Aysel Qarayeva, “Ədəbiyyat və incəsənət” üçün
Bu dəfə əslən lənkəranlı olan qonşumuz Fəridə xaladan bir Lənkəran yeməyinin reseptini alıb sizinlə bölüşmək qərarına gəldim.
Bildiyiniz kimi, Lənkəran mətbəxi zəngin çeşidi, dadlı, ləzzətli, özünəməxsus yeməkləri ilə tanınır. Cənub bölgəsinin mərkəzi kimi tanınan Lənkəran boş yerə deyil ki, UNESKO tərəfindən 4 il müddətinə dünya mətbəx mədəniyyətinin paytaxtı elan olunub.
Bu mətbəxə məxsus ləvəngi, qozlu kükü, boranı plov, mərci plov, turşu kabab, badımcan ləvəngisi, fisincan, balıq sırdağı, lökü, qiyməqatıq kimi ləziz təamlar ölkədən kənarda da tanınır və sevilir.
Fəridə xala isə bizə Lənkəran mətbəxinə məxsus qədim bir yeməyi - “Mərci pətə”ni bişirməyi öyrətdi.
Lazım olan ərzaqlar:
* 1 stəkan yaşıl mərcimək
* 100 qr qoz ləpəsi
* 1 ədəd soğan
* 1-2 dilim boranı
* duz, istiot
* üyüdülmüş keşniş toxumu
Hazırlanma qaydası:
İlk öncə mərciməyi yuyub üzərinə su töküb bişməyə qoyun. 1-2 dilim boranı da qabığını soyub mərciməyə əlavə edib suyu çəkilib yumşalana qədər bişirin. Başqa bir tavada yağda aypara şəklində doğranmış soğanı yüngül qovurun. Qoz ləpəsini qozçəkəndən keçirib və ya xırda doğrayıb soğanın üzərinə töküb qarışdırın. Bişmiş mərcimək və balqabağı, zövqə görə duz, istiot, üyüdülmüş keşniş toxumunu da əlavə edib qarışdırın. Daha sonra blenderlə püre halına gələnə qədər əzin.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)