Super User
Siz qadınları kimdən, nədən qorumaq istəyirsiniz?!
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Sonra gəlib deyirlər ki, mən öz qadınıma bağlıyam, mənim vəzifəm onu qorumaqdır. Nazim Hikmətin bir sözü ağlıma gəldi, sizdən də soruşmaq istərdim, qadınları kimdən, nədən qorumaq istəyirsiniz?
Qəlbinizdə təməli atılan o murdar niyyətlərdən öncə söz atmağa, sonra əməldə təcavüzə, daha sonra zorla özünü sevdirməyə və öldürməyəmi keçərək qoruyacaqsınız qadınlarınızı? Seçim azadlığı deyib bar-bar bağırandan sonra etdiyiniz barbarlığı demirəm hələ, qadının qəlbində sevgi yaranmayanda zorlamaqdırmı sizin sevginiz? Ya şiddət edib, qürurunu alçaldıb, qəlbini qırdıqdan sonra 2 kəlməyə, 3-5 zinət əşyasına satın almağa çalışmağınızdırmı sizin şiddətli sevginizin bariz nümunəsidir?
Mən qətiyyən feminist və ya feminizm tərəfdarı deyiləm, sadəcə ağız dolusu qadından danışanların, beyinlərinin, boş ürəklərinin nə qədər daş olduğunu ifadə etməyə çalışıram. Bir düşünsənə, sevirsən deyə çəpərlər hörüb, əngəllər qoyaraq sahiblənmək həqiqətən sevgidir? Sevdiyin xanımı işləməyə, qız övladını oxumağa qoymayanlar, sabah isə qızına və ya həyat yoldaşına bir həkim və ya başqa sahədən bir mütəxəsis lazım olanda qadın həkim, qadın işçi axtaranlardır. Onda belə çıxır ki, o, əxlaqsızlıq dediyi şeyləri yəni, oxumağı, təhsil almağı özünkünə ar bilir, amma başqa bir xanıma ehtiyacı olanda onun "əxlaqsızlığı" vecinə olmur?
Nə vaxta kimi davam edəcək axı bu düşüncə tərzi? Nə vaxta kimi öz nəfsinə yiyə dura bilməyənlərə görə hansısa namuslu kişinin qızı, həyat yoldaşı küçədə yeriyəndə sözlü və əməlli təcavüzlərə məruz qalacaq?Nə vaxta kimi qətliamlara göz yumulacaq?Nə vaxta kimi Emine Bulutlar övladlarının gözü önündə öldürüləcək? Nə vaxta kimi təhsil almaq, işləmək, gəzintiyə çıxmaq, idman etmək, adicə küçədə bir ton yüksək səslə gülüb bir qarış qısa ətək geyinmək günah, "şiddətlə sevilmək", təcavüzə məruz qalanda-“Qızın gözü-başı qaynamasa söz atıb başına oyun açan olmaz" kimi ifadələr, intihar eləsə “pis olub” düşüncəsi, küçə ortasında döyülmək namusun ən əsas əməlləri kimi mübah olub, normal qarşılanacaq, hə?
Bunlar nə vaxta kimi olacaq, bilmirəm, amma, şüurumuzu formalaşdırmağın öz əlimizdə olduğunu yaxşı bilirəm. Çalışaq, öncə manqurt beyinləri yuyub, qəlibləşdirilmiş mental baxış bucağından qırağa çıxaraq gələcəkdə insan kimi yaşaya bilmək üçün Adəmi adam edən qadınları incitməyək.
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalı başlayıb
Dünən 8 Noyabr - Zəfər Günü münasibətilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalı başlayıb. Festivala noyabrın 8-də - Zəfər Günündə yekun vurulacaq.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirıiyinə istinadən xəbər verir ki, “Zəfər” festivalı Bakı şəhəri ilə yanaşı Gəncə və Sumqayıt şəhərlərinin, İsmayıllı, Biləsuvar, Sabirabad, Xaçmaz rayonlarının bir sıra mədəniyyət ocaqlarında tarixi qələbəmizə həsr olunmuş silsilə tədbirlərlə davam edəcək.
Festival çərçivəsində bədii kollektivlərin və solistlərin iştirakı ilə rəngarəng proqramlar, bəstəkarlarımızın tarixi Zəfərimizə həsr etdiyi simfonik əsərlərdən və vokal-xor nömrələrindən ibarət konsert, Vətən müharibəsindəki şanlı Qələbəmizə həsr olunmuş tamaşalar, muğam axşamı və digər mədəni tədbirlərin təşkili nəzərdə tutulub.
