Super User
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Arğın Paşadan “Baxıram” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Arğın Paşanın şeirlərini təqdim etməkdədir.
Arğın Paşa təxəllüsü ilə tanınan Məhəmməd Paşapur, 1989-cu il, muğanda doğulub böyüdü. Bilim yurdunda bitki uzmanlığı bitirdi. Gənc çağından ana dilində şeir yazmağa maraqlandı. Az sonra şeirləri qəzetələrdə göründü.
2013-cü il, Azərbaycan folkloru əsasında uşaqlar üçün, "Cırtdan", 2016-cı il "Axmaq tülkü", 2017-ci il Azərbaycan folkloru əsasında bir daha uşaqlar üçün, "Duzlu çəpiş" və 2019-cu il "Cırtdan" kitabı ikinci dönə çapdan çıxdı. Neçə başqa şeir kitabı çapa hazırlanır. Bu çağ, muğanın ustad şəhriyar dərnəyi ilə füzuli məclisinin ictimaiyyətlə ələqələr müdiridir.
BAXIRAM
Gözündə bir qorxu, min bir həyəcan,
İlahi nə duyur xəyalən görən?
Könlündə yaşıl və sıcaq bir muğan,
Sənmisən röyamda məni öldürən?
Bir olay sındırıb yenə vüqarı,
Keçmişi büsbütün itirdim daha.
Qaldırıb içimdə yetim divarı,
Çəkilir kimliyim bu gün, sabaha.
Gəlib gözlərimin önündə durub,
Baxıram könlünün pəncərəsindən.
Gəlişin sevinci beynimə vurub,
Qopardın tənimi yer kürəsindən.
Gözlərin gözümə zillənən çağı,
Elə bil köksümdən güllə sovuşdu.
Dodağın bir anlıq güllənən çağı,
Sürəkli qışımdan çillə sovuşdu.
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)
AKTUAL ŞEİRdə “Necə əliniz gəldi?”
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
3 il öncə bu günlərdə müzəffər ordumuz erməni qəsbkarlarını iti qovan kimi torpaqlarımızdan qovmağa başlamışdı. Həmin vaxt vəhşilər Gəncəni və Bərdəni bombalayır, dinc sakinlər, o cümlədən uşaqlar tələf olurdu.
Necə əliniz gəldi?
(Zəhra balanın timsalında bu taleyi yaşayan bütün fidanlara həsr olunur)
Bir balaca körpənin həyatına qıymağa,
Ümid dolu fidanı yarı yolda qoymağa,
Necə əliniz gəldi?
Ürəyiniz daşdımı? Ruhunuz şeytandımı?
İki yaşlı Zəhranı öldürən insandımı?
Necə əliniz gəldi?
Göylər də qan ağladı, fırtınalar başladı,
Tanrının özü belə sizləri qarğışladı.
Necə əliniz gəldi?
Yazdıqca yanır adam, yandıqca yazır adam,
Bu dəhşətin üzünə baxmağa qorxur adam,
Necə əliniz gəldi?
Nə deyim, nə söyləyim gözünüz kor olaydı,
O gülləni atarkən əliniz quruyaydı,
Necə əliniz gəldi?
Ey insanlıq adından uzaq olan erməni,
Cavabsız sualıma bir cavab ver sən mənim,
Necə əliniz gəldi?
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)
Müharibə mövzusu böyük ekranda
Əli Nəcəfxanlı yazır
“Ədəbiyyat və incəsənət” portalı Əməkdar jurnalist Əli Nəcəfxanlının Azərbaycan kinosunun 125 illiyinə həsr olunmuş “Müharibə mövzusu böyük ekranda” yazısını təqdim edir.
Azərbaycan kinematoqrafiyasında müharibə mövzusunda xeyli gözəl film var. İkinci Dünya müharibəsinə aid olan “Uzaq sahillərdə”, “Sizi dünyalar qədər sevirdim”, “Şərikli çörək”, “Bizim Cəbiş müəllim”, “Mən ki gözəl deyildim”, “Bizim küçə”, “Ölsəm, bağışla”, “Tütək səsi” filmləri mükəmməldir. Bu ekran işlərində həm döyüş səhnələri göstərilib, qəhrəmanlıq tərənnüm olunub, həm də topsuz-tüfəngsiz arxa cəbhədəki insan taleləri əsas götürülərək savaşın faciələrinə işıq tutulub.
