Super User

Super User

Çərşənbə, 18 Oktyabr 2023 13:30

Şuşaya qalib kimi qayıtdı…-ESSE

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Atalar gözəl demişlər: “Dünyanı ümid ilə yemişlər". Həyat adlı filmdə rolunu davam etməyin həm ən bəsit, həm də ən mürəkkəb yolu ümiddir. 

 

30 il qabaq  2-3 yaşlarında Şuşadan çıxan Aytənin heç ağlına gələrdimi ki, Şuşalı xanəndə kimi 30 il sonra öz doğma torpağında festivalda iştirak edər? 

Bu illər ərzində Aytəndən "səncə, biz torpaqlarımıza qayıdarıqmı?" soruşulanda, yaxud ətrafındakılar ümidsizliyə qapıldığlarını bildirəndə, o, bu fikirlə razılaşmır, hal-hazırdakı hərbi gücümüzü nümunə çəkərək öz fikrinə haqq qazandırırdı. 

Bəli, Aytənin ümidi qalib gəldi. Bu gün o ulu babalarının yaşadığı həmin torpaqda festivaldadır və "Şuşanın dağlarını" ifa edir. …Çıxışı uğurla başa çatan Aytən alqış yağışına tutuldu. İndi onun xəyalları reallığa çevrilmişdi. Bu festivaldan sonra da həyat bu ruhu körpə qadının üzünə gülürdü. Sanki Şuşa ilə birgə, Aytənin uşaqlığı, arzu-istəkləri də azad oldu, həmçinin üzərindəki qaçqın sözü götürüldü. 

İndi o qürurla deyə bilər ki: “Mən ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın  mədəniyyət mərkəzi adlanan Şuşanın qızıyam".

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2023)

Çərşənbə, 18 Oktyabr 2023 10:00

Niyə kütləvi coşğunluq görə bilmirik?

Əkbər Qoşalı yazır

 

“Ədəbiyyat və incəsənət” portalı şair, publisist Əkbər Qoşalının “Sevincin üzü soyuqmu” yazısını təqdim edir. Dünən Füzuli Şəhəri Günü idi. Yazı da bu münasibətlə qələmə alınıb. 

 

 

SEVİNCİN ÜZÜ SOYUQMU?..

 

“Torpağın üzü soyuqdu” – biz belə eşitmiş, bilmiş, görmüşük... – Bu söz doğmalarımızın itkisinə münasibətdə deyilir – deyilir ki, dəfndən sonra acımız bir qədər dinir, kədərə dözüm yaranır... Amma  sevincin, fərəhin, qürurun üzü soyuq olmaz ki?!. Yoxsa, böyük itkilər kimi böyük sevinclərindəmi üzü soyuqmuş biz bilməmişik?.. Uzun illər böyük sevinclər yaşaya bilmədik ki... Üç onilliyin ağır günləri, işğal tarixləri, soyqırım aktları, şəhər-kəndlərimizin viran qalmasının kədəri ömrümüzə çöküb və biz o çöküntünü son illərin, ayların, günlərin böyük sevinci qarşısında belə, ömrümüzdən dışarı ata bilməmişik sanki... Sanki böyük sevincləri böyük yaşamırıq. Artıq fəlakətli dönəmlərin bir daha geri dönməyəciyinə qəti inamla, sevinc, fərəh içində böyük gələcəyə addımlamalıyıq!

 

Bəli, ya sevincin böyüklüyündəndir ya hadisələrin sürətindən... – ölkəmizdə baş verən fövqəladə tarixi hadisələr sanki gərəkli ictimai aksiyalarla cavab bulmur... Fikir verin: Xocalıya (!), Xankəndinə (!) bayraq sancılıb, qondarma rejim konkret gorbagor olub, terroçubaşları başı əyili damlanıb, daha nələr-nələr olub... biz isə elə bil 19 sentyabrdan öncəki günlərdəymişik kimi sakitik, dincik, nə bilim, kükrəmirik, coşmuruq, küçələrə-meydanlara axışmırıq... arabamız, evimizin pəncərəsi bayraqlarla yetərincə süslənmir və s. Məhz bu günlərdə küsülülərimiz barışdımı, imkanlılar imkansızların borcunu bağladımı? Yəni adda-budda dəstək, məhəbbət, nəzakət göstərilərini demirəm, kütləvi coşğunluğun, xəlqi göstərilərin yetərsizliyini deyirəm. Bəlkə belə deyil də, mənə belə gəlir?..

 

Əlbəttə, bu vurğuladıqlarımız giley deyil, inciklik deyil, əsla! Sadəcə, düşündüklərimin, gerçəklik kimi qiymətləndirdiklərimin hikmətini çözməyə çalışıram. Olsun ki, bu mövzu Sosial Tədqiqatlar Mərkəzi (STM) ilə işbirliyi zəminində yaxud bilavasitə STM tərəfindən tədqiqata cəlb edilə, öyrənilə, aydınlığa qovuşa bilər. Məncə burada illa bir fenomen vardır. Şəxsi qənaətim odur ki, Prezident İlham Əliyev, onun Ali Baş Komandanı olduğu şanlı Ordu bizi qələbələrə, zəfərə elə öyrəncəli edib, artıq keçilməz sədd, aşılmaz dağ, alınmaz qala tanımır, qəbullanmırıq. Dövlət baba, şəhidlərin ruhu, qazilərin fədakarlığı bizə təlqin edib ki, bizim qarşımızda həll edə bilməyəcəyimiz vəzifə yoxdur. Necə deyərlər, təhtəlşüurla qəbullanmışıq bu gözəllikləri, çiçəklənmələri... Ümidlərimiz nə zamandır inama çevrilib və inam sanki qələbə arxayınçılığı, zəfər alışqanlığı yaradıb bizlərdə. Bir tərəfdən də, 30 illik keçmiş (keçməmiş!) kədərlə 3 ilin sevinci dəngədədir elə bil... Bəli, Tanrımıza çox şükürlər olsun, qalibik, irəlidəyik, başımız dik, alnımız açıqdır və özümüzü uğur zonasında görürük! Ancaq biz gərək uğur zonasında yox, bütöv uğur dünyasında sabitləşək, qərar tutaq. Zona hər nə qədər böyük olmuş olsa da, bir məhdudluğu, ayrımçılığı vardır hər halda. Bizim uğur böyük uğurdur, aşıb-daşan uğurdur, qucaqlayıcı uğurdur, ümmandır! – O ümmandan bütün tərəqqipərvər insanlara pay düşür, əslində.

 

Belə bir söz var, deyərlər, dövlətə təntənələr, xalqa bayramlar lazımdır. Bu arada, Millət vəkili Fazil Mustafa parlamentdə matəm günlərinin təqvimdən çıxarılması məzmununda çıxış edib, başqa bir Millət vəkili 15 oktyabrın bayram günü kimi təqvimə salınmasını təklif edib; elə bilirəm, Millət vəkillərinin bu çağırışları qəribçiliyə salınmamalıdır. Üstəlik, bizlər qələbə öyrəncəliyi, zəfər alışqanlıqlarımızı uhulət-suhulətlə daha güclü platformaya, qalıcı müstəviyə daşımalıyıq. O “platforma” dediyimiz – əlimiz çatmalı, ünümüz yetməli hər ünvan, o müstəvi – dualar ismarladığımız Göyüzünün qapsadığı bütün Yer üzü boyda olmalıdır. Qazi Mustafa Kamal Paşa Atatürkün sözləri ilə desək, “Yurdda sülh, cahanda sülh”! Əcdadımız da dünyaya sanki Göyüzündən və Göylərin Yer üzündəki ədalət təminatçısı kimi baxırdı. Əcdadımız “doğmalar”, “özgələr” ayrımçılığı ilə deyil, “sınırımıza (himayəmizə) girmişlər” və “hələ sınırımıza (himayəmizə) girməmişlər” yanaşması ilə baxırdı dünyaya. Baxışların ən gözəli də bu deyilmi?..

 

Uzun sözün qısası, fövqəladə tarixi günlər yaşayırıq və yaşantılarımız könlümüzdən, içimizdən çölümüzə daşma haqqına sahibdir. Bu sahiblik bir-birimizə dəyər verərək, ölkəmizi, dövlətimizi sahiblənərək, dövlət başçımızı – uğur Prezidentini, Zəfərin Baş Komandanını candan-könüldən dəstəkləyərək təcalla edər, dalğa-dalğa yayılar...

