Super User
“Qar Mələyi” - Signor Bayramlı Məhəmmədin hekayəsi
Bu gün Sabunçu Gənclər Evində fəaliyyət göstərən “Azərbaycan oxucuları” Kitab Klubunun daha bir yaradıcı üzvünü təqdim edirəm: Signor Bayramlı Məhəmməd.
O, 24.03.2000-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. “Bakirə”, “Samuray” romanlarının və “Xəyalların kölgəsində” adlı hekayə məcmuəsinin müəllifidir. Tərcüməçidir. Mustafa Lütfi Əl-Mənfəlutinin “Sabah”, Mustafa Mahmudun “Subay həyatı” hekayələrini dilimizə tərcümə etmişdir.
Aytən Hüseynli, “Ədəbiyyat və incəsənət” üçün
Qar Mələyi
Signor Bayramlı Məhəmməd
“ALFA” Komandası
Bakı qara həsrət qalmadan əvvəlki günlərin biri idi. Buluddan qopan qar dənəcikləri nazlı gəlin kimi astaca enib, Bakının hündür binalarını, neft qoxan Xəzərin mavi, dalğalı sularını, kələ-kötür yolları öpərək soyuq nəfəsini şəhərə hədiyyə edir və özündən geriyə sadəcə xatirələr qoyub, qeyb olurdu. Hərdən ağacların budaqlarında qar topası qalırdı. Uşaqlar əllərini tərlədən qalın əlcəyi geyinib, həvəslə həyətə qaçır, amma qar görməyib məyus olurdular. Gözlərini süzüb evə qayıtmaq istərkən isə Tanrının hədiyyəsinə – bəyaz qarın çiyinlərinə qonmasına şahid olurdular. Qarın yağmasına sevinəndən çox, kədərlənənlər vardı. Soyuq qar boruları dondurduğu üçün qışa lənət oxuyaraq su axtarmağa gedən atalar, altı deşilmiş çəkmələri su keçirən uşaqlar və bu mənzərəyə daxil ola biləcək digərləri. Amma hər şeyə rəğmən qış şəhərə toxunurdu. Kiminə görə bu ehtiraslı öpüş, kiminə görə isə sərt bir şillə idi...
Şəmsiyyə qara uzun saçını sol çiynindən aşağı sallayıb, kresloda oturmuşdu. Pəncərəyə baxan qəhvəyi gözlərindən düşüncəli olduğu hiss olunurdu. Barmaqları dizinin üstündəki skripkaya toxunduqda, ahəngli musiqi yerinə nizamsız cingiltilər səslənirdi boş evdə. Qarşısındakı kiçik qara masanın üzərində içində iki solğun lalə olan güldan, yeni doğulan körpənin qəlbi qədər təmiz bir not dəftəri və işlənmədiyi üçün az qala mürəkkəbi quruyacaq bir qələm vardı. Çoxdandır heç nə bəstələyə bilmirdi Şəmsiyyə. Bütün ömrü musiqinin qucağında keçən, suyun şırıltısından tutmuş, küçədə bir itin hürməsinə kimi hər səsdən bir şahəsər ortaya çıxaran Şəmsiyyə artıq yaradıcılıq böhranı yaşayırdı. Ən sevdiyi fəsildən belə həzz ala bilməyəcək hala gəlmişdi. “Musiqi bizi hər an izləyir. Sadəcə biz onun varlığını hiss etmək üçün hərdən susmalıyıq” deyən Şəmsiyyə, ruhunu saran musiqinin səsini eşitmirdi. Bəlkə də o da Bethoven kimi kar olmuşdu. Bəs o da kar ola- ola şahəsər yarada bilərdimi? Çətin ki, bunu bacarardı. Tarix ikinci Bethoveni daşıyacaq qədər güclü deyil çünki. Nə qədər musiqini eşitməsə də, onun var olduğuna əmin idi. Bəlkə də toza dönüb, kitab rəfinə qonmuşdu musiqi. Hansısa kitabı vərəqləyəndə, arasından notlar töküləcəkdi bəlkə də. Ya da ki, skripkanın simlərində gizlənmişdi. Onun ən sadiq dostu olan skripka, dar günlər üçün bir-iki not saxlamışdı yəqin ki. Bəlkə də, sadəcə özünü aldadırdı. Şəmsiyyə ehtimallar dənizində lövbərsiz gəmi kimi üzürdü. Hansısa ehtimal sahilinə yan almaq istəsə də, onu orada saxlayacaq bir lövbəri yox idi.
