Super User

Super User

Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

Turizm hamının sevdiyi bir nəsnədir, kim xarici ölkələri gəzmək, görməli yerlərdən zövq duymaq istəməz ki? 

Turizmlə bağlı topladığım növbəti faktları diqqətinizə çatdırıram:

 

-Son illərdə Azərbaycana türk dövlətlərindən səfər edən turistlərin sayı artıb. 2023-cü ilin 9 ayı ərzində Azərbaycana səfər edən Qazaxıstan, Özbəkistan, Türkiyə, Macarıstan, Qırğızıstan, Türkmənistan vətəndaşlarının sayında ardıcıllığa müvafiq olaraq 32 faiz, 59 faiz, 20 faiz, 91 faiz, 78 faiz, 188 faiz artımlar müşahidə edilib. 

 

-Və həmçinin şəhərlər arasında birbaşa uçuşların sayında da artım qeydə alınıb və prosesin qarşılıqlı olduğu da diqqətçəkəndir. 

 

-Şamaxı şəhəri 2023-cü il üçün Türk Dünyasının Turizm Paytaxtı seçilmişdi, 2024-cü il üçün isə Qazaxıstanın Türkistan şəhəri Türk Dünyasının Turizm Paytaxtı seçilib.

 

-Azərbaycanın 2023-cü ilin sonunadək ümumilikdə 2 milyona yaxın əcnəbi vətəndaşı qəbul edəcəyi, bu rəqəmin 2026-cı ildə 4 milyona çatacağı gözlənilir.

 

-2026-cı ildə Azərbaycana turizmdən gələn gəlirlərin 10 milyard manata çatdırılması proqnozlaşdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2023)

Cümə, 20 Oktyabr 2023 17:00

Hər kəs eyni deyil ki, əzizim!

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Hər qadın eyni deyil, heç kişiləri də ümumiləşdirmək olmaz. Bir şey ki, qadınlar da, kişilər də ayrıdırlarsa, gör sevginin neçə tonu, neçə ahəngi var. Neçə gözəl sevilən və gözəl sevən insanlar var, bir fikir ver.

Gəl bir az qadınlardan danışım.

Hansı qadınlardan danışım sənə?

Cəfakeşindənmi? Əndamlılarındanmı?Savadlısından, məğrurundanmı? Yoxsa cahilindən, qorxağından, qürursuzundan? Ya da incinmiş olanından?

Gəl sənə hərəsindən bir az danışım. Kitab qoxan qadınlardan danışım, məsələn. Ən qiymətli əşyası kitabları olan qadınlar var, saç telləri hörük-hörük kitab qoxar o qadınların. Oxuyub, əziyyət çəkib ayaqları üstündə dim-dik duran, kimsəyə boyun əyməyən, qərarlarını özü qəbul edib özünü hər zaman müdafiə edən qadınlar var,  məsələn. Əzilməyən, əzdirməyən dik baxışları ilə canlar alıb mərhəmət gülüşləri ilə yaralar sağaldan qadınlar da var bu həyatda.

Tam əksinə, təbiiliyi standartlaşmaya, saflığı estetikaya, təvazönü zinətə dəyişib özünü xoşbəxt zənn edən və daim asılı yaşayan qadınlar da var.

Qürurunu əzdirib "dözüb oturanlar" da var, susmayıb dili haqq danışanlar da. Məsələn, dini yalnış təbliğ edib 22 yaşlı qızın hicabını düz örtmədiyi üçün döyülərək öldürülməsinə haqq qazandıran da var, qorxub səs çıxartmayan da var, vicdanı susmayıb haqqı bağıranlar da var, haqqı soyunmaqda görüb bütün şüurları məhv edənlər də var.

Demişdim axı, hər kəs eyni deyil.

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2023)

Günümüzün poetikası - “Ədəbiyyat və incəsənət” portalı bugün sizə Zaur Ustacın şeirlərini təqdim edir. Günümüzün poetikası təbii ki, Qarabağ qalibiyyətindən doğan şən əhval-ruhiyyədən, qürurdan ibarətdir.  

 

 

ŞANLI  ƏSGƏR


Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!


* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!


* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!


* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!


* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!


* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!


* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

 

 

 PİRDİ  HƏR  ƏSGƏR!

 

Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşatək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

 

 

BU  PAYIZ


Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!


* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…


* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!


* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!


* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

 

 

ÜÇ QARDAŞ


(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)


Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!


* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!


* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Arğın Paşanın şeirlərini təqdim etməkdədir. 

 

Arğın Paşa təxəllüsü ilə tanınan Məhəmməd Paşapur, 1989-cu il, muğanda doğulub böyüdü. Bilim yurdunda bitki uzmanlığı bitirdi. Gənc çağından ana dilində şeir yazmağa maraqlandı. Az sonra şeirləri qəzetələrdə göründü.

2013-cü il, Azərbaycan folkloru əsasında uşaqlar üçün, "Cırtdan", 2016-cı il "Axmaq tülkü", 2017-ci il Azərbaycan folkloru əsasında bir daha uşaqlar üçün, "Duzlu çəpiş" və 2019-cu il "Cırtdan" kitabı ikinci dönə çapdan çıxdı. Neçə başqa şeir kitabı çapa hazırlanır. Bu çağ, muğanın ustad şəhriyar dərnəyi ilə füzuli məclisinin ictimaiyyətlə ələqələr müdiridir.

 

 

ÖZÜMÜ TAPA BİLMİRƏM

 

Külqabı, istəkan... Boşalır tez-tez

Bir payız gecəsi, beş-altı şair.

Göz-gözü görməyir tüstüdən daha

Və dərdlər tökülür ortaya bir-bir.

 

Keçmişə sürüyür, sabaha çəkir,

Yenə də gülürəm bu çağımda mən.

Ucqarda görünür ayaq izlərim,

Donmuşam hələ də qucağında mən.

 

Bir neçə saatdır sənin dalınca -

Getmişəm, özümü tapa bilmirəm.

Çağırır dostlarım hardasan Paşa?!

- İtmişəm, özümü tapa bilmirəm...

 

Sağlıqlar düzüldü masanın üstə,

yenidən özümdə yaratdım səni.

Acı keçmişimi çəkdim başıma,

Bir qurtum şərabda unutdum səni.

 

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2023)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” portalının Sual-cavab rubrikasında növbəti görüşümüzdə mövzumuz ölkəmizdə Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Prodüserlərin yüksəlişi” proqramı ilə bağlıdır.

 

SUAL

Hörmətli “Ədəbiyyat və incəsənət”! Siz az öncə “Prodüserlərin yüksəlişi” proqramından bəhs etmişdiniz. Avropanın  məşhur prodüserləri Martin Hagemannın və Titus Kraymberqin bizim gənc kino xadimlərinə təlim keçəcəklərini söyləmişdiniz.

Bilmək istəyərdim, proqram nə yerdə qaldı?

(Elçin Şahbazov, Sumqayıt)

 

CAVAB

9-13 oktyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə keçirilən “Prodüserlərin yüksəlişi” proqramının birinci mərhələsi tamamlandı. 

Təlim qeyd etdiyiniz kimi, Avropanın məşhur prodüserləri Martin Hagemann və Titus Kraymberq tərəfindən keçirildi. Təlim iştirakçıları Avropa standartlarına uyğun kino layihə sənədlərinin hazırlanması sahəsində baza bilikləri əldə etdilər, ilin sonunadək isə praktik mentorluq vasitəsilə xarici mentorların nəzarəti və məsləhətləri ilə yeni kino layihələrini hazırlayacaqlar.
Təlimin birinci mərhələsini 30 nəfər müvəffəqiyyətlə bitirdi. İştirakçılar xarici mentorlarla təmas qurmaqla yeni layihələr üzərində işlərini 7 həftə davam etdirəcəklər.

