YOXSA ÖYRƏNMƏYƏ HAZIR OLMAQ DEMƏKDİR?
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Məktəbə hazır olmaq - oxumaq, yazmaq və saymaq demək deyil. Məktəbə hazır olmaq - bütün bunları öyrənməyə hazır olmaq deməkdir.
L.A.Venqer
Bildiyimiz kimi oktyabr ayının ilk həftəsi hazırlıq sinifləri üçün dərs ili başladı. Bəs sizcə, bütün 5 yaşlılar məktəb həyatına, oxuyub-yazmağı öyrənməyə hazırdırmı?
Əksər hallarda valideynlər uşağın məktəbə gedib oxuyub- yazmağı, saymağı öyrənməsini, dərslərində yaxşı olmasını və əla qiymət almasını istəyir. Lakin uşaq bunlara hazırdırmı ? Bax bunu demək olar ki, çoxu düşünmür.
Uşaqlar sadəcə yaş etibari ilə deyil, həm də fiziki, emosional-iradi, nitq və idrak proseslərinin inkişafı baxımdan da məktəbə hazır olmalıdırlar.
Bəs yaxşı biz uşağın bu sahələr üzrə məktəbə hazır olub olmadığını necə anlaya bilərik?
Uşağın məktəbə fiziki cəhətdən hazırlığına kiçik motorikanın inkişafı və sensomotor və məkan koordinasiyası daxildir.
Kiçik motorika - Əgər uşaq ayaqqabısının bağını, köynəyinin düyməsini və ya zamokunu bağlamaqda çətinlik çəkirsə, paltarlarını sərbəst geyinib-soyuna bilmirsə, yemək yeyərkən qaşığı düzgün tuta bilmirsə, o, qələmi də düzgün tutmaqda çətinlik çəkə bilər.
Məktəbə fiziki cəhətdən hazır olan uşaq sərbəst şəkildə geyinib-soyunmağı, düyməsini bağlamağı, qaşığı düzgün tutub cəmiyyət içində ağzını marçıldatmadan, tüpürmədən yemək yeməyi bacarmalıdır.
Kiçik motorika əl biləyi və barmaqların köməyi ilə xırda və dəqiq hərəkətlər yerinə yetirməyə xidmət edən sinir, əzələ və dayaq sisteminin birgə koordinasiya olunmuş işidir.
Uşaqların barmaqılarının inkişafı çox vacibdir, çünki, barmaq uclarının inkişafı bilavasitə beynin də inkişafında mühüm rol oynayır. Kiçik motorikası yüksək səviytədə inkişaf etmiş uşaqlar həmçinin yüksək məntiqi düşünmə qabiliyyətinə də malik olurlar. Və onlarda yaddaş, diqqət və nitq də çox yaxşı inkişaf edir.
Pedaqoq V. A. Suxomlinski “Uşağın ağlı barmaqlarının ucundadır”-, deyə qeyd edirdi.
M. M. Koltsova isə qeyd edirdi ki, "Barmaq hərəkətlərini məşq etdirən sistematik tapşırıqlar baş beynin iş qabiliyyətini yüksəldən güclü vasitələrdəndir."
Tutmaq, yazmaq, cızma-qara etmək, çəkmək, kəsmək, yapışdırmaq bunların hamısı kiçik motorik bacarıqlardır.
Və eyni zamanda sensomotor və məkan koordinasiyasının (əl-göz koordinasiyası) inkişafı da öz növbəsində elə birbaşa kiçik motorikanın inkişafı ilə bağldır.
Kiçik motorikanı inkişaf etdirmənin isə çox sadə üsul və texnikaları mövcuddur.
