Əli Nəcəfxanlı yazır
Ölkədə kitabın təbliği ilə bağlı istənilən tədbir alqışalayiqdir. Son vaxtlar ölkəmizdə kitab sərgiləri geniş vüsət alıb, bu sırada ANAİB adlı ictimai təşkilatın rolu böyükdür.
Ötən həftəsonu Sumqayıtda düzənlənən kitab sərgisi də böyük maraq doğurdu.
“Ədəbiyyat və incəsənət” portalı Əməkdar jurnalist Əli Nəcəfxanlının Sumqayıt sərgisinə həsr edilmiş “Nəşriyyat, yazar və oxucu üçbucağında təmaslar” məqaləsini təqdim edir.
KİMYAÇIDA BAYRAM ƏHVAL-RUHİYYƏSİ
Mədəniyyət Nazirliyi, Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Sumqayıt Şəhər İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə III Sumqayıt Kitab Sərgisi keçirildi.
Ölkənin 30-dək nəşriyyatının iştirakı ilə təşkil olunan sərgi Kimyaçı Mədəniyyət Sarayında baş tutdu. Biz də sərgiyə gedənlərə qoşulub, saraya daxil olduq. Ayrı-ayrı stendlərə düzülmüş çeşidli kitablar elə ilk baxışdan müasir poliqrafik dizaynı və mövzu rəngarəngliyi ilə seçilirdi. Kitabsevərlərin çoxluğu da diqqətdən yayınmırdı.
ŞÖHLƏT İXTİYAROĞLU
İlk müsahibimiz “Qədim qala” nəşriyyatının direktoru Şöhlət İxtiyaroğlu oldu. O, həvəslə sərgi barədə fikirlərini bildirdi:
– Bizim də üzvü olduğumuz Azərbaycan Nəşriyyatları Assosiasiyası yarandığı qısa vaxtda 14 belə sərgi təşkil edib. Başlıca məqsəd yeni formatlarda kitab təbliğatını reallaşdırmaq, nəşrlərin hər bir oxucu üçün əlçatanlığını təmin etməkdir. Buna görə də satışdakı kitablara müxtəlif faizli endirimlər tətbiq edilir. Bir neçə ay əvvəl gənc oxucular arasında ilk dəfə təşkil etdiyimiz Yay oxu marafonuna 3 min nəfər qoşulub. Həmin layihənin qaliblərini bu gün mükafatlandıracağıq ki, müəyyən motivasiya olsun. Eyni zamanda Payız oxu marafonuna bu sərgidə start veriləcək.
– Bugünkü sərgidə kitablara oxucu marağından razısınızmı?
– Sərgi yenicə açılsa da, alıcılar çoxdur. Yaşlı, orta və gənc nəsil oxucuların yeni nəşrlərə marağı fərəh doğurur. Bayaqdan fikir verirəm, heç kim buradan əliboş getmir.
30-70 FAİZ ENDİRİMLƏR
Sərgi ilə tanışlığımızı davam etdirdik. Təşkilatçılardan öyrəndik ki, burada nəfis tərtibatlı yüzlərlə adda kitab 30–70 faiz endirimlə oxuculara təklif olunur. Satıcıların arasında tanınmış yazarlar, kitab müəllifləri də var idi. Qələm dostlarımız Elxan Elatlı, Rövşən Abdullaoğlu, İlham Qəhrəman, Xan Rəsuloğlu və başqaları sərginin işində fəal iştirak edirdilər.
VARİS
Azərbaycan Ədəbiyyatı Fondunun baş direktoru, yazıçı Varis bizimlə söhbətində belə tədbirlərin təqdirəlayiq olduğunu vurğuladı:
– Azərbaycanda kitaba, mütaliəyə marağın azaldığını söyləyənlər yanılırlar. Baxın, sərgiyə kiçikdən-böyüyə nə qədər oxucu gəlib. Hamının marağına və zövqünə uyğun, özü də güzəştli qiymətlərlə hər cür kitab var.