Layihənin rəhbəri Martin Hagemann təlimin yüksək səviyyədə təşkil edildiyini və təlim iştirakçıları arasında təcrübəli və kino sahəsində ilk addımlarını atan şəxslər olduğunu vurğuladı, bu isə dayanaqlı əlaqələrin qurulmasına, ənənəvi təcrübələrin müasir idarəedilməsinə və ümumiyyətlə belə təlimlərin gələcəkdə daha səmərəli layihələrin ərsəyə gəlməsinə xidmət edəcəyinə inandığını bildirir.

Sualınızdan haşiyəyə çıxaraq qeyd edək ki, yekunda yerli və xarici mütəxəssislər tərəfindən seçiləcək layihələrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyi tərəfindən xüsusi mükafatların verilməsi də nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2023)

Cümə, 20 Oktyabr 2023 12:30

Yazmaq arzusu

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

 

Çoxlarının asan düşündüyü, azlarının isə olduqca mürəkkəb proses olduğunu anlamasıdır yazmaq. Hər kəsə nəsib olmayan, ancaq hamının daxilinin ən gizli nöqtələrinə qədər sirayət edən əbədi bir tələbatdır – yazmaq arzusu.

Zamanından, məkanından asılı olmayaraq o səni haqladısa, əsirinə çevirir, onun əlindən heç yana qaça bilməyəcək dərəcədə qüvvətlidir – yazmaq vergisi.

 

Ən çox həssas olan insanların qəlbində zərrə-zərrə böyüyərək, anidən vulkan kimi partlamaqla özünün mövcudluğunu göstərməkdir yazmaq. Əgər yanar qəlbin, hər şeyi duyacaq istedadın yoxdursa, axı necə qavraya bilərsən nədir yazmaq. Sən onun əsirinə çevrildikcə, o da sənə xidmət etməyə hazır olan bir qadın kimidir yazmaq. Yalnız üzdə deyil, onu içdə hiss eləməyi, nazı ilə oynamağı sevəcək qədər ərköyündür – yazmaq.

 

Şıltaqlığına dözə biləcəyin qədər sənə böyüklük gətirməkdə əsla xəsis deyil – yazmaq. Bəzən bilinməyəcək səbəbdən uzaqlaşıb yan qaça da bilər, günlərlə, aylarla, hətta illərlə də gözləməyə məhkum edər səni və sən gözləyə-gözləyə ondan həmişəlik ayrıldığını düşündüyün zamanda anidən döyülər ürəyinin qapısı və sən onu bu qapıdan daxil edəndə bir ömrün yükünü çiyinlərindən atdığını sandığın dərəcədə xoşbəxt olmaq xoşbəxtliyini bəxş edər sənə – yazmaq.

 

Nəticədə bəzən illərlə düşündüyün mövzunu, aylarla yaza bilməməkdir – yazmaq arzusu. Onun gəlişinin zamanını ondan başqa kim bilə bilər ki? Və bəzən səni günbəgün, addımdaaddım izləyə də bilər yazmaq və sən onunla ruhla can kimi yaşayarsan zamanı. Heç nəyin səndən yox, məhz ondan asılı olduğunu, sənin onu gözləməyinlə yox, onun səni yaxalamağıyla bağlı olduğunu unutmamaqdır sadəcə. Və bunu unudanlar sadəcə yazmaq üçün çabalaya-çabalaya keçirərlər həyatı və sonda nə yazıları əbədiyyətə qovuşdurar onları, nə də onlar yazdıqları ilə öyünə bilərlər.

 

Səni səndən alıb özündə anlamadığın məkanlara götürə bilmirsə düşüncələrin, o zaman səhrada su axtarırcasına boşuna zaman xərcləməkdir – yazmaq. Torpaq su ilə becərildiyi kimi, yazmaq da istedadla yetişib, duymaqla yaşanar və o zaman sözünü deməklə hünər göstərməyə qabil olar insan.

 

Nələri yaza bildiyindən asılı olmayaraq, nələri yaza bilmədiklərin düşündürməlidir səni və sən düşüncələrinlə fəth edə bilərsən zamanla yaza bilmədiklərini. Zaman hər şeyin açarı, açar isə zamanın dərinliklərində gizlənən sirli bir vasitədir. Bu vasitədən istifadə etməyi bacaranlar nail ola bilər istədiklərinə. Sonda sonu olmayan sonsuzluqda əbədi səadəti axtarıb tapa bilməkdir – yazmaq.

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2023)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

"Cümə günü Əbülfəzqızının 10 sualı ilə"  

rubrikasının budəfəki sevimli yaradıcı qonağı şair, tənqidçi, ədəbiyyatşünas, AYB-nin üzvü, AJB-nin üzvü, DGTYB Məsləhət şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Turan Rəhimlidir.

 

Xoş gördük, unudulmaz və tələbələri tərəfindən  çox sevilən şair müəllimimiz. 

Düzdür, indi tələbəniz kimi ADPU-nun auditoriyasında olmasam da, bu dəfə  sualları mən versəm də, yenə məsuliyyətli və həyəcanlıyam. Fəxr və möhtəşəm sevgi ilə Əbülfətqızının birinci sırada "ürəyi çırpınan sualını" meydana dəvət edirəm.

 

1)  Bu qapının dalında uşaqlığım dayanıb,

Bu qapıdan o yanda daha duymazlar məni.

Bir vaxt böyümək üçün bu qapıdan çıxmışam,

Bu qapıdan girməyə indi qoymazlar məni.

(Təranə Turan Rəhimli)

 

Təranə xanım- sevimli müəllimimiz, o qapını açmaq olsaydı,  addımınızı  o qapıdan o tərəfə atan kimi nə edərdiniz? 

 

- İyirmi illik həsrətdən sonra o qapının önündə dayandığım gün içəri girə bilmədim. Ona görə yox ki, mənə mane olan kimsə vardı. Amma içəri addım atsam, özgə adamların yaşadığı o evdə mənə doğma olan hər şeyin kim bilir necə dəyişdirildiyini, bəlkə də, yox edildiyini görəcəkdim. O fərqin, o yoxluğun xatirəmdə diri qalanları öldürməsinə, o evlə bağlı yaddaşımdakı müqəddəs lövhələri zədələməsinə izn verə bilməzdim. Vermədim də... Əgər o qapıdan o yana addım ata bilsəydim, ilk qocaman tut  ağacına salam verərdim. Sonra  əncirin yerə dəyən budaqlarının, yelpazə yarpaqlarının altında gizlənən, heç vaxt içini görmədiyim dərin quyunun yanına özümü çatdırardım. Quyunun ağzındakı gücüm çatmayan o ağır daşı qaldırıb bir kənara atar, əyilib pıçıltı ilə dibsiz dərinliyə "mən gəlmişəm" deyərdim. 

 

2) Mustafa Kamal Atatürk söyləmiş ki: " Bir milləti hürr, müstəqil, şanlı, yüksək bir toplu olaraq yaşadan da pis vəziyyətə, yoxsulluğa salan da təhsildir."

Bəs Təranə xanım auditoriyadakı tələbəsinin təhsildən yayındığını görəndə buna necə  münasibət bildirib?

 

- Təhsil hər bir millətin inkişafında ən önəmli rol oynayan faktordur, bunu danmaq olmaz. Lakin təhsil dedikdə nəyi nəzərdə tuturuq? Lev Tolstoy heç bir universiteti bitirməmişdi. Deyə bilərikmi ki, rusların milli-mənəvi inkişafında önəmli xidmətləri olan böyük yazıçı təhsilsizdir? Əslində özünüinkişaf, həyat universiteti amili həmişə  önəmlidir. Mən hamının mütləq ali təhsilli olması düşüncəsindən uzağam. İnsanın məşğul ola biləcəyi çoxlu peşə yönləri, sənət sahələri var. Əlbəttə, mən təhsili hər zaman Aristotelsayağı -  xoşbəxt günlərin bəzəyi, bədbəxt günlərin sığınacağı hesab etmişəm. Ancaq təhsillə bağlı təcrübə və qənaətim söyləməyə imkan verir ki, təkcə ali məktəb təhsili mükəmməl cəmiyyət qurmaq üçün yetərli deyil. Çalışqanlıqla yanaşı, öyrənənin özünü yetişdirməsi də önəmlidir.  