Ermənistan–Azərbaycan münaqişəsinə gəlincə isə, bu mövzuda hələlik Birinci Qarabağ müharibəsi mövzusunda müəyyən filmlər çəkilib: “Dolu”, “Fəryad”, “Yarımçıq xatirələr”, “Ümid”, “Girov”, “Yalan”, uşaqlar üçün “Ağ atlı oğlan” və s. Debüt filmi sayılan “Qara bağ” da bu sıraya aid edilməlidir. Məsələ bundadır ki, istər bədii, istərsə də sənədli janrda lentə alınan bütün filmlər ümumən tarix üçün, eyni zamanda gələcək nəsillər üçün bir növ xronika kimi vacibdir. 44 günlük “Zəfər yürüşü”, şəhidlərimizin qəhrəmanlığı, dünyada analoqu olmayan uğurlu döyüş əməliyyatları, psixoloji məqamlar hələ özlərinin ekran təcəssümünü gözləyir. Bir sözlə, Qarabağ müharibəsi özünün hər üzü ilə dünyaya çatdırılmalıdır.
Onu da xatırlayırıq ki, bir neçə il əvvəl kinoda Qarabağ mövzusu ölkəmizin sərhədlərini də adlayıb. Söhbət türk rejissoru Gökalp Yamenin “Qarabağ – Turan” adlı 18 dəqiqəlik qısa filmindən gedir. Mübariz İbrahimovun qəhrəmanlığının da geniş yer aldığı həmin ekran işinin Şimali Kiprin Yaxın Doğu Universitetində təqdimat mərasimi də keçirilib.
Son dövr kinomuzda Qarabağ mövzusunda uğurlu filmlərin rejissoru kimi tanınan Əməkdar incəsənət xadimi Elxan Cəfərovun bu barədə fikirləri maraqlıdır: “Bilirsiniz ki, mən vaxtında bu mövzuda üç film işləmişəm. “Dolu” (2012), “Yarımçıq xatirələr” (2015) və “Qarabağdır Azərbaycan” (sənədli-bədii film 2009). Əgər bundan əvvəl bizim filmlərdə Qarabağa necə qayıtmağımız, Qarabağsız Azərbaycan, “Biz Qarabağı heç vaxt unutmayacağıq” kimi mövzular əsas idisə, bundan sonrakı dövrdə kinonun Qarabağla bağlı paradiqması artıq dəyişib. Biz Qarabağ savaşında qalib gəldik, torpağımızı qaytardıq və bundan sonra Qarabağımızı necə dirçəldəcəyik, orada necə möhkəmlənəcəyik kimi məsələlər də önə keçməlidir”.
Avqustun sonunda Mədəniyyət Nazirliyinin Azərbaycan Ədəbiyyat Fondu ilə “Ədəbiyyatın kinoya transferi” mövzusunda keçirdiyi dinləmələrdə də bu məsələ ətraflı müzakirı olunub. Fondun baş direktoru, tanınmış yazıçı Varisin dediyinə görə, həmin tədbirdə məqsəd keyfiyyətli filmlərin ərsəyə gətirilməsi üçün yazıçıların kino sənayesinə daha yaxından cəlb edilməsi olub. Mədəniyyət nazirinin müşaviri, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu, Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı, AYB-nin katibləri İlqar Fəhmi və Elçin Hüseynbəyli, birliyin dramaturgiya seksiyasının müdiri Firuz Mustafa, Azərbaycan Kino Agentliyinin şöbə müdiri Rəşad Qasımov, rejissor Adil Azay və başqaları ədəbiyyatla kinonun vəhdətindən, yaxşı filmlərin çəkilməsi üçün yaxşı dramaturji materialın olması zərurətindən bəhs ediblər. Mədəniyyət naziri Adil Kərimlinin kinodakı durğunluğu aradan qaldırmaq üçün atdığı zəruri tədbirlərə diqqət çəkilib. Müharibə mövzusunda filmlərin ən yaxşı müəlliflər tərəfindən çəkilməsi zərurəti vurğulanıb və bildirilib ki, bu mövzuda film müsabiqəsi keçirmək nəzərdə tutulur.