 

Xocalıda, Xankəndidə, Ağdərədə, Əsgəranda, Kərkicahanda... bizim olan yerlərdə (göylərdə!) bayrağımız dalğalanır! Müqəddəs bayrağımız dalğalanmalı olduğu yer (göy) qalmayacaq – o, haqq etdiyi hər yerdə (göydə) olacaq, dalağalanacaqdır! Başqa yolu yox artıq!

 

Bu gün Füzuli Şəhəri Günüdür! Qutlu olsun! Müzəffər Ali Baş Komandanın Füzulidən verdiyi ismarıclar daha gözəl günlərin müjdəsidir. Azərbaycan intibahının qarşısını kimsə ala bilməyəcək!

Tanrı bizə yar olub!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2023)

Çərşənbə, 18 Oktyabr 2023 14:00

“Füzuli günləri” - Emin Piri

“Ədəbiyyat və incəsənət” portalı Füzuli şəhəri günü münasibətilə qazi yazar Emin Pirinin “Füzuli günləri” yazısını təqdim edir. 

 

 

Müharibə dedikdə yadıma ilk olaraq Füzuli-Cəbrayıl cəbhəsi düşür. Füzuli dedikdəsə Kürdlər, Dördçinar və.s istiqamətlər...

Bu kəndlərin qarşısında düşmən önündə müəyyən yüksəklik-təpələrin bəzisində bizim batalyon yerləşib. Təbii ki, qarşılıq olaraq düşmənin artileriya hücumları başlayır. Həm orda qalmağa imkan verməmək, həm də geri oturtmaqçün toplardan və minaatanlardan mərmi yağmuru. Dərinliyi dizdən olan, ot basmış səngərə yerləşirəm heyətimizlə. Qazılma istiqaməti və.s aydın hiss olunur ki, bu səngər 1-ci Qarabağ savaşından qalmadır. Allah bilir, orada birinci savaşda kimlərimiz şəhid olub. İndi onların övladları idi o səngərdə olanlar. Bu qədər mərmi yağmuru və itkimiz hələ yoxdu. Hələki bəxtimiz gətirir. Bəlkə o səngərdəkilərin ruhu, birinci Qarabağ savaşında orda şəhid olanların ruhu idi bizi qoruyan?!

Bir neçə dəqiqə sonra sağ istiqamətimizdə yerləşən bölükdən artileriya atışlarından sonra bir zabitimiz və iki əsgərimiz yaralanır. Səhv etmirəmsə, baş leytenant Əmrahov sağ əlinin barmaqlarını itirir. Bir əsgər boğazından, digərisə bədəndən yaralanır. Digər bölmələrin də köməkliyi ilə yaralılar oradan aparılır. 

Bunun ardınca bizim ordunun şiddətli əks artileriya hücumu, atışları başlayır. Toplardan və.s  Bir neçə partlayışsa raket atıldığının bariz nümunəsi idi. Həm təhlükə, həm də bu raket partlayışlarına olan marağımı öldürə bilmirəm. Bu nədir, bu nə partlayışlardır belə...Torpağın bağrı yarılır sanki.

Bu atışlardan sonra düşmənin artileriya atışları səngiyir, sonrasa tam dayanır. Gecəyə yaxın bizə məlumat verilir: Gecə "qonaqlarımız" olacaq. Heç bir halda qarşı tərəfə, hərəkətliliyə atəş açmayın. Bildiyiniz, yəni bizim ordu, XTQ və digər bölmələr gecəylə hücuma keçəcək...

...Qısa müddət ərzində o kəndlər, qarşısı və digər istiqamətlər düşməndən tam təmizlənir.

Həmin kəndlər haqqında və.s öncələr daha geniş yazmışam və mediada dərc olunub. Həmin kəndlərdə sonrakı günlər batalyonumuz 20-yə yaxın yaralı və 4 şəhid verir...

Şəhər gününüz mübarək, əziz füzulilər!

 

P.S. Şəkil həmin kəndlər və qarşısı təmizləndikdən sonra çəkilib. İndi orda nəfəskəsici günlərdən sonra 2-3gün dincəlmək olardı...

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2023)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

18 oktyabr. İnsan alveri ilə mübarizədə Avropa günü

Bu günə təsadüf edən əlamətdar tarixi hadisələri diqqətinizə çatdırırıq.

İnsan alveri hazırda aktual mövzudur əlbəttə. Ona görə də bu günün sıradan gün olmaması dəqiqdir. İnsan alveri deyəndə, burada uşaqların qul kimi zorakı əməyə cəlb edilməsi, qadınlarınsa fahişəliyə məcbur edilməsi əsas sırada dayanır. İstəsəniz, sizə bu mövzuda maraqlı roman deyərəm, oxuyarsınız. Elçin Səfərli: “Dönüşü olmayan gediş”. Zorən fahişəliyə cəlb edilib Türkiyəyə aparılan bir rus qadının həyatı təsirli boyalarla əks etdirilib.

 

18 oktyabr. Beynəlxalq qadın xoşbəxtliyi günü

Karin Rokindin 2017-ci ildəki təşəbbüsü nəticəsində təqvimə salınan bu gün qadınlardakı depressiya epidemiyasına qarşı yönəlib. Qadınları depressiyaya nə salır? Ən çox yaşlaşmaq, üzdə qırışların peyda olması. Sonra kökəlmək, artıq çəkidən bədən fiqurunun pozulması. Sonra isə yaşadıqları stresslər, əsəb gərginlikləri.

Deyirlər ki, xoşbəxtliyin cəmi bir adı var, amma bu belə deyil, hər bir qadınçün xoşbəxtlik anlamı özünəməxsus bir nəsnədir. Bir qadını yaxşı həyat yoldaşı, birini əsl sevgi, birini ağıllı övladlar, birini var-dövlət, birini uğurlu karyera, birini yaxşı rəfiqələri, birini öz bədən quruluşu, birini öz sima gözəlliyi, birini eqosu xoşbəxt edir. Dinclikdən, sakitçilikdən xoşbəxt olan qadınlar yoxdurmu, var. Hobbiləri olan məşğuliyyətdən xoşbəxt olanlar necə? Belələri də var. İnanın ki, hətta ekstrimdən də xoşbəxt olanlar az deyil. Nə isə. Çox uzatmayaq, qadınlara bir ağızdan xoşbəxtlik arzulayaq.

18 oktyabr. Böyük alım Niftalı Qocayevin doğum günü

Niftalı Qocayev ilk azərbaycanlı biofizik alimdir. 400-dən çox məqalənin, 16 monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifi olan N.Qocayev beynəlxalq simpozium və konfranslarda 52 məruzə (onlardan 12-si Plenar məruzələrdir) ilə çıxış etmişdir. N.Qocayev Azərbaycan SSR Ali Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Elmi-Metodik Şuranın Fizika və astronomiya seksiyasının sədri (1980-1984), Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri (1989-1993) vəzifələrində işləmişdir. Onun təşəbbüsü ilə 1997-ci ildə yaradılmış Azərbaycan Biofizika Cəmiyyəti özünün ilk konfransında onu Cəmiyyətin prezidenti seçmişdir. Niftalı Qocayev Türkiyədə-Ərzurum Atatürk və İstanbul Universitetlərində professor vəzifəsində çalışaraq yüksək səviyyədə elmi pedaqoji-fəaliyyət göstərmişdir. Onun elmi rəhbərliyi ilə 30 elmlər doktoru və elmlər namizədi müdafiə etmişdir. Əsasən Amerika və Avropada nəşr olunan mötəbər elmi jurnallarda (İnt.J. Peptide and Protein Res., J.Mol. Struct., Protein and Peptide Letters, v.s.) nəşr olunan və Beynəlxalq Konfranslarda məruzə olunan 376 elmi əsərin, müxtəlif ölkələrdə nəşr olunmuş 15 dərslik, dərs vəsaiti və monoqrafiyanın müəllifidir bu şəxs. “American Biographical institute” tərəfindən 2 dəfə “American Medal of Honor” medalı ilə mükafatlandırılmışdır. N.M.Qocayev keçmiş SSRİ universitetləri üçün fizika üzrə dərslik (Оптика, Москва, Из-во Высшая Школа) yazmış yeganə azərbaycanlıdır. Onun dəfələrlə yenidən nəşr olunmuş çoxcildli “Ümumi fizika kursu”, həmçinin Türkiyədə nəşr olunmuş “Temel Moleküler Fizik”, “Optik”, 2 cilddən ibarət “Molekülün Yapısı ve özellikler” dərslikləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir, tələbələr tərəfindən geniş istifadə olunur. Allah böyük alimimizə ömür versin.