Sözügedən tədbirlərə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilərin, Azərbaycan Dövlət Uşaq Filarmoniyasında və Azərbaycan Dövlət Kukla Teatrında keçiriləcək tamaşalara isə şəhid və qazi övladlarının tamaşaçı qismində dəvəti planlaşdırılır.
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)
Qələbənin ildönümünə həsr olunmuş “workshop” keçiriləcək
“Ədəbiyyat və incəsənət” portalı bir elanı diqqətinizə çatdırır: Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış Qələbənin ildönümünə həsr olunmuş “Zəfər Zirvəsi” adlı “workshop” keçiriləcək.
Xətai Sənət Mərkəzindən verilən məlumata görə, tədbir rəssamların yaradıcı ünsiyyətini, təcrübəsini və texnika incəliklərini öz aralarında və sənətsevərlərlə bölüşmə imkanına xidmət məqsədilə elan olunub.
“Workshop”da iştirak üçün 18 yaşdan yuxarı rəssamlar (yağlı boya, qrafika, akvarel, qarışıq texnika, vitraj, gil) və heykəl ustaları müraciət edə bilərlər. “Workshop” iştirakçı sayından asılı olaraq hər dəfə 20 rəssam olmaqla noyabrın 6-7-8-də növbəli şəkildə Xətai Sənət Mərkəzinin qarşısında təşkil olunacaq. Sonda iştirakçılara sertifikatlar təqdim ediləcək.
Qeydiyyatdan keçmək istəyən şəxslər 051 310 74 01 əlaqə nömrəsinin vatsap adresinə ad, soyad, təvəllüd və işləyəcəyi texnikanı qeyd etməklə müraciət edə bilərlər. Müraciətlər noyabrın 3-dək qəbul olunur. İştirakçılar masa və molbertlərlə təmin olunacaqlar.
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)
Bu gün özbəklər Vahid Əzizlə görüşəcək
Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində “Azərbaycan mədəniyyəti və poeziya həftəsi” başlayır
Könül, “Ədəbiyyat və incəsənət”
Bir-birindən maraqlı layihələrə imza atan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yeni layihəsi var. Mərkəzin təşkilatçılığı ilə bu gündən - oktyabrın 23-dən 26-dək Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində “Azərbaycan mədəniyyəti və poeziyası həftəsi” keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalına
Mədəniyyət Mərkəzindən verilən məlumata görə “Azərbaycan mədəniyyəti və poeziyası həftəsi” çərçivəsində çox maraqlı tədbirlər nəzərdə tutulur. Onların siyahısını oxucularımıza təqdim edirik:
23 oktyabr
Həftə çərçivəsində bu gün Özbəkistan Yazıçılar Birliyində Azərbaycanın Xalq şairi Vahid Əzizlə görüş təşkil olunacaq, həmçinin Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində “Müasir dövr Azərbaycan-Özbəkistan ədəbi əlaqələri” mövzusunda müzakirələr aparılacaq.
24 oktyabr
Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda Azərbaycan poeziyası və musiqisinə həsr olunacaq ədəbi-bədii tədbirdə Xalq şairi Vahid Əzizin şeirləri səsləndiriləcək, gənc və populyar xanəndələrimiz Mirələm Mirələmov və Kamilə Nəbiyeva muğamlarımızı səsləndirəcəklər.
Eyni zamanda, Özbəkistanda tanınmış azərbaycanlı saz ustası İlham Abdullayev milli saz havalarımızı, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı isə milli rəqslərimizi təqdim edəcək.
25 oktyabr
Özbəkistanın Xarəzm vilayətində Urgənc Dövlət Universitetində Azərbaycan poeziya nümayəndələri, incəsənət ustalarının iştirakı ilə ədəbi-bədii, musiqili proqram nümayiş olunacaq.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tanınmış azərbaycanlı yazıçı, ictimai xadim, 1938-40-cı illərdə Urgənc Dövlət Universitetinin müəllimi olmuş Yusif Vəzir Çəmənzəminlinin adı sözügedən təhsil ocağında əbədiləşdiriləcək. Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Urgənc Dövlət Universitetində Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan – Özbəkistan dostluq mərkəzi yaradılıb və Xarəzm vilayətində keçiriləcək “Azərbaycan mədəniyyəti və poeziya həftəsi” çərçivəsində sözügedən mərkəzin açılışı nəzərdə tutulur.