Ölkənin kino cameəsinin birləşməsi, “Debüt studiyası”nın bərpası, mediasının maliyyələşdirilməsinə başlanılması, prodüser mərkəzlərinin çoxalması və təkmilləşməsi üçün atılan addımlar nikbinlik yaradır. Mədəniyyət Nazirliyinin seleksiya yolu ilə tələbələr arasından, gənc istedadlar arasından yeni rejissorlar, ssenaristlər, operatorlar, aktyor və aktrisaların seçilməsində maraqlı olması da inam yaradan amildir.
Nazirlik, həmçinin, dünyaçaplı studiyaların gəlib Azərbaycanda filmlər çəkməsini gerçəkləşdirmək, hətta onları maliyyələşdirmək əzmindədir. Azərbaycan ərazisində film çəkən bütün xarici şirkətlərdən yalnız bir şey tələb olunacaq: 60–70 faiz yerli kadrlardan – azərbaycanlı mütəxəssislərdən istifadə etsinlər ki, kinoda milli kolorit hiss olunsun.
Bu günlərdə müharibə mövzusunda iki filmin təqdimatının keçirilməsi fərəhli hadisədir. Biri qəhrəmanlıq xronikasına aid olan “Oğul”, digəri isə müharibə itkinləri haqqında çəkilmiş “Coğrafiya müəllimi” adlı qısametrajli bədii-sənədli filmdir. Bu ekran işlərinin ingilis dilində titrlərlə müşayiət olunması filmləri xarici auditoriyaya çıxarmaq məramına xidmət edir.
Şübhə etmirik ki, şanlı qələbədən sonra Vətən müharibəsi haqqında daha güclü ssenarilər yazılacaq, filmlər çəkiləcək. Ali Baş Komandanın bu 44 gündə xalqa müraciətləri, əsgərlərimizin qəhrəmanlıqları və sair əsl salnamədir, tarixdir, bütöv seriallar üçün münbit materialdır. Bu mövzular ədəbiyyatda və kinoda özünün layiqli əksini tapacaq.
Amma kinematoqrafçılar unutmamalıdırlar ki, Qarabağ müharibəsi haqqında maraqlı və dərin məzmunlu filmlərin çəkilməsi hər zaman aktual məsələ olaraq qalacaq. Dünya arenasına çıxmağın başqa yolu yoxdur.
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)
GÜNDƏM ŞEİRLƏRİndə “Yandırıb”
“Ədəbiyyat və incəsənət” portalının bugünkü Gündəm şeiri Yusif Nəğməkardan gəlir. O, şeiri yazma səbəbini özü izah edir.
İstedadlı şairə xanım Adilə Nəzər öz Facebook səhifəsində riyakar dünyanın QARABAĞ məsələsində yenidən ciddi haqsızlığa... yol verəcəyi təqdirdə özünü yandıracağını yazdı...
Özünü yandırma, Adilə Nəzər,
Sənin yandıranın HAQDAN yandırıb.
Qədimdir etdiyin fəryad, dad-həzər;
Qəlbini söz eşqi çoxdan yandırıb!..
Canda qalaqlanıb fikrin külləri,
Duyğunun, ilhamın alov dilləri...
Yağı-düşmənlərin xain əlləri
Yurduna tuşlanan oxdan yandırıb...
Haçan ocaq çatdın misralarında,
Alov çiçəkləndi əsrarlarında...
Səni od mizrabın könül tarında
O gündən, o an, o vaxtdan yandırıb...
Var ikən ATƏŞGAH- yanar çağımız,
Özünü yandırma, ruhusağımız.
Bəs edər od saçan YANARDAĞIMIZ;
TANRI ULUMUZU dağdan yandırıb!..
