın tarixində deyil, Azərbaycan teatr tarixində bir ilkdir.

 

Tamaşanın bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Əməkdar artist Vaqif Məstanov, muğam ifası üzrə məsləhətçisi Xalq artisti Səkinə İsmayılova, solo tar ifaçıları Əməkdar artist Elxan Mansurov, gənc ifaçılar Səxavət Məmmədov, Cahid Əlizadə, konsertmeysteri Fidan Əliyeva, rejissor assistentləri Prezident mükafatçısı Əmrah Dadaşov və Sevinc Məmmədovadır.

 

Leyli rolunda VII Muğam Televiziya Müsabiqəsinin qalibi İlahə Rüstəmova, Məcnun rolunda isə respublika və beynəlxalq muğam müsabiqələrinin qalibi Orxan Hüseynli çıxış edib.

 

Tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev həm də Məcnunun ruhu obrazını canlandırır. Onun tərəf müqabili – Leylinin ruhu obrazının ifaçısı isə teatrın balet artisti İranə Kərimovadır.

 

Tamaşada Əməkdar artist Nadir Xasiyev, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Əmrah Dadaşov, artistlər Gülnarə Abdullayeva, Təranə Əliyeva, Bacıxanım Sadıqova, İbrahim Əlizadə, Emin Zeynallı, Əli Kərimov, Murad Əliyev, Böyükxanım Məmmədova, Mirzəhra Muradova, Aydan Əliyeva, eyni zamanda, teatrın xor və balet heyətinin üzvləri iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2023)

Portuqaliyanın Lissabon şəhərində keçirilən Beynəlxalq Qolf Səyahət Bazarı (IGTM) sərgisində Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanın qolf turizmi imkanları təbliğ olunub.

 

Bürodan AzərTAC-a verilən məlumata görə, sərgidə Azərbaycanı Milli Qolf Klubu və “Dreamland Golf” klubu təmsil edib.

 

Oktyabrın 19-dək davam edəcək sərgidə ziyarətçilərə Azərbaycanda qolf turizmi ilə bağlı xidmətlər, qolf turpaketləri barədə ətraflı məlumat verilir, həmçinin Azərbaycanın qolf turizmi destinasiyası kimi tanıdılması istiqamətində xarici turagent və turoperatorlarla B2B (biznesdən-biznesə) görüşlər keçirilir.

 

Qeyd edək ki, dünyada qolf turizminin ən mühüm tədbirlərindən hesab edilən Beynəlxalq Qolf Səyahət Bazarı (IGTM) sərgisi qolf turizmi üzrə B2B görüşlərinin keçirildiyi və qolf destinasiyalarının bir araya gəldiyi önəmli platformalardan biridir. 1998-ci ildən etibarən keçirilən sərgi tərəfdaşlıq əlaqələrinin qurulması və qolf peşəkarlarına dəstək göstərmək məqsədilə hər il dünyanın fərqli ölkələrində təşkil olunur.

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2023)

Cümə axşamı, 19 Oktyabr 2023 14:30

GƏNC İSTEDADLAR – El Roman Əlizadə

Gənclik ömrün ən gözəl çağıdır. Gəncliyin poeziyası da təbii ki, gözəl olur. Gənc istedadlar rubrikasında “Ədəbiyyat və incəsənət” portalı sizlərə gənc və həddən artıq istedadlı şair Elroman Əlizadənin  şeirlərini təqdim edir.

 Belə deyir El Roman:

Qızarmış gözlərim də
adını çəkə bilmir,
çünki səni unutdu.
Üç dəfə qapımı döy,
dördüncüdə açmasam,
bil ki, səni unutdum...

Bu gün 3 şeir, bir o qədər də sabah.


“Adam bilmir”

Zaman daha insafsızdı,
Zaman ölüm-itim bilmir.
Evinizi, qapınızı
Küçənizin iti bilmir.
Hardan bilsin yetim, bilmir.

Göyün yeddi qatı var? Var!
Göyləri məskən bilirsən.
Ölümün saatı var? Var!
Mən bilirəm, sən bilirsən,
Əzrayıl saatı bilmir.

Daha mən də qocalmışam.
Daha atam da qocalıb,
Siqareti ata bilmir.
Daha anam da qocalıb
Corabımın tayı itir,
Ha axtarır, tapa bilmir.

Səndən sonra təkliyimi,
Mənim nələr çəkdiyimi
Sən bilirsən, Allah bilir,
anam bilir, atam bilmir...