Təhsildən yayınan tələbə görəndə nə etmişəm? İlk  öncə o tələbənin "dərdi" ilə maraqlanmışam.  Axı heç nə səbəbsiz deyil. Daha sonra birlikdə çözüm yolu axtarıb tapmışıq. Və dönə-dönə bunun ən düzgün yanaşma olduğunu özüm üçün təsdiqləmişəm.

 

3) Fələk namərd oyununda,

Düzün kəndiri boynunda.

Haqq deyib əli qoynunda

Gözləməkdən ağac oldum.

(Təranə Turan Rəhimli)

 

Təranə xanım, haqq olduğunuzu sübut etmək üçün , "düzün boynundakı kəndiri" açmaq üçün Sizə cürət verən hansı qüvvə olur?

 

-  Əgər həyatdayıqsa, daim mübarizə içindəyik. Hətta öləndən sonra da haqqı tapdalananlar var. Sağlığında istedadı, savadı, bacarığı, şəxsiyyəti ilə həsəd doğuran insanlara ölümündən sonra da paxıllıq edən, adının çəkilməsinə maneçilik törədənlər olur. Amma yaşayırıqsa, öz haqqımızı müdafiə etmək şansımız var. Bu mübarizə bəzən nə kimi itkilər bahasına başa gəlir. Hətta bəzən susmaq özü də haqsızlığa etirazın hayqırışı ola bilir. Amma sükütun da mənasını düzgün anlayan gərək:  "Elə susdum daş bildilər, hördülər divara məni."

 "Düzün boynundakı kəndiri açmaq" üçün isə qeyri-adi cürətə yox, ürəyə sahib olmaq yetərlidir. Mən min bir əziyyətlə çatdığım,  uzun illərimi həsr etdiyim ən önəmli  qazancımdan bircə anın içində keçə bilərəm - Haqq üçün. Haqq bildiyim yoldan dönməmək üçün.  Amma mənə görə həyatda hər zaman insana cürət verən qüvvə İNANDIĞIDIR.

 

4) Təranə xanım, yadımdadır tələbə vaxtı mənə oxumaq üçün ədəbiyyat siyahısı yazdırmışdınız.

İndiki gənc yazarlara hansı kitabları oxumağı tövsiyyə edirsiniz?

 

-  Tələbələrimin mütaliə ilə bağlı suallarına həmişə beynimdə hazır siyahı olub. O siyahıya bəzən əlavələr etmişəm, amma əsas yazıçılar və vacib əsərlər daim toxunulmaz qalıb. Bu sualı oxuyanda isə qeyri-ixtiyari bir fraza yadıma düşdü. Xalq yazıçısı Mirzə İbrahimov hələ yaradıcılığa yeni başladığı vaxtlar dövrün görkəmli tənqidçisi Əli Nazimdən yazıçı olmaq üçün hansı kitabları oxumağın vacibliyi haqda soruşur. Əli Nazim  "Get, Lev Tolstoyu oxu" deyir. Təbii ki, mütaliə ədəbi zövq məsələsidir. Hamı eyni əsərləri sevərək oxuya  bilməz. Amma Tolstoy bir başqadır axı. Ümumiyyətlə, dünya ədəbi təcrübəsinin elə şedevrləri var ki, onları qeydsiz-şərtsiz hamı sevir. Mən Viktor Hüqonu, Lev Tolstoyu, Fyodr Dostoyevskini,  Ernest Heminqueyi, Harriet Biçer Stounu, Mişima Yukionu, Onore de Balzakı,  Etel Lilian Voyniçi,  Teodor Drayzeri, Gabriel Qarsia Markesi, Corc Ourelli, Mixail Bulqakovu, Frans Kafkanı, Aleksandr Dümanı... oxumadan yaxşı yazıçı olmağın mümkünlüyünə inanmıram. Əlbəttə, bu siyahı fikrimdəki adların hamısını ehtiva etmir.  Və bu yazıçıların da hər birinin elə əsərləri var ki, onu oxumadan "bu yazıçını tanıyıram" deyə bilməzsən. Məsələn, Tolstoy deyəndə ilk “Hərb və sülh"ün əzəməti,  sonra "Anna Karenina"nın cazibəsi yada düşür. Dostoyevski dünyasının açarı kimi "Cinayət və cəza", sonuncu qapısı kimi "Karamazov qardaşları" cazibəli görünür. Hüqonun "Səfillər"indən başlanan mərhəmət fəlsəfəsi bizi "Paris. Notrdam kilsəsi"nin iç dünyasına çəkib aparır. Mişimanın "Patriot"undakı polad əqidə məsələsi, Markesin "Yüz ilin tənhalığı"ndakı yalqızlıq fəlsəfəsi bəşər tarixi boyunca insana doğma olan ən mübhəm duyğuları anladır. Deyəsən, cavab çox uzun oldu.

 

5) Kəpənək qanadlarımla,

Çəkdim dünyanın yükünü.

Payıza qatdım ömrümü,

İndi də yarpaq tökümü. 

(Təranə Turan Rəhimli)

 

Təranə xanım,  ömrünün yazı qışa dönən, yaz ömründə saralan, qönçə solan ümidini itirib qışa təslim olan "obrazlara" nə söyləyərdiniz?  O cümlələr "Günəşə ümid və sevgi" yaradardı.

 

- Mən bir tək mütləq tanıyıram - Allah. Qalan nə varsa, müvəqqətidir, keçicidir. Kədər, qəm, ümidsizlik, dərd... bunlar hamısı keçicidir, əbədi deyil. İnsanın ümidləri daim solmağa davam edə bilməz. Qış da daimi deyil axı. Ümid itmir, ölmür. Ümid itəndə insan son nəfəsini vermiş olur. Gələn dərdin belə başını sığallamağı öyrənmək lazımdı, çünki ömrümüzdə o da qonaqdı. Həmin obrazlara "Bütün gücünüzlə inanın, sabaha möhkəm inanın" deyərdim.

 

6) Məndən təzə şeir xəbər alan dost,

Bəs yazın gəlməsi şeir deyilmi?!

Gəzməyə çıxanda çölün, çəmənin,

Üzünə  gülməsi şeir deyilmi?! 

( Hüseyn Arif)

Təranə xanım, bilirik ki, Hüseyn Arifi Ustad saymısınız, bəs Təranə xanım üçün şeir nədir?

 

- Xalq şairimiz Hüseyn Arifin mənim ədəbi inkişafımda çox önəmli rolu olub. Dəyərli ustad tövsiyələri ilə həmişə məni daha çox yazmağa  həvəsləndirib. Yazdığım şeirləri telefondaca oxudub əsl ustad məsləhətlərini verərdi. Ana dilimizin incəliklərinə elə dərindən bələd idi ki, yerində olmayan ifadəni, sözü dərhal tutar, dəyişdirməyi məsləhət görərdi. Sözə zərgər dəqiqliyi ilə yanaşır, məndən də bunu gözləyirdi. Şeirdən təbiilik, şairdən səmimilik tələbi vardı. "Dərindən bələd olmadığın heç nə haqqında yazma" deyərdi.  Bir də "yaxşı insan olmayandan yaxşı şair də olmaz" qənaətinə məni möhkəm inandırmışdı. Bu inam sonralar çox dadıma yetdi. Şeir mənim üçün ruhun özüdür. Yazsam da, yazmasam da, o mövcuddur. Amma yazanda o ruhu hamı görür. 

 

7) Hərəmiz bir ruhda. İkiləşməyək,

Ömür qatarında itələşməyək.

Bu sonu görünən yola düşməyək,

Biz bir-birimizçün yaranmamışıq. 

