Super User
Mədəniyyət naziri Bakı Musiqi Akademiyasını ziyarət edib
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli oktyabrın 24-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (BMA) ziyarət edib.
Elm və təhsil naziri Emin Əmrullayevin də iştirak etdiyi ziyarət zamanı BMA-nın rəhbərliyi və pedaqoji kollektivinin bir qrup tanınmış üzvü ilə görüş olub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbğr verir ki, Akademiyanın rektoru Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti, respublikanın Dövlət mükafatı laureatı Fərhad Bədəlbəyli təhsil ocağının fəaliyyəti barədə məlumat verib.
Qeyd olunub ki, dahi Üzeyir Hacıbəylinin təməlini qoyduğu təhsil ocağı Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayır. BMA-nın məzunlarının sorağı dünyanın məşhur səhnələrindən gəlir.
Söhbət zamanı təhsil ocağının fəaliyyət istiqamətləri, tədrisin keyfiyyəti, beynəlxalq əməkdaşlıq imkanları və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkilləri çəkdirilib.
“Ədəbiyyat və incəsənət”
(25.10.2023)
Mədəniyyət naziri Arif Babayevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu təqdim edib
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli oktyabrın 24-də görkəmli muğam ustadı, bu il anadan olmasının 85 illiyi qeyd olunan Xalq artisti, Prezident təqaüdçüsü Arif Babayevi evində ziyarət edib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazir Arif Babayevin əlamətdar yubileyinin müxtəlif tədbirlərlə qeyd edildiyini deyib, Prezident İlham Əliyevin 21 fevral 2023-cü il tarixli sərəncamı ilə onun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülməsinin sənətkarın fəaliyyətinə göstərilən diqqətin təzahürü olduğunu bildirib.
Sonra dövlət təltifi xanəndəyə təqdim edilib.
Arif Babayev sənətinə verilən yüksək qiymətə və Azərbaycan muğamının inkişafına göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
“Ədəbiyyat və incəsənət”
(25.10.2023)
Yeddi oğul istərəm, bircə dənə qız gəlin...
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Necə ki, Koroğlunun yanında bir Nigar, Nəbinin yanında bir Həcər, Uzun Həsənin arxasında bir Sara Xatun vardı. Necə ki, lazım gələndə Tomris tək başına da II Kirin öhtəsindən gələ bilirdi. Eləcə də cəbhədə döyüşən Azərbaycan kişilərinin yanında da həmişə ən azı bir Azərbaycan qadını olur.
Anam bacım qız gəlin
Əli ayağı düz gəlin
Yeddi oğul istərəm
Bircə dənə qız gəlin
Yeddi oğul istəyərdi dədə-babalar həmişə, bircə dənə qız.
Atalar övlad çiynində getmək istəmişdi son mənzilə, övlad ananın qürur yeri olmaq istəmişdi həmişə.
Amma zaman daha hökmlüdür insana nisbətdə. Və o bəzən təsdiq etdi bu istəkləri, bəzən qarşı çıxdı onlara.
Gün gəldi, ata çiynində getmək istədiyi övladını özü öz əlləriylə aparmalı oldu son mənzilə. Və anasının qürur yeri olmaq istəyən övlad özü fəxr etdi anasıyla.
Bəli həyat belədir..
İstərdim bu gün sizə yeddi oğulun yanındakı bircə qız olan, 44 günlük 2-ci Qarabağ müharibəsinin qadın qəhrəmanı Arəstə Baxışova haqqında danışım.
Arəstə Kərim qızı Baxışova 1989-cu il mayın 4-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olub. Atası - baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olanda vəfat edib.
Arəstə Baxışova 1995–2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbdə təhsil alıb. 2004–2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə orta ixtisas təhsil alıb.
2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Klinik Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edirdi.
Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Şəhidimizin Mərdan adında oğlu və Zəhra adında qız övladı var.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin 12.05.2021-ci il tarixli Qərarına əsasən, Arəstə Baxışova ölümündən sonra ingiltərəli tibb bacısı Florens Naytingelin şərəfinə təsis edilən "Florens Naytingel" medalı ilə təltif edilib.