Barmaqların yumruq şəklində yığılıb açılması;
Bükülmüş barmaqların növbə ilə açılması;
Kiçik və ya böyük mozaikada müxtəlif naxış və şəkilllərin yığılması;
Plastilinlə müxtəlif əşyaların düzəldilməsi;
Xırda muncuqların ipə düzülməsi;
Nöqtələrlə çəkilmiş şəklin nöqtələrini birləşdirərək şəkli tamamlamaq;
Əşyaları əlamətlərinə görə seçib fərqli qruplara ayırmaq:
(Məsələn rəngli muncuqları rənglərinə və ya ölçülərinə görə qruplara ayırmaq)
Topla oynamaq (məsələn, əlinizlə topu bir-birinizə atın)
Kubiklərlə oynamaq ( kübiklərdən qüllə ev və ya başqa şeylər düzəltmək) və.s
Emosional-iradi hazırlığa məktəbə getməyi sevinclə gözləmək, məqsəd və nəticəyönümlülük, çətinlikləri aradan qaldırmaq istəyi və öz emosiyaılarını və davranışlarını idarə etmək bacarığı daxildir.
Öz emosiyalarını və davranışlarını idarə etmək deyəndə nə nəzərdə tutulur? Məsələn biz bilirik ki, uşaqların əksəriyyəti üçün müəyyən müddət parta arxasında oturmaq çətindir. Onlar uzun müddət bir yerdə oturmaq istəmirlər. Və dərs müddəti bitdikdən sonra da uşaqlar bitmiş dərsin kitab-dəftərini çantaya yığmağa ərinir, bunu etmək istəmir səbirsizliklə tez gedib oynamaq istəyirlər.
Məktəbə emosional iradi baxımdan hazır olan uşaq növbə gözləməyi (məsələn, bufetdə, tualetdə) bacarmalıdır.
Dinləmə bacarığı inkişaf etməlidir. Çünki dinləmək artıq öyrənməyə hazır olmaq deməkdir.
Biz uşaqlarda oturaqlılıq vərdişi və emosiyalarına nəzarət etmək bacarığını rollu və qaydalı oyunlarla formalaşdıra bilərik.
Bu oyunlarda iştirak etdikləri üçün uşaqlara gələcəkdə məktəbin qaydalarına riyayət etmək də asan olacaq və bu oyunların vasitəsi ilə uşaqlarda öz davranışlarını idarə etmək bacarığı formalaşacaq.
İdrak proseslərinin inkişafına diqqət, hafizə, təfəkkür və təxəyyülün inkişafı daxildir.
Diqqətin inkişafı - Məsələn, uşaq sadə pazlları qura bilirmi ? Və ya labirint tapşırıqlarını yerinə yetirə bilirmi?
Bu yaşlarda uşaq onu maraqlandıran və bələdləşməsinə xidmət edən əşyalara daha çox diqqət yetirir. Biz uşağın diqqətini sözlər vasitəsilə müəyyən obyektlərə yönəldə bilərik. Beləliklə uşaq sözlü təlimatdan sonra artıq diqqətini müəyyən istiqamətə yönəldir, bir əşyadan digərinə keçirir. O artıq diqqətini hansısa bir obyekt üzərində cəmləyə bilir. Və beləliklə fəaliyyət nəticəsində tədricən uşağın qeyri-ixtiyari diqqəti ixtiyari diqqətə çevrilir.
Hafizənin inkişafı - Əvvəlcə müxtəlif əşyaların təsvir olunduğu bir şəkil göstərin. Daha sonra şəkili götürün və uşaqdan şəkildəki əşyalardan hansının yadında qaldığını soruşun düzgün xatırlaya bilirmi?
Məktəbəqədər yaşlı uşaqların hafizəsinin səciyyəvi xüsusiyyətlərindən biri də hafizənin mexaniki və əyani obrazlı xarakter daşımasıdır. Məsələn, uşaqlar sözlü materiala nisbətən əşyaları yaxud onların surətlərini, yəni şəkillərini daha yaxşı yadda saxlayırlar. Bu yaşda uşaqlar nağıllar, tapmacalar, maraqlı əhvalatlar, kiçik həcmli şeirləri yadda saxlaya bilirlər.
Müxtəlif həyati təcrübələri uşağın hafizəsini yeni surətlərlə zənginləşdirir. Və bu vasitə ilə uşaqlar yeni cism və hadisələr öyrənirlər.