(Təranə Turan Rəhimli)

Təranə xanım, müxtəlif xarakterdə olan  insanları əbədi birləşdirməyə sevginin gücü çatarmı? Yoxsa anlaşılmamaq o sevginin hər saniyə "məzarını qazacaq?"

 

- Məgər həyatı maraqlı edən xarakterlərin müxtəlifliyi deyilmi? Bir anlığa düşünək ki, ətrafımızda öz xarakterimizdə insanlar toplanıb. Bu nə qədər cansıxıcı olardı. Dünyanın da gözəlliyi fərqliliklərin vəhdətindədir. Bir evin içində böyüyən iki övladın xarakteri yerlə göy qədər bir-birindən fərqli ola bilirsə, sevgi telləri ilə birləşən insanlar niyə eyni xarakterdə olmalıdırlar? Anlaşmaqla xarakter yaxınlığının heç bir əlaqəsi yoxdur. İnsan anlamaq istəyəndə buna cəhd göstərir. Əslində həmişə, bütün vəziyyət və situasiyalarda bir-birini anlamaq da mənə real görünmür. Sevgi münasibətlərində, xüsusilə ailədə anlaşmaq qədər qarşılıqlı hörmət də önəmlidir. Ortaq fikrə gəlmədiyin məsələdə belə sayqı, hörmət çərçivəsində davranış hər şeyi yoluna qoyur. 

 

8) Kerriyə görə həyat yoldaşından, mal-dövlətindən vaz keçən və səfil vəziyyətdə küçədə ölən Hertsvud obrazına nə söyləmək istəyərdiniz? 

 

- Herstvud obrazı  Drayzerin Amerika burjua əxlaqına son dərəcə kəskin tənqidi münasibətinin nəticəsi kimi yaranmışdır. Əsər ilk çap olunan vaxt çoxları Herstvudda, Druedə, Kerridə... özünü görmüşdü. Və bu "çoxları" dediyimiz kəslər ölkənin üst təbəqəyə məxsus ən nüfuzlu adamları idi. Ona görə də yazıçı elə bir hücumla qarşılanmışdı ki,  böhrana düşüb qələmini əlindən qoymuş, 10 il heç nə yazmamışdı.  Herstvuda deyiləsi sözü Drayzer kimi heç kim deyə bilməz. 

 

9) F. Dostoyevski söyləyib ki: " Bərabər gülmədiyiniz insanla xoşbəxt ola bilməzsiniz.

Təranə xanım, “xoşbəxtlik düsturu"  necədir, varmıdır? Yoxsa, Siz də xoşbəxtlik nisbidir deyəcəksiniz?

 

-Təkcə gülməkmi?! 

Bərabər gülmədiyiniz, bərabər qəm çəkmədiyiniz... həyatın hər gətirdiyini bərabər bölmədiyiniz insanla nəinki xoşbəxt olmaq, bir damın altında yaşamaq mümkün deyil. Xoşbəxtlik hamıda olan, ancaq çox vaxt başqalarının gözüylə görülən bir məziyyətdir. İnsan öz xoşbəxtliyini görməyi bacarmalıdır ki, xoşbəxt olduğunu anlasın. Mən bir də ona inanıram ki, xoşbəxtliyi heç kəsdən hazır şəkildə gözləmək lazım deyil. Əgər həyatımıza  kimsə belə bir xoşbəxtlik gətiribsə,  həyatımızdan çıxanda onu da özü ilə aparacaq. Xoşbəxtlik həyatda (birgə həyatda) zərrə-zərrə qazanılır, zamanla üst-üstə qalanıb artır, çoxalır, bərəkətlənir...

 

10)" İnsanlara qarşı məsafəli olmaq, peşmanlıqlar yaşamağınızın qarşısını alan və sizi qoruyan bir yaşam sığortasıdır." ( Ernest Heminquey) 

Təranə xanım, heç olubmu,  siması məsum, amma daxili " vəhşi "  xarakterlərə rəhminiz gəlib əl tutmaq istəmisiniz, amma niyyətlərinin " qara" olduğunu anlayıb geri addım atmısınız?

 

-Məsafəli olmaq həmişə insan zərərdən qoruyur. Təkcə Heminqueyin deyil, Həzrət Əlinin, Mövlananın, Yunus Əmrənin, Tolstoyun da belə bir düşüncəsi var: İnsanlarla məsafəni gözləmək. 

 Kiməsə yardım etmək istəyəndə onun nə siması, nə də daxili məni maraqlandırıb. Bunu Allah sevgisiylə, Allah xatirinə  etmişəm. İnsan mürəkkəb varlıqdır, onu bir tam  olaraq anlamaq  bəzən mümkün olmur.  Amma qarşılaşdığımız hər kəsi anlamaq, və ya tanımaq kimi bir məcburiyyətimiz də yoxdur. Əgər yaxşılıq etmək istəyirəmsə, bunu heç nəyə baxmadan edəcəyəm. Məgər Jan Valjan Javerə, Tenardyeyə və başqalarına  məhz yaxşı insan olduqları üçünmü xeyirxahlıq etmişdi? Javerin düşməni olduğunu da, Tenardyenin qara qəlbini də gözəl bilirdi. Amma bütün bu mənfiliklər  onu öz xeyirxahlığından saxlaya bilməzdi.

 

-Dəyərli müəllimimiz, Əbülfətqızı bu dəfə məqbul ala bildimi? Suallarımızdan hansını daha çox bəyəndiniz?

 

- Mənim dəyərli tələbəm olmuş, bu gün əziz dost bildiyim Əbülfətqızı məqbul yox, 10 aldı. Bir vaxtlar olduğu kimi yenə də seçilməyi bacardı.

Suallar bir-birindən maraqlıdır, ən əsası, ənənəvi müsahibə suallarından fərqlidir. Buna görə xüsusi təşəkkür edirəm. Ona görə hansınısa  seçərək digərlərinə haqsızlıq etmək istəmirəm.

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2023)

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

43-CÜ DƏRC

 

Hamazasp tərəfindən darmadağın edilmiş və yandırılmış müsəlman kəndlərinin qaça bilmiş sakinlərinin aqibəti də pis olmuşdu, 45 gün dağlarda və meşələrdə sərgərdan dolaşdıqdan sonra, əyin-başları yırtıq, ac, xəstə halda öz köhnə yurdlarına qayıdan insanlar arasında ölüm halları  minlərlə ölçülürdü.

Ekspert mətnin bitdiyini bildirən sükut nümayiş etdirdi, bu zaman Baş Hakim “Şəxsən mənim üçün maraqlıdır, yanıb talan olunmuş, insanları qırılmış, qalanları da qaçıb canını qurtarmış Qubanın sonrakı taleyi necə olub?” sualını yanında əyləşmiş yaşlı hakimə verdi. Yaşlı hakim bu barədə də materiallar toplandığını söylədi, hətta özü qarşısındakı kağızlar toplusundan birini aralayıb ordan belə bir material oxumağa başladı:

-Hamazaspın erməni dəstələri Qubadan getdikdən sonra şəhər daha böyük təhlükə ilə – xəstəliklər və epidemiyanın başlanması ilə üzləşib. Küçə və məhəllələr, evlər və həyətlər eybəcər hala salınmış və doğranmış minlərlə kişi, qadın və uşaq cəsədləri ilə – ölümün onları haqladığı yerdə də qalan və çürüməyə başlayan meyitlərlə dolu imiş. Qurbanları kütləvi surətdə dəfn etməyə məcbur olan şəhərin rəhbərliyi, yerli mollalar və sakinlər tərəfindən gətirilən rəqəmlər, qırğınlar zamanı itkin düşmüş (ermənilərin özləri tərəfindən basdırılmış ?) insanlar da nəzərə alınmaqla, Quba qırğınları zamanı şəhərdə  öldürülənlərin və qorxudan ölənlərin təxmini sayının 2000 – 2900 arasında, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğunu  söyləməyə əsas verir. FTK-nın sənədlərinə əsasən Quba qəzası əhalisinə ümumilikdə dəyən maddi ziyanın miqdarı isə 121.824.819 rubl təşkil edirdi.