Külək əsir həzin-həzin,
Qulağımda sənin səsin.
Neyləsin, qızım, neyləsin,
Adam bilmir, adam bilmir...


“Altıncı hiss”

Bağışlama gedəni,
çünki ən böyük haqqı
nahaqla dəyişmisən.
Səni kitab edəni
sənə xitab edənə
nə haqla dəyişmisən?

Təkliyə öyrəşmirəm,
təsəlli verirəm ki,
yar atmış ola bilməz.
Sən ayrısan, mən ayrı,
ikimizi bir Tanrı
yaratmış ola bilməz.

Sən ki gündüz getmisən,
məcburam ki, gündüzə
gecə deyim, əzizim.
Səni alana baxıb
“səni verənə şükür"
necə deyim, əzizim?

Bu sevda nə sevdadır,
əvəzimə kor olub
məni yenə görməzlər.
Saçın ucun da hörsəm,
gülü sulu da dərsəm,
səni mənə verməzlər.

Altıncı hissim susub,
saat beşdə gedən qız,
dörd fəsildir itmisən.
Üç illik məhəbbəti
iki gündə unudub
bir dəfəlik getmisən...

 “Ağac”

İncimədi kağızım,
indicə bir qələmlə
incidəni yazıram.
Həyatdı da əzizim,
bir vaxt sənə yazırdım,
indi səni yazıram.

Həsrət bükdü belimi,
barı, yanımda qalsan,
cəhənnəm, dik olardım.
O qədər ağlamışdım,
kirpiyim oruc olsa,
cəhənnəmlik olardım.

Alnımda bir ləkə var,
səbəbi nə, sirri nə,
bəlkə bir tikə qaldım?
Alın yazım sən idin,
tanrı səni pozanda
yerində ləkə qaldı.

Ağaca səni yazdım,
yağış yerə düşdükcə
göyə buxarı qalxdı.
Hər ağac böyüdükcə
ağacdakı adın da
bir az yuxarı qalxdı.

Qızarmış gözlərim də
adını çəkə bilmir,
çünki səni unutdu.
Üç dəfə qapımı döy,
dördüncüdə açmasam,
bil ki, səni unutdum...

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2021)

 

“Azərbaycan Hava Yolları” Bakıdan Avropanın səkkiz şəhərinə və əks istiqamətdə xüsusi təklif təqdim edir.

 

AZAL-ın mediaya açıqlamasında bildirilir ki, aviaşirkətin qeyd edilən istiqamətləri - Praqa, Paris, London, Vyana, Berlin, Barselona, Cenevrə və Milan üzrə aviabiletlərdə güzəştli qiymətlərdən yararlanmaq mümkündür. Təklif 17-26 oktyabr tarixlərində əldə edilmiş biletlərə və 2024-cü ilin 15 yanvar – 11 mart tarixləri arasında yerinə yetirilən uçuşlara şamil edilir.

Aviabiletlərin dəyərinə hava limanı rüsumları daxildir:

Bakı-Vyana-Bakı, Bakı-Praqa-Bakı, Bakı-Berlin-Bakı, Bakı-Cenevrə-Bakı biletləri 299 avrodan başlayır;

Bakı-Paris-Bakı, Bakı-London-Bakı, Bakı-Barselona-Bakı, Bakı-Milan-Bakı biletlərini 399 avrodan başlayan qiymətlərlə əldə edə bilərsiniz.

Güzəştli aviabiletləri aviaşirkətin www.azal.az saytından, həmçinin “Azərbaycan Hava Yolları”nın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2023)

Bu gün İstedadlı italyan pianoçu Lorenso Banyati Bakı tamaşaçıları qarşısında çıxış edəcək. “Suda əks olunanlar” konserti Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı iTicet-ə istinadən xəbər verir ki, maraqlı proqramda Ferens List, Moris Ravel, Klod Debüssi və digərlərinin əsərləri səsləndiriləcək.

Lorenso Banyati – dünya fortepiano səhnəsinin parlaq yüksələn ulduzudur. O, 1998-ci ildə Milanda istedadlı musiqiçilər ailəsində dünyaya gəlib. Artıq 4 yaşında fortepianoya olan həvəsi aşkar olunub və 7 yaşında Benedetto Marçello adına nüfuzlu Venesiya Konservatoriyasının tələbəsi kimi ilk konsertini verib. Gənc pianoçu konservatoriyanı 17 yaşında əla qiymətlərlə bitirərək, təhsilini Qnesinlər adına Rusiya Musiqi Akademiyasında davam etdirib. Hazırda Lorenso ustalığını maestro Eliso Virsaladzenin rəhbərliyi altında təkmilləşdirir. Onun çıxışları virtuoz texnikanın və dərin emosionallığın simbiozudur.