Uşaqların hafizəsini inkişaf etdirmək üçün biz fiqurları qruplaşdırmaq kimi (məsələn, üçbucaqları bir qrupa, dördbucaqları bir qrupa ayırmsq) oyunlardan da istifadə edə bilərik.
Təfəkkürün inkişafı - Bir neçə detalın müxtəlif olduğu şəkillər arasındakı fərqləri soruşun. Fərqləri deyə bilirmi? Fərqli əşyaların oxşar əlamətlərini deyə bilirmi ? (Məsələn, televizor və soyducu.)
Məktəbəqədər yaş dövründə uşağın təfəkkürü əsasən əyani-əməli xarakter daşıyır. Onlar əvvəl cismlərin xarici oxşar və əyani əlamətlərinə görə ümumiləşdirmələr aparırlar. Daha sonra yaş artıqca və nitq inkişaf etdikcə isə onlar artıq sözlər vasitəsilə də ümumiləşdirmələr apara bilirlər.
Uşağın təfəkkürü tədricən əyani-əməli təfəkkürdən əyani obrazlı təfəkkürə və sonrasında isə sözlü-məntiqi təfəkkürə doğru inkişaf edir. Uşaqlar gördükləri cism və hadisələr, onların şəkilləri haqda müəyyən hökmlər verməyə və əqli nəticə çıxarmağa başıayırlar. Buna görə də uşaqlar bu dövrlərdə böyüklərə çoxlu əsasən də "niyə", "nə üçün" kimi suallar ünvanlayırlar.
Bəzən böyüklər bu hallarda düşünürlər ki, uşaqdır hələ başa düşmür və uşağa səthi cavablar verirlər və yaxud da bəzən ümumiyyətlə uşağı keçişdirir və cavab vermirlər. Lakin bu yanlış bir düşüncədir uşaqların suallarını mütləq cavablandırmaq lazımdır.
Getdikcə uşaqların ümumiləşdirmə, nəticə çıxarma və mühakimələri daha da inkişaf edir və buda söz ehtiyyatının artması ilə bağlıdır.
Uşaqlar yaşlıların verdiyi şifahi təsvir və izahlardan istifadə edib daha yaxşı dərk edirlər.
Təxəyyülün inkişafı - Məsələn, hekayə danışın və yarıda saxlayın. Hekayənin ardını sərbəst formada davam edə bilirmi?
Uşağın təxəyyülünün inkişafında onun fəaliyyəti çox mühüm rol oynayır. Onlar oyunun qayda və gedişi barədə böyüklərin izahını dinləyir və bu izah əsasında öz oyunlarını qura bilirlər. Lakin, məktəbəqədər dövrdə uşaqlar hələ dəqiq və zəngin surətlər yarada bilmirlər. Bu da onların həyat təcrübəsinin azlığı və biliklərin məhdudluğu ilə bağlı olur.
Uşağın təxəyyülünü inkişaf etdirmək üçün ona çoxlu maraqlı nağıl və hekayələr danışmaq lazımdır.
Nağıl danışarkən nağıl şəkillərlə müşayət olunarsa bu daha yaxşı nəticələr verir. Və nağıl danışarkən siz jest və mimikalarınız vasitəsi ilə obrazların forma, səs tonu və xarakterlərini uşaqların daha yaxşı qavraması üçün canlandıra bilərsiniz. Bu həmdə uşağın nağıla olan marağını da artıracaqdır.
İdrak prossesləri əsasən oyunlar, fəaliyyət və tədricən bələdləşmə nəticəsində təkminləşir. Buna görə də uşağın hərtərəfli inkişafında oyunların rolu əvəzsizdir.
Və gəldik nitqə, əvvəla onu qeyd edim ki, uşaqlarla danışmaq olduqca vacibdir. Biz onsuz da onlar hələ danışmır deyib bu prossesi yəni uşaqla ünsiyyəti sırf uşaqların dil açdığı dönəmə saxlamamalıyıq.