Baş Hakim yaşlı hakimdən “Dağ yəhudiləri barədə ayrıca arayış səslənəcəkmi?” deyə soruşdu, yaşlı hakim “əlbəttə” deyə cavab verdi. Sonra da yaşlı hakim Baş ekspertə müraciət etdi, dağ yəhudiləri barədə hazırlanmış 16 sənədin bir neçəsinin oxunmasını xahiş etdi, amma proses çox uzun çəkmişdi deyə Baş Hakim sənədlərdən istənilən birinin oxunmasını məqbul saydı, onsuz da hər şey bəlli idi, quduz Hamazasp və onun qaniçən dəstəsi Qubada misli görünməyən vəhşiliklə müxtəlif millətlərin nümayəndələrinə qan uddurmuşdular.

Sənədlər Quba faciələrində istər gəlmə, istərsə də yerli yəhudilərin iştirakı, habelə həmin dövr Quba qəzasının yəhudi əhalisinin taleyi barədə dəqiq təsəvvür yaradırdı. Qubanın yəhudi əhalisini ermənilər Şamaxı malakanları kimi öz müsəlman həmyerlilərinə qarşı kütləvi çıxışa sürükləyə bilməmişdilər. Onlar Quba küçələrində, əsasən Bazar ərazisində kütləvi qətliama tuş gəlmişdi. Əsas zərbəni isə yəhudilər qorxu altında şəhəri tərk etdikdən sonra almışdılar. 6 min nəfərə qədər yəhudi Xaçmaz istiqamətində qaçıb getmiş, olmazın fəlakətə düşmüşdür. Bu əhali qrupunun sonrakı taleyi haqqında bolşevik komissarı Kasradze belə məlumat verir: “Biz Xaçmazdan geri çəkilərkən yəhudi kütlələrinin qorxu içərisində Qubadan və digər kəndlərdən qaçdığının şahidi olduq. Onlar ayaqyalın, əldən düşmüş vəziyyətdə, açıq səma altında, palçıq içində sığınacaq taparaq istər-istəməz yatalaq, çiçək və digər xəstəliklərin epidemiya ocağına çevrilmişdilər”.

 Divanın bugünkü prosesində Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il iyul ayının 15-də yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının (FTK) Quba hadisələrinə dair sənədləri də oxundu.

Burada bir məqamın da nəzərə alınması tövsiyyə edildi ki, bolşeviklər, o cümlədən Bakı Soveti Komissarları arasında yəhudilər az deyildi və yəhudi əhalisinə qarşı hər hansı açıq zorakılıq əməlləri ermənilərə bağışlanmazdı. Amma hər halda, şəhərin yəhudi əhalisi itkilər vermişdi. İstər Gelovaninin dəstələri şəhərdən geri çəkilərkən, istərsə də Hamazaspın quldur birləşmələrinin üç tərəfdən şəhərin top atəşinə tutulması ilə müşayiət olunan Qubaya hücumu zamanı yəhudi əhalisinin də ayrı-ayrı nümayəndələri həlak olmuşdu. Yəhudilərin Qubadan kütləvi surətdə qaçmasını isə, yəqin ki, yaşadıqları yerlərdə baş verən bütün qiyam və iğtişaşlar zamanı bir qayda olaraq günahsız qurbana çevrilən yəhudi xalqının qəlbində onilliklər boyu kök salmış qorxu hissi ilə izah etmək olardı. Bu baxımdan təkcə Qubada baş vermiş məlum hadisələr zamanı həlak olmuş yəhudilər deyil, Xaşmaz istiqamətində qaçarkən xəstəlikdən, aclıqdan və əziyyətdən ölmüş yüzlərlə digər yəhudi qubalılar da  öz müsəlman həmyerliləri kimi ermənilərin təcavüzkar millətçilik siyasətinin qurbanları sayılırdılar.

Sonra Hamazasp tərəfindən qətlə yetirilən, şəhərdən qaçdıqdan sonra xəstəliyə, açlığa tuş gələrkən həyatını itirən  dağ yəhudilərinin xatirəsi yad edildi, dağ yəhudilərinin nümayəndələri bu qanlı aksiyanı qətiyyətlə pislədi.

Hamazasp ona verilən son sözdən imtina etdi, onun əvəzində Vaçyants Divandan əfv edilmələrini xahiş etdi.

Bu vaxt prosesə şahid kimi qatılmış Yeva Abramov adlı Qubanın dağ yəhudiləri yaşayan Qırmızı qəsəbəsinin sakini açıq mikrofonun qarşısına çıxıb Hamazaspa üz tutaraq söylədi:

-“Tövrat”da deyilir ki, yaxınındakını özünü sevdiyin kimi sev. Amma çox təəssüf ki, siz ermənilər yaxınlıqdakı hər kəsə qənim kəsilir, onları sevmək o yana, onlara xətər toxundurursunuz. “Tövrat”da o da deyilir ki, “Əgər siz hiss edirsiniz ki, sizi əsəbiləşdirən bir kəsə nifrət və qəzəblə cavab verməlisiniz, bilin, qəzəbiniz nə qədər doğru olsa belə bunu etmək qadağandır. “ Çox təəssüf ki, siz cavab verənsiniz, özü də adi sözlə də yox, qan tökməklə cavab verənsiniz.

Sonra Yeva Abramov üzünü tamaşaçılara tutdu:

-1918-ci ilin aprelində bizim dağ yəhudilərinin, eləcə də qardaş müsəlmanların qanını tökənlər elə bilirsiniz cəzasız qaldı? 1918-ci il dekabr-yanvar aylarında Azərbaycan hökumətinin  Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Novatskinin başçılıq etdiyi istintaq qrupu Quba qırğınlarının təhqiq edərək  4 cilddən ibarət istintaq sənədləri hazırlamışdı. Bu sənədlər əsasında Quba qırğınlarının rəhbərlərinə və icraçılarına qarşı müəyyən obyektiv səbəblərə görə cinayət işi açılmasa da tale özü bu cinayətlərin əsas iştirakçılarını cəzalandırdı. D.Gelovani FTK ilə əməkdaşlıq etdiyinə görə 1919-cu ilin oktyabr ayında Bakıda erməni terrorçusu Sarkis Terunts tərəfindən öldürüldü. Hüzurunuzdakı Hamazasp Srvantyants isə 1918-ci il iyul ayında Şamaxı cəbhəsindən qaçdığı kimi, sentyabrın 15-də Bakını azad edən Qafqaz İslam Ordusu və azərbaycanlıların hərbi hissələri qarşısında da duruş gətirə bilməyib İrana qaçdı, Birinci dünya müharibəsi başa çatdıqdan sonra Ermənistana qayıdıb bir müddət Nor Bəyazid regionunda Ermənistan ordusuna komandirlik etsə də Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra  həbs edildi, 1921-ci ilin fevralında Yerevan həbsxanasında erməni kommunistləri tərəfindən balta ilə doğranaraq öldürüldü. Öldürülərkən Hamazaspın: “Vəhşilər, məgər adamı belə öldürərlər ?!” deyə çığırması həbsxananın hər yerində eşidilibmiş. Onun bədəni və başı o qədər eybəcər hala salınıbmış ki, oğlu meyitini yalnız keçə çəkmələrindən tanıya bilibmiş.

Bu təsirli çıxışdan sonra bir müddət hamı susdu.

Beləcə, şər qarışanda Divan hər iki məhkuma – Həm Asatur Vasyantsa, həm də Hamazaspa qeybolunma cəzası kəsdi.

Bir anda Baş Meydan qatı zülmət pərdəsinə büründü.