Anton Rubinşteyn adına müsabiqə və bir çox başqa beynəlxalq müsabiqələrin qalibi Lorenso Banyati “Karneqi Holl” (Nyu-York) və La Feniçe Teatrı (Venesiya) da daxil olmaqla, mötəbər dünya səhnələrində solo konsertlərlə çıxış edir. Tanınmış musiqiçi bir neçə nüfuzlu müsabiqələrin münsiflər heyətinin üzvüdür.

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2023)

Cümə axşamı, 19 Oktyabr 2023 12:15

Redaksiyanın poçtundan: Cəfər Atayevin əruzu

“Ədəbiyyat və incəsənət” portalının poçtuna oxucumuz Cəfər Atayevdən gəlmiş şeiri təqdim edirik. 

 

 

Qəlb ilə sevən kəslər uduzmaqlara məhkumdur.

Eşqimsə ibadətdir, müqəddəslərə məlumdur.

Saxla, qoru o ruhunu, o dünyaca məsumdur.

Çün, fərqli bətnlərdən əkizlər hələ məhrumdur.

 

Mən car ilə çəksəm ahımı dağlar əyər başın.

Bir gah edib əssəm, küləyim parələyər daşı.

Zənn eyləmə, gözlər yolunda saxlayar təlaşı.

Hərdən əsərək kipriyim də yağdırar yağışı.

 

Boylan gecə yarı hələ ulduzlara et diqqət .

Yalnız olanı süzsən sən əgər, orda mənəm əlbət.

Sönmüştək uzaqlarda günəş gözləyən o bədbəxt

Bir gecə günəş çıxsa əgər yox olar bu həsrət...

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2023)

 “Ədəbiyyat və incəsənət” portalının Sual-cavab rubrikasında bu gün I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində keçirilən yaradıcı sənayelərin və innovasiyaların mədəniyyət sahəsində inkişafı ilə bağlı panel barədə sualı cavablandıracğıq. Rubrikanı Könül aparır. 

 

SUAL:

Hörmətli “Ədəbiyyat və incəsənət”! 

I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində yaradıcı sənayelərin və innovasiyaların mədəniyyət sahəsində inkişafı ilə bağlı olduqca maraqlı panel keçirildi. Panellə bağlı geniş bilgi verməyinizi xahiş edirəm.

Hörmətlə: Tubu İsmayılova.

 

CAVAB:

I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində yaradıcı sənayelərin və innovasiyaların mədəniyyət sahəsində inkişafı ilə bağlı panel keçirilib.

Paneldə fərqli ölkələrdən nümayəndələr, yaradıcı sənayelərin nümayəndələri, assosiasiyaların üzvləri, rəhbərləri, həmçinin özəl sektorun nümayəndələri iştirak ediblər.

Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov “Mədəniyyət və Yaradıcı sənayelər sahəsində türk dövlətlərinin əməkdaşlıq perspektivləri” mövzusunda keçirilən panel sessiyası ilə bağlı məlumatları bölüşüb.

O bildirib ki, yaradıcı sənayelərin inkişafı olduqca vacib bir istiqamətdir. Hazırda mədəniyyətin təbliğatı, inkişafı barədə sessiyada təcrübə mübadiləsi aparılıb, maraqlı layihələr barəsində məlumatlar paylaşılıb. Artıq Şuşada keçirilmiş I Türk Dünyası Mədəniyyət Forumu yeni layihələrə, təşəbbüslərə start verir.

Rəşad Əzizov qeyd edib ki, eyni zamanda, innovasiyalara da xüsusi önəm verilir. İndiki dövrdə bu texnologiyaların tətbiqi, xüsusi olaraq süni zəkanın tətbiqi bütün sahələrdəki kimi, mədəniyyət və yaradıcılıq sahəsində də öz yerini tutur.