Gənc heykəltaraş Müstəqil Balayev Vətən Müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın büstünü hazırlayıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.10.2023)
Əsgər anasının yaşantıları
İlkanə Qasımova, “Ədəbiyyat və incəsənət” üçün
Mən Qasımova İlkanə Teyyub qızı 1980-ci il 16 aprel tarixində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Aşağı Yaycı kəndində anadan olmuşam.
2020-ci il Sentyabr ayının sonları biz ailəliklə Qəbələ rayonunda idik. Yolda gedərkən radioda xəbərlərdə eşitdik ki, erməni ordusu tərəfindən atəşkəs dəfələrlə pozulub. Bu məni narahat etdi. Bundan əlavə, sərhəd kəndlərdə səngərlər qazıldığını da eşitmişdim. Bakıya qayıtdığımız gün həyat yoldaşıma zəng gəldi, dedilər, oğlunuz Abbas Qasımov sabah səhər saat 5 də N saylı hərbi hissəyə yaxınlaşsın. Abbas həvəslə deyilən ünvana yollandı.
*
Abbas hərbi hissəyə getdiyi gündən 10 gün əlaqəmiz olmadı. O 10 gün mənim üçün 10 ilə bərabər idi. Çox ağır günlər keçirirdik. Hər gün şəhid xəbərləri gəlirdi. Bir tərəfdən ağır acılı hisslər, digər tərəfdən Cənab Ali Baş Komandanın twitter sosial şəbəkəsindəki işğaldan azad edilmiş ərazilərin paylaşımlarının verdiyi qürur hissini eyni anda yaşayırdım.
10 gündən sonra az-az da olsa Abbasdan xəbər almağa başladıq. Hər an hər saniyə hər şey ola bilərdi, sanki tikan üstündə dayanmış kimi hiss eliyirdim özümü. Hər gün ağlayırdım, tək öz övladım üçün deyil, bütün müharibədə olan övladlarımız üçün. Müdafiə Nazirliyinin fonduna maddi yardımlar edirdim. Həftədə 3-4 gün yeməklər bişirib hərbi hissələrə göndərirdim. Bəlkə də onların heç biri mənim oğluma çatmırdı. Amma mən yenə də yeməkləri göndərməyə davam edirdim, çünki orda olanların hamısı mənim övladlarım idi. Bununla yanaşı sosial şəbəkədə xalqımızın əsgərlərimizə etdiyi yardımları görüb həvəslənirdim, hər dəfə “daha artığını etməliyəm” deyirdim.
8 noyabr tarixində Cənab Ali Baş Komandanın “Şuşa Sən Azadsan! Biz Səni Dirçəldəcəyik!Biz Qalib Gəldik!” deyərək etdiyi çıxışlardan sonra çox sevinərək az da olsa rahat nəfəs aldım.
Çünki müharibənin artıq bitdiyini bilirdim. Lakin müharibə bitsə də Abbas müharibədən bir neçə ay sonra - Yanvar ayında evə gəldi. Bir tərəfdən sevincimin həddi hüdudu yox idi, lakin digər tərəfdən şəhid olan balalarımızın acısı ürəyimdə idi. Bunları sözlə idafə etmək mümkün deyil. Çox ağır günlər yaşadıq.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!
ARAYIŞ
Naxçıvanın Şərur mahalının Yaycı kəndində doğulan, Bakıda böyüyüb orta və ali təhsil alan, heç vaxt üzünü görmədiyi Qarabağ uğrunda gedən 44 günlük Vətən savaşında tarix yaradanların sırasında yer alan Abbas Qasımov Füzuli, Cəbrayıl, Laçın, Xocavənd və Şuşa şəhərləri uğrunda gedən döyüşlərdə düşmənə qarşı mərdliklə vuruşaraq müxtəlif medallarla təltif olunub.