Çünki uşaqların lüğəti aktiv və passiv olmaqla iki qrupa ayrılır. Yəni uşağın hələ danışmaması onun lüğətinin də inkişaf etmədiyi mənasına gəlmir. Uşaq sizinlə danışmasa, sizə cavab verməsə belə o sizin söylədiyiniz bütün sözləri öz passiv lüğət ehtiyatında toplayır.
Uşağın danışmağa başlamasında isə kiçik motorikanın rolu olduqca vacibdir. Elm sübut etmişdir ki, kiçik motorikanın inkişafı ilə nitq arasnda mühüm əlaqə var.
Anatomik nöqteyi nəzərdən baş beyinin hərəkətə nəzarət edən sahəsinin 1/3 hissəsini nitq mərkəzinə çox yaxın yerləşən əl biləyi sahəsi tutur.
Uşağın barmaqlarını masaj etməklə biz baş beyin qabığı ilə əlaqəli aktiv nöqtələrə təsir edə bilirik.
Məktəbəqədər yaş dövründə uşaqların nitqi sürətlə inkişaf etməyə başlayır və lüğət ehtiyatı da gündən-günə artır.
Bu dövrdə uşaqların nitqində fonetik cəhətdən bəzi qüsurlara rast gəlmək olur. Məsələn, onlar "r", "z", "ş" səslərini tələffüz etməkdə çətinlik çəkirlər. Bu çətinlik adətən məktəbəqədər dövrün sonunda və ya kiçik məktəbli yaşı dövründə aradan qalxır.
Bəzən də elə olur ki, uşağın nitq orqanında heç bir qüsur olmadığı halda o qüsurlu danışır. Bu isə böyüklərin uşaqla necə danışmasından qaynaqlanır. Məsələn, uşaq dil açıb danışmağa başladığı ilk dövrlərdə sözləri düzgün tələffüz edə bilmir. Bu danışıq böyüklərə şirin gəlir və böyüklərdə bəzən onunla onun danışdığı kimi danışırlar amma bu da düzgün deyil. Uşağın danışığı şirin ola bilər lakin siz onlarla danışarkən sözləri doğru tələffüz etməlisiniz.
Məktəbəqədər yaşlı uşaqların nitqini inkişaf etdirmək üçün isə "söz oyunu" oynamaq olar. Uşaq əvvəlcə ətrafında olan əşyaların adlarını deyir, daha sonra həmin sözlərin ilk səsi ilə başlayan yeni sözlər deyir.
Oxumağı unutmayın. Uşağa daim davamının necə olacağını düşündürən maraqlı hekayə seçin. Bəzi sadə sözləri özünün oxumasına icazə verin.
Oxuduğunuzu müzakirə edərkən uşağa öz fikirlərini aydın ifadə etməyi öyrədin. Əks halda şifahi ünsiyyət zamanı onun problemləri ola bilər.
Monoloji nitqə yiyələnməyi vacibdir. Hekayəni oxuyub bitirdikdən sonra məzmunla bağlı suallar verin və uşaqdan hekayənin xülasəsini danışmağı xahiş edin.
"Hə", "yox" cavabına qane olmayın. Niyə məhz elə düşündüyünü dəqiqləşdirin, öz fikrini tamamlamağa kömək edin.
Hadisələrdə ardıcıllığı gözləməyi və hadisələri təhlil etməyi öyrədin. Aşağıdakı sözlərin düzgün başa düşüldüyündən əmin olun: üstündə, altında, içində, sağında, solunda, uzaqda, yaxında, qarşıda, arxada və s.
Uşaqların qeyd etdiyimiz inkişaf sahələri bir-biri ilə sıx bağlıdır. Və bu sahələr bir-biri ilə vəhdətdə inkişaf edir.
Məsələn, nitqin inkişafı bilavasitə kiçik motorikanın inkişafı ilə bağlı olduğu kimi, idrak proseslərinin inkişafında da nitqin rolu əvəzsizdir.
“Ədəbiyyat və incəsənət”
(20.10.2023)