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2023)

Əli Nəcəfxanlı yazır

 

Ölkədə kitabın təbliği ilə bağlı istənilən tədbir alqışalayiqdir. Son vaxtlar ölkəmizdə kitab sərgiləri geniş vüsət alıb, bu sırada ANAİB adlı ictimai təşkilatın rolu böyükdür. 

Ötən həftəsonu Sumqayıtda düzənlənən kitab sərgisi də böyük maraq doğurdu. 

“Ədəbiyyat və incəsənət” portalı Əməkdar jurnalist Əli Nəcəfxanlının Sumqayıt sərgisinə həsr edilmiş “Nəşriyyat, yazar və oxucu üçbucağında təmaslar” məqaləsini təqdim edir. 

 

KİMYAÇIDA BAYRAM ƏHVAL-RUHİYYƏSİ

Mədəniyyət Nazirliyi, Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Sumqa­yıt Şəhər İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə III Sumqayıt Kitab Sərgisi keçirildi.

Ölkənin 30-dək nəşriyyatının iştirakı ilə təşkil olunan sərgi Kimyaçı Mədəniy­yət Sarayında baş tutdu. Biz də sərgiyə gedənlərə qoşulub, saraya daxil olduq. Ayrı-ayrı stendlərə düzülmüş çeşidli ki­tablar elə ilk baxışdan müasir poliqrafik dizaynı və mövzu rəngarəngliyi ilə seçi­lirdi. Kitabsevərlərin çoxluğu da diqqətdən yayınmırdı.

 

ŞÖHLƏT İXTİYAROĞLU

İlk müsahibimiz “Qədim qala” nəşriyyatının direktoru Şöhlət İxti­yaroğlu oldu. O, həvəslə sərgi barədə fikirlərini bildirdi:

– Bizim də üzvü olduğumuz Azər­baycan Nəşriyyatları Assosiasiyası ya­randığı qısa vaxtda 14 belə sərgi təşkil edib. Başlıca məqsəd yeni formatlarda kitab təbliğatını reallaşdırmaq, nəşrlərin hər bir oxucu üçün əlçatanlığını təmin etməkdir. Buna görə də satışdakı ki­tablara müxtəlif faizli endirimlər tətbiq edilir. Bir neçə ay əvvəl gənc oxucular arasında ilk dəfə təşkil etdiyimiz Yay oxu marafonuna 3 min nəfər qoşulub. Həmin layihənin qaliblərini bu gün mükafatlandıracağıq ki, müəyyən motiva­siya olsun. Eyni zamanda Payız oxu marafonuna bu sərgidə start veriləcək.

– Bugünkü sərgidə kitablara oxu­cu marağından razısınızmı?

– Sərgi yenicə açılsa da, alıcılar çoxdur. Yaşlı, orta və gənc nəsil oxu­cuların yeni nəşrlərə marağı fərəh do­ğurur. Bayaqdan fikir verirəm, heç kim buradan əliboş getmir.

 

30-70 FAİZ ENDİRİMLƏR

Sərgi ilə tanışlığımızı davam etdirdik. Təşkilatçılardan öyrəndik ki, burada nəfis tərtibatlı yüzlərlə adda kitab 30–70 faiz endirimlə oxuculara təklif olunur. Satıcıların arasında tanınmış yazarlar, kitab müəllifləri də var idi. Qələm dostla­rımız Elxan Elatlı, Rövşən Abdullaoğ­lu, İlham Qəhrəman, Xan Rəsuloğlu və başqaları sərginin işində fəal iştirak edirdilər.

 

VARİS

Azərbaycan Ədəbiyyatı Fondu­nun baş direktoru, yazıçı Varis bi­zimlə söhbətində belə tədbirlərin təqdirəlayiq olduğunu vurğuladı:

– Azərbaycanda kitaba, mütaliəyə marağın azaldığını söyləyənlər yanılır­lar. Baxın, sərgiyə kiçikdən-böyüyə nə qədər oxucu gəlib. Hamının marağına və zövqünə uyğun, özü də güzəştli qiy­mətlərlə hər cür kitab var.

 

RAFİQ YUSİFOĞLU

“Göyərçin” jurnalının baş redak­toru, şair, filologiya elmləri doktoru Rafiq Yusifoğlu da söhbətə qoşuldu:

– Kitab bayramında tanınmış ədib­lərin, mədəniyyət xadimlərinin iştirakı ilə təqdimatlar, imza saatları, konsert proqramları, şeir gecələri, ustad dərs­ləri, uşaqlar üçün nağıllar aləminə sə­yahətlər, debatlar və sair olacaq. Elə bu gün tədbirdə AYB Sumqayıt bölməsinin üzvləri oxucular qarşısında yaradıcılıq hesabatı verəcəklər. Bundan gözəl nə ola bilər?

 

HÜMBƏT HƏSƏNOĞLU

Yenicə aldığı kitablarla “Körpü” nəşriyyatının stendi qarşısında rastı­mıza çıxan yazıçı Hümbət Həsənoğlu da ürək sözlərini bizimlə bölüşdü:

– Belə sərgilər naşir və yazarların oxucularla birbaşa ünsiyyəti, mədəni tələbatla bağlı sosial sifarişlərin öyrəni­lib reallaşdırılması baxımından önəmli­dir. Ötən il rəhbərlik etdiyim “Sumqayıt Dostlar Klubu” gənclər arasında ən çox kitab oxuyanların müsabiqəsini keçir­mişdi. Bayaq stendləri gəzərkən “Kitab kafesi”ndə çalışan bir qız mənə dedi ki, müəllim, sizin müsabiqənin qaliblə­rindənəm. Doğrusu, onun sözlərindən məmnun oldum. Deməli, seçimi düz etmişik. Arzu edirəm ki, həmin qız kimi kitabsevərlərimizin sayı daha da çox olsun. 

 

RƏSMİ AÇILIŞ

Çox keçmədi ki, mədəniyyət sarayının 2-ci mərtəbəsində sərginin rəsmi açılış mərasimi başlandı. Dövlət himnimiz ifa olunur. Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Sonra Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri Şəmil Sadiq çıxış edərək belə satış-sər­gilərin kitab maarifçiliyinə dəstək məra­mı daşıdığını, Elm və Təhsil, Mədəniy­yət nazirliklərinin, müvafiq qurumların sərginin təşkilinə lazımi dəstək verdiklə­rini bildirir və hər kəsi kitab bayramında yaxından iştirak etməyə çağırdı.

Daha sonra Abşeron–Xızı Regio­nal Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Sumqayıt Şəhər İcra Ha­kimiyyətinin nümayəndəsi Fərman Ka­zımov və başqaları sərgi barədə ürək sözlərini söylədilər. Əlvan musiqi proq­ramı təqdim olundu.

 

MARAQ BÖYÜKDÜR

Sərgidə dərs vəsaitlərinə, bədii ədə­biyyata, sosioloji nəşrlərə maraq daha böyük idi. Sumqayıtdakı 3 nömrəli peşə liseyinin şagirdləri könüllülər qismində sərgiyə gələnlərə bələdçilik edirdilər.

Onu da deyək ki, kitab bayramı tək­cə nəşriyyatların məhsullarının satışı ilə məhdudlaşmırdı. Həvəskar ustaların düzəltdikləri bəzək əşyalarının, gənc rəssamların çəkdiyi tabloların nümayişi sərgiyə əlavə rəng qatmışdı.

Üç gün davam edən sərgidə as­sosiasiya rəhbərliyinin "STEAM əsaslı təhsil" mövzusunda çıxışı, dilçi alim Rafiq İsmayılov, şair-pedaqoq Zahid Xəlil və professor Qulu Məhərrəmlinin “Oxu bacarığı: dil bilgisi, yoxsa intel­lekt göstəricisi?” panelində iştirakları da baş tutdu.

Bir sözlə, Sumqayıt Kitab Sərgisi uğurlu, məhsuldar keçdi.