“Ədəbiyyat və incəsənət”
(25.10.2023)
Vaqif Mustafayev: “Öz yurdunda qiymət görmək insana çox doğma gəlir”
Könül, “Ədəbiyyat və incəsənət”
Xəbər verdiyimiz kimi, kinorejissor, Azərbaycanın Xalq artisti Vaqif Mustafayevin “Fikrət Əmirov” adlı filmi “VIII Türk Dünyası Sənədli Film Festivalı”nın baş mükafatına layiq görülüb.
Festivalın təşkilatçısı Türk Dünyası Jurnalistlər Birliyinin sədri Menderes Demir olub, festival Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsi, bir sıra bələdiyyələr, birliklər, QHT-lər, universitetlər, media şirkətləri və digər təşkilatların dəstəyi ilə reallaşıb.
İki gün öncə, oktyabrın 22-də Ankarada “Doqquz ölkə, doqquz şəhər, bir festival” şüarı altında keçirilən tədbirin final mərhələsi və mükafatlandırma mərasimi keçirilib ki, mərasimdə qeyd etdiyimiz kimi, Vaqif Mustafayevin “Fikrət Əmirov” adlı filmi “VIII Türk Dünyası Sənədli Film Festivalı”nın baş mükafatına layiq görülüb.
Digər mükafatlar da təqdim edilib.
Türk dünyasına verdiyi töhfələrə görə Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, mərhum Qənirə Paşayeva adına təsis edilən şərəf mükafatı, Azərbaycan Mədəniyyət Nazirliyinin “Azərbaycanfilmin 100 illiyi” kimi bir sıra mükafatlar sahiblərinə verilib.
Portalımız adına dəyərli rejissorumuz Vaqif Mustafayevin qazandığı mükafatla bağlı təəsüratlarını öyrənmişik. O söyləyib: “Türk dünyasına aid festivalda ən yüksək mükafata layiq görüldüyüm üçün özümü çox xoşbəxt hesab edirəm. Fərqli ölkələrdə fərqli mükafatlar ala bilərik. Lakin Türk dünyasında, öz yurdunda qiymət görmək insana çox doğma gəlir.”
“Ədəbiyyat və incəsənət”
(24.10.2023)
Arzu Əliyeva Tağıyev haqqında film çəkir
Bir insan ki, xalqının naminə bu qədər işlər görüb, onu unutmaq olarmı? Əsla yox!
Bakı Media Mərkəzi 20-ci əsrin böyük messenatı Hacı Zeynalabdin Tağıyev haqqında film çəkir.
Milli dəyərlərimizin təbliği və Azərbaycan tarixinin tanıdılması məqsədlənən “Himayədar” adlı filmin rəhbəri və prodüsseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.
Arzu Əliyeva çəkilişin baş tutduğu məkanlarda iştirak edib. “Ədəbiyyat və incəsənət” Bakı Media Mərkəzinin fotoqraflarının həmin anlarda çəkdiyi fotoşəkilləri sizə təqdim edirik.
“Ədəbiyyat və incəsənət”
(24.10.2023)
Həştərxanda Müslim Maqomayevin xatirəsinə həsr olunmuş konsert təşkil edilib
Həştərxan Dövlət Opera və Balet Teatrının kiçik zalında “Günəşdən sərxoş. M.Maqomayevin xatirəsinə” adlı konsert keçirilib.
AzərTAC verir ki, anşlaqla keçən gecədə tamaşaçılar Müslüm Maqomayevin repertuarından unudulmaz hitləri dinləyiblər. Onların arasında italyan kompozisiyaları da olub. 1979-cu ildə “Azərbaycanfilm”də lentə alınan və Müslüm Maqomayev üçün təkcə aktyorluq deyil, həm də bəstəkarlıq debütünə çevrilmiş “Arası kəsilmiş serenada” filmindən Robert Rojdestvenskinin şeirlərinə yazılmış “Əgər dünyada məhəbbət varsa” mahnısı da ifa olunub. Bundan başqa məşhur ifaçının inanılmaz səsi sayəsində ölməzlik qazanan daha bir çox kompozisiya, o cümlədən musiqisini Müslüm Maqomayevin özü dostu Gennadi Kozlovskinin şeirlərinə yazdığı əfsanəvi “Mavi əbədiyyət” ifa edilib.