O, düşüncələrinin dərinliyinə o qədər dalmışdı ki, qapının zəngini eşitmirdi. Şəmsiyyəni düşüncələrindən çiyninə toxunan zərif əl ayırdı. Başını qaldıranda ona dikilmiş mavi gözləri gördükdə, özünə gəldi. Üzünə yalançı bir təbəssüm ilişdirib, dedi:
- Gəldiyini hiss eləmədim.
- Sənin verdiyin açarla açası oldum qapını. Demişdin axı hərdən yaradıcılığını yarımçıq qoyub, qapını açmağa gələ bilmirsən- deyib, skripkanı Şəmsiyyənin dizindən götürdü.
- Malıma bələdəm də. Düzü indi nəsə yaradan halda deyiləm. Bəlkə sən nəsə deyəsən, şairəm.
- Mənim bir hekayəm var, amma sən bəyənərsənmi, bilmirəm – Şəmsiyyənin yanındakı kresloda oturub, dedi.
- Sən de. Onsuz da bekaram. Dinləyərəm.
- Yaxşı. Hekayə “Qar Mələyi” adlanır. Əzrailin dilindən nəql olunur...
Hər şey 1950-ci ildə başladı... Qar bütün yarımadaya yayılmışdı. Yerdəki təkər izləri təhlükənin hələ də davam etdiyindən xəbər verirdi. Qanla qarışmış qar ayaq altında qalıb xışıldayırdı. Uzaqdan hələ də silah səsləri eşidilirdi. Qarın varlığının hiss olunmadığı tək yer, alovlar içində yanan balaca ev idi. Əsgərlər evdəki qadını və kişini güllələyib, evə od vurmuşdular. Anasının gizlətdiyi balaca kolun içindən bütün bunları seyr edən balaca qızcığaz isə, səssiz hıçqırıqlarla ağlayır və əsgərlər onu tapmasın deyə buza dönmüş əlləriylə üzünü tuturdu. Elə bilirdi ki, üzünü gizlətsə, heç kim onu tapa bilməz. Əsgərlər getdikdən sonra yanıb, külə dönmüş evlərinə girən qızcığaz ata-anasını tapa bilməyib, sakitcə oradan uzaqlaşdı. Anasının qulağına pıçıldadığı sözlər hələ də yadında idi: “Seonam, qızım. Əsgərlər səni görməsin. Əgər bizi tapmasan, Solnan xalanın yanına qaç. O səni saxlayar.” Seona ayaqyalın soyuq qarın üzərində gəzərkən, Solnan xalasının hansı tərəfdə olduğunu xatırlamağa çalışırdı. Əsgərlərə görünməmək üçün meşəylə getməyə çalışdı. Vaxtilə atasıyla birlikdə gəzdikləri meşədə, indi tək gəzməli idi. Ölümün rəqs etdiyi bu meşədə balaca qızcığaz, yalnız addımlayırdı.
Siyahım uzun idi bu gün. Təki o siyahıda Seona olmayaydı. Seona ağacların arasında asta-asta yeriyərkən, gecənin meşəyə necə çökdüyünü hiss eləmədi. Amma qaralan hava və mədəsindəki boşluq, onun dincəlməyə ehtiyacının olduğundan xəbər verirdi. Seona hündür bir ağacın dibinə çöküb, əllərini ovuşdurmağa başladı. Hava çox soyuq idi. Bədənində qanı donurdu. Amma buna dözməli idi. Səhər açılanda, Seona gözlərini güclə açdı. Gecə yağan qar onun üzərini bir yorğan kimi örtmüşdü. Güclə ayağa qalxıb, yoluna davam elədi.