RAFİQ YUSİFOĞLU
“Göyərçin” jurnalının baş redaktoru, şair, filologiya elmləri doktoru Rafiq Yusifoğlu da söhbətə qoşuldu:
– Kitab bayramında tanınmış ədiblərin, mədəniyyət xadimlərinin iştirakı ilə təqdimatlar, imza saatları, konsert proqramları, şeir gecələri, ustad dərsləri, uşaqlar üçün nağıllar aləminə səyahətlər, debatlar və sair olacaq. Elə bu gün tədbirdə AYB Sumqayıt bölməsinin üzvləri oxucular qarşısında yaradıcılıq hesabatı verəcəklər. Bundan gözəl nə ola bilər?
HÜMBƏT HƏSƏNOĞLU
Yenicə aldığı kitablarla “Körpü” nəşriyyatının stendi qarşısında rastımıza çıxan yazıçı Hümbət Həsənoğlu da ürək sözlərini bizimlə bölüşdü:
– Belə sərgilər naşir və yazarların oxucularla birbaşa ünsiyyəti, mədəni tələbatla bağlı sosial sifarişlərin öyrənilib reallaşdırılması baxımından önəmlidir. Ötən il rəhbərlik etdiyim “Sumqayıt Dostlar Klubu” gənclər arasında ən çox kitab oxuyanların müsabiqəsini keçirmişdi. Bayaq stendləri gəzərkən “Kitab kafesi”ndə çalışan bir qız mənə dedi ki, müəllim, sizin müsabiqənin qaliblərindənəm. Doğrusu, onun sözlərindən məmnun oldum. Deməli, seçimi düz etmişik. Arzu edirəm ki, həmin qız kimi kitabsevərlərimizin sayı daha da çox olsun.
RƏSMİ AÇILIŞ
Çox keçmədi ki, mədəniyyət sarayının 2-ci mərtəbəsində sərginin rəsmi açılış mərasimi başlandı. Dövlət himnimiz ifa olunur. Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Sonra Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri Şəmil Sadiq çıxış edərək belə satış-sərgilərin kitab maarifçiliyinə dəstək məramı daşıdığını, Elm və Təhsil, Mədəniyyət nazirliklərinin, müvafiq qurumların sərginin təşkilinə lazımi dəstək verdiklərini bildirir və hər kəsi kitab bayramında yaxından iştirak etməyə çağırdı.
Daha sonra Abşeron–Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov və başqaları sərgi barədə ürək sözlərini söylədilər. Əlvan musiqi proqramı təqdim olundu.
MARAQ BÖYÜKDÜR
Sərgidə dərs vəsaitlərinə, bədii ədəbiyyata, sosioloji nəşrlərə maraq daha böyük idi. Sumqayıtdakı 3 nömrəli peşə liseyinin şagirdləri könüllülər qismində sərgiyə gələnlərə bələdçilik edirdilər.
Onu da deyək ki, kitab bayramı təkcə nəşriyyatların məhsullarının satışı ilə məhdudlaşmırdı. Həvəskar ustaların düzəltdikləri bəzək əşyalarının, gənc rəssamların çəkdiyi tabloların nümayişi sərgiyə əlavə rəng qatmışdı.
Üç gün davam edən sərgidə assosiasiya rəhbərliyinin "STEAM əsaslı təhsil" mövzusunda çıxışı, dilçi alim Rafiq İsmayılov, şair-pedaqoq Zahid Xəlil və professor Qulu Məhərrəmlinin “Oxu bacarığı: dil bilgisi, yoxsa intellekt göstəricisi?” panelində iştirakları da baş tutdu.
Bir sözlə, Sumqayıt Kitab Sərgisi uğurlu, məhsuldar keçdi.
“Ədəbiyyat və incəsənət”
(20.10.2013)