Proqramın müəllifi və aparıcısı Həştərxan Opera və Balet Teatrının rejissoru Yuliya Semyonovna Skriçenkova deyib: “Son bir neçə ildə Həştərxan Opera və Balet Teatrında Müslüm Maqomayevin həyat və yaradıcılığına həsr olunmuş beş konsert keçirilib. Bu konsertlərdə teatrın solistləri və Yuri Elperinin rəhbərliyi altında instrumental ansambl iştirak edib. Bütün konsertlər anşlaqla keçib. Çünki insanlar hələ də bu insanın yaradıcılığını bilir, xatırlayır və sevirlər. Müslüm Maqomayev şübhəsiz ki, həm xarici, həm də daxili cəhətdən gözəl bir şəxsiyyət olub. O, bir çox sahələrdə istedadlı bir insan idi. Müslüm Maqomayev ifaçılıqla yanaşı, dünya opera və estrada ulduzlarının həyat və yaradıcılığı haqqında bir çox televiziya verilişlərinin müəllifi və aparıcısı olub. O, rəsm əsərləri yaradıb. Tamaşalara və filmlərə aid musiqi bəstələyib. Son gününə qədər heç bir qalmaqalda iştirak etmədən, heç bir piara müraciət etmədən xalqın marağını və sevgisini cəlb edib. O, sadəcə insanlarla istedadını, səsini, sənətkarlığını bölüşürdü. Tamaşaçılar ona aşiq olurdular və bu əbədi idi... Əlbəttə ki, onun mahnılar dünyası, ruh dünyası həmişə bizimlə yaşayacaq”.
“Ədəbiyyat və incəsənət”
(24.10.2023)
Azərbaycan ilə UNICEF arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədri Bahar Muradova BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens ilə görüşüb.
AzərTAC xəbər verir ki, görüşdə Bahar Muradova UNICEF ilə Azərbaycan və Dövlət Komitəsi arasındakı əməkdaşlığın hər zaman qarşılıqlı maraqlara söykəndiyini vurğulayıb. Komitə sədri fövqəladə hallarda uşaqların müdafiəsi ilə bağlı, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə, eləcə də pandemiya dövründə birlikdə icra edilən layihələr barədə fikirlərini bölüşüb.
B.Muradova, həmçinin uşaq strategiyası və ona dair fəaliyyət planı istiqamətində öhdəliklərin yerinə yetirilməsi barədə danışıb. Eyni zamanda, UNICEF-Azərbaycan 2021-2025-ci illər üçün ölkə sənədi üzrə müəyyən öhdəliklərin olduğunu və bütün sahələrdə fəaliyyət istiqamətlərin müəyyənləşdiyini deyib. Bu istiqamətdə əməkdaşlığın yüksələn xətt üzrə inkişafı baxımından hər iki tərəfin səylərini artırmasının əhəmiyyətini vurğulayıb.
Komitə sədri, eyni zamanda, erkən uşaqlıq dövrü inkişafına dair sənədin hazırlanaraq aidiyyəti quruma təqdim edildiyini söyləyib. O, bu istiqamətdə təcrübə mübadiləsinə ehtiyac olduğunu diqqətə çatdırıb.
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens ötən dövr ərzində yaxşı işlərin görüldüyünü, lakin əməkdaşlığın dərinləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb. Xüsusilə uşaqların hüquqlarının təmin olunmasında və digər məsələlərdə daha uğurlu nəticələrin qazanılması üçün birgə fəaliyyətin istiqamətlərinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Aleks Haykens Azərbaycanda uşaq strategiyası və onun həyata keçirilməsi ilə bağlı milli fəaliyyət planını yüksək qiymətləndirib. Eyni zamanda, uşaq qaynar xəttinin fəaliyyətini, uşaqlara qarşı zorakılıq halları ilə bağlı hesabatların, məlumatların əlçatan olmasını xüsusi vurğulayıb.