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2013)

YOXSA ÖYRƏNMƏYƏ HAZIR OLMAQ DEMƏKDİR?

 

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Məktəbə hazır olmaq - oxumaq, yazmaq və saymaq demək deyil. Məktəbə hazır olmaq - bütün bunları öyrənməyə hazır olmaq deməkdir.

L.A.Venqer 

 

Bildiyimiz kimi oktyabr ayının ilk həftəsi hazırlıq sinifləri üçün dərs ili başladı. Bəs sizcə, bütün 5 yaşlılar məktəb həyatına, oxuyub-yazmağı öyrənməyə hazırdırmı? 

Əksər hallarda valideynlər uşağın məktəbə gedib oxuyub- yazmağı, saymağı öyrənməsini, dərslərində yaxşı olmasını və əla qiymət almasını istəyir. Lakin uşaq bunlara hazırdırmı ? Bax bunu demək olar ki, çoxu düşünmür.

 

Uşaqlar sadəcə yaş etibari ilə deyil, həm də fiziki, emosional-iradi, nitq və idrak proseslərinin inkişafı baxımdan da məktəbə hazır olmalıdırlar.

Bəs yaxşı biz uşağın bu sahələr üzrə məktəbə hazır olub olmadığını necə anlaya bilərik? 

Uşağın məktəbə fiziki cəhətdən hazırlığına kiçik motorikanın inkişafı və sensomotor və məkan koordinasiyası daxildir.

Kiçik motorika - Əgər uşaq ayaqqabısının bağını, köynəyinin düyməsini və ya zamokunu bağlamaqda çətinlik çəkirsə, paltarlarını sərbəst geyinib-soyuna bilmirsə, yemək yeyərkən qaşığı düzgün tuta bilmirsə, o, qələmi də düzgün tutmaqda çətinlik çəkə bilər.

Məktəbə fiziki cəhətdən hazır olan uşaq sərbəst şəkildə geyinib-soyunmağı, düyməsini bağlamağı, qaşığı düzgün tutub cəmiyyət içində ağzını marçıldatmadan, tüpürmədən yemək yeməyi bacarmalıdır.

Kiçik motorika əl biləyi və barmaqların köməyi ilə xırda və dəqiq hərəkətlər yerinə yetirməyə xidmət edən sinir, əzələ və dayaq sisteminin birgə koordinasiya olunmuş işidir.

Uşaqların barmaqılarının inkişafı çox vacibdir, çünki, barmaq uclarının inkişafı  bilavasitə beynin də inkişafında mühüm rol oynayır. Kiçik motorikası yüksək səviytədə inkişaf etmiş uşaqlar həmçinin yüksək məntiqi düşünmə qabiliyyətinə də malik olurlar. Və onlarda yaddaş, diqqət və nitq də çox yaxşı inkişaf edir.

Pedaqoq V. A. Suxomlinski  “Uşağın ağlı barmaqlarının ucundadır”-, deyə qeyd edirdi.

M. M. Koltsova isə qeyd edirdi ki, "Barmaq hərəkətlərini məşq etdirən sistematik tapşırıqlar baş beynin iş qabiliyyətini yüksəldən güclü vasitələrdəndir."

Tutmaq, yazmaq, cızma-qara etmək, çəkmək, kəsmək, yapışdırmaq bunların hamısı kiçik motorik bacarıqlardır.

Və eyni zamanda sensomotor və məkan koordinasiyasının (əl-göz koordinasiyası) inkişafı da öz növbəsində elə birbaşa kiçik motorikanın inkişafı ilə bağldır.

Kiçik motorikanı inkişaf etdirmənin isə çox sadə üsul və texnikaları mövcuddur.

Barmaqların yumruq şəklində yığılıb açılması;

Bükülmüş barmaqların növbə ilə açılması;

Kiçik və ya böyük mozaikada müxtəlif naxış və şəkilllərin yığılması;

Plastilinlə müxtəlif əşyaların düzəldilməsi;

Xırda muncuqların ipə düzülməsi;

Nöqtələrlə çəkilmiş şəklin nöqtələrini birləşdirərək şəkli tamamlamaq;

Əşyaları əlamətlərinə görə seçib fərqli qruplara ayırmaq:

(Məsələn rəngli muncuqları rənglərinə və ya ölçülərinə görə qruplara ayırmaq)

Topla oynamaq (məsələn, əlinizlə topu bir-birinizə atın)

Kubiklərlə oynamaq ( kübiklərdən qüllə ev və ya başqa şeylər düzəltmək) və.s 

Emosional-iradi hazırlığa məktəbə getməyi sevinclə gözləmək, məqsəd və nəticəyönümlülük, çətinlikləri aradan qaldırmaq istəyi və  öz emosiyaılarını və davranışlarını idarə etmək bacarığı daxildir.

Öz emosiyalarını və davranışlarını idarə etmək deyəndə nə nəzərdə tutulur? Məsələn biz bilirik ki, uşaqların əksəriyyəti üçün müəyyən müddət parta arxasında oturmaq çətindir. Onlar uzun müddət bir yerdə oturmaq istəmirlər.  Və dərs müddəti bitdikdən sonra da uşaqlar bitmiş dərsin kitab-dəftərini çantaya yığmağa ərinir, bunu etmək istəmir səbirsizliklə tez gedib oynamaq istəyirlər.

Məktəbə emosional iradi baxımdan hazır olan uşaq növbə gözləməyi (məsələn, bufetdə, tualetdə) bacarmalıdır.

Dinləmə bacarığı inkişaf etməlidir. Çünki dinləmək artıq öyrənməyə hazır olmaq deməkdir.

Biz uşaqlarda oturaqlılıq vərdişi və emosiyalarına nəzarət etmək bacarığını rollu və qaydalı oyunlarla formalaşdıra bilərik. 

Bu oyunlarda iştirak etdikləri üçün uşaqlara gələcəkdə məktəbin qaydalarına riyayət etmək də asan olacaq və bu oyunların vasitəsi ilə uşaqlarda öz davranışlarını idarə etmək bacarığı formalaşacaq. 

İdrak proseslərinin inkişafına diqqət, hafizə, təfəkkür və təxəyyülün inkişafı daxildir.

Diqqətin inkişafı - Məsələn, uşaq sadə pazlları qura bilirmi ? Və ya labirint tapşırıqlarını yerinə yetirə bilirmi?  

Bu yaşlarda uşaq onu maraqlandıran və bələdləşməsinə xidmət edən əşyalara daha çox diqqət yetirir. Biz uşağın diqqətini sözlər vasitəsilə müəyyən obyektlərə yönəldə bilərik. Beləliklə uşaq sözlü təlimatdan sonra artıq  diqqətini müəyyən istiqamətə yönəldir, bir əşyadan digərinə keçirir. O artıq diqqətini hansısa bir obyekt üzərində cəmləyə bilir. Və beləliklə fəaliyyət nəticəsində tədricən uşağın qeyri-ixtiyari diqqəti ixtiyari diqqətə çevrilir.

Hafizənin inkişafı - Əvvəlcə müxtəlif əşyaların təsvir olunduğu bir şəkil göstərin.  Daha sonra şəkili  götürün və uşaqdan şəkildəki əşyalardan hansının yadında qaldığını soruşun düzgün xatırlaya bilirmi?

Məktəbəqədər yaşlı uşaqların hafizəsinin səciyyəvi xüsusiyyətlərindən biri də hafizənin mexaniki və əyani obrazlı xarakter daşımasıdır. Məsələn, uşaqlar sözlü materiala nisbətən əşyaları yaxud onların surətlərini, yəni şəkillərini daha yaxşı yadda saxlayırlar. Bu yaşda uşaqlar nağıllar, tapmacalar, maraqlı əhvalatlar, kiçik həcmli şeirləri yadda saxlaya bilirlər.

Müxtəlif həyati təcrübələri uşağın hafizəsini yeni surətlərlə zənginləşdirir. Və bu vasitə ilə uşaqlar yeni cism və hadisələr öyrənirlər.