Mərkəzdə Azərbaycan-Özbəkistan dostluğu, dövlət başçılarımız İlham Əliyev və Şavkat Mirziyoyevin görüşləri, onların dostluğumuzla bağlı fikirləri, Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyəti, ədəbiyyatına dair müxtəlif sərgilər, guşələr təşkil olunacaq, Azərbaycana dair mini kitabxana və auditoriya fəaliyyət göstərəcəkdir.
Tədbirlər çərçivəsində Urgənc Dövlət Universitetində “Heydər Əliyev İli” münasibətilə dahi şəxsiyyətə həsr olunmuş kitab və fotosərgi açılacaq, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda 3 dildə (Azərbaycan, özbək və türk) çapdan çıxan “Heydər Əliyev – 100 kəlam” adlı kitabın, habelə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı 5 dilli (Azərbaycan, türk, özbək, rus, ingilis) ensiklopedik nəşrin təqdimatları da keçiriləcək.
26 oktyabr
“Azərbaycan mədəniyyəti və poeziya həftəsi” çərçivəsində Özbəkistanın Xarəzm vilayətinin Mərkəzi Konsert Sarayında Azərbaycan incəsənət ustalarının iştirakı ilə qala konsert keçiriləcək.
Tədbirlər çərçivəsində Özbəkistanın Xarəzm vilayətinin Urgənc və Xivə şəhərlərinin kitabxanalarına Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəşrlərindən ibarət zəngin kitab kolleksiyası hədiyyə ediləcək.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə 2023-cü ildə Şuşa şəhəri ilə Özbəkistanın Xivə şəhəri qardaşlaşmış və bu barədə müqavilə imzalanıb.
Bur sözlə, Azərbaycan Mədəniyyət Mərkəzi daha bir möhtəşəm layihəni reaılaşdırır, iki qardaş xalqı bir-birinə daha da doğmalaşdırır.
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)
Polşadan başladım, Venesuelada bitrdim
Könül, “Ədəbiyyat və incəsənət”
Həftəsonu Kinoya getməyə qərar verdim, amma bunu orijinal yolla -hansısa festival, yaxud kino-baxış tədbirlərinə qatılmaqla etmək istədim. Və axtarıb iki belə mərasim topdım.
POLŞA FİIM FESTİVALI
Azərbaycan Kinematoqrafçılar İttifaqının “Visla” Polşa film festivalı ilə əməkdaşlığı çərçivəsində səkkizinci dəfə keçirilən Polşa Film Festivalı oktyabrın 31-dək davam edəcək, filmlər “Azərbaycan” CinemaPlus-da nümayiş olunur.
Oktyabrın 10-da start götürən festival çərçivəsində artıq Azərbaycan tamaşaçıları Maçey Kavalskinin “Təhlükəli centlmenlər”, Yeji Skolimovskinin “İA”, Yakub Skoçenin “Vəftiz” və digər ekran əsrlərini izləyiblər.
Mən “İA” fiımini izlədim. Yeji Skolimovski Polşanın çağdaş dövr ən məşhur rejissorlarındandır. “İA” filmi də onun ən uğurlu işlərindəndir, filmin premyerası ötən il Kann kinofestivalında olub.
Soruşarsınız, film nədən bəhs edir. Bu mənim 30 illik həyatımda gördüyüm uzunqulaq barədə ilk film idi. Bəli, fiımin qəhrəmanı ağıllı gözləri olan bir uzunqulaqdır, ia isə onun çıxardığı səsdir.
Qapaq şəklində maraqla izlədiyim İA filmindən kadrı görürsünüz.
Builki “Visla” çərçivəsində Azərbaycan tamaşaçısına təqdim edəcək son film rejissor Yan Holoubekin “Günahsız 25 il” ekran əsəri olacaq. Bu film real hadisələr əsasında çəkilib və 20 ilə yaxın günahsız yerə həbs edilmiş Tomaş Komendanın təsirli hekayəsindən bəhs edir.
Festival çərçivəsində “Azərbaycan” CinemaPlus-da ümumilikdə 6 polyak filminin nümayişi nəzərdə tutulub.