Yanmaq-- fədakarlıq andırmağındır,
Anmaq-- sınmaz sanı sındırmağındır...
Hər şeir-- özünü yandırmağındır --
Qədərdən, taledən, baxtdan yandırıb!..
Donan heyrətindir yanan qeyrətin,
Onsuz, od püskürür qalib MİLLƏTİN;
Çıxıb axırına zülmün, zillətin,
İşğal divanını taxtdan yandırıb!..
Neyləyək, namərddir həyatda çoxluq?!.
Arayıb-axtarma, yox gözütoxluq...
Dünyada ədalət deyilən yoxluq
Sənin varlığını yoxdan yandırıb...
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)
ANONS: Türkiyəli yazar Cemal Durmazla müsahibə
“Ədəbiyyat və incəsənət” portalı sabah oxucularına əməkdaşı Habil Yaşarın Türkiyədən hazırladığı növbəti müsahibəni təqdim edəcək. Bu dəfə Habil Yaşarın müsahibi “Yazıçılar və Şairlər Həmrəyliyi Dərnəyi”nin prezidenti, “İlkses” qəzetinin köşə yazarı, üç detektiv-macəra romanının müəllifi Cemal Durmazdır.
Qaçırmayın!
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)
Kəlağayı ilə eldən elə
ŞƏKİ ŞƏHƏR SƏMƏD VURĞUN ADINA FOLKLOR EVİNDƏ KƏLAĞAYIDAN BƏHS EDƏN ƏDƏBİ-BƏDİİ GECƏ KEÇİRİLİB
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində 21 Oktyabr 2023-cü il saat 15:00-da, Şəki şəhər Səməd Vurğun adına folklor evində kəlağayıdan bəhs edən ədəbi-bədii gecə keçirilib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına ədəbi-bədii gecədə açılış sözü ilə çıxış edən Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı məlumat verib. O bildirib ki, layihənin mahiyyəti kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun populiyarlığını daha da artırmaqdır.
Bədii gecədə Şəki şəhər 4 nömrəli U.M.M-nin xor şöbəsinin müdiri Fərqanə Salamova, M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin drijoru Zabil Məmmədov, Şəki Şəhər Uşaq İncəsənət məktəbinin müəllimi Xumar Əsədova və məktəbin şagirdləri, Şəki 4 nömrəli Uşaq musiqi məktəbinin tar müəllimi Səxavət Cumayev, Şəki şəhər 4 nömrəli U.M.M-nin nağara müəllimi Elman Salmanov, Bilqeyis Ələskərova adına Folklor evinin kamança üzrə metodisti Rüstəm Xəlilməmmədov, söz adamları iştirak ediblər. Layihə çərçivəsində "Kəlağayı əlvan qıyqacı" kitabı oxuculara təqdim olunub. Sonda Güllü Eldar Tomarlı Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə maliyyə dəstəyinə görə, Şəki şəhər İcra Hakimiyyətinə, Mədəniyyət idarəsinə təşkilati dəstəyə görə təşəkkürlərini bildirib.
Qeyd edək ki, indiyə kimi “Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində Bakı, Qazax, İsmayıllı və Şəki şəhərlərində kəlağayıdan bəhs edən ədəbi-bədii gecələr təşkili edib, “Kəlağayı əlvan qıyqacı" kitabınını təqdim edib.
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)
Rövşən Babanlı işığına yığışdıq
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün
Amalı-əməli bütöv insandır Rövşən Babanlı. 33 illik - bir qərinə tarixi olan "Qazax" Xeyriyyə İctimai Birliyinin sütunudur Rövşən Babanlı. Canlı ensiklopediyadır.
Rövşən Babanlı ilə görüş bir ömrə bərabər olan görüşlərdəndir. Şərəfli, keşməkeşli tariximizin canlı şahidlərindəndir Rövşən müəllim. Birinci Qarabağ müharibəsində Qazaxda gedən döyüşlər zamanı Bakıda yaşayan ziyalıların, imkanlı şəxslərin ön cəbhəyə göstərdiyi diqqət və qayğını Rövşən müəllimin dilindən eşitmək özü də həzzvericidir.
“Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov Qazax mahalı qarşısında göstərdiyi təmənnasız xidmətlərə, Birinci Qarabağ müharibəsində Qazağın düşməndən qorunması üçün əlindən gələn fədakarlığı əsirgəmədiyinə, bir ziyalı kimi insanlara göstərdiyi diqqət və qayğıya görə Rövşən Babanlıya öz adından, İctimai Birliyin üzvlərinin və Qazax mahalının ziyalılarının adından təşəkkürünü bildirdi.
Uzun illərdir "Qazax" Xeyriyyə İctimai Birliyinin arxivi İctimai Birliyin üzvü, Birinci Qarabağ savaşında Qazax mahalında gedən döyüşlər zamanı ön cəbhədən öz köməkliyini əsirgəməyən İmam Əhmədovun rəhbərlik etdiyi "Bakı Yastıq Zavodu" ASC-də qorunub saxlanılır. Arxiv yaxın vaxtlarda İlham Pirməmmədovun rəhbərliyi ilə təhvil alınacaq. Həmin arxivdən gələcəkdə elmi işçilər, tədqiqatçılar tarixi material kimi istifadə edə biləcəklər.
Sədr İlham Pirməmmədov "Qazax" Xeyriyyə İctimai Birliyinin arxivinə uzun illərdir yer verərək, qoruyub-saxladığı üçün İmam Əhmədova öz təşəkkürünü bildirdi.
Bu görüşün təşkilatçıları "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri İmam Əhmədov və Valeh Nəsibli oldu.
Hər birinizə təşəkkür edirik. Rövşən müəllimə uzun ömür, can sağlığı arzulayırıq. "Qazax" Xeyriyyə İctimai Birliyinə gələcək işlərində uğurlar arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)
İrukin kimdir?! - Qabaqcıl gəncləri tanıdaq
Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
Bundan öncəki buraxlışlarımızdan birində sizlərə Andy Weir haqqında danışdım. Eləcə də onun uğur yolu haqqında sizlərə bəhs etdim. İstəyənlər aşağıdakı linkə keçid edərək oxuya bilər:
https://www.edebiyyatveincesenet.az/index.php/ru/reytinq/item/11181-bu-yazar-tan-d-n-zm
Düzdür, tarixi olub bitdikdən sonra yazmaq asandır. Biri də var, tarixi olmamışdan öncə, təxminlər yürüdərək, həmin şəxsin, yaxud ölkənin gücünü və potensialını duyaraq onları qələmə almaq. Əgər bu buraxlışımızda gələcəyi yazacağımı düşünürsünüzsə, yanılırsınız. Mən sadəcə, illər sonra ölkənin ən qabaqcıl insanlarından birinə çevriləcək olan bir insandan bəhs etmək istəyirəm.
Onunla ilk tanışlığım instagram səhifəsində mənə yazmağı ilə başlamışdı. Yazıb mənə uğurlar diləmiş və yazdıqları ilə bağlı məndən ona yön verməyimi istəmişdi. Bilənlər yaxşı bilir ki, mənə hekayə atılanda onu çox diqqətlə oxuyub, gördüyüm səhvləri müəlliflərə bildirməkdən çəkinmirəm. Düzdür, bu bir çox hallarda həmin gəncin "yox, yazmaq mənlik deyil, mən daha yazmayacağam" deməsi ilə nəticələnir. Lakin bir şeyi yaxşı bilmək lazımdır ki, əgər sənin ruhun yazıçı ruhudursa, səndəki bu enerji əvvəl-axır səni gətirib yaxşı, ya pis yazıçı edəcək. Düzdür, bu, insanların həvəsini və yazarlıq eşqini öldürməlisən anlamına gəlmir, lakin bir şeylə axıra kimi məşğul olmayacaqsansa, bəlkə də, yolun başından geri dönmək ən yaxşısıdır.