 

18 oktyabr. İlk tranzistorlu radioqəbuledici və ilk komikslər

Alyaska günü. 1867-ci ildə Alyaskanın ruslardan alınıb amerikalılara verilməsi şərəfinə qeyd edilən bir gündür. Saqqalsızlıq günü. Hamıdan təvəqqe olunur ki, bu gün ictimaiyyət qarşısına saqqalsız çıxsınlar. Xorvatiyada qalstuksuzluq günü. Qalstuk taxanı hamılıqla hoydu-hoyduya götürürlər xorvatlar bu gün. Kanadada insanlar günü. Necə deyirlər bir məsəldə? Adam olmaq asandır, insan olmaq çətin. İtsax Rabinin xatirə günü. Yəhudilər öz məşhur dövlət xadimlərini bu gün anacaqlar. Polşalılar Poçtalyon gününü qeyd edəcəklər. (Görəsən onların da Novruzəliləri olubmu?) ABŞ isə şokoladlı keks gününü qeyd edəcək.

1967-ci ildə ilk dəfə SSRİ kosmonavtları Venera planetinə uçuş etmişlər. 1954-cü ildə Amerikada ilk tranzistorlu radioqəbuledici istismara buraxılıb, markası da “Texas İnstruments” olub. 1929-cu ildə Kanada qanunvericiliyi qadınların da insan sayılmasını qəbul edib. Təsəvvür edin ki, o vaxta qədər zavallı qadınlar insan hesab edilmirmişlər. 1896-cı ildə “Nyu-York Jornal”da ilk komikslər peyda olub. 1775-ci ildə Afrika amerikalısı olan şair Filips Uitli həmyerliləri arasında ilk olaraq qul olmaqdan azad edilib, kişiyə şairliyinə görə güzəşt ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2023)

 

“Ədəbiyyat və incəsənət” portalının maraqla izlənilən Poetik qiraət rubrikasında növbə Sumqayıtda yaşayıb yaradan ustad şair Əşrəf Veysəlliyə çatdı. Bu gün “Şuşa döyüşü” şeiri təqdim edilir.

 

 

ŞUŞA DÖYÜŞÜ

Bu da əsrimizin Şuşa döyüşü,-

Bu da nəslimizin təzə mərdliyi.

Sözdü, -danışsalar, gözdü,- görsələr,

Tanrım gətirməsin gözə mərdliyi.

 

Bu bir haqq savaşı, -möcüzə döyüş,

Necə də yaraşır gör bizə döyüş...

Bu da əlbəyaxa, üz- üzə döyüş,

Çevirə bilmirəm sözə mərdliyi.

 

Keçib keçilməyən o şırımları,

Aşıb aşılmayan aşırımları ,

Keçirib qoluna ildırımları

Özəl ordumuzun özəl mərdliyi.

 

Sevinc duyğuları qəmləri təklər,

Coşub yallı gedər yallar, gədiklər...

Tarzən öz tarını" cəngi"yə köklər,

Aşıq təlim edər saza mərdliyi.

 

Nəmli gözləriylə odlar götürən,

Qisasa səsləyən, vəcdə gətirən,

Şəhid tabutları altına girən

Analar öyrətdi bizə mərdliyi.

 

Dünya yalanlardan bezər sonucda,

Haqqı, ədaləti çözər sonucda.

Hərbi dərsliklərə yazar sonucda,

Bu ər döyüşünü, gözəl mərdliyi.

 

 

 “Ədəbiyyat və incəsənət”

(18.10.2023)

 

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

41-Cİ DƏRC

 

Ardınca alman tarixçisi Yorq Beberovskinin hadisələr barədə söylədiklərinin davamı oxunuldu:

“1918-ci il aprelin ortalarında daşnak zabiti Stepan Lalayevin silahlı dəstəsi kommunanın rəsmi direktivlərini yerinə yetirmək üçün Şamaxı rayonuna daxil oldu. Şəhərin 30000 sakini vəhşicəsinə öldürüldü, ev-eşiyindən qovuldu. Lalayevin əsgərləri uşaqları, qocaları belə öldürürdü, qadınları zorlayır, eyvanlardan aşağı tullayırdılar. Bir çox qadın və uşaqlar qaçıb məsciddə gizləndilər, amma məscid yandırıldı, hamısı orada yanıb kül oldu.

Hamazaspa özünün və Lalayanın Azərbaycan bölgələrinə qanlı yürüşləri barədə bir neçə dəfə sual verilsə də o, nümayişkəranə surətdə cavab verməkdən imtina etdi.

Bu zaman yaşlı hakim məsələ qaldırdı ki, Vaçyantsın təşkilatçılığı ilə Bakı qırğını barədə Divanda geniş danışıldığı halda zəruridir ki, Hamazaspın Azərbaycan bölgələrində və hazırda Ermənistana aid olsa belə keçmişdə Azərbaycana aid olan və azərbaycanlıların sıx yaşadıqları bölgədə həyata keçirdiyi vəhşiliklər barədə də geniş məlumat verilsin, konkret olaraq Quba soyqırımına isə sonda keçilsin.

Ekspertlər dərhal belə bir məlumatı hazırlayıb oxudular.

Mənzərə həqiqətən dəhşətli idi. Xüsusən Şamaxıda, İrəvanda, Cənubi Azərbaycanda dəhşətli qətliamlar törədilmişdi.

Şamaxı uyezdində 1918-ci ilin aprel-may aylarında S.Lalayan və T.Amirovun qaniçən dəstəsi 8000 müsəlmanı öldürmüş, 13 məscidi, o cümlədən 800 il yaşı olan tarixi incini – Cümə məscidini yandırmışdılar. Şamaxı uyezdinin 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilmişdir ki, bunların da 2560-ı qadın, 1277-si uşaq idi.

Zəngəzur uyezdinin 115 kəndində 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq diri-diri yandırılmışdır.

İrəvan uyezdindəki 199 Azərbaycan kəndindən 62-si yer üzərindən silinmişdir. İrəvan quberniyasında isə ümumilikdə 211 Azərbaycan kəndi yandırılaraq yerlə-yeksan edilmişdir. 132000 azərbaycanlı isə qətlə yetirilmişdir.

Qars vilayətində 92 kənd yox edilmişdir.

Qətliam və talanlar Lənkəran, Astara, Hacıqabul, Salyan, Kürdəmir və digər Azərbaycan vilayətlərində də həyata keçirilmiş, bu bölgələrdə 6000 insan qətlə yetirilmişdir.

İrana aid Cənubi Azərbaycan mahalında isə hakim fars rejiminin fəaliyyətsizliyi şəraitində Urmiya, Xoy, Maku və Səlmasda ümumilikdə 100000 azərbaycanlı qətlə yetirilmişdir.

Baş Hakim Hamazaspın Quba cinayətləri barədə də Baberovskinin yazdıqlarının oxunmasını vacib bildi, yazılanlar oxundu. Belə ki, Baberovski qeyd edir ki, 1918-ci il aprelin sonlarında Hamazaspın və bolşevik komissarı Venuntsun başçılıq etdikləri 2000 əsgərdən ibarət erməni hərbi qrupu Bakıdan Quba istiqamətinə yollanmış, Şaumyan və Korqanovun “əksinqilabçılara dərs vermək” əmrini yerinə yetirmişlər. Onlar Qubaya girəndə Hamazasp yerli əhaliyə elan etmişdi ki, sizdən ermənilərin qisasını almağa gəlmişik, “mənə verilən “Dəniz kənarından Şahdağa qədər bütün müsəlmanları qırmaq” əmrini yerinə yetirəcəyik”.

Baberovskinin yazdığına görə erməni əsgərlər tərəfindən ağlasığmaz vəhşiliklər törədilirdi. Bir gün ərzində şəhərin 2000 sakini öldürülmüş, mərkəzdəki 150 ev dağıdılmışdı. Bundan əlavə, Hamazaspın alayı Quba rayonunda 122 kəndi yandırmışdı, hətta ağ bayraq qaldırsalar belə, kəndliləri güllələmişdilər.