Mən onun getdiyi kənddən çıxmağa hazırlaşırdım ki, donmuş əlini ilıq nəfəsiylə isitməyə çalışaraq gəldiyini gördüm. O an gözlərini bağlayıb bu faciəni görməməsini istərdim. Di gəl, bacarmırdım. Gözləriylə bu qırğını gördü. Amma yanan evlər onda qorxudan çox sevinc hissi oyatdı. Seona sadəcə donmuş bədənini isidəcək bir soba kimi baxırdı evlərə. Mən onun üzündəki sevinci hələ də xatırlayıram. Bir anlıq bu mənzərəni izləmək istədim. Amma getməliydim.
Düz iki gün sonra onunla görüşdüm. Kəndin ayağındakı dar yolda qar adamıyla oynayırdı. Gedəcək yeri yox idi. Nə də onunla oynayacaq bir dostu. Qardan adamla oynayır, təngənəfəs halda qarın üzərində otururdu.
Həmin gün də belə olmuşdu. Mən onu almağa gələndə, sakitcə qarın üzərində oturmuşdu. Bir müddət sonra yuxuya getdi. Üzündə məsum bir ifadə vardı. Saçına sığal çəkib, qucağıma aldım. Elə yüngül idi ki... Mən ona toxunanda qəribə bir hiss yarandı. Ilk dəfə idi ki, birinin ruhunu alanda belə məyus olurdum. Onu əbədiyyən izləyə bilərdim. Əslində bunun imkansız olduğunu bilirdim. Mən cəhənnəm atəşi qədər isti, o isə ovuc istisində əriyən qar mələyi.
Şəmsiyyə hekayə bitdikdən sonra göz yaşına qarışan sevinc dolu baxışlarını qıza yönəldib, ayağa qalxdı. Ona möhkəm sarıldı. Daha sonra çoxdandır əlinə almadığı mürəkkəbi qurumağa başlamış qələmi götürdü və yazmağa başladı. Notlar sətirlərə toxunarkən, yazılan hər səs Şəmsiyyənin qulağında səslənirdi. Qarşıda onu musiqinin qucağında keçəcək bir gecə gözləyirdi. Notların üstündə isə tək bir ad diqqəti özünə cəlb edirdi: Qar Mələyi.
“Ədəbiyyat və incəsənət”
(19.10.2023)
“Sən gəl səma ol, mən dəniz olum” - ESSE
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Olarsanmı?
Gündüzlər pəncərəmə süzülən şəfəqim olarsanmı?
Günəştək sabahlar səmadan gülümsünər, məni isidərsən. Ancaq bax haa, qəlbimi isidim deyib ürəyimi külə çevirmə.
Gecələr həmdəmim olarsanmı? Ay kimi nurunu qaranlığıma çıraq edərsənmi?
Bəlkə də, zöhrəm olarsan. Sənin parıltın yollarıma yön verər. Hətta, elə doğmalaşarıq ki, uzaqlardan mənə göz vuranda səni milyonların içindən tanıyaram.
Gözlərim dolar və darıxaram mən. Bax onda bulud olub gözlərimin yerinə dolarsan.
Bəlkə yağış olasan? Çirklənmiş vicdanları öz saflığınla yuyub aparar, ardından göy üzünü yeddi rəngə boyayarsan.
Külək olsan saçlarıma sığal çəkərsən, yoxsa qoxumu ciyərlərinə dustaq edən yaz mehi kimi əsərsən?
Qar dənəm, payız yarpağım, xəzan küləyim, yaz yağışım, gecə günəşim, gündüz ulduzum olarsanmı?
Sən gəl səma ol, mən dəniz olum. Nə qovuşa bilək, nə ayrı qalaq. Gəl səninlə sonsuz maviliklərdə əl-ələ tutuşmağın xəyallarını yaşadaq ruhumuzda.
“Ədəbiyyat və incəsənət”
(19.10.2023)
Bu gün Gənc Tamaşaçılar Teatrı Mingəçevirdə çıxış edəcək
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu gün - oktyabrın 19-da Mingəçevir Dövlət Dram Teatrında italyan dramaturqu Pepino de Filipponun "Don Rafaello-trombonçu" əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə çıxış edəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Gülər Nəbiyeva, Nofəl Vəliyev, aktyorlar İradə Rəşidova, Ramil Məmmədov, Aydın Dəmirov iştirak edirlər.