Özünün yazdığı romanı atarkən ilk öncə onu yaxından tanımasam da, necə mədəni və öyrənməyə açıq tutumu olduğuna diqqət yetirdim. Daha sonralar gündəliyində yazmış olduğu "danlanmaqdan xoşum gəlmir" deməsi də üzümdə təbəssümə səbəb olmuşdu. Lakin iş burasıdır ki, mən onu danlamırdım, sadəcə yazısında gördüyüm yanlışları açıq bir formada özünə deyirdim.
Normalda insanların nəsə hazırladığı bir şeyə irad bildiriləndə qılıncı əlinə alıb, özlərini müdafiə rejiminə keçdiklərinə çox diqqət yetirmişdim. Lakin ona bildirdiyim iradları dinləyərkən qılıncı yerə qoymaqdan əlavə, necə ədəbli və ərkanlı davrandığını gördüm. Tənqid özü bir mədəniyyət olduğu kimi, tənqidi dinləyib qəbul etmək də bir mədəniyyətdir. Lakin onun silahı sadəcə yazdığı əsərlər deyil, eləcə də dilinin şirinliyi, işlətdiyi kəlmələrin axıcılığı və insanlarla düzgün rəftar etməyi bacarmağında gizlənmişdi.
Sözü çox uzatmadan onun kim olduğunu sizə açıqlayım. Əsərlərini İrukin ləqəbi ilə yazan İlkin Nəbiyev 4 noyabr 2007-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onunla tanışlığım 2021-ci illə təsadüf edir. Mənə yazarkən kitabı hazır olmasa da, hal-hazırda çap etdirdiyi kitabının adı “Aksedon”dur. İrukin ləqəbli bu gəncin bacarıqları sadəcə yazarlıqla kifayətlənmir.
Özü eyni zamanda yapon mangaların Azərbaycan dilinə tərcümə edilməsi ilə də məşğuldur. Manga sevərlər onu "AniManyak"-ın tərcümələri ilə tanıyır.
Yaşının hal-hazırda az olmasına baxmayaraq özünün hazırladığı dərgidə öz bildiklərini insanlarla bölüşür. Ad seçimində köməklik göstərdiyim dərginin adı da: "İlkin Sətirlər"dir.
Adam belə gənclərə baxanda düşünür ki, əgər 10 nəfər belə laureatın olsa, ölkənin ədəbi zövqünü, həqiqətən də, yüksəltmək olar. Məncə, 16 yaşda bu qədər əmək sərf etməyi gözə ala bilmək heç də asan məsələ deyil.
"İlkin Sətirlər" dərgisinə ödənişsiz üzv ola bilərsiniz. Lakin hər zəhmətin bir dəyəri olduğu kimi, onun yazmış olduğu kitabı olan “Aksedon”u 8 Azn ödəyərək əldə edə bilərsiniz.
Ona tutduğu bu yolda uğurlar arzu edərək “Aksedon” kitabının qısa annotasiyasını da sizlərə təqdim etmək istəyirəm:
Kiçik Akses kəndində ölümcül bir virus yayılır. Bu virus nəticəsində kənddə qəribə məxluqlar peyda olur. Lakin bu virusdan çox az adamın xəbəri var. Virusun araşdırılması üçün jurnalist Steffordu və onunla bir bələdçini əraziyə yollayırlar. Ona bu təhlükəli səfərdə özü ilə bir nəfər seçməsi tapşırılır.
Səfər boyu və səfərdən sonra yaranan sual və sirlər əsla onları rahat buraxmır...
Müəlliflə əlaqəyə keçib İlkin Sətirlər dərgisini ödənişsiz olaraq yükləmək üçün aşağıdakı telegram kanalına keçid edin.
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)
KİTAB BƏLƏDÇİSİndə “Bəyaz gecələr”
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Haradan və necə başlayacağımı, həqiqətən, bilmirəm, çünki əsərlə o qədər doğmalaşdım ki, son səhifəyə çatdığım an özümü ən əziz dostumu itirmiş kimi hiss etdim. Dostoyevski mənim üçün hər zaman əziz idi, fəqət bu əsərdən sonra onun mənim qəlbimdə olan yeri "əziz" kəliməsi ilə ifadə edilməyəcək qədər böyükdür.