Sonra Baş Hakim Quba qətliamını ümumi qiymətləndirdi:

-1918-ci ilin aprelində Quba uyezdində baş verən hadisələr hədsiz qəddarlıqla səciyyələnirdi. Bakıdan Şaumyan tərəfindən göndərilmiş Hamazaspın daşnak  dəstəsi  Quba şəhərinin əhalisinə qan uddurdu, uyezdin 122 kəndini yandırdı. Bircə gün ərzində Hamazaspın əsgərləri Qubanın 2000 sakinini öldürdülər, 150 evi dağıtdılar. Ümumilikdə Quba uyezdində 16 min insan qətlə yetirildi ki, bunların 12 mini təkcə ləzgi xalqına aid idi. Digər 4 minin içində isə azərbaycanlılarla – yəni türklərlə yanaşı tatlar, dağ yəhudiləri də var idi. Quba qətliamı qətlə yetirilənlərin beynəlxalq tərkibinə görə digərlərindən fərqlənir.

Auditoriya bu xəbəri dərin təəssüflə qarşıladı.

Baş Hakim özü də halının xeyli pisləşdiyini hiss etdi, monitorda quyudan tapılan insan qalıqları nümayiş edildikdə auditoriya bir ağızla erməni millətçilərinə lənət oxumağa başladı, bu işi 102 il öncə həyata keçirən Hamazasp sanki lənətləri duydu, yerində qurcuxmağa başladı.

Baş Hakim  azacıq toxtayıb söylədi:

-Gördüyünüz kadrlar çox dəhşətlidir, deyilmi? İnanılmaz bir olay baş verdi. Qubada qətliamdan düz 89 il sonra insan sümükləri aşkarlandı. Bu, insanlığa erməni faşizmini əyani sübut etdi. Bilirsiniz, tarixi faktları kitabdan oxumaq, ekrandan izləmək bir başqa effekt verir, amma onun hər hansı izini canlı görmək bir başqa effekt verir. Bu barədə çox istərdim ki, hadisənin canlı şahidi, Quba şəhər stadionunun direktoru Ələddin Mirzəyev, Qubada aşkar edilən kütləvi məzarlıqda tədqiqat aparan ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev və ekspedisiyanın üzvü, tarix elmləri namizədi Əsgər Əliyev qısaca danışsınlar.

Öncə Ələddin Mirzəyev danışdı:

.-2007-ci ildə Quba şəhər stadionunun təmiri üçün qazma işləri aparılarkən kütləvi qəbiristanlıq aşkar edildi və işlər təxirə salınaraq bölgəyə mütəxəssislər cəlb olundu. Bu ərazidə heç vaxt qəbristanlıq olmayıb. Ən dəhşətli məqam isə aşkar edilmiş ərazidə insan kəllələrinin və bədən  sümüklərinin ayrı-ayrı basdırılmasıdır. Bu da onların başlarının xüsusi qəddarlıqla kəsildiyini göstərir. Qubadakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənib.

Ardınca Qəhrəman Ağayev söz aldı:

-Qubadakı kütləvi məzarlıqda aşkar edilən iki arx skeletlərlə doluydu. Bu, ermənilərin 90 il əvvəl Qubada dəhşətli soyqırım həyata keçirdiyini sübut edirdi. İnanın ki, dəhşətdən orada işləyə bilmirdik. Hər qarış torpaqda görünməmiş vəhşiliklə rastlaşırıq. Sümüklərin antropoloji tədqiqatı onların müsəlmanlara aid olduğunu təsdiqləyirdi.

Nəhayət, Əsgər Əliyev söz aldı:

-Quba ərazisində, Qudyalçayın sağ sahilində idman kompleksinin yenidən tikilməsi zamanı üzə çıxan insan sümüklərinin töküldüyü yerə məzarlıq demək olmaz. Çünki insan sümükləri bir-birinin üstündə tapılıb. Sümüklər çayın sahilindəki iki quyuda aşkarlanıb. Böyük quyunun diametri 5, kiçik quyunun diametri isə 2,5 metrdir. Quyular arasında 2 metr məsafə var. Böyük quyuya yüzlərlə insan skeletləri tökülüb. Skeletlərin bütöv halda tapılmaması insanların öldürüldükdən sonra, sanki şaqqalanaraq bura atıldığını göstərir. Çoxlu insan kəlləsinə rast gəlinir, uşaq sümükləri arasından yalnız 35 skeleti bütöv halda götürmək mümkün olub. Quyudan insana aid olan hər hansı bir sübut – saç, geyim, əşya tapılmayıb. Çox güman ki, birinci quyu insan sümükləri ilə dolduğuna görə, yanında ikinci kiçik quyu qazılıbmış. Sümüklərin tədqiqatı zamanı ölüm faktının nə vaxt baş verdiyi dəqiqləşib. Qədim sümüklərdə sementləşmə gedir, amma Qubada tapılan sümüklər hələ nəmliyini qoruyub. Bu isə ölüm tarixinin təxminən 80-90 il öncə olduğunu üzə çıxarır. Quyunun ətrafının ilkin tədqiqi nəticəsində qətliamların burda baş vermədiyi güman olunur. Ermənilər qətliamların üstünü örtmək üçün, çox güman ki, suyun yuyub aparacağı gümanı ilə sümükləri çayın sahilinə töküblər.

Bundan sonra Baş Hakimin istəyi ilə Quba qətliamı daha geniş şəkildə publikaya çatdırıldı.

Mətni Baş ekspert özü oxuyası oldu:

-1918-ci il qanlı mart hadisələrindən sonra bolşeviklərin Bakı və Şamaxı qəzalarında qurduqları Sovet hakimiyyətini genişləndirmək istədikləri üçüncü Azərbaycan regionu Quba oldu. Lakin, Qubada olan şərait Bakı və Şamaxıdan bir qədər fərqli idi. Tarixən Quba xanlığının və eyni adlı qəzanın sosial-siyasi və iqtisadi həyatında ermənilər heç bir rol oynamamışdılar. 1918-ci ildə Quba şəhərində və yığcam şəkildə qəzanın 2-3 erməni kəndində yaşayan azsaylı erməni əhalisinin öz kilsələri, dini məktəbləri olsa da, yerli zadəgan dairələrində nüfuzlu elitası və gözəçarpan zəngin təbəqəsi olmadığından onlar, şəhərin və qəzanın inzibati-idarəçilik və ictimai strukturunda demək olar ki, təmsil olunmurdular. Həmin strukturlarda əsas vəzifələri və rütbələri rus, azərbaycanlı, tat, ləzgi və yəhudi xalqlarının nümayəndələri tuturdu. Quba fəhlə və əsgər deputatları Sovetində Quba bolşeviklərinin mövqeyi də yeni Sovet hakimiyyətinin qurulması işində dayaq olmaq üçün kifayət qədər güclü deyildi. Bu dövrdə Quba qəzasında rəsmi olaraq real hakimiyyəti Zaqafqaziya Seyminə tabe olan ictimai təşkilatların İcraiyyə komitəsi təmsil edirdi.

1918-ci il mart qırğınlarından sonra Bakıda qurulmuş bolşevik-daşnak hökuməti – Bakı Xalq Komissarları Soveti bu qəzanı əvvəlcə sülh yolu ilə ələ almağa, qubalılara bolşeviklərin hakimiyyətini könüllü olaraq qəbul etdirməyə qərar vermişdi. Quba ictimaiyyəti ilə danışıqlar aparmaq David Gelovaniyə tapşırıldı. Gelovaninin əsasən ermənilərdən və bir neçə nəfər rus və yəhudidən ibarət beynəlmiləl dəstəsinin Qubaya yaxınlaşdığı haqda məlumat alan qubalılar öz növbəsində şəhərin müsəlman, rus və yəhudi cəmiyyətlərinin nümayəndələrindən ibarət beynəlmiləl bir heyəti bolşeviklərin dayandığı Xaçmaz stansiyasına göndərdilər. Nümayəndələr Gelovanidən bolşeviklərin proqramı ilə tanış olmaq və bu proqramın qubalılar üçün nə dərəcədə məqbul olub-olmadığını müəyyənləşdirmək məqsədilə özlərinin Bakıya buraxılmasını xahiş edirlər. Gelovani qubalıların xahişinə hörmətlə yanaşdı və özü şəxsən onlara Bakıya getməyi və bu məsələni “bolşeviklərin rəhbərləri ilə” araşdırmağı tövsiyə etdi. Lakin bolşevik hakimiyyətinin qubalılar tərəfindən könüllü olaraq tanınmasını gözləmədən, milliyyətcə gürcü olan Gelovani bu hadisədən 2 gün sonra 187 əsgərdən ibarət silahlı dəstə ilə şəhərə daxil oldu və qubalıları fakt qarşısında qoydu.