Bu arada festivalın koordinatoru və layihə meneceri Yanna Nekanın başlanğıcda mediaya açıqlamasını da qeyd etmək istəyirəm. Xanım Yanna deyib: “Bakıya səfər bizim üçün xüsusi anlam daşıyır, çünki biz Polşa filmlərinin unikal seçimini Azərbaycan tamaşaçısı ilə bölüşə biləcəyik. Biz Bakı sakinləri ilə görüşməyi və polyak film dünyasından birlikdə həzz almağı səbirsizliklə gözləyirdik. “Visla” Festivalı dünyanın onlarla şəhərində keçirilən polyak kinematoqrafiyasının ən böyük festivalıdır. Festivalın əsas niyyəti mədəniyyətlərarası dialoqu yaratmaq və onu gücləndirmək, eləcə də kino yaradıcıları və xadimləri arasında beynəlxalq əməkdaşlığının inkişafına töhfə verməkdir. Məqsədimiz yerli tamaşaçıları müasir polyak kinosu ilə tanış etmək, eləcə də polyak kinosunu xarici kino sənayesinin nümayəndələri arasında populyarlaşdırmaqdır. Bu işdə bizə dəstək olan Azərbaycan Kinematoqrafçılar İttifaqına öz təşəkkürümüzü bildirir və qarşıdakı illərdə də əməkdaşlıq etməyi arzulayırıq”.
Həqiqətən də Polşa kinosu təriflənəsi kinodur, indi sizə bir film adı çəkəcəm, yəqin əksəriyyət baxıb, baxmayanlar isə çütləq baxsınlar: “Loğman”.
II LATIN AMERİKASI FİLMLƏRİ FESTİVALI
Bu günlər Bakıda II Latın Amerikası Filmləri Festivalı da keçirilir. Festival çərçivəsində “Landmark” biznes mərkəzinin kinoteatrında Venesuela istehsalı olan “Bazar ertəsi və ya çərşənbə axşamı, bazar günü heç vaxt” (“Monday or Tuesday Never On Sunday”) adlı filmin nümayişi idi, əsla bu ölkənin kinematoqrafı ilə tanışlığımın olmaması səbəbindən dedim, tanış olum. Və
“road movie” janrında çəkilən filmi bəyəndim. Filmdə bu Latın Amerikası ölkəsinin gözəl mənzərələri göstərilib. Hadisələr Merid ştatının dağlarında başlayır, daha sonra quraqlıq regiona – Falkon ştatına ötürülür.
Ekran əsərində tamamilə fərqli iki qadından söhbət açılır: Venesuelanın And dağlarından olan gənc kəndli Qreqori və ortayaşlı, yüngülxasiyyətli şəhərli Lusiya. Onlar yaranan vəziyyətlə əlaqədar mənzilbaşına çatmaq üçün birgə səyahətə çıxmalıdırlar. Onlardan biri öz keçmişini, digəri bu gününü öyrənir. Hər ikisi sevginin gücünü hiss edir.
Qeyd edim ki, noyabrın 25-dək davam edəcək festival çərçivəsində Latın Amerikasının müxtəlif ölkələrində istehsal olunan filmlərin nümayişi planlaşdırılır.
Xatırladım ki, Bakıda Latın Amerikası Filmləri Festivalı ilk dəfə 2018-ci ildə keçirilib.
Mətn fotosunda: bakılılar Venesuela filmini maraqla izləyirlər.
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)
Fidan Hacıyeva: “Beynəlxalq Vokal Festivalı opera musiqisi dinləmək istəyən hər kəsi əhatə edəcək”
Bakıda opera sənəti sahəsində irimiqyaslı tədbirə hazırlıq işləri gedir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti, pedaqoq Fidan Hacıyeva 2024-cü ilin baharında keçirməyi planlaşdırdığı birinci Beynəlxalq Vokal Festivalına hazırlıq işləri ilə bağlı AzərTAC-ın müxbirinə müsahibə verib.
Daycest bölümündə “Ədəbiyyat və incəsənət” portalı həmin müsahibəni diqqətinizə çatdırır:
- Fidan xanım sosial şəbəkədəki səhifənizdə yazmısınız ki, bu festivalın keçirilməsi ideyası artıq bir neçə ildir ki mövcud idi, lakin onu gerçəkləşdirmək yalnız indi mümkün oldu. Nəyə görə?
- Yəqin ki, qismət belə imiş. Mən bu layihəyə tam hazır olmalı idim. Çünki o olduqca irimiqyaslı tədbir olacaq. Çox şadam ki, həmin vaxt nəhayət ki, yetişib və mən artıq öz arzumu həyata keçirə bilərəm. Layihədə tanınmış opera dirijorları, məşhur opera müğənniləri və mütləq şəkildə bizim opera solistlərimiz iştirak edəcəklər. Çünki doğma Azərbaycan artistlərinin olduqca zəngin, maraqlı səsləri, böyük repertuarları var və onları bütün dünya eşitməlidir. Mənə dəstək olan dostlarımın hər birinə öz təşəkkürümü bildirirəm. Xüsusi olaraq, Opera teatrına və bu ideyanı dəstəkləyən və öz məsləhətləri ilə mənə kömək olan Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazova minnətdaram. O, dünyada tanınmış müğənnidir, onun dəstəyi və tövsiyələri olduqca dəyərlidir.
