BİRİ İKİSİNDƏdə Aydın Arslanın şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu dəfə şeir vaxtıdır, Aydın Arslanın şeirləri ilə tanışlıqdır.

 

 

 

ŞEİR VAXTI

 

 

Aydın ARSLAN

 

 

***

 

Mən onda qayğısız, onda şən idim.

Gölə qarğıçalan, yereşən idim.

Özüm öz kölgəmlə güləşən idim,

Bol idi yanlışım, xətam, ay atam.

 

Qanmaz çocuq idim, qanı qaynayan,

Səhərdən-axşama gülən, oynayan,

Kədər tanımayan, acı duymayan,

İndi dərd önündə matam, ay atam.

 

Hər gələn yeni gün qəmi gətirir,

Doldurur bir yekə gəmi, gətirir,

Qalmır bir kəsiri, kəmi, gətirir,

Gətirmir naxışım, butam, ay atam.

 

Erkən yarpaq töküb, solmağa nə var?

Yaş olub gözümə dolmağa nə var?

Qanmazın atası olmağa nə var?

Gəl indi atam ol, atam, ay atam...

 

 

ALLAHA MƏKTUB...

 

Salam. Nigaran olma çayımdan, çörəyimdən,

Həmd olsun ki, əlini çəkmirsən kürəyimdən.

Bu gün bir şeir çıxar şəninə ürəyimdən,

Allah haqqı, sənin də xoşuna gələr, Allah.

 

Qəribədi insanlar, qəribədi bu bəşər,

Doğrusu, bundan sonra, çətin ki, gözəlləşər.

Bir gün ölər bu bəndən, bir gün ehsanı bişər,

Hayına gəlməyənlər aşına gələr, Allah.

 

Eşqindən doğulubdur bütün ülvi sevgilər,

Ağlatdığın kiriməz, güldürdüyün hey gülər.

"Ol" dediklərin oldu, "öl" dediklərin ölər,

"Qal" dediklərin Nuhun yaşına gələr, Allah.

 

Nə azdı oyaq olan, necə çoxdu yatanlar,

Hamısı məğlub oldu fələklə zər atanlar.

Sənin qapından ayrı qapıya üz tutanlar

Başı dəyər əhlətin daşına, gələr, Allah.

 

Xar olsun o bəndə ki, nemətlərini danır,

Verdiyin ruziləri özü qazandı, sanır.

Qəlbim sənin evindi, İlahi, evin yanır,

Yardıma səndən özgə boşuna gələr, Allah.

 

Sonda bir xahişim var, rəhm et, cavan yaşıma,

Əlinə nə qəm keçir, taleyimə daşıma.

Yoruluram, bu qədər oyun açma başıma,

Allaha acıq gedər, başına gələr, Allah...

 

 

***

 

Qəlbinə dağ çəkilmiş dumanlı dağlar kimi

Qaxılmışam, yerimdən min ildi tərpənmirəm.

Mən dünyanın ən böyük köçünü yaşamışam,

Nə gedən, nə gələnə daha təəcüblənmirəm.

 

Köçənə rəhmət deyib, ardınca ağlayanlar,

Bəs niyə sən köçəndə adəti unutdular?

"Başın sağ olsun" – deyən olmadı, azmış kimi,

Zurna-qaval gətirib, başıma toy tutdular.

 

Mən dərdin tanıyanı, mən sərin arifiyəm,

(Zər zərgərə verilib, qədrini də o bilsin).

Günü zəhər olanın süfrəsində bal olsa,

O bal niyə sevilsin, şordan  necə seçilsin?

 

Yerə soxum boyumu bir altmışı ötmədi...

Boyum yetsə, bir ömür arxanca boylanardım.

Yox, yeri yandım, dedim. İznin olsa, öləndə

Gözlərinin düşdüyü çuxurda quylanardım...

 

 

***

 

Qaranlıqlar başlayır ümidlər yox olanda,

Qosqoca uçurumdur ümidlərdən ötəsi.

Həyat dözülməz olur gözləntin çoxalanda,

Daralır gözlərində dünyanın xəritəsi.

 

Bir ömür üzmək olar, təkcə, axına qarşı,

Mütləq haqqa inanıb iman gətirə bilsən.

Hər şey səndən başlayar, zirvələr sən olarsan,

Əgər içindən “mən”i söküb bitirə bilsən.

 

Qocalıqda daş olub düşər bir-bir başına

Cavanlıqda önəmsiz zənn etdiyin xətalar.

Gecə “nadzor”u kimi gələr bəd əməllərin,

Yuxuna haram qatıb başına toy tutalar.

 

Nicat tapanlar olar nəfsini qınayanlar,

"Yox" deməyi bacarmaq əyri nəfsi düzəldir.

Hər kim təmiz saxlasa insanlıq libasını,

Deyər ona baxanlar: – Həyat necə gözəldir,

İnsan necə gözəldir!

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.