Baş Hakim özünü saxlaya bilməyərək “Və?” sualını ünvanladı, hadıslələrin davamını öyrənməyə səbirsizləndi. Baş ekspert davam etdi:

-Təbii ki, Quba sakinləri, Bakıda və Şamaxıda baş vermiş qanlı toqquşmalardan və bu qəzaların müsəlman əhalisi üzərində ermənilər tərəfindən törədilmiş zorakılıqlardan xəbərdar idilər. Bakıda yaşayan bir çox əslən qubalılar ermənilərin özbaşınalıqlarından xilas olmaq üçün ailələri ilə birlikdə Qubaya köçmüşdülər və həmyerlilərinə baş vermiş hadisələrin faciəvi nəticələrindən danışmışdılar. Baş verə biləcək qisasın qarşısını almaq üşün şəhər hakimiyyəti və müsəlman cəmiyyəti tərəfindən Qubanın erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülmüşdü. Bu tədbirlərdən biri 200 erməninin həyatını hər hansı təcavüzdən qorumaq məqsədi ilə şəhər həbsxanasında yerləşdirilməsi idi. Qubalılar erməniləri yaxşıca yedirdir, onların evlərindən və əmlakından muğayat olurdular. Şəhərdə vəziyyət tam sakit və nəzarət altında idi. Lakin Sovet hakimiyyətinin Qubaya gəlmiş ilk nümayəndəsi Gelovani ermənilərə qarşı hər hansı bir təhlükənin gözlənilmədiyini qərara alaraq dərhal onları evlərinə buraxdırdı. Qubalılara da Sovet hakimiyyətini qəbul etmək üçün “imtina edildiyi halda şəhər yerlə yeksan ediləcək” hədəsi ilə düşünməyə cəmi 2 saat vaxt verdi.

Baş Hakim növbəti replikasını atdı:

-Hətta belə!

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2023)

“Ədəbiyyat və incəsənət” portalının Yazıçı sözü rubrikasında tarixi romanlar müəllifi Yunus Oğuz bu dəfə müasir tarixdən danışacaq. Müsahibəni Süleyman İsmayilbəyli aparır. 

 

 

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını ucaltmaqla ərazi bütövlüyümüzün tam bərpa edildiyinin mesajını həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq aləmə vermis oldu. 2020-ci il, 27 sentyabr tarixindən qarşısına qoyduğu hədəfləri mərhələ-mərhələ həyata keçirən Azərbaycanın heç şübhəsiz ki, bundan sonrakı mərhələdə də müəyyən hədəfləri yox deyil. Bəs, həmin hədəflər hansılardır? Bu və digər suallara yazıçı-publisist Yunus Oğuzla aydınlıq gətirdik.

 

-Yunus bəy, bu günlərdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Xankəndidə bayrağımızı ucaltmaqla ərazi bütövlüyümüzün bərpasını tam təmin etmiş oldu. Bundan sonrakı hədəflər hansılardır və qarşıdakı müddətdə regionda hansı proseslər cərəyan edəcək?

 

-Xankəndidə Azərbaycan bayrağı ucaldılmaqla faktiki olaraq Azərbaycanın bütövlüyü de-fakto və de-yure tamamlandı. De-yure mövcud idi, de-fakto isə Azərbaycan Ordusu və Ali Baş Komandan təmin etmiş oldu. Təbii ki, bu bizim yaxın hədəfimiz idi. Bəs bu proses bizə hansı dividentləri qazandırır? Əvvəla, 1923-cü ildən bu günə qədər ilk dəfə olaraq həmin ərazidə Azərbaycan dövlətinin idarəçilyini bərpa etdik. 100 ildir ki, oraya faktiki olaraq formal xarakterli rəhbərlik edirdik. Ermənilər həmişə orada dominant rolunu oynayırdılar. 100 il ərzində ilk dəfədir ki, Azərbaycan öz müstəqilliyini tam bərpa edir və özünün istədiyi şəkildə, Azərbaycan Konstitusiyasına uyğun idarəetməni həyata keçirir. Azərbaycanın daxili üçün bu çox vacib şərtdir.

İkinci vacib məqam ondan ibarətdir ki, 27 sentyabr, 2020-ci ildən başlayaraq ölkədə milli bütövlüyün əsası qoyulub. Digər tərəfdən, psixoloji olaraq öz qürurumuzu qaytardıq. Ordumuzun gücünə arxayın olaraq bunları həyata keçirdik. Üçüncüsü, ən əsas məqamlardan biri ordumuz Qarabağda yerləşəcək, xalqımız öz dogma torpaqlarına qayıdacaq. Bu da nəticə etibarilə, iqtisadiyyatımızın inkişafına təkan verəcək. İşğaldan azad edilən ərazilərimizin hesabına Azərbaycan iqtisadiyyatının dördə birinin güclənməsi gözlənilir. Ölkə üzrə ən münbit torpaqlar Qarabağ və onun ətrafında işğal edilmiş 7 rayonumuzda idi. Digər tərəfdən turizmin güclü bazası oradadır. Qızıl yataqları, sənaye, kənd təsərrüfatının inkişafı Azərbaycan iqtisadiyyatının inkişafına öz müsbət təsirini göstərəcək. Mümkündür ki, həmin ərazilərdə taxılçılığın inkişaf etdirilməsi ilə xaricdən ölkəyə idxal edilən taxılı azalda bilərik. Çünki həmin ərazilər həm məhsuldarlıq, həm də keyfiyyət baxımından əhəmiyyətlidir. Bütün bunlar bizim yaxın hədəfimizdir.  Eyni zamanda yaxın hədəflərimiz sırasında 7+1-də var. Yəni, Qazaxın 7 və Naxçıvanın  Kərki kəndinin işğaldan azad edilməsi. Təbii ki, bu istiqamətdə zaman-zaman müəyyən problemlər ortaya çıxacaq. Ancaq həmin problemləri də mərhələ-mərhələ aradan qaldıra biləcəyik.

 

-Problemlərdən biri də ərazilərimizdə hələ də mövcud olan mina problemidir. İşğaldan azad edilən ərazilərdə tezliklə turizm infrastrukturunun yaradılacağı, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdacağını qeyd edirsiniz. Lakin mina problemi bu prosesi ləngidir. Eyni zamanda beynəlxalq aləm, müvafiq beynəlxalq təşkilatlar da bu prosesə biganə yanaşırlar. Belə olan halda azad edilən ərazilərdə görüləcək işlər yubanmır? 

 

-Beynəlxalq təşkilatlartəkcə mina probleminə biganə yanaşmırlar. Guya dağıdılmış tarixi abidələrimiz, dini ibadət məkanlarımız, məscidlərimiz, kənd və şəhərlərimizə bir reaksiya verdilər? 30 ildir ki, heç bir reaksiya vermirdilər. Əgər BMT-nin 4 qətnaməsini həyata keçirmək cəhdində olmasaydıq, bundan sonra da heç bir reaksiya olmayacaqdı. Ancaq baş aldatmaq, regiona formal xarakterli səfərlər etməklə məşğul idilər. Odur ki, onlardan heç nə gözləmək lazım deyil. Minaları da  özümüz təmizləyəcəyik, ərazilərimizi də özümüz qurub-yaradacağıq. Təbii ki, burada bizə dost, qardaş olan ölkələrin dəstəyini də qeyd etmək lazımdır. Azərbaycan son 3 ildə azad edilən ərazilərə 6 milyard manat investisiya qoyub. Avropa Birliyi əvvəlcə 2 milyard dollar yardım edəcəyi vədində bulunsa da, sonradan onlardan da səs çıxmadı.  

 

-Bəs, uzaq hədəflərimiz nələr ola bilər?