Əsərdə tənha yaşayan, xəyalpərəst bir gəncin nakam sevgisindən bəhs edilir. Kitabı oxuduğunuz zaman Nastenka obrazına həm yazığınız gələcək, həm də əsəbiləşəcəksiniz və ən sonda isə məncə nifrət edəcəksiniz. Amma əgər dərinlərə nəzər salsaq, nifrət etməyə də gücünüz yetməyəcək. Ona nə ad verə bilərik? Sevgi qurbanı, yaxud qayğı dilənçisi?
İki nüansa diqqət edək.
1. Bəzən qəlbimiz bizim üçün o qədər imkansız birinə bağlanır ki, yaranan hər bir situasiyada özümüzü dünyanın ən bədbəxt adamı hesab edirik. Halbuki yaşadığımız hər şeyə səbəbkar olan ən başlıca özümüzük. Çünki nə qədər arzu və xəyallarımızın sərhəd tanımadığını söyləməsək də, bu belə deyil.
2. İkinci nüans isə biz öz imkansız xəyallarımızın ağırlığı altında əzilərkən hiss və duyğularını önəmsəmədiyimiz adamlara yaşatdığımız ağrılı duyğularla bağlıdır. Məncə əsas məsələ budur ki, biz bizi kitab edəni xitab edənə dəyişirik.
....
“Nastenka, bəzən mən elə darıxır, elə darıxıram ki... Belə dəqiqələrdə mənə elə gəlir ki, heç bir zaman özüm üçün həqiqi həyat qura bilməyəcəm, buna mənim qabiliyyətim yoxdu, mənə elə gəlir ki, yer üzündə həqiqət adına nə varsa hər şeyin ölçüsünü itirmişəm, həqiqi varlığı duymaq, dərk etmək iqtidarından məhrum olmuşam; nəhayət, mən öz-özümə nifrət edirəm; çünki yuxusuz keçirdiyim şirin, xəyali gecələrdən sonra mən artıq ayılmağa başlayıram, bunun necə bir dəhşət olduğunu düşünürsüzmü? Ayılıb görürsən ki, dörd tərəfini bürüyən insan kütləsi həyat burulğanı içərisində mütəmadiyən fırlanır, uğuldayır, hara isə baş alıb gedir, insanların necə gözüaçıq, işgüzar yaşadıqlarını görür və eşidirsən, onlar sifarişlə yaşamırlar, onların həyatı bir yuxu, bir kölgə kimi keçib getməyəcəkdi, o, həmişə gəncdi; bu həyat tez-tez dəyişir, yeniləşir, hər keçən saat özündən sonrakına oxşamır...
Puç bir xəyalın məhsulu olan həyat isə son dərəcə qaba və yeknəsəkdi. Baxın, o, günəşin üzünü qəflətən örtən qara bir bulud qədər cansıxıcıdı, bu buluda baxarkən öz sevimli günəşini görməyən həqiqi Peterburq sakininin ürəyi kədərlə sıxılır, belə kədərli insandan nə xəyal gözləmək olar!? Sən onun bu tükənməz xəyalın ağır bir gərginlik içərisində, nəhayət, yorulduğunu, tükəndiyini hiss edirsən, çünki sən artıq əvvəlki adam deyilsən, yetişib möhkəmlənmisən, köhnə fikir və arzularından uzaqlaşmısan; onlar toz kimi havaya sovrulmuş, parçalanıb dağılmışdı; əgər başqa bir həyat yoxdusa, sən onu bu parçalardan, bu qırıntılardan qurmağa məcbursan”.
Çox uzatmayacağam. Bu kitabı sizə əmanət edirəm. Ona yaxşı baxın!
Xoş mütaliələr!
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)
Niyə üzərindən bu qədər illər keçməsinə baxmayaraq hələ də düşüncə, davranış, təfəkkür dəyişikliyi baş verməyib?
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
- A kişi, yaxın gəl.
+ Nə buyurursan, ay Mirzə ?
- Bir dil ki, qəm düçar ola, ağlar ağlamaz ?
+ Mən nə bilim, ay Mirzə.
- Həndeyü qüssə yar ola, ağlar ağlamaz ?