Səhnə əsəri çətin həyat şərtləri içərisində çabalayan bir musiqiçinin ağır taleyindən bəhs edir. Don Rafaello trombonçudur, musiqi alətləri mağazasını işlədir, özünün dediyinə görə, bir neçə opera və balet yazıb. Evdə isə yeməyə heç nə yoxdur, vəziyyət ağırdan ağırdır. Don Rafael səfillikdən bir addım yuxarıda yaşayır, daha doğrusu, hər vəchlə səfil həyatını maskalamaqla məşğuldur - nimdaş geyiminin yırtıq-süzük yerlərini altda gizləyir, ağ köynək yerinə köynəyin görünən hissələrindən əcaib paltar düzəldir. Tamaşaçı onun musiqisi, operaları ilə deyil, reallığı, ailəsi, məişət həyatı ilə tanış olacaq.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlara təşkil olunan qastrol səfərləri yeni mövsümdə də davam etdirir.
“Ədəbiyyat və incəsənət”
(19.10.2023)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Arğın Paşadan “Öz kefimin paşasıyam” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Arğın Paşanın şeirlərini təqdim etməkdədir.
Arğın Paşa təxəllüsü ilə tanınan Məhəmməd Paşapur, 1989-cu il, muğanda doğulub böyüdü. Bilim yurdunda bitki uzmanlığı bitirdi. Gənc çağından ana dilində şeir yazmağa maraqlandı. Az sonra şeirləri qəzetələrdə göründü.
2013-cü il, Azərbaycan folkloru əsasında uşaqlar üçün, "Cırtdan", 2016-cı il "Axmaq tülkü", 2017-ci il Azərbaycan folkloru əsasında bir daha uşaqlar üçün, "Duzlu çəpiş" və 2019-cu il "Cırtdan" kitabı ikinci dönə çapdan çıxdı. Neçə başqa şeir kitabı çapa hazırlanır. Bu çağ, muğanın ustad şəhriyar dərnəyi ilə füzuli məclisinin ictimaiyyətlə ələqələr müdiridir.
ÖZ KEFİMİN PAŞASIYAM
Yoxluğunda üşümürəm,
Öz kefimin paşasıyam.
Dərd yükünü daşımıram,
Öz kefimin paşasıyam.
Nə gözlərim dəniz olur,
Nə ürəyim bir an solur,
Boşalır külqabım, dolur,
Öz kefimin paşasıyam.
Qəm çəkmirəm bir an, lələ,
Cavandır bil, bu can hələ,
Ürək sözüm coşur belə,
Öz kefimin paşasıyam.
Önəmsizdir mənə saat,
Yaşayıram dərdsiz, rahat,
Cəhənnəm olsun bu həyat,
Öz kefimin paşasıyam.
Düşünməki dağılmışam,
Dağlarınla, dağ olmuşam,
Şair fəsli doğulmuşam,
Öz kefimin paşasıyam.
Yaşamıram bir an sürgün -
Ki, işlərim düşə düyün,
"Dünya beş gün, o da xoş gün",
Öz kefimin paşasıyam.
“Ədəbiyyat və incəsənət”
(19.10.2023)
Cənnətin itirilmiş xəritəsi - “Sən yaşadığın həyat deyilsən, sən yaşatdığın həyatsan”
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
“Həyatım palçıqdan və dərinlikdən ibarət idi, amma mən o qaranlıq suların bir parçası deyildim. O suların içində bir varlıq idim."
(Mən Kirke, Madeline Miller)
Bir insanın kimliyini onun irqi, rəngi, milliyyəti, mənsub olduğu ailə və ya yaşadığı sosial mühit deyil, onun xarakteri, davranışları, həyata, insanlara baxışı, düşüncələri, dəyərləri və gördüyü işlər təyin edir.
Əziz oxucu, sən ağ və ya qara dərili, qara və ya rəngli gözlü, sarışın və ya əsmər ola bilərsən.
Sən əzab-əziyyətlərlə dolu çətin bir həyat yaşaya bilərsən, sən pis bir ailədə böyümüş də ola bilərsən, sən ədalətsiz bir cəmiyyətin içində bir fərd də ola bilərsən.