 

-Qeyd etmək istərdim ki, xarici siyasətdə orta, uzaq və daha uzaq hədəflərimiz var. Xarici siyasətdə ənənəvi olaraq bizə müəyyən təzyiqlər edilir. Bu prosesdə Fransa daha aktiv rol oynayır. Amerika isə proseslərdə nisbətən orta mövqe tutur. Ancaq hərdən Vaşinqton da müəyyən atmacalar atır. Bütün bunların fonunda Roma Papasının da müəyyən fikirləri ilə rastlaşırıq. Məlum olduğu kimi bu günlərdə Roma Papası Qarabağdakı kilsələrin qorunmasının vacibliyini bildirib və bu barədə xahiş edib. Birincisi, Roma Papasına xatırlatmaq lazımdır ki, Azərbaycan yeganə ölkədir ki, burada bütün dinlərin nümayəndələri sərbəst şəkildə yaşayır, öz ibadətlərini həyata keçirir. Bütün bunlar azmış kimi qeyri-islam dininə aid olan ibadət məkanları, tarixi abidələr, kilsə və sinaqoqlar da məhz Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə təmir olunur, yenidən qurulur. Digər tərəfdən, Roma Papası doğrudan da dini məkanların toxunulmaz olduğundan yanadırsa, o zaman ermənilərin Qarabağda 67 məscidi dağıtması, orada donuzların saxlanmasına nə üçün ötən 30 il ərzində heç bir reaksiya bildirmirdi? Təbii ki, burada xristian təəssübkeşliyi var. Bir sözlə görünən odur ki, Azərbaycana təzyiqlər böyükdür. Azərbaycanın həyata keçirdiyi düzgün və balanslaşdırılmış xarici siyasət kursu bizi üstümüzə gələn dalğalardan, təzyiqlərdən xilas edə bilir. Bu istiqamətdə hazırkı xarici siyasət idarəsi rəhbəri Ceyhun Bayramovun və  Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin kifayət qədər güclü fəaliyyətləri xüsusi qeyd edilməlidir.

Hesab edirəm ki, qarşıda bizim orta hədəfimiz var və həmin orta hədəfimiz Zəngəzurdur. Zəngəzur təkcə dəhlizin açılması demək deyil. Zəngəzur həm də 70 min azərbaycanlı qaçqının oraya qayıtması deməkdir. BMT-nin də belə bir tövsiyəsi var ki, həmin şəxslər Zəngəzura köçürülməlidir. Eyni zamanda yuxarıda da qeyd etdiyim kimi uzaq və daha uzaq hədəflərimiz də var ki, onlara da mərhələli şəkildə nail olacağıq. Düşünürəm ki, həmin hədəflərə də zamanında xalqın həmrəyliyinin daha güclü olması və Ali Baş Komandan ətrafında daha sıx birləşməyimiz sayəsində nail olacağıq. Ancaq onu da qeyd etmək lazımdır ki, geosiyasət uğrunda mübarizə gedir və bu mübarizədə Azərbaycan üçün də yer var. Siyasətimiz də həmin istiqamətdə qurulmalıdır.

 

-Bu arada erməni baş naziri Nikol Paşinyanın Fransaya səfəri elə həmin geosiyası mübarizənin bir həlqəsi kimi xarakterizə edilə bilərmi?

 

-Hər kəsə gün kimi aydındır ki, erməni baş nazir Nikol Paşinyan Rusiyadan qopmaq istəyir. Əslində Paşinyan Fransaya məsləhətləşməyə gedib. Paşinyan Makronla onu məsləhətləşəcək ki, növbəti addımım nə olsun. Azərbaycanla sülh müqaviləsi imzalayım, ya yox. Digər tərəfdən Paşinyan Makronla ermənilərin Qarabağa qayıdıb-qayıtmamaq məsələsini də məsləhətləşə bilər. Çalışırlar ki, ermənilərin Qarabağdan getməsini hansısa yolla Azərbaycanla əlaqələndirsinlər. Bunun adını etnik təmizləmə qoya bilmirlər, çünki BMT-nin missiyası iki dəfə regionda olub və səfərin yekunu olaraq bu prosesdə etnik təmizləmədən söhbət getmədiyi vurğulanıb. İndi də Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Myatoviçin regiona səfəri nəzərdə tutulur. Ancaq nə etmələrindən asılı olmayaraq heç bir problem tapa bilmirlər. Həm də indiki halda ermənilərin geri qayıtmaq söhbəti də var. Azərbaycan əvvəlcədən bəyan etmişdi ki, getməyin və Azərbaycan qanunları çərçivəsində Qarabağda rahat halda yaşayın. İndi də kim istəyirsə, qayıda bilər. Ancaq ermənilərdən qayıdan yoxdur. Ancaq bunu siyasi alver predmetinə çevirə bilərlər. Hesab edirəm ki, bu da keçib gedər.

Paşinyan özbaşına deyil. Əvvəllər Moskvadan məsləhət alırdı, indi isə öz ağasını dəyişib və Fransadan məsləhət alır. Bu gün Amerika necə Gürcüstanda oturuşubsa, eləcə də Fransa Ermənistanda eyni rolu oynamağa çalışır. Çünki Afrikanın 3 ölkəsindən Fransanın əli çıxıb. Ona görə də Fransa həmin boşluğu doldurmaq istəyir. Fransanın Ermənistanda oturması isə onun Rusiya ilə baş-başa gəlməsi deməkdir.

Hesab edirəm ki, bundan sonra Paşinyanın Parisə səfərləri intensiv xarakter alacaq. Ancaq Rusiyanın da Ermənistandakı rolu, mövqeyini nəzərdən qaçırmaq olmaz. Rusiya hazırda da Ermənistanda çox güclüdür. Düzdür, hazırda Moskvanın başı Ukrayna müharibəsinə qarışıb, ancaq düşünürəm ki, Rusiya Ermənistandakı prosesləri nəzarətdən kənar qoymayacaq. İndiki halda Paşinyan Rusiyanın başının Ukraynaya qarışmasından bir növ istifadə edir. Bir gün ayılıb görsək ki, Rusiya 10 noyabr, 2020-ci il üçtərəfli bəyanatının şərtlərini həyata keçirmək üçün Zəngəzur dəhlizinə qoşunlarını yerləşdirib, o zaman təəccüblənməməliyik. Gec-tez Zəngəzur dəhlizinin açılması baş tutacaq. Bunu Azərbaycan dövləti və onun lideri, Cənab Prezident İlham Əliyev gözəl bilir. Milyardlar xərcləyib Qərbi Zəngəzur dəhlizinə qədər dəmir yolu çəkmək, magitral yol inşa etmək və s. boşuna deyil və deməli Cənab Prezidentin bildiyi bir şeylər var. Bu mütləq həyata keçiriləcək. Sadəcə müəyyən zamana ehtiyac var.

 

-Gürcüstanda Amerikanın, Ermənistanda Fransanın oturuşması Cənubi Qafqazı yenidən supergüclərin mübarizə poliqonuna çevirməyəcək?

 

-Əslində həmin güclər məhz bunu istəyirlər. Region üçün təhıükələr kifayət qədər ciddidir. Təbii ki, bu həm də İsrail-HƏMAS müharibəsindən də asılı olacaq. Əgər sözügedən problem lokallığından çıxıb ona digər dövlətlər də cəlb olunacaqsa, o zaman Azərbaycan da təbii ki, bu prosesdə ehtiyatlı olmalı, öz düşünülmüş siyasətini həyata keçirməlidir. Hələ ki, Azərbaycan özünün normal siyasətini həyata keçirir və sözügedən konfliktdə heç bir işi yoxdur. Ancaq proseslər böyüyə bilər. Çünki İran bəyan edib ki, Qəzzaya girilsə, o da proseslərə müdaxilə edəcək. Ancaq düşünürəm ki, proseslər ona gedib çıxmayacaq və hadisələr yoluna qoyulacaq.

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2023)

“Bir direktor, bir şagird” layihəsində bu gün Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 39 nömrəli məktəbin 3-cü şagirdini sizlərə təqdim edəcəyik. 

