Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Necə ki, Koroğlunun yanında bir Nigar, Nəbinin yanında bir Həcər, Uzun Həsənin arxasında bir Sara Xatun vardı. Necə ki, lazım gələndə Tomris tək başına da II Kirin öhtəsindən gələ bilirdi. Eləcə də cəbhədə döyüşən Azərbaycan kişilərinin yanında da həmişə ən azı bir Azərbaycan qadını olur.
Anam bacım qız gəlin
Əli ayağı düz gəlin
Yeddi oğul istərəm
Bircə dənə qız gəlin
Yeddi oğul istəyərdi dədə-babalar həmişə, bircə dənə qız.
Atalar övlad çiynində getmək istəmişdi son mənzilə, övlad ananın qürur yeri olmaq istəmişdi həmişə.
Amma zaman daha hökmlüdür insana nisbətdə. Və o bəzən təsdiq etdi bu istəkləri, bəzən qarşı çıxdı onlara.
Gün gəldi, ata çiynində getmək istədiyi övladını özü öz əlləriylə aparmalı oldu son mənzilə. Və anasının qürur yeri olmaq istəyən övlad özü fəxr etdi anasıyla.
Bəli həyat belədir..
İstərdim bu gün sizə yeddi oğulun yanındakı bircə qız olan, 44 günlük 2-ci Qarabağ müharibəsinin qadın qəhrəmanı Arəstə Baxışova haqqında danışım.
Arəstə Kərim qızı Baxışova 1989-cu il mayın 4-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olub. Atası - baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olanda vəfat edib.
Arəstə Baxışova 1995–2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbdə təhsil alıb. 2004–2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə orta ixtisas təhsil alıb.
2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Klinik Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edirdi.
Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Şəhidimizin Mərdan adında oğlu və Zəhra adında qız övladı var.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin 12.05.2021-ci il tarixli Qərarına əsasən, Arəstə Baxışova ölümündən sonra ingiltərəli tibb bacısı Florens Naytingelin şərəfinə təsis edilən "Florens Naytingel" medalı ilə təltif edilib.
Gənc heykəltaraş Müstəqil Balayev Vətən Müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın büstünü hazırlayıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.10.2023)