Bəli, nə ağın qaradan, nə də qaranın ağdan heç bir üstünlüyünün olmadığı bu qoca dünyada biz bəlkə gələcəkdə etiqad edəcəyimiz dini, yaşayacağımız yeri özümüz seçə bilərik, amma biz irqimizi, rəngimizi milliyyətimizi, harda və necə bir mühitdə doğulacağımızı özümüz seçə bilmirik.
Amma bütün bunlara rəğmən unutmamağın lazım olan çox vacib bir nuans var ki, bu gün sənə onu xatırlatmaq üçün yazıram bu xitabı.
Əziz oxucu, səni sən edən nə sənin cismin, nə də bu yaşadığın həyat deyil, çünki içində var olduğun bu həyatı sən seçməmisən.
Səni sən edən və eyni zamanda da səni yaxşı və yaxud da pis bir insan edən sənin ruhun, öz şəxsi xarakterin, şəxsi düşüncə və dəyərlərin, həyata, insanlara baxış tərzin, münasibətin, davranışların və gördüyün işlərdir.
Düzdür, insanın necə formalaşmasına içində var olduğu həyat və cəmiyyət də təsir göstərə bilir, məhz elə bunun üçün də iradəli ol və hər zaman çalış ki, yaşadığın həyat sənin mənən gözəl bir insan kimi formalaşmağına mane ola bilməsin.
Və eyni zamanda da yaşadığın həyat sənin ümidsizliyə qapılmağına da səbəb olmasın.
Çünki sən yaşadığın həyat deyilsən, sən yaşatdığın həyatsan.
Səni sən edən bu çirkin və ədalətsiz mühitdə var olmağın deyil, səni sən edən bu çirkin və ədalətsiz mühitdə ədalətli və gözəl qala bilməyindir.
Səni sən edən bir pişiyin başını sığallamağın, yaşlı bir insana yolu keçməkdə, ağır yükləri olan birinə o yükləri daşımaqda kömək etməyin, kiçik bir uşağın simasındakı qəlbdən gələn gerçək bir təbəssüm olmağı bacarmağındır.
Səni sən edən təbiəti zibilləyən bir cəmiyyətin içində var olmağın deyil, səni sən edən təbiəti zibilləyən bir cəmiyyətin içində bir zibil qabı tapana qədər zibili əlində daşımağındır.
Səni sən edən hər şey və hər kəsdə bir qüsur axtaran insan toplumunun içində var olmağın deyil, səni sən edən hər şeydə bir qüsur axtaran bu insan toplumunda hər şeyə ayn -ür rıza (qədim osmanlıcada qüsur görmədən məhəbbətlə baxan gözlər deməkdir) ilə baxa bilməyindir.
Səni sən edən gücünü qadına, uşağa fiziki və psixoloji şiddət göstərərək nümayiş etdirdiyini düşünənlərlə eyni dünyada yaşamağın deyil, səni sən edən belə bir dünyada gücünü hər zaman qadınları və uşaqları qoruyub, dəstək olmağınla göstərməyindir. Qadına zəif deyənlərin içində qadına zərif davranmağındır səni sən edən.
Bəli, əziz oxucu, öz əlində olmayan səbəblərdən ötrü mühakimə olunan insanlara qarşı ön yarqılı olmayıb, almanların yəhudiləri konsentrasiya düşərgəsində həbs etdiyi kimi, cəmiyyətin də bizi həbs etdiyi irq, rəng və s. kimi qəlibləri sındırıb çıxaraq kim olduğunu öz düşüncələrinlə, hadisələrə, insanlara olan münasibətinlə və gördüyün işlərlə özün seçərək, özün təyin et.
Özünə inanaraq, ümid edərək çalış və öz həyatını özün qur.
Gözəllik və fərqliliyi xarici görünüşdə, gücü şiddətdə, hörməti nüfuzda, əsaləti ailə və sosial mühitdə, müasirlik və sərbəstliyi göstərişdə görən bir insan toplumunun içində, sən gözəllik və fərqi ruhun, gücü qoruyub qollamağın, dəstək olmağın, hörməti təvazükarlığın, əsaləti xarakterin, müasirlik və sərbəstliyi isə elm və əxlaqınla yansıt.