Hələliksə adət üzrə öncə direktordan başlayaq: 

 

 

DİREKTOR

Məktəbin direktoru Milli Qəhrəman Şahlar Şükürovun bacısı- Tahirə Şükürovadır. O, 09.09.1961-ci ilə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. 01.09.1984-cü ildə Zülfüqarlı kənd orta məktəbində İngilis dili müəllimi və direktor müavini işləyib. 1993-cu ildən Kəlbəcər rayonu 17 nömrəli məktəbdə direktor müavini, 1996-cı ildən Bakı şəhəri 47 nömrəli məktəbdə İngilis dili müəllimi və direktor müavini kimi fəaliyyət göstərib. 2011-ci ildən isə 39 nömrəli məktəbdə direktor vəzifəsində çalışır. Tahirə Şükürova “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. Avropa Təbiət Elmləri Akademiyasının üzvüdür.

Daxili dünyasının zənginliyinə görə müəllim, şagird və valideynlərin rəğbətini  qazanıb.

 

ŞAGİRD

Mən Zərbəliyeva Dəniz Fikrət qızı.

2008-ci ilin 30dekabr tarixində Bakı şəhərində dünyaya göz açmışam.

Nərimanov rayonu 39nömrəli tam orta məktəbin 9B sinif şagirdiyəm.

Mən həmçinin şahmatçıyam və Vüqar Həşimov Şahmat Akademiyasında 1ci dərəcəni qazanaraq idman ustalığına namizədəm. Şahmatda Şəhidlərimizin xatirəsinə həsr olunmuş turnirlərdə yer tutaraq, məktəbimizə nailiyyətlərlə qayıtmışam. 

Azərbaycan-Türkiyə-Pakistan qardaşlıq şahmat yarışında kiçik bir videoçarx hazırlayaraq öz səsimizi "Qarabağ Azərbaycandır!" deyərək qardaş ölkələrə, öz həmyaşıdlarıma çatdırmaq istədim və onlar da Şah fiqurunu göstərərək, "Karabakh is Azerbaijan!" deyərək səsimizə səs qatdılar.  

Həmçinin mənim STEAM-da olan nailiyyətlərim vardır ki, Respublika üzrə də 3cü yerə layiq görülmüşəm. SAF festivalında nailiyyətlərimizə görə Təhsil Nazirimiz Emin Əmrullayevin qürurla təqdim etdiyi Təşəkkürnaməyə layiq görüldüm, eyni zamanda məktəbimizin direktoru Tahirə xanım Şükürova tərəfindən Fəxri Fərmana layiq görülmüşəm. Ombudsmandan diplom mənə təqdim olunmuşdur.

Ədəbiyyata olan həvəsim, mənim kitablara olan sevgimdən başladı. Azyaşlı olmağıma baxmayaraq Viktor Hüqonun "Səfillər" kitabını, Con Tolkinin "Üzüklərin hökmdarı" əsərini, Amin Sükutun "Tuflinlər", Əziz Sultanın "Əjdəhaların sirri" kitabını və bir çox kitabları oxuyaraq, hər bir əsərin qısa məzmununu özümdə qeyd edirəm.

Bu, mənim ədəbiyyata olan sevgimdəndir. Bir çox şəhidlərimizin həyatı haqqında maraqlanıb, esselər yazıram. Bunlardan, Arəstə Baxışova, Turqut Xəlilbəyli, Xudayar Yusifzadə, Zaur Nudirəliyev və bir çox şəhidlərimiz aiddir.

Ədəbiyyata olan marağım həm də dahi sənətkarlarımız haqqında məlumatlar toplamağım və bunlardan biri və birincisi olan, dövlətimizə, xalqımıza, millətimizə misilsiz xidmətləri olan Ulu öndərimiz Heydər Əliyevin 100illiyinə həsr olunmuş "Tarix yazan imza" adlı inşa müsabiqəsində Bakı və Sumqayıt üzrə 1ci yerə çıxmağım olmuşdur.

Düşünürəm ki, mənim bu zirvəyə çıxmağımda anamın əməyinin həddi-hüdudu yoxdur.

Beləliklə, məndən bu günə qədər yazdığım inşalardan ən gözəlinin hansı olduğunu soruşsanız, deyəcəm - Anadır!

 

“ANA”

Mənə “Ana” haqqında ESSE yazmaq tapşırığı verildikdə, mən qələmi və kağızı qarşıma qoydum, bir anlıq bu mövzuda hər hansı bir yazı, hər hansı bir inşa yazmağa cürət etmədim, buna sanki cəsarətim çatmadı. Düşündüm ki, mən nə yazsam, necə yazsam anaların dəyəri, onların əziyyəti qarşısında çox kiçik, çox cılız görsənmiş olar. Amma tədricən özümə gələrək ana haqqında fikirlərimi ifadə etməyə başladım.

Məhəmməd Peyğəmbərimiz belə - “ Cənnət anaların ayaqları altındadır ” demişdir, amma analar o qədər sadədir ki, analar o qədər cəfakeşdirlər ki, analar öz övladlarının yolunda o qədər canlarını verən şəxsdirlər ki, onlar özü Vətən uğrunda döyüşüb gələn oğullarının ayaqlarına dizin-dizin gedirlər. Bəli, budur əsl Ana!

Eyni zamanda mən “ana” haqqında düşündükdə şəhid analarımızı göz önünə gətirirəm. Öz doğma övladını itirmiş, onları öz çiyinlərində son mənzilə yola salan analarımız “Vətən sağ olsun” deyərək başlarını dik tutur, oğullarının Vətən uğrunda fəda olmasına qürurlanır. Bax budur, bizim Analar!

Ən böyük münaqişələrdə, ən böyük müharibələrdə analarımız öz kəlağayısını başından açıb ataraq belə savaşların, döyüşlərin qarşısını almış olur.

Mən bir məsəl gətirmək istəyirəm ki, həm şair, həm dramaturq, həm də ədəbiyyatşünas olan Bəxtiyar Vahabzadə verlişlərin birində özü danışmışdır ki, - “Anam vəfat etdiyində onu dəfn etdiyimiz  günü evə qayıdanda qohum-əqraba mənə “Üçü və yeddisi ehsan verilməlidir ” dedilər. Bir anlıq qaçdım ki, gedim anama deyim, anamdan soruşum. O an xatırladım ki, anam  artıq həyatda deyil.”

Sözümü ona gətirmək istəyirəm ki, biz hansı yaşa çatsaq da, hansı yaşda olsaq da bütün çətinliklərimizdə anamızı səsləyirik.

Bədii ədəbiyyatımızda da ananın dəyəri, anaya verilən qiymət müxtəlif əsərlərdə, həmin əsərlər əsasında çəkilmiş filmlərdə, səhnələşdirilmiş səhnələrdə geniş şəkildə öz əksini tapmışdır.

“Ögey ana” filmi də vardır ki, mən ona ögəy ana da deməzdim, lakin bizim unudulmaz filmlərimizdəndir və hər dəfə də bu filmə sevərək baxırıq. “Ögey ana” filmində İsmayılın o dağdan aşanda ana necə fəryad edərək, “İsmayıl!” dediyini görürük.

Biz anaya olan olan sevgini, dəyəri görkəmli yazıçılarımızın əsərlərində, eləcə də Mikayıl Müşfiqinin, Cəfər Cabbarlının ana haqqında əsərlərində də görə bilərik. Mikayıl Müşfiqin “Ana” şeirində

Ana, ana!... Bu kəlmənin vurğunuyam əzəldən,

Onu gözəl anlatamaz düşündüyüm satırlar.

Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,

Çünki onun xilqətində ayrıca bir füsun var. – misralarında, eləcə də Cəfər Cabbarlının:

Cahanda yox elə bir qüvvə baş əyim ona mən,

Fəqət nə güclü, zəif bir vücud var, yahu,

Ki, hazıram yıxılıb xaki-payinə hər gün,

Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o?

 

Ana! Ana!.. O adın qarşısında bir qul tək

Həmişə səcdədə olmaq mənə fəxarətdir,

Onun əliylə bəla bəhrinə yuvarlansam,

Yenə xəyal edərəm bəzmi-istirahətdir. – dərin mənalı sözləri ilə analarımızın müqəddəs olduğunu bir daha təsdiqləmiş, şahidi olmuş oluruq.

Mən həmçinin sonda “Ana” haqqında fikirlərimi bildirərkən öz anam haqqında düşündüklərimi də qeyd etməyi özümə borc bildim. Anam öz övladlarının yolunda öz ömrünü şam kimi əridir. O, heç vaxt özünü düşünməz, özü yaşamaz. O hər zaman bizlər üçün çalışır, bizlər üçün yaşayır, bizlər üçün Ulu Tanrımıza duaçı olur.