Uşaqların hafizəsini inkişaf etdirmək üçün biz fiqurları qruplaşdırmaq kimi (məsələn, üçbucaqları bir qrupa, dördbucaqları bir qrupa ayırmsq) oyunlardan da istifadə edə bilərik.

Təfəkkürün inkişafı - Bir neçə detalın müxtəlif olduğu şəkillər arasındakı fərqləri soruşun. Fərqləri deyə bilirmi?  Fərqli əşyaların oxşar əlamətlərini deyə bilirmi ? (Məsələn, televizor və soyducu.)

Məktəbəqədər yaş dövründə uşağın təfəkkürü əsasən əyani-əməli xarakter daşıyır. Onlar əvvəl cismlərin xarici oxşar və əyani əlamətlərinə görə ümumiləşdirmələr aparırlar. Daha sonra yaş artıqca və nitq inkişaf etdikcə isə onlar artıq sözlər vasitəsilə də ümumiləşdirmələr apara bilirlər.

Uşağın təfəkkürü tədricən əyani-əməli təfəkkürdən əyani obrazlı təfəkkürə və sonrasında isə sözlü-məntiqi təfəkkürə doğru inkişaf edir. Uşaqlar gördükləri cism və hadisələr, onların şəkilləri haqda müəyyən hökmlər verməyə və əqli nəticə çıxarmağa başıayırlar. Buna görə də uşaqlar bu dövrlərdə böyüklərə  çoxlu əsasən  də  "niyə", "nə üçün" kimi suallar ünvanlayırlar.

Bəzən böyüklər bu hallarda düşünürlər ki, uşaqdır hələ başa düşmür  və uşağa səthi cavablar verirlər və yaxud da bəzən ümumiyyətlə uşağı keçişdirir və cavab vermirlər. Lakin bu yanlış bir düşüncədir uşaqların suallarını mütləq cavablandırmaq lazımdır.

Getdikcə uşaqların ümumiləşdirmə, nəticə çıxarma və mühakimələri daha da inkişaf edir və buda söz ehtiyyatının artması ilə bağlıdır.

Uşaqlar yaşlıların verdiyi şifahi təsvir və izahlardan istifadə edib daha yaxşı dərk edirlər.

Təxəyyülün inkişafı - Məsələn, hekayə danışın və yarıda saxlayın. Hekayənin ardını sərbəst formada davam edə bilirmi?

Uşağın təxəyyülünün inkişafında onun fəaliyyəti çox mühüm rol oynayır. Onlar oyunun qayda və gedişi barədə böyüklərin izahını dinləyir və bu izah əsasında öz oyunlarını qura bilirlər.  Lakin, məktəbəqədər dövrdə uşaqlar hələ dəqiq və zəngin surətlər yarada bilmirlər. Bu da onların həyat təcrübəsinin  azlığı və biliklərin məhdudluğu ilə bağlı olur.

Uşağın təxəyyülünü inkişaf etdirmək üçün ona çoxlu maraqlı nağıl və hekayələr danışmaq lazımdır.

Nağıl danışarkən nağıl şəkillərlə müşayət olunarsa bu daha yaxşı nəticələr verir. Və nağıl danışarkən siz jest və mimikalarınız vasitəsi ilə obrazların forma, səs tonu və xarakterlərini uşaqların daha yaxşı qavraması üçün canlandıra bilərsiniz. Bu həmdə uşağın nağıla olan marağını da artıracaqdır.

İdrak prossesləri əsasən oyunlar, fəaliyyət və tədricən bələdləşmə nəticəsində təkminləşir. Buna görə də uşağın hərtərəfli inkişafında oyunların rolu əvəzsizdir. 

 

Və gəldik nitqə, əvvəla onu qeyd edim ki, uşaqlarla danışmaq olduqca vacibdir.  Biz onsuz da onlar hələ danışmır deyib bu prossesi yəni uşaqla ünsiyyəti sırf uşaqların dil açdığı dönəmə saxlamamalıyıq. 

Çünki uşaqların lüğəti aktiv və passiv olmaqla iki qrupa ayrılır. Yəni uşağın hələ danışmaması onun lüğətinin də inkişaf etmədiyi mənasına gəlmir. Uşaq sizinlə danışmasa, sizə cavab verməsə belə o sizin söylədiyiniz bütün sözləri öz passiv lüğət ehtiyatında toplayır. 

Uşağın danışmağa başlamasında isə kiçik motorikanın rolu olduqca vacibdir. Elm sübut etmişdir ki, kiçik motorikanın inkişafı ilə nitq arasnda mühüm əlaqə var. 

Anatomik nöqteyi nəzərdən baş beyinin hərəkətə nəzarət edən sahəsinin 1/3 hissəsini nitq mərkəzinə çox yaxın yerləşən əl biləyi sahəsi tutur.

Uşağın barmaqlarını masaj etməklə biz baş beyin qabığı ilə əlaqəli aktiv nöqtələrə təsir edə bilirik.

Məktəbəqədər yaş dövründə uşaqların nitqi sürətlə inkişaf etməyə başlayır və lüğət ehtiyatı da gündən-günə artır.

Bu dövrdə uşaqların nitqində fonetik cəhətdən bəzi qüsurlara rast gəlmək olur. Məsələn, onlar "r", "z", "ş"  səslərini tələffüz etməkdə çətinlik çəkirlər. Bu çətinlik adətən məktəbəqədər dövrün sonunda və ya kiçik məktəbli yaşı dövründə aradan qalxır.

Bəzən də elə olur ki, uşağın nitq orqanında heç bir qüsur olmadığı halda o qüsurlu danışır. Bu isə böyüklərin uşaqla necə danışmasından qaynaqlanır. Məsələn, uşaq dil açıb danışmağa başladığı ilk dövrlərdə  sözləri düzgün tələffüz edə bilmir. Bu danışıq böyüklərə şirin gəlir və böyüklərdə bəzən onunla onun danışdığı kimi danışırlar amma bu da düzgün deyil. Uşağın danışığı şirin ola bilər lakin siz onlarla danışarkən sözləri doğru tələffüz etməlisiniz.

Məktəbəqədər yaşlı uşaqların nitqini inkişaf etdirmək üçün isə  "söz oyunu" oynamaq olar. Uşaq əvvəlcə ətrafında olan əşyaların adlarını deyir, daha sonra həmin sözlərin ilk səsi ilə başlayan yeni sözlər deyir.

Oxumağı unutmayın. Uşağa daim davamının necə olacağını düşündürən maraqlı hekayə seçin. Bəzi sadə sözləri özünün oxumasına icazə verin.

Oxuduğunuzu müzakirə edərkən uşağa öz fikirlərini aydın ifadə etməyi öyrədin. Əks halda şifahi ünsiyyət zamanı onun problemləri ola bilər.

Monoloji nitqə yiyələnməyi vacibdir. Hekayəni oxuyub bitirdikdən sonra məzmunla bağlı suallar verin və uşaqdan hekayənin xülasəsini danışmağı xahiş edin.

"Hə", "yox" cavabına qane olmayın. Niyə məhz elə düşündüyünü dəqiqləşdirin, öz fikrini tamamlamağa kömək edin.

Hadisələrdə ardıcıllığı gözləməyi və hadisələri təhlil etməyi öyrədin. Aşağıdakı sözlərin düzgün başa düşüldüyündən əmin olun: üstündə, altında, içində, sağında, solunda, uzaqda, yaxında, qarşıda, arxada və s. 

Uşaqların qeyd etdiyimiz inkişaf sahələri bir-biri ilə sıx bağlıdır. Və bu sahələr bir-biri ilə vəhdətdə inkişaf edir.

Məsələn, nitqin inkişafı bilavasitə kiçik motorikanın inkişafı ilə bağlı olduğu kimi, idrak proseslərinin inkişafında da nitqin rolu əvəzsizdir.

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.