“Ədəbiyyat və incəsənət”
(19.10.2023)
Azərbaycanın turizm imkanlarının təbliği məqsədilə Hindistanda silsilə tədbirlərə başlanılıb
Azərbaycanın turizm destinasiyası olaraq təbliği məqsədilə oktyabrın 16-da Hindistanın Nyu-Delhi şəhərində seminar keçirilib.
Dövlət Turizm Agentliyinin yaydığı məlumata görə, 50-dək turizm agenti və turoperatorun iştirak etdiyi seminarın əsas məqsədi Azərbaycanın turizm imkanlarını nümayiş etdirmək və Hindistan turizm sənayesinin Azərbaycan haqqında məlumatlığını artırmaqdır.
Seminar çərçivəsində Azərbaycan turizminə həsr olunmuş ətraflı təqdimat və videoçarxlar nümayiş etdirilib, ölkəmizin istirahət turizmi və işgüzar tədbirlərin təşkili üzrə potensialı təqdim edilib.
Seminarın sonunda interaktiv sual-cavab sessiyası təşkil olunub, iştirakçıların sualları cavablandırılıb.
Təbliğat tədbirləri oktyabrın 18-də Banqalor, ayın 28-də isə Mumbay şəhərində davam etdiriləcək.
Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr dövründə Hindistandan Azərbaycana səfər edənlərin sayı 77 min 379 nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 115 faiz artımdır.
“Ədəbiyyat və incəsənət”
(18.10.2023)
Günün fotosu: Avropa müharibəyəmi hazırlaşır?
Günün fotosu: Avropa müharibəyəmi hazırlaşır?
Rubrikanı Kənan Məmmədli aparır
Bu həftə 2800-ə yaxın hərbi qulluqçu NATO blokunun xaricdəki çoxsaylı böhranlara tez cavab vermək qabiliyyətini artırmaq üçün NATO-nun rəhbərliyi altında deyil, Avropa Birliyi çərçivəsində tarixdə ilk hərbi manevrlərdə iştirak edir.
Manevrlər İspaniyada keçirilir.
Avropa müharibəyəmi hazırlaşır?
Foto: AP
“Ədəbiyyat və incəsənət”
(18.10.2023)
“Hər gün bir yeni şeir” rubrikasında “Yorğunluq”
“Ədəbiyyat və incəsənət”dəki bugünkü yeni şeir payınız gözəl şairimiz Əlizadə Nuridən gəlir. Şeir “Yorğunluq” adlanır.
Allah göydə deyilsə,
O göy kimin göyüdü?
Harda körpə dərd qalıb
Mənə verin, böyüdüm...
Gülə güllə atdılar,
Dik tutmuşdu başını.
Bu yağışdı, yoxsa ki,
Göy üzündə vurulmuş
Quşların göz yaşıdı?!
Hər yanımı qan tutub-
Mən də belə adayam.
Get, o bayquşdan soruş
Hansı xarabadayam...
Bir kor adam kimiyəm-
Mən gəzim, sən it indi...
...Səni tapa bilmədim,
Əlimi də itirdim.
Sən nə yaman dərindin-
Sevib də batdım səni...
...Ölüm, məni bağışla,
Bir az yubatdım səni.
Qəmlə əylənirəm mən,
Bəs hanı tay-tuşlarım?
...Bu gün süfrə açmışam:-
Çağırın ac quşları...
Ölü balıqlar düşür ,
Atdığım hər qırmağa.
Çox soyuqdu...gedirəm
Allaha sarılmağa...