- Festivalın məqsədləri barədə danışardınız.
- Bu layihəni biz, hər şeydən əvvəl, incəsənət naminə həyata keçiririk. Bu tədbir Azərbaycan və digər ölkələr arasında mədəniyyət mübadiləsidir. Festival zamanı həm Azərbaycan, həm də Qərbi Avropa bəstəkarlarının – Verdi, Puççini, Sen-Sans, Bize və başqalarının əsərləri səslənəcək. Dəvət olunmuş dirijorlar bizim musiqimizi təqdim edəcəklər. Çox istərdim ki, xaricdən dəvət etdiyimiz solistlər də Azərbaycan ariyalarını ifa etsinlər və ya solistlərimizlə birgə duet oxusunlar. Layihədə həmçinin gənc vokalçılar da iştirak edəcəklər, çünki onlara mütləq yol açmaq lazımdır. Bu festival onlar üçün əlamətdar hadisəyə çevriləcək, onlar məşhur artistlərlə eyni səhnəni bölüşəcəklər. Bir də bizim musiqi məktəbinin (Fidan Hacıyevanın musiqi məktəbi – red.) şagirdləri mütləq bu tədbirdə çıxış edəcəklər.
- Qarşıdakı yarım il ərzində hansı işləri görməlisiniz?
- Birincisi, proqram tərtib etməliyəm. İfaçılar öz repertuarlarını mənə təqdim etməlidirlər. Biz orkestrin müşayiəti ilə məşqlər keçirməliyik. Festivalda Mezzo kamera orkestri çıxış edəcək. Bu, mənim rəhbərliyim ilə yaradılmış qadınlardan ibarət ilk Azərbaycan orkestrdir. Onlar gənc vokalçılarla çıxış edəcəklər. Azərbaycanın rayonlarından birində, Bakıya gələ bilməyənlər üçün də konsert təşkil etmək istəyirəm. Biz özümüz onların yanına gedəcəyik. Yəni bu tədbir opera, klassik musiqini dinləmək istəyən hər kəsi əhatə edəcək. Bundan əlavə, Yusif Eyvazov festival çərçivəsində mənə həm də tamaşa nümayiş etməyi məsləhət görüb. Bu, yeni müasir quruluşda “Karmen” olacaq. Bütün bunları təşkil etmək üçün böyük iş görmək lazımdır.
- Festivalda hansı ölkələr iştirak edəcək?
- Hələ ki, İtaliya, Almaniya, Latviya, Mərakeş və Türkiyəni dəqiq deyə bilərəm – onlar iştirakını artıq təsdiq ediblər. Lakin digər ölkələrlə də danışıqlar aparılır.
- Siz gənc ifaçıların iştirak edəcəyini qeyd etdiniz. Hansı yaş kateqoriyaları nəzərdə tutulur?
- Mənim məktəbimdə, misal üçün, səkkiz yaşında uşaqlar var və onlar klassik ariyalar oxuyan çox istedadlı ifaçılardır. Onlar, ən gənc artistlər kimi iştirak edəcəklər. Biz mütləq konservatoriyanın tələbələrini cəlb edəcəyik. Yeri gəlmişkən, konsertlərdən birini konservatoriyada təşkil etmək istəyirəm. Təbii ki, yetkin ifaçılar kateqoriyası olacaq – bunlar, stajı olan təcrübəli müğənnilərdir. Bundan əlavə, ustad dərsləri təşkil edəcəyik. Burada opera musiqisi ilə maraqlanan, oxumaq istəyən və ya artıq oxuyan və inkişaf etmək istəyən hər kəs iştirak edə bilər.
- Festivalda iştirak edənlərin hansı üstünlükləri və perspektivləri olacaq?