+ Qurbanın olum Mirzə, mənim belə şeylərdən başım çıxmaz. Bisavad, avam adamam da.
- Doğrudur, avamsan. Bunlar gözəl sözlərdir. Get oğlunu oxut, qoy belə-belə şeylərdən ləzzət alsin.
Rüşvət verirsən ?
+ O biri mirzələr alırlar axı.
- Rüşvət almaq adamı qorxaq, gözükölgəli eliyər nə lazım ?! Ayda 25 manat məvacibim var, o da başımdan girib, ayağımdan çıxır. Xoş getdin. Xoş getdin a kişi !
+ Allah köməyin olsun.
- Götür, çıx get.
-Əhməd bəy, Əhməd bəy. Sizin kağızınız Mirzə Səfərdədir üzünü köçürdür.
+ Mirzə, mənim kağızımı yaz, aparım.
- Gözlə. Bu saat yazaram, əlimdə özgə işim var.
+ Sən yəqin, məni yaxşı tanımırsan Mirzə. Mən Əhməd bəyəm. Parisdən bir ay olar qayıtmışam.
- Gözlə.
+ Bilirsən, mən Həsən ağanın qohumuyam.
- Doğrudan Həsən ağanın qohumusan ?
+ Doğrudan.
- Sən Allah, Həsən ağanın qohumusan ?
+ Vallah, Həsən ağanın qohumuyam.
- Sən Həzrət Abbas, Həsən ağanın qohumusan ?!
+ Həzrət Abbas haqqı Həsən ağanın qohumuyam.
- Deginən sən öl Həsən ağanın adamıyam.
+ Sən öl Həsən ağanın adamıyam.
- Onda, gəl min boynuma ! Neyniyim Həsən ağanın qohumusan ?! Gözlə, kağızın vaxtında hazır olar apararsan.
Rejissor: Cahangir Mehdiyev
Ssenari: İsi Məlikzadə, Sabir Əhmədov
"Evlənmək istəyirəm", 1983-cü il.
Bu film 1983-cü il istehsalıdır. Demək olar ki, üzərindən 40 il keçib. Bundan başqa isə nə qədər filmlərimizdə bu və bu tipli fraqmentlər öz əksini tapıb. Əsərlərdə də, sətirlərdə də yetərincə belə təsvirlər verilmişdir. 20-ci əsrin əvvəllərində "Molla Nəsirəddin" jurnalı (1906-1931) və onun kollektivi cəmiyyətin maarifləndirilməsində yetəri qədər rol oynamış, həmçinin avamlıqla, cəhalətlə də mübarizə aparmışlar. Nə qədər görkəmli mütəfəkkirlər, dramaturqlar xalqın rifahı naminə əllərindən gələni əsirgəməyib, hətta öz canlarını belə risq altına atırdılar. Çoxsaylı təqiblər, ittihamlar, təzyiqlər, repressiyalar və daha nələr nələr...
Mirzə Ələkbər Sabir(1862-1911) ailəsini dolandırmaq üçün bir müddət sabun bişirib satmışdır. Xatirələrində A.Şaiq yazır...
Bir gün onun dükanına gedən A.Şaiq uzun müddət söhbətdən sonra deyir:
- Sabir, bizim ayağımız uğursuzdur, - dedim,
- bir saatdan bəri söhbət edirik, dükana bir nəfər də müştəri gəlməyib. O halda siz nə alıb satırsınız ?
Sabir gülə-gülə deyir:
- O, sizin ayağınızdan deyil. Bu avam camaatın daxilini təmizləmək əlimdən gəlmir, heç olmasa zahirini təmizləyim deyə, gördüyünüz sabun dükanını açdım. Neyləyim ki, bu zalım uşaqları təmizlikdən də qaçırlar.
İndi siz deyin, siz qərar verin niyə üzərindən bu qədər illər keçməsinə baxmayaraq hələ də düşüncə, davranış, təfəkkür dəyişikliyi baş verməyib? Biz ki, daim inkişaf edirik. Onda belə çıxır ki, çılpaqlığımızdan başqa hər şey inkişaf edir...
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)