“Azərbaycanda fəaliyyətim dövründə tarixi nöqteyi-nəzərdən önəmli hadisələr baş verib. Bu spesifik və səciyyəvi vaxtda Azərbaycanda olmağımdan çox məmnunam. Mənim üçün Qarabağla bağlı ən böyük nailiyyət uşaqların oraya qayıdaraq öz layiqli həyatlarını davam etdirmələri olacaq”, - deyə UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri bildirib.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib.
“Ədəbiyyat və incəsənət”
(24.10.2023)
“Bizi bizə yetirən dost” - ESSE
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün
Mən ağrılardan-acılardan yoğruldum, dostum. O ağrılara sinə gərib belə mətin oldum. Məni ən yaxşı sən anlayarsan. Çünki sən məni dinləməyi bacardın.
Nələrdən keçib nərəyə gəldim. Bir zamanlar mən də şən, gülərüz bir qız idim. Həyat məni uzaq bir yerlə tanış etdi. Həmin yerdə bir nəfər də olsa tanış adam yox idi. Mən tək idim. Ətraf dolu adam idi. Ancaq münasibətləri elə qəribə, elə soyuq idi ki, o boyda adam içində özümü tək hiss edirdim. O boyda adam içində məni dinləyən olmurdu. Oturub daşla-divarla danışırdım. Gözlə, gözlə. Yadıma düşdü. O vaxtlar belə bir cümlə də yazmışdım: "Daşlar qəlbi daş olandan kövrəkmiş". Hiss edirdim ki, mənim halımı görən daşlar kövrəlir. Ancaq o adamlara mənim necə olmağım maraqlı deyildi: Nə sözum, nə göz yaşım, nə də itaətim. Qəribə idi. Nə etsəm də məni başa düşmək istəmirdilər. Başa düşsələr belə yenə də özlərini anlamırmış kimi göstərirdilər. Hərdən düşünürdüm ki, bu qərib məmləkətdə mən nə edə bilərəm? Heç kimim olmadığı bu yerdə mən nə etsəm qurtula bilərəm? Meşələrə, dağlara qaçmaq istədim. Dedim, bəlkə orda məni duyan olar. Olmadı dostum, olmadı. O yerin meşəsi də, dağı da insanları kimi biganə oldu. İstidən soyuğa, yağışdan doluya, günəşdən şimşəyə atdı məni. Bir gün meşədə azıb qaldım. Balaca bir qıza rast gəldim. O da başqa məmləkətdən gəlmişdi. "Gəl əl-ələ verək, burdan çıxıb gedək", dedi. Hara gedək? Getməyə yerimizmi var, dedim? "İnsanlıq ölmədiyi, insanlıq yaşadığı məmləkətə gedək", dedi. Bilmirəm nə qədər, neçə gün yol getmişdik, qarşımıza Sən çıxdın. Ayaq saxlayıb hara getdiyimizi soruşdun. Mən sənə olanları danışırdım.Məni səbrlə dinlədin. Gözümüzün yaşını silib, başımıza sığal çəkdin. Könlümüzə fərahlıq bəxş etdin. Mən Səni tanıyandan tək olmadığımı anladım. Mən-dən, Sən-dən Bizə keçdim. Səni tanıyandan BİZ kəlməsini ürəklə deməyə başladım. Yıxılmaqdan belə qorxmadım. Çünki Sən varsan. Sən olan yerdə birlik var. Sən olan yerdə həyat, ümid, insanlıq var. Sən olan yerdə Biz varıq. Bizi bizə yetirən dost, tükənməz sərvətim Sənsən! Nə yaxşı ki, bu məmləkətdə sənin kimi insanlığı yaşadan, insanlığı ölməyə qoymayan insanlar var, dostum.
“Ədəbiyyat və incəsənət”
(24.10.2023)
Mədəniyyət naziri Adil Kərimlinin Sumqayıtda vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Bir elanı nəzərinizə çatdıraq. Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2023-cü il 27 oktyabr tarixində saat 10:00-da Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində (Ünvan: Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsi 53) Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarından olan vətəndaşların qəbulu tarixi dəyişdirilib.
Vətəndaşların qəbulu 2023-cü il 31 oktyabr tarixində saat 10:00-da yuxarıda qeyd olunan ünvanda keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(24.10.2023)