“Ədəbiyyat və incəsənət”
(18.10.2023)
Türk dünyasının I-ci Beynəlxalq Mədəniyyət Forumuna “Simurq” Mədəniyyət Assosiasiyasının təklifləri
Bildiyiniz kimi, oktyabrın 13-14 tarixlərində Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində Türk dünyasının I-ci Beynəlxalq Mədəniyyət Forumu keçirilib. Forumda “Simqurq” Mədəniyyət Assosiasiyasının Prezidenti, professor Fuad Məmmədov da iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalınln əməkdaşı Fuad Məmmədovdan forumla bağlı təəssüratlarını alarkən Fuad müəllim hazırladıqları və irəli sürdükləri Təklifə diqqət yönəldərək söyləyib:
-Türk dünyasının mədəni paytaxtı Şuşa şəhərində, 13-14 oktyabr 2023-cü il tarixində keçirilmiş Türk dünyasının I-ci Beynəlxalq Mədəniyyət Forumunda Türk dünyasına daxil olan xalqların həyat qabliyyətinin, dövlətlərin isə qüdrətinin artırılması naminə Türksoy Beynəlxalq Akademiyasının prezidenti, akademik Şahin Mustafayevin sədrliyi ilə keçirilmiş dəyirmi masada Forumun Deklarasiyasına daxil etmək üçün “Simurq” AMA tərəfindən iki innovativ kulturoloji təkliflər irəli sürüldü:
Birincisi - Mustafa Kamal paşa Atatürkün və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin mədəniyyətin inkişafına verdikləri qiymətə əsaslanaraq, Türksoylu xalqların və dövlətlərin XXI-ci əsrdə milli maraqları və zamanın çağırışlarına cavab olaraq həmin ölkələrdə elm, təhsil və maarifın daxil olunması şərti ilə mədəniyyət analayışı, insanın ağlı, qəlbi və əməyi vasitəsi ilə yaranmış, çoxşaxəli sosial fenomen kimi qiymətləndirilsin və Türksoyun inkişaf konsepsiyasında nəzərə alınsın.
İkincisi - insan kapitalının, davamlı, rəqabətqabliyyətli və təhlükəsiz inkişafın yenidən hasil edilən strateji resursu və aparıcı qüvvəsi olan - yüksəkmədəniyyətli insanın formalaşdırılması, inkişafı və kamilləşməsini XXI əsrdə Türk dünyasının ümdə məqsədi kimi qəbul olunması tövsiyə olunsun.
Fuad Məmmədov onu da qeyd edib ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin elmin və təhsilin də mədəniyyətın tərkib hissəsi kimi Forumda irəli sürdüyü fikri də bu innovativ təkliflərə dəstək kimi qiymətləndirilə bilər. Türkiyədən və Orta Asiya türk dövlələrindən olan, dəyirmi masanın bir sıra iştirakçıları da bu təklifi bəyəniblər.
“Ədəbiyyat və incəsənət”
(18.10.2023)
Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd olunub
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, 17 oktyabr Füzuli Şəhəri Günüdür.
Bu münasibətlə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunda xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də Füzulidə təntənəli şəhər günü tədbiri keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ku, tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli Şəhəri Günündə bu ilin avqustundan doğma yurdlarına qayıtmış bir qrup Füzuli sakini ilə görüşüb səmimi söhbət edib.
Sonra Füzuli Şəhəri Gününün geniş qala-konserti təqdim edilib. Tanınmış incəsənət ustalarının ifasında xalq və bəstəkar mahnıları səsləndirilib.
Dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunmuş “Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!”, “Ümummilli lider Heydər Əliyev və Füzuli”, “Füzuli rayonu – işğaldan öncə və işğaldan sonra” adlı, həmçinin Füzuli ərazisindəki Yedditəpə kurqanları arxeoloji abidəsindən aşkar edilmiş maddi mədəniyyət nümunələrinin yer aldığı sərgilərlə tanışlıq olub.
Daha sonra qonaqlar "Füzuli" guşəsinə baş çəkiblər. Burada Məhəmməd Füzulinin müxtəlif əsərləri əsasında hazırlanmış kompozisiyalar nümayiş olunub, şairin şeirləri səsləndirilib. Rəssam tərəfindən dahi şairin portreti yaradılıb.
Tədbir məkanında "100 tar" adlı kompozisiya təqdim olunub. Ustad tarzənlər, uşaq, yeniyetmə və gənclərdən ibarət 100 nəfər tarzənin ifası maraqla qarşılanıb.
Sonra tədbir iştirakçıları və qonaqlar Azərbaycan milli mətbəx nümunələrini dadıblar.
“Ədəbiyyat və incəsənət”
(18.10.2023)