Allah cəmi analarımızın yardımçısı olsun! Allah analarımızı qorusun!

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2023)

Çərşənbə, 18 Oktyabr 2023 12:00

BİRİ İKİSİNDƏdə Aydın Arslanın şeirləri

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu dəfə şeir vaxtıdır, Aydın Arslanın şeirləri ilə tanışlıqdır.

 

 

 

ŞEİR VAXTI

 

 

Aydın ARSLAN

 

 

***

 

Mən onda qayğısız, onda şən idim.

Gölə qarğıçalan, yereşən idim.

Özüm öz kölgəmlə güləşən idim,

Bol idi yanlışım, xətam, ay atam.

 

Qanmaz çocuq idim, qanı qaynayan,

Səhərdən-axşama gülən, oynayan,

Kədər tanımayan, acı duymayan,

İndi dərd önündə matam, ay atam.

 

Hər gələn yeni gün qəmi gətirir,

Doldurur bir yekə gəmi, gətirir,

Qalmır bir kəsiri, kəmi, gətirir,

Gətirmir naxışım, butam, ay atam.

 

Erkən yarpaq töküb, solmağa nə var?

Yaş olub gözümə dolmağa nə var?

Qanmazın atası olmağa nə var?

Gəl indi atam ol, atam, ay atam...

 

 

ALLAHA MƏKTUB...

 

Salam. Nigaran olma çayımdan, çörəyimdən,

Həmd olsun ki, əlini çəkmirsən kürəyimdən.

Bu gün bir şeir çıxar şəninə ürəyimdən,

Allah haqqı, sənin də xoşuna gələr, Allah.

 

Qəribədi insanlar, qəribədi bu bəşər,

Doğrusu, bundan sonra, çətin ki, gözəlləşər.

Bir gün ölər bu bəndən, bir gün ehsanı bişər,

Hayına gəlməyənlər aşına gələr, Allah.

 

Eşqindən doğulubdur bütün ülvi sevgilər,

Ağlatdığın kiriməz, güldürdüyün hey gülər.

"Ol" dediklərin oldu, "öl" dediklərin ölər,

"Qal" dediklərin Nuhun yaşına gələr, Allah.

 

Nə azdı oyaq olan, necə çoxdu yatanlar,

Hamısı məğlub oldu fələklə zər atanlar.

Sənin qapından ayrı qapıya üz tutanlar

Başı dəyər əhlətin daşına, gələr, Allah.

 

Xar olsun o bəndə ki, nemətlərini danır,

Verdiyin ruziləri özü qazandı, sanır.

Qəlbim sənin evindi, İlahi, evin yanır,

Yardıma səndən özgə boşuna gələr, Allah.

 

Sonda bir xahişim var, rəhm et, cavan yaşıma,

Əlinə nə qəm keçir, taleyimə daşıma.

Yoruluram, bu qədər oyun açma başıma,

Allaha acıq gedər, başına gələr, Allah...

 

 

***

 

Qəlbinə dağ çəkilmiş dumanlı dağlar kimi

Qaxılmışam, yerimdən min ildi tərpənmirəm.

Mən dünyanın ən böyük köçünü yaşamışam,

Nə gedən, nə gələnə daha təəcüblənmirəm.

 

Köçənə rəhmət deyib, ardınca ağlayanlar,

Bəs niyə sən köçəndə adəti unutdular?

"Başın sağ olsun" – deyən olmadı, azmış kimi,

Zurna-qaval gətirib, başıma toy tutdular.

 

Mən dərdin tanıyanı, mən sərin arifiyəm,

(Zər zərgərə verilib, qədrini də o bilsin).

Günü zəhər olanın süfrəsində bal olsa,

O bal niyə sevilsin, şordan  necə seçilsin?

 

Yerə soxum boyumu bir altmışı ötmədi...

Boyum yetsə, bir ömür arxanca boylanardım.

Yox, yeri yandım, dedim. İznin olsa, öləndə

Gözlərinin düşdüyü çuxurda quylanardım...

 

 

***

 

Qaranlıqlar başlayır ümidlər yox olanda,

Qosqoca uçurumdur ümidlərdən ötəsi.

Həyat dözülməz olur gözləntin çoxalanda,

Daralır gözlərində dünyanın xəritəsi.

 

Bir ömür üzmək olar, təkcə, axına qarşı,

Mütləq haqqa inanıb iman gətirə bilsən.

Hər şey səndən başlayar, zirvələr sən olarsan,

Əgər içindən “mən”i söküb bitirə bilsən.

 

Qocalıqda daş olub düşər bir-bir başına

Cavanlıqda önəmsiz zənn etdiyin xətalar.

Gecə “nadzor”u kimi gələr bəd əməllərin,

Yuxuna haram qatıb başına toy tutalar.

 

Nicat tapanlar olar nəfsini qınayanlar,

"Yox" deməyi bacarmaq əyri nəfsi düzəldir.

Hər kim təmiz saxlasa insanlıq libasını,

Deyər ona baxanlar: – Həyat necə gözəldir,

İnsan necə gözəldir!

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Arğın Paşanın şeirlərini təqdim etməkdədir. 

 

Arğın Paşa təxəllüsü ilə tanınan Məhəmməd Paşapur, 1989-cu il, muğanda doğulub böyüdü. Bilim yurdunda bitki uzmanlığı bitirdi. Gənc çağından ana dilində şeir yazmağa maraqlandı. Az sonra şeirləri qəzetələrdə göründü.

2013-cü il, Azərbaycan folkloru əsasında uşaqlar üçün, "Cırtdan", 2016-cı il "Axmaq tülkü", 2017-ci il Azərbaycan folkloru əsasında bir daha uşaqlar üçün, "Duzlu çəpiş" və 2019-cu il "Cırtdan" kitabı ikinci dönə çapdan çıxdı. Neçə başqa şeir kitabı çapa hazırlanır. Bu çağ, muğanın ustad Şəhriyar dərnəyi ilə Füzuli məclisinin ictimaiyyətlə ələqələr müdiridir.

 

 

AVTO BİOQRAFİ

 

1989-am; 1368

Nisgiləm

Harayam

Bağrı qarayam;

İnsanam və özgürlüyün özü;

Yəni öz kefimin paşası!

 

İgid babamın adını seçdim.

"Paşa"-yam;

Yam-yaşıl muğanda doğuldum;

Xəzəlin göbəyində.

 

Kiçik yaşlarımdan şeirlə boy atdım.

Əzbərlədim qəbir şeirlərini!

Atamın söylədiyi nağılları,

Anamın nisgilli bayatılarını və

Sevdim anamı; dilini daha artıq.

 

Onsəkkizimdə dil açdım.

Ondoqquzmda əsgərliyə getdim

Gənc qardaşımla birlikdə.

Bu anlar şeir içimi döydü.

Çəkib canımdan dağıtdım varaqlara

İçimdəki darıxma qasırğasın...

 

Bitirib gəldim və son günündə gəldi əsgər qardaşım;

Amma əllərdə!..

Bu çağlar sevgi də məndə güllələndi və dağıldım...

 

Bitki ozmanlığı bitirdim bilim yurdunda.

 

İyirmi ikimdə ədəbi dərnəklərlə tanış oldum.

Az sonra muğanın şeir dərnəyində,

Yazıçılar birliyində birinci səsi qazandım.

 

Şeir və hekayə oxudum dünya yazarlarından və yazıldım neçə ölkədə.

 

İyirmi üçümdən uşaqlar üçün yazdım.

Kitab etdim neçə dönə.

 

İyirmi səkkizimdə məzar şeirim doğuldu;

Doğum günümdə!

 

İyirmi doqquzumda işimdən atıldım...

 

Yalqızlığımda yalqız olmayanda darıxdım.

Darıxmalarımı Nəsimidə yaşadım

Füzulinin dərdli sətirlərində;

Ramizdə, Xəlil Rzada, Bəxtiyarda

O tayda, bu tayda;

Arazda yaşadım, yaşa doldum aramızda

Yəni yaşamadım yaşam boyu...

 

Bu an

Otuzumdayam;

Və hələ də iyirmi birimdə!..

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.