- Təcrübəli müğənnilər üçün bu, ölkəsini təmsil etmək, sənətini nümayiş etmək və xalqlar arasında mədəni mübadilədə iştirak etmək imkanı yaradacaq ki, bu da çox vacibdir. Gənc ifaçılar üçün isə böyük səhnəyə qədəm qoymaq, orkestr ilə çıxış etmək və misli-bərabəri olmayan təcrübə əldə etmək şansı olacaq. Mən, misal üçün artıq 19-20 yaşda opera teatrında oxumuşam, lakin belə böyük festivallarda iştirak etməmişəm. Üstəlik adlı-sanlı peşəkarların dirijorluq etdiyi simfonik orkestr ilə çıxış etmək sənətə yeni başlayan artist üçün çox böyük fürsətdir. Opera musiqisi – bütün ölkələrdə tanınan dünya musiqisidir, bu, əsl mədəniyyətdir. Mən çox istərdim ki, Azərbaycanda bu janr hər zaman zirvədə olsun.
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)
“Daily News Hungary” nəşri Macarıstanda Nizami Gəncəvinin büstünün açılışı mərasimi haqqında məqalə dərc edib
Macarıstanın ingilisdilli populyar “Daily News Hungary” internet-nəşri oktyabrın 21-də ölkənin Lakitelek şəhərində keçirilən əlamətdar hadisə haqqında məqalə yayıb.
AzərTAC xəbər verir ki, məqalədə dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünün təntənəli açılış mərasimindən söhbət açılır.
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)
Lənkəran mətbəxindən Mərci Pətə
Aysel Qarayeva, “Ədəbiyyat və incəsənət” üçün
Bu dəfə əslən lənkəranlı olan qonşumuz Fəridə xaladan bir Lənkəran yeməyinin reseptini alıb sizinlə bölüşmək qərarına gəldim.
Bildiyiniz kimi, Lənkəran mətbəxi zəngin çeşidi, dadlı, ləzzətli, özünəməxsus yeməkləri ilə tanınır. Cənub bölgəsinin mərkəzi kimi tanınan Lənkəran boş yerə deyil ki, UNESKO tərəfindən 4 il müddətinə dünya mətbəx mədəniyyətinin paytaxtı elan olunub.
Bu mətbəxə məxsus ləvəngi, qozlu kükü, boranı plov, mərci plov, turşu kabab, badımcan ləvəngisi, fisincan, balıq sırdağı, lökü, qiyməqatıq kimi ləziz təamlar ölkədən kənarda da tanınır və sevilir.
Fəridə xala isə bizə Lənkəran mətbəxinə məxsus qədim bir yeməyi - “Mərci pətə”ni bişirməyi öyrətdi.
Lazım olan ərzaqlar:
* 1 stəkan yaşıl mərcimək
* 100 qr qoz ləpəsi
* 1 ədəd soğan
* 1-2 dilim boranı
* duz, istiot
* üyüdülmüş keşniş toxumu
Hazırlanma qaydası:
İlk öncə mərciməyi yuyub üzərinə su töküb bişməyə qoyun. 1-2 dilim boranı da qabığını soyub mərciməyə əlavə edib suyu çəkilib yumşalana qədər bişirin. Başqa bir tavada yağda aypara şəklində doğranmış soğanı yüngül qovurun. Qoz ləpəsini qozçəkəndən keçirib və ya xırda doğrayıb soğanın üzərinə töküb qarışdırın. Bişmiş mərcimək və balqabağı, zövqə görə duz, istiot, üyüdülmüş keşniş toxumunu da əlavə edib qarışdırın. Daha sonra blenderlə püre halına gələnə qədər əzin.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)
“Şəki Siti” klubunun ispan legioneri
Sərtyel, “Ədəbiyyat və incəsənət”
Azərbaycan futbolunda birinci və ikinci divizionlarda oyunların keçirilməsi inkişafa xidmət etdi. Futbolumuz kütləviləşdi, bu çox gözəldir.
İkinci divizionda qaradərili futbolçuları, asiyalı və hətta avropalıları görəndə isə xeyli təəccübləndim. Əcabə, Azərbaycan kimi futbolu 3-cü sort hesab edilən bir ölkənin Lerik kimi bir ucqarında təbii ki, qəpik-quruş məvacibə gəlib top qovan legionerin səviyyəsi barədə nə söyləmək olar?
Parodiyam bu barədədir:
“Şəki Siti” və “Bakı Sportinq” klublarının oyunudur. Şərhçi şəkililərin heyətini təqdim edir:
-28 nömrəli futbolçu Xuan Qonsales - “Şəki Siti”nin ispaniyalı legioneri. Kifayət qədər tanınmış və təcrübəli oyunçudur. Karyerası boyunca dəfələrlə “Real” Madrid və “Barselona” kimi dahi klubların oyunlarını stadiondan izləyib.
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)