“Bu sahədə əməkdaşlıq artırılmalıdır və Mədəniyyət Nazirliyi hazırda bu proseslərə xüsusi diqqət yetirir. Qısa müddətdə nəinki ölkədaxili, eyni zamanda, digər türkdilli ölkələrlə birgə müvafiq layihələrin həyata keçirilməsi nəzərdə tutulub", - deyə şöbə müdiri qeyd edib.

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2023)

“Ədəbiyyat və incəsənət” portalı Sadiq Qarayevin yeni yazdığı və yaxın günlərdə işıq üzü görəcək romanından bəhs edəcək. 

 

Ondan başlayaq ki, tamam başqa sahənin adamı olsa da ədəbiyyat sahəsində də kifayət qədər uğurlu iş ortaya qoymağı bacarıb. Onun son romanı - “N” saylı qəhrəmanlıq” bu cəhətdən xarakterikdir. Mövzu olduqca aktual mövzudur – 44 günlük müharibə!

Azərbaycanın zəfəri təbii ki, bədii əsərlərdə, digər mədəniyyət artefaktlarında kifayət qədər tərənnüm olunmlıdır. Müharibə mövzusu günümüzdə bir trendə çevrilməlidir. Ancaq əksər yazarlarımız bu ağır yükün altına girməkdən çəkinirlər, belə məqamda da Sadiq Qarayevin ortaya “N” saylı qəhrəmanlığ”ı çıxarması əsl alqışa layiqdir.  

Roman mürəkkəb quruluşlu romandır, özündə bədiiliklə sənədliliyi bir araya gətirir. Romanda müəllif 44 günlük müharibədə ön və arxa cəbhəni, beynəlxalq arenada vəziyyəti, xalq-dövlət-ordu-Ali Baş Komandan birliyinin gücü olan “Dəmir Yumruğ”u və “N sayda qəhrəmanları və “N” saylı qəhrəmanlıqları” işıqlandırmışdır.

          “Müharibə tumurcuqları” adlanan I fəsildə 44 günlük müharibəyə qədərki uzun yoldan: müharibənin səbəbləri, ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri vəhşiliklər, soyqırımlar, torpaqlarımızın işğalı, I Qarabağ müharibəsində, Aprel döyüşlərində, Tovuz döyüşlərində əsgər və zabitlərimizin qəhrəmanlığı, Azərbaycan xalqının “Şəhidlik məktəbi”ndən bəhs edilmişdir.

           II fəsildə 44 günlük müharibəyə hazırlıq, döyüşün planlamaları, başlanması, 2-ci ordu korpusunun timsalında 30 il ərzində möhkəmlənmiş “keçilməz Ohanyan xəttinin” rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgər və zabitləri tərəfindən yarılması, kənd və şəhərlərimizin işğaldan azad olunmasından bəhs edilmişdir. Onlarla şəhid və qazinin döyüş yolu, göstərdikləri qəhrəmanlıqları, şücaətləri əsasən sənədli, real faktlar əsasında təsvir edilmişdir.

          III fəsildə Şuşanın azad olunması, möhtəşəm tarixi qələbə sayəsində 30 il davam edən işğalın sona çatması, Cıdır düzündə “Sərxoş qarğa rəqsiərinin” “Xarıbülbül” festivalıyla əvəz olunması fonunda mövcudluğun dəyişilməsi təsvir olunmuşdur: Azərbaycan şəhidlik, qəhrəmanlıq məktəbi 200 illik ermənilik faşizmi və havadarları üzərində tarixi, həlledici qələbə çalır. Ermənilik ideyaları yoxluğa, keçmişə səpələnir.

        Mən Sadiq Qarayevə belə ağır bir mövzuda roman yazmaq cəsarətinə görə minnətdarlıq bildirirəm. Təbii ki, 44 günlük  müharibə mövzulu romanlar bundan sonra daha çox yazılacaq, xüsusən tanınmış nasirlərimiz ortaya sanballı işlər çıxara biləcəklər.

        Bu roman isə ilk qaranquşlardan biri olduğu üçün təqdirəlayiqdir.

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2023)

Cümə axşamı, 19 Oktyabr 2023 11:45

Şəhriyar del Gerani evlənir

Gənc və kifayət qədər oxucusu olan şair Şəhriyar del Gerani evlənir. Oktyabrın 21-də onun toyudur. Gələcək həyat yoldaşının adı Leyla xanımdır. 

 

Toy məclisi Şəhriyarın doğma İmişli rayonunda, “Kral” şadlıq sarayında baş tutacaq.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı şairin özünə istinadən